Страница 5 из 6 · 67%

Müştəri

Mənim kostyumuma bir əlac.

Qorxmazov

Əlacı odur ki, təzədən gedin girin su idarəsinə, çerez 9 ay sonra gəlib kostyumunuzu bizdən təhvil alın.

Müştəri

Mən sizi məhkəmə məsuliyyətinə çəkməli olacağam.

Qorxmazov

Çək görüm necə çəkirsən! Tez bayıra!..

Gülara

Yoldaş, rica edirəm, buyurun gedək. Hər şey düzələr.

Gedirlər.

Qorxmazov

Yanıram, Dilavər... rəhbər mənəm, yoxsa o Gülara?

Dilavər

Bişək siz.

Qorxmazov

Dilavər, mən onun başını əkməsəm, o mənim başımı əkəcək. O çoxdan mənim yerimə göz dikib... İşçilərimizin çoxu da ona meyl bağlayıb. Belə söhbətlər də gedir ki, guya onu mənim yerimə qoyacaqlar. Yox, yox, mən hələ ölməmişəm. Mən onu ləkələr, çirkablar içində boğmasam o məni boğacaq. Yaxşı... (Telefon eləyir.) Kombinatın kadr şöbəsidir? Abbas Əli Baxşəliyeviç, sənsən? Salam. Mənəm, mən... Arvadınız paltosunu dünən apardı, razıdır? Çox şadam. O gecə niyə bizə gəlmədin, sənsiz içdik, sənin sağlığına. Ürəyimdə böyük dərdim var, sex müdiri Gülara Sadıqzadə yenə məni qurdalayır axı... Mənim kimi bir vətənbaza badalaq gəlir, özü də əxlaqdan. Necə, məşğul olan var? Mən ölüm orden məsələsində sən də göz-qulaq ol, qorxuram. Telefonun milləri vasitəsilə öpürəm səni. Sağ ol! (Telefon dəstəyini asır.) Dilavər, gördün gücümün zərbi-dəstini?!

Dilavər

Pəh, pəh, ölmə-ölmə... comərdsiniz, comərd!

Dəmirov (tələsik gəlir)

Yoldaş Qorxmazov, gələn malları yığdılar anbara. Sizin ikinizi də çağırırlar.

Qorxmazov

Gedək Dilavər... (Gedirlər. Pəncərə qarşısında Nadiri görür.) Nadir, get kabinetimdə məni gözlə! Səninlə sözüm var.

Nadir içəri girir. Qorxmazovun şəklinə baxıb gülümsünür.

Gülara da gəlir.

Gülara

Nadir, kimi gözləyirsən?

Nadir

Qorxmazovu. Gülara, sən Qorxmazova necə baxırsan?

Gülara

Bura gələni ancaq özüylə məşğuldur.

Nadir

Tək özüylə məşğul olsaydı dərd yarıdır. Deyəsən, səninlə də məşğul olmaq fikrindədir.

Gülara

Qoy bizi görək... Sən də qısqanmağa adam taplın. Mənim qəlbimdə yalnız bir ad yaşayır ki, onu sən özün məndən yaxşı tanıyırsan. Elə deyilmi, Nadir?

Nadir

Elə də olmalıdır. Ancaq mən istəyirəm ki, sənin adına güldən ağır bir söz deməsinlər.

Gülara

Necə məgər?

Nadir

Heç...

Gülara

Bilirəm... yenə də... nəzərində Qorxmazovu tutursan.

Nadir

Yox, yox, Gülara, bax gör Qorxmazovun karikaturasını necə çəkmişəm. Özü də məndən çox razı qalıb. Bu karikatura bizə lazım olacaq.

Gülara (gülür)

Başa düşürəm. Onu nişanımıza çağırmadığımıza görə yaman pərtdir.

Nadir

Onun bizim məclisdə nə işi var.

Gülara

Onun haqqında mən əlaqədar təşkilatlara müraciət etmişəm. İş, əlbəttə, bizim xeyrimizə olacaq. Lakin hələlik onu müdafiə edənlər də var.

Nadir

Bilirəm.

Gülara

Mən getdim. Sonra hər şeyi söz eləyərlər. (Gedir.)

Qorxmazov (gəlir)

Hə, yoldaş qarğaturist, karnaval dəm-dəsgahı hanı?

Nadir

Buyurun. (Paketi açıb müqəvva eskizlərini nümayiş etdirir.)

Qorxmazov

Pah atonnan. Adə, sən burda heyvanxana aşmısan ki... Bu nədir adə?.. (Müqəvvaları sifətində yoxlayır.)

Nadir (gülərək)

Ta qədimdən qayda belədir... Karnavalda gərək hərə bir heyvan şəklinə girə!

Qorxmazