Страница 9 из 12 · 67%

Mirzəoğlunun canlı danışığı, ötən döyüş dünyası Mehmanın oxuduğu hər hansı kitabdan da artıq ona təsir edir, dərin izlər buraxırdı. Hətta adamlar dağılışıb gedəndən, Mehman yataq yerinə girəndən sonra belə əzgin-yorğun olmağına baxmayaraq xeyli vurnuxdu, götür-qoy etdi. İndi də atası Muradla anası Xatun birlikdə gəlib onun gözləri qabağında qoşa dayandılar. Mehman öz vəzifəsinin qurğuşun kimi ağırlığını, böyük vicdan məsuliyyətini ciddən, daha dərindən dərk edir, ancaq cənab mamayevalardan yana, onun dalağı sancır, belə bir ailə ilə bağlanmağın nə olduğunu aydın edə bilməsə də, üşütməsini keçirirdi. Girdablara düşən Mehman birdən qalın yorğanın altında titrədi, onun vücudu üyüşüb açıldı... Sonra da cavan adam istər-istəməz cazibədar arvadı Züleyxanı xatırladı, qıvrılıb açıldı, çətinliklə də olsa yuxuya getdi. O, yuxusunda gördü ki, Züleyxa ona şərbət yerinə zəhər içirdir... Mehman hərasan olub ayıldı, bu hadisənin yuxuda olduğunu görüb qeyri-iradi sevindi, ancaq yenə də fikir dəryasına cumdu. O, yuxuya inanmasa belə, Züleyxanın mübhəm baxışlarından xoşu gəlmədiyini, çox bərk narahat olduğunu müəyyən edib nəfəsini dərdi, yenə də yorğana bürünüb-bükülüb bərk-bərk büzüşdü, bir azdan üstünə nə isə bir örtü sərildiyini hiss etdi. Sübh tezdən baş verən səs-küy, yeni yetişən taxıl biçini üçün göndərilən adamların, xüsusən qadınların cır səsləri Mehmanı da tərpədib qaldırdı. Hay-haraydan sonra kövşənə gedən getdi, obada qalan qaldı... Mirzəoğlu özünün rayona etdiyi səfər barəsində hələ də bir söz açmır, Salamatov haqqında heç nə demirdi. İndi artıq Mehman geriyə, rayon mərkəzinə, vəzifə başına dönməli idi. Buna görə də Mehman vurnuxur, özünü bir prokuror kimi göstərmədən təbii bir yolla açılışmaq, rəsmiyyətdən kənar söhbət aparmaq, Salamatov barəsində mötəbər və inandırıcı rəy bilmək istəyirdi...

Çörək yeyilib, çay içiləndən sonra kirpiklərinə qədər üzünə yaşmaq tutan bir qadın iri-xırdalı bir dəstə qızla çəkinə-çəkinə həyətə girdi. Gələn qadın dili ilə yox, başı ilə qonağa salam verdi. Qızlar dəstəsi qərib qonağı gözdən keçirib dörd yandan analarını əhatə etdilər.

– Bu topa ki var, həmin Salamatın çolma-çocuğudur. – Mirzə kişi uzun çubuqlu demisini sümürüb üzüyuxarı tüstülətdi. – Əhvalatın nə yerdə olduğunu da yəqin ki, sədrimiz, siz prokurora bəyan eləyibdir!

Mehman etiraf edib bu işi çoxdan gözləyirmiş kimi maraq göstərdi, qocanı dinləməyə hazır olduğunu bildirdi. Bərkdən öskürüb sinəsini arıtlayan qoca:

– Bax bu arvad ki, var, abırlı-ismətli bir gəlindir! – deyə demisini çomaq kimi dolayıb tutdu. – Bu da tutulan Salamatın bir çətən qız külfətidir, hürkütməsən sanamaq olmaz, südəcərə-südəcərə yeddi bacı!

– Bəs o qazamatda yatan Salamatın öz təqsiri necə, baba? – deyə Mehman ona tərəf zillənən, dinməsələr belə prokurordan imdad gözləyən gözlər qarşısında bir tərəfdən sarsılmağa, o biri tərəfdən də daşı quyuya salan Kamilova qarşı qəzəblənməyə başladı. – Bəs o tutulanın günahı nədir, hörmətli baba?

