Страница 4 из 6 · 50%

Qorxmazov

Tişi! Saxla, adə, bu şerdir ki.

Dilavər

Ərz etdim ki, yarısı nəzmlədir.

Qorxmazov

İstəməz.

Dilavər

Niyə?

Qorxmazov

Bir də gördün zəhrimarın bir yerində ilişdim, sonra?

Dilavər

İlişməzsiniz inşallah.

Qorxmazov

Yox, yox. (Kitabı vərəqləyir.) Aşna elə birinci səhifələrdən görürəm ki, nitqimi dayaz yazmısan. Mənim kimi adama yaraşmaz ki, tribunaya çıxıb dayaz nitq eləsin. Bir az da dərinləşdir. Elə dərinləşdir ki, prenyaya çıxanlar əl-qol atıb üzə bilməsinlər, nitqimin dərinliyində batıb boğulsunlar.

Dilavər

Çox qorxdum ki, nitq mübarəkinizi qəliz yazsam, daha ilişərsiniz. Buna görə də...

Qorxmazov

Fikrin özünə, mənə getməsin. Nitqimi nağıl dilində yaz ki, kəmsavad camaat da başa düşsün... (Yenə dəftərə baxır.) Adə, bu sözləri niyə həlqəyə salmısan?

Dilavər

Mötərizəyə? Bunlar sitatdır.

Qorxmazov

Ştatdır? Mən ştatdan danışmayacağam.

Dilavər

Sitat. Yəni özgələrin fikri, ayə.

Qorxmazov

Adə mən öz gül kimi fikirlərimi qoyub özgələrin fikrinə niyə əl atım axı. Aşna, gərək təzədən işləyəsən.

Dilavər

Bu gözlərim üstə.

Qorxmazov

Qaldı nitqimin preniyası, yox, mən preniya, mreniya açmayacağam.

Dilavər

Bunsuz olmaz.

Qorxmazov

Yaxşı preniyanı da sən özün yaz. Sonra verərsən yoxlayım. Mənim reçimə zidd bir kəlmə də danışılmamalıdır. Preniyada sən danışarsan, Bayramalı danışar, Dəmirov danışar. Vəssalam. Gülaraya, o qarğaturistə və başqalarına söz verdirmərik. Sonra səsə qoyub preniyanı kəsərik, vəssalam. Adə, bir də kim məndən ağıllı söz danışacaq ki, onlara söz də verək, hə?

Dilavər

Ağıllı fikirdir.

Qorxmazov

Nitqimin alqışlarını da sən təşkil etməlisən.

Bu dəmdə Gülara əlində anket gəlir.

Qorxmazov

Bu nədən ötəridir?

Gülara

Bilmirəm, istəyiblər.

Qorxmazov

Mən hər şeyçin anket doldurmaram. Yəqin ki, ordençidir. Onda, sən doldur. Mən qol çəkərəm.

Gülara

Ancaq bir-iki suala mütləq özünüz şəxsən cavab verməlisiniz.

Qorxmazov

De gəlsin sualını.

Gülara

Peşəniz?

Qorxmazov

Peşəm?

Gülara

Bəli, peşəniz?

Qorxmazov

Yaz ki, rəhbərlik.

Gülara

Nə dediniz?

Qorxmazov

Niyə durub baxırsan, yaz ki, rəhbərlik. Ay qız, sizə rəhbərəm, ya yox?!

Gülara başını bulayaraq yazır.

Gülara

Təhsiliniz?

Qorxmazov

Necə deyim. (Fikirləşir.) Yaz ki, ali savadsız.

Gülara

Başa düşmədim.

Qorxmazov

Niyə axı? Yəni təhsili yarımçıq buraxmışam.

Gülara

Yaşınız?

Qorxmazov

Xeyir a, fikriniz məni qoca qələmə verməkdir? Onu görməyəcəksiniz. Yaz ki, yaşı naməlumdur... Daha sualın yoxdur ki?

Gülara

Sualım olmasa da, sözüm var. Bizim sovet adamları yaxşı mədəni geyinməyi sevir; bizim borcumuz isə onların bu arzusunu həyata keçirməkdən ibarətdir. Lakin bizim bəzi ustalar bunu unudaraq...

Qorxmazov

Yaxşı, yaxşı, sonra, görmürsən vacib millət işiylə məşğulam.

Gülara

Görürəm. (Gedir.)

Qorxmazov

Bu qızdan sənə sonra işlər danışacağam ki...

Dilavər

Başa düşürəm. Yoldaş Qorxmazov, əz qəza siz əvvəllərdə gərək ki, tamojnada işləmisiniz.

Qorxmazov

Tamojna nədir canım, mən yazığı üç-dörd ay bir yerdə rahat oturmağa qoymurlar ki... bir təşkilatı cana gətirən kimi, məni ordan götürüb başqa bir idarəyə atırlar ki, oranı da cana gətirim. Mən ölüm vicdanla, düzünü de görüm, bu bir neçə ayın müddətində buranı cana gətirmişəm, ya, yox?

Dilavər

Şəksiz, şübhəsiz, pəh-pəh, ölmə, ölmə!

Qorxmazov

Bəziləri deyir ki, gərək rəhbəri olduğun idarənin cikini-bikini, bütün sirlərini biləsən. Səhvdir, mənim əqidəmcə doktor olmasan da, böyük bir xəstəxananın müdiri ola bilərsən. İncinar olmasan da, zorba bir zavoda direktor müdiri olmağa ixtiyarın var. Canım qoy onlar işləsinlər, sən də kağız-kuğuza qol çəkib rəhbərliyini elə. Özünü də elə apar ki, hamı səndən tük salsın. Yoxsa başına çıxarlar, qara-qorxusuz, filansız da işləmək mənə əl verməz.

Dilavər

Pəh, pəh... Ölmə, ölmə! Hərçənd siz bizdən əfzəl bilirsiniz. Lakin məndən sizə vəsiyyət, əvvəla bilmədiyiniz şeyə bilmirəm deməyin və saniyən özünüzdən çox biləni məbada həndəvərinizə qoyasınız, çün hörmətdən düşərsiniz.

Qorxmazov

Ağlabatan sözlərdir.

Dilavər

Yoldaş Qorxmazov, təhər-tövürünüzdən belə məlum olur ki, cavanlıqda məndən ayrılandan sonra beş-altı darülfünun qurtarmısınız.

Qorxmazov

Xeyr, mən heç nə qurtarmamışam. Ömrüm məclislərdə, toyxanalarda keçib. Hər yerdə həmişə birinci mən danışmışam. Gördüyümü, eşitdiyimi yığmışam bax bura. (Başını göstərir). Bax bura. (Qarnını göstərir.) Darülfünun nədir canım...

Pəncərədən başlar uzanır. Dəmirov onları kənar edir.

Dəmirov

Yoldaş qırğom, tovariş qırğom... atam qırğom, bacım qırğom.

Qorxmazov

Dilavər, başın nitqimi yazmağa qarışıq olsa da, gərək mənim anadan olan günümə qədər bu şəklimin altı üçün bir-iki kəlmə qəribə bir qəzəl deyəsən...

Dilavər

De görüm dayaz olsun qəzəl, ya dərin olsun.
Təndir tək isti olsun, hovuz tək sərin olsun?
Müsahibdir sanma ki, atelyamda küllənir,
Məzəli bir şairəm, bundan xəbərin olsun...

Qorxmazov

Xəbərim var, dostum, var.

Dilavər

Buyurun görək hansı qafiyələri işə salım, məsələn, bir var kamiyab, afitab, kəbab, şərab, bir də var, tellər, sellər, bellər, yellər...

Qorxmazov

Ayaqlar.

Dilavər

Xeyr, ədəbiyyata yamaq vurma. Yaxud, kaman, aman, çoban, daban...

Qorxmazov

Pencə.

Dilavər

Xeyr, pencənin qafiyəsi mütləq gəncə, ya da ki, səncə, məncə olmalıdır.

Qorxmazov

Çox dərinə getmə... Bir az lorı yaz. Elə ordenli şairimiz Nizami də prostoy dildə yazıb.

Dilavər (gülür)

Pəh, pəh, ölmə, ölmə!.. Siz ədəbiyyat tarixini də çox gözəl bilirsinizmiş...

Qorxmazov

Sən məni nə bilmisən. Mənim bu sinəm xəzinədir, xəzinə. Bax, Xəyyamov burda yatır, Füzulov burda yatır. Seyid Əzimov burda yatır. Əliağa Vahidov burda yatır, Dilavər burda yatır.

Dilavər (gülür)

Bu qədər yorğan-döşəyi hardan tapırsınız?

Qorxmazov

Gülərsən... bəli biz beləyik, yoldaş Dilavər... Qaldı şəklimin altı üçün bir bürüştə qəzəli yadından çıxarma ha!

Dilavər

Baş üstə...