– Yəni Salamatın, təqsiri, günahı, – deyə qoca, prokurorun sorğusunu dəqiqləşdirmək naminə demisini bərk-bərk sümürüb, tüstüsünü havaya buraxdı.

– Bəli, mən sizdən, möhtərəm baba, Salamatın özü barəsində doğrudürüst söz eşitmək istərdim, – deyə Mehman ayağa durub ağac çarpayının qılçasına söykəndi. – Rica edirəm, baba!

– Bizim bu oğlan ki, var, səni bu əmin çox dikbaşdır! – deyə qoca qırmızı qarağat saplı demisini uzadıb oğlunu göstərdi, – özü də köhnədən Bakı bolşeviyidir, özü də hamısını nağıl eləyib, sizə ərz elədi!..

– Bunun mətləbə dəxli varmı, baba? – deyə Mehman ehtiyatla davranıb, möhtərəm qocanı əsl mətləb üstünə nəzakətlə gətirməyə cəhd etdi, – mən bizim işə dəxli olan mətləbi bilmək istərdim.

– Dəxli belədir ki, – qoca ağ qaşlarını çatıb intizarlı gözlərilə imdad diləyən qız külfətinə nəzər saldı. – Dəxli budur ki, Kamilov ki var, içi küfül, özü yopyoğun bir palıd kötüyüdür!

– Bəli, baba, buyurun!.. Mən sizi səbirlə dinləyirəm!..

– Bəli o küfül, palıd kötüyü hey bizim bu kolxoz sədrinin bostanına daş-qaya atar!

– Niyə daş-qaya atar, baba?

– Ürkür, sənin bu qəzəbnak əmindən, sənin atan Muradın bu gözüsarıqlı dostundan ürkür... Ürkür ki, birdən bunu dartıb aparıb taxtı-səltənətində əyləşdirərlər!

– Atam da saqqal tərpədib söz danışdı ha! – deyə Mirzəoğlu təkgözü qızara-qızara başını buladı. – Atam da oturub-durub, uzun saqqal tərpədib söz danışdı!

– Saqqal tərpədib söz danışmağa gələndə ya uzun olsun, ya gödək olsun! – deyə hirslənən qoca qarağat demisini çomaq kimi əlində oynatdı. – Sözün düzü də budur ki, burada bizim bir qacalov tayfa var, ömür-gününü haramxorluqda keçirən, mayaları da haramxorluqla tutulan... Hə, özü də Kamilovun düşərgə yeri! Özləri də başdan-başa qeyrətdən qırıq, arvadı özünə çəpərçəkən dəyyus qurumsaqdılar!

– Ata, ata! – deyə oğul ataya irad tutdu. – Belə sözü dilə gətirmək sənə yaraşmaz, qoca!

– Düz çözələməsən kələf açılmaz, oğul!

– Mətləb üstünə gəl, ata, mətləb üstünə!

– Bəli, mətləb üstünə, baba!

Qoca ağır-ağır, tələsmədən demisini sümürüb tüstülətdi, sonra da “hə, bəli” deyib davam etdi:

– Hə, bəli, Kamilov ki var, əsil günahkarı çayın o yanında qoyub, yəni bizim oğlanın ayağının altını qazıyan adamı o tərəfdə qoyub, tutub bunun sağ əlini dirsəkdən kəsibdir!

– Necə sağ əlini dirsəkdən kəsibdir, baba? – deyə Mehman soruşdu, – kimdir o sağ əl, möhtərəm baba?

– Salamat! Bizim bu şirkətin dirəyi! Bizim bu sədrin də sağ əli idi!

– Biz də elə, möhtərəm baba, həmin vətəndaş Salamatovun həbsə alınmasının səbəbini dərindən aydınlaşdırmaq istəyirik, – deyə Mehman, cıqqır çıxarmayan, nə isə buradan işıq ucu gözləyən qız-qadın külfətini nəzərdən keçirdi. – Biz qanun və ədalət naminə aydın etməyə çalışırıq!

– Bir də, iki də, üç də, beş də aydın eləyin, – deyə qoca qarağat demisini daşa döyüb boşaltdı, bir də yenidən doldurdu. – Ancaq heç zaman bu dünya üzündə haqqı nahaqqa verməyin, oğlum! – Qocanın ağ qaşları dartıldı, gözləri genişləndi. – Elə eləyin ki, mənim əziz balam, günahkar kefdə, günahsız qəzəmətdə, bir çətən qız külfəti də belə gözü yaşda, sər-sərgərdan qalmasın. – Qoca tüstülənən demisilə qadını dövrələyən, gözləri yaşaran tor-top qızları göstərdi. – Bax, o Salamat günahkar olsa da, nə mən, nə də mənim bolşevoy oğlum sən prokurora ağız açıb, dil tərpətməz!.. Bir məsəl var deyirlər: “Zülm ilə abad olan ədlilə bərbad olar”. Düz də eləyibdir, bu savaşqan qacalov yolkəsən, quldur-qaçaq başçılarını qolçomaq dəftərinə saldırıbdır!

– Gecə kitab açma, ata! – deyə yenə də Mirzəoğlu atasının mətləbdən uzaqlaşmağına etiraz etdi, – gecə kitab açma, kişi! Salamatovun üstünə gəl, aydın söylə, o, düzdür, ya dələduzdur?

– Niyə açmayım, gecə kitabı? – deyə qoca tüstülənən qarağat demisini qaldırdı. – Gərək, hər şeyi bu cavan prokuror yerli-yataqlı bilsin ki, özünə gün kimi aydın eləsin o kişi düzdür, ya dələduz? Yoxsa işdə tala-duman oldumu, kölgə salar, haqq nahaqqa qatışıb, zülmətdə itər. Qaranlıq-zülmət işdə də əyri yana yayınar, düz-düzdə qalıb nahaqdan dolaşığa düşər! – Qoca mahir bir natiq kimi qəzəblə ayağa durub, səsini qaldırdı: – Gərək Salamatın işi, bizim bu gözüyaşlı qızların atasının hərəkəti, bizim bu cavan prokurora, bir divanbəyi kimi, əl içi kimi aydın görünə ki, o düzü düz, əyrini əyri kəsə, dələduzun yerini bildirə!.. – Bu təfsili təşbehli sözlərlə qoca isbat etmək istəyirdi ki, Salamata isnad edilən günah başdan-başa qondarmadır, burada heç bir əsas, heç bir bünövrə yoxdur.

– Kim deyir ki, günahkar tutulmasın? Heç kim? Gərək əyri-üyrü, bic-dələduz, haramxor, rüşvətxor, yolkəsən, başkəsən tutulsun ki, düzlə əyri ayırd edilsin! – Qəzəbli qoca yeni bir dil açmış kimi demisilə danışırdı: – Yoxsa Nikolay zamanı bəy kəsən başa sorğu yox idi! Düz qəzəmətdə çürüyürdü, əyri at belində, yanıqılınclı gəzirdi!.. Niyə? Nədən ötəri? Çünki oğul, zəmanə bəy, xan, quldur-qaçaq zəmanəsi idi! Gərək bu zamanda əyriyə aman, düzə zaval olmasın!.. – Qoca öz demisini tovlayıb qayıtdı, ağac çarpayının küncündə, öz əvvəlki yerində qərar tutdu, demisini həmin çör-çöplü tənbəkisilə doldurub yandırdı, hirslə çəkib tüstülətməyə başladı.

Bir vaxt Mehman əlini cibinə atıb, dəftərçəsini çıxartdı, qızların adlarını bir-bir soruşub yazmağa başladı. Mehman gözüyaşlı qızların şeh bürüyən gül-çiçəkdən ibarət: – Yasəmən, Bənövşə, Qərənfil, Sünbül, Lalə, Nərgiz, Tərgül olduqlarını görüb – “Yox, bu çiçəkləri soldurmaq olmaz!” – dedi, and içir kimi dik dayandı... O bu işdə ancaq qanun üzrə haqq-ədalətlə hərəkət edəcəyini, kim olursa olsun düzə düzlüklə kömək edəcəyini bildirdi. Mehmanın danışığı qarağat demili qocanın xoşuna gəldi. Qoca da yenidən dik qalxdı, həyətin kənarına yeriyib ətraf komaları, evləri səslədi. Az müddət ərzində özü kimi qarağat demili qocalardan on nəfərə yaxın adamı buraya topladı, gələn qocalar Mehmanla görüşdü, bir də təzədən söhbət qızışdı. Qocaların çoxu Salamatın düzlüyünə, onun salamat adam olduğuna zəmanət verdi. Ancaq bir neçəsi də, həqiqəti aça bilmədən, ağızlarına su alıb dinmədilər. Bunlar qacalov tayfanın imansız qocaları idi. Lakin Mehman haqq-ədalətlə danışan hər bir qocanı diqqətlə dinləyirdi. Söhbət zamanı qocalar bəhsə-bəhsə düşmüş kimi qarağat demilərinə güc verir, sümürürdülər. Meydana girən qocalar cavan prokurorun hüzurunda, bəzi mərifət dairəsini keçib, qızışır, xüsusən onlardan üç-dörd nəfəri bir-birinə macal vermir, İman-Qurana and içib dediklərinin doğruluğunu sübuta çalışırdılar. Əlbəttə, danışanların hamısı bir cürə danışmır, əli titrəyə-titrəyə nala-mıxa vuranı da olurdu. Ancaq bu qocalardan heç birisi Salamat Salamatovun dələduz adam olduğunu demir, “bir ayağı burda, bir ayağı gorda” olduğu zamanmı, ya cavan prokurorun ədalət adamı olduğunu duyduqları üçünmü Salamat barəsində uydurulan ittihamlara qol qoya bilmirdilər:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

XIX

Qara-qara buludlar şüş-şüş dağları qaplayırdı. Yuxarı dağlardan – San babadan, Sağsağanlıdan, Kirsdən üzüaşağı Araz çayına doğru uzanan qara bulud salları Ziyarət dağını da örtür, Göyən düzənlərini zülmətə bürüyürdü. Divan gözləyən, ancaq divan tutulmayan Ulduzun özü öz ayaqları ilə divana gedirdi. Qara ölüm şıltağa başlayıb əzabəziyyət içində Ulduzu hər necə girinc etməkdən zövq alsa da, bu faciədə şər-şeytanın hər necə nəşələnib əyləndiyini görsə də, Ulduz “daha bəsdir!” demək qərarında qəti idi. Axı ölüm gözləyən Ulduz niyə Şükranın atası Göyalı tərəfindən oxlanmadı? Niyə Ulduz o qədər top-top dayanan adamların müqabilində oxlanmaq gözlədiyi halda, bir kəs tərəfindən oxlanmadı? Məgər Ulduz öz sinəsini dalbadal atıla bilən oxlar üçün görməmişdimi? Bu oxlar onun iztirab dənizinin dalğalarına son qoymayacaqdımı? İndi qara don geyən Ulduz üçün həmin cığırla geriyə dönmək, Göyən düzənlərinə qayıtmaq, ara-ara Göylər obasında görünmək mümkün deyildi. Bir də Şükranın məzarının dövrəsində gözdağı kimi dolana-dolana qalmaq, bu məzarın keşiyini çəkmək, ölü durmaq özü də Ulduz üçün bəs deyildimi? Üstü torpaqlanan, tikanlanan, daşlanan Şükran dərindən-dərin sükut aləmində idi. Haçan bu qəbir üzərində “Ağ oğlan” adı ilə şöhrət tapa biləcək bir uca qüllə qalxacaqdı? Bu hələ qabaqda idi. Ağqoyunluların qədim adətincə bir il ərzində qəbiri tərpətmək, ölən adamın ruhunu narahat etmək olmazdı. Bir ildən sonra çox yəqin ki, Şükranı dəfn edən el-oba yenə də axın-axın gələcək, onun ildönümündə igidi yad edəcəkdi, elə bu zamanlar da köhnələn qəbir tərpədiləcəkdi. Şükranın türbəsi üzərində ağ-ağ yonulan daşlardan “Ağ oğlan” adlı günbəz ucalmağa başlayacaqdı.Ulduzun tab-təvanı tükənmişdi. O, heç bir kəsi gözləmədən öz-özünü divana çəkməli idi. Bu yoldan qayıtmaq, özünü ölümdən də artıq bir əzaba salmaq idi. Qara buludlar gəlirdi. Qara qanadları sallanan qara buludlar bir-birinə dəyə-dəyə, çırpıla-çırpıla yağışı, kürdaşı, dolunu, alaçalpov qarı bir-birinə qatıb qarışdırmırdılarmı? Bu, tufan idi, bu qiyamət yay mövsümünün yetişdiyinə baxmadan, bir də hiddətlə geriyə dönməklə qaralan Ulduzu aparmağa gəlməmişdilərmi?

5 мин
I

Tədris hissə müdiri Məlikə xanım onillik məktəb vəsiqəsini Mehmana təqdim edib, ayrılıq əlaməti olaraq, onun boynunu bərk-bərk qucaqladı. Məlikə xanımın qar kimi ağaran pərakəndə saçları Mehmanın şəvə kimi qara qıvrım saçlarına qarışdı.– Oğlum, – deyə müəllimənin yaşaran gözləri doldu. – Düz on ildir ki, sən bizim bu məktəbdə oxuyursan. Düz, on il əvvəl, sən buraya balaca bir uşaq kimi, çantanı yerlə sürüyə-sürüyə gəlib, indi cavan bir oğlan kimi gedirsən... Bu on ilin çox yarısını, mən özüm sənə dərs vermişəm... Sən mənim sevimli balam olmusan... Bu on ildə məktəbdə mən səni həm əxlaqda, həm də oxumaqda bütün uşaqlara nümunə gətirmişəm... Bu gün mən, məktəbi bitirmək şəhadətnaməsini sənə təqdim edib yola salıram. – Məlikə xanım çəkilib Mehmanın gözlərinin içinə diqqətlə baxdı. – Mənim sənə analıq tövsiyəm vardır, – müəllimə göy damarlı əlini qəti bir qərarla qaldırıb: – Hər nə sənəti ürəyin sevsə, onun dalınca da gedərsən, – deyə qeyd etdi, – bu sənin öz işindir!.. Ancaq mənim sənə çox mühüm bir tapşırığım vardır... Hər halda, hansı işdə olursan ol, daxilən-vicdanın pak-təmiz ol!.. Heç kəs bilməsə, tək bir sən özün bilsən belə, mənəviyyatını gün kimi saf, ay kimi parlaq saxla! Heç bir zaman bir balaca nöqtə qədər olsa belə öz ürəyini ləkələmə! – Məlikə xanım qaynayan gözlərini silib əlavə etdi: – Sənin bu dünyada iki anan var, birisi səni doğan ana ki, sən ona həmişə hörmət etməlisən, ikincisi də sənə təlim verən anadır!.. Sən bil ki, bu sözləri sənə anan deyir!..

19442 мин
II

Məktəbin uzun dəhlizi oğlan-qızla dolmuşdu. Onlardan kimisi qolqola gəzir, kimisi yığışılıb söhbət edir, kimisi onillik məktəbi qurtarmaq vəsiqəsini öz yoldaşına göstərib öyünür, bəzisi də başını aşağı salıb kəsir içində olduğu üçün məktəbdən bikefcə çıxırdı. Bir dəstə tələbə qapı ağzında dayanıb Mehmanın çıxacağını səbirsizliklə gözləyirdi. Onlardan bir çoxu hörmət, bəzisi də qibtə hissi ilə Mehmanın vəsiqəsinə baxmaq istəyirdi. Bunun üçün də hərə bir cür danışır, bir fikir söyləyirdi:– Ali məktəbi də görək, bizim mülayim Mehman, belə əla qiymətlə qurtaracaqmı?

19445 мин
III

Çoxdan bəri qapı ağzında dayanıb oğlunun yolunu intizarla gözləyən Xatun Mehmanı evə buraxıb:– Oğlum, şəhadətnaməni aldınmı? – deyə soruşdu.

19442 мин

Стихи других поэтов