Bu zaman Dəmirov tələsik dalı-dalı içəri girib şəklə baxır.

Qorxmazov

Yenə nə var, adə?..

Dəmirov

Salaməleyküm... Sizin o əyal...

Qorxmazov

Hm, dedim ki, məşğulam. Bir də bir kərənlik onu bilməlisiniz ki? hər yanıma gələn adamı kabinetimin qapısında saatlarla gözləməyə məcbur etməsəm, rəhbərliyimi hiss etməzlər. Deyin getsin!

Dəmirov Qorxmazovun yenə də şalvarının tozunu çırpır.

Dilavər

Afərin... Düz buyurursunuz. Hicransız vüsalın nə ləzzəti... Qoy yanına gələnlər hicran oduna yansınlar, sonra...

Qorxmazov

Afərin.

Dilavər

Həqiqi aşiq, əlbəttə, dözər hicrana, Qorxmazov,
Yesə bu dərdi-qəmlə qəlbini müryana, Qorxmazov.
O kəs ki, mübtəladır bir gözəl canana, əlbəttə,
Vəfalı yara yetməkçin gedər Tehrana, Qorxmazov.

Qorxmazov

Tehrana niyə, lap Mərəzəyə də gedər. Yaxşı, ey atelya modamın modnı şairi, bu qabiliyyət ki, səndə var, niyə pisatelski soyuza yazılmamısan?

Dilavər

Çün o qapını min kərə döymüşəm, sədd heyf üzümə açmayıblar...

Qorxmazov

Olardan əskiksən məgər?

Dilavər

Xeyr... çün onlar sənin, mənim qandığımız eşq aləminə biganə kəslərdir.

Qorxmazov

Qəm yemə dostum... gün gələr qəbrinin üstündə heykəlini özüm öz xərcimə bu əllərimlə dikəldərəm.

Bayırdan Dəmirovun səsi gəlir.

Dəmirov

Yoldaş qırğom, tovariş qırğom.

Gülara müştərisi ilə içəri girir.

Müştəri

Canım belə də atelya moda olar? Belə də paltar tikərlər?

Qorxmazov

Səssiz-səmirsiz, əngəlsiz, cəncəlsiz.

Gülara

Yoldaş Qorxmazov, bu yoldaş şikayət edir ki, kostyum onun əyninə tikilməyib... Usta isə bu paltarı bunun əyninə, ölçüb-biçdiyini iddia eləyir. Məncə yoldaş haqlıdır.

Qorxmazov

Ay qız, sən bir dayan. A yoldaş, de görüm nə olub?

Müştəri

Bu kostyum mənim əynimə tikilməyib.

Qorxmazov

Kostyum gözümə çox əntiqə görünür. Gəl bir ayna qabağında gey görək.

Ayna qabağında pencəyi zorla müştərinin əyninə keçirirlər. Müştəri qollarını qaldıran kimi pencək daldan ikiyə bölünür.

Müştəri

Çox əntiqədir, yoldaş müdir, çox.

Gülara

Mən ustalarımızın yerinə xəcalət çəkirəm.

Qorxmazov

Usta, de görək bu niyə belə olur axı?..

Usta

Bilirsinizmi, günah məndə deyil... (Qulağına pıçıldayır.)

Qorxmazov

Aha... Yoldaş, siz bu kostyumu nə vaxt zakaz vermisiniz.

Müştəri

Doqquz ay əvvəl.

Qorxmazov

Doqquz ay əvvəl harda işləyirdiniz?

Müştəri

Su idarəsində.

Qorxmazov

Aha... indi harda işləyirsiniz?

Müştəri

Bunun mətləbə nə dəxli var?

Qorxmazov

Çox dəxli var. Cavab ver görək indi harda işləyirsiniz?

Müştəri

Ət kombinatında.

Qorxmazov

Pasluşi, görünür həddindən çox yemişsiniz.

Müştəri

Bu təhqirdir.

Qorxmazov

Pencək cəhənnəmə, yaxşı ki, özünüz partlamamısınız. Ustanın dediyinə görə siz bu kostyumu zakaz verəndə arıq, cılız bir adammışsınız. İndisə şişib dama dönmüsünüz.

Müştəri

Bilmirəm mən məhkəmə qarşısındayam, yoxsa atelya moda müdirinin?..

Qorxmazov

Hələlik atelya moda müdirinin.

Gülara

Yoldaş Qorxmazov, sizin müştərilərlə belə rəftar etməyə ixtiyarınız yoxdur.

Qorxmazov

Sən dinmə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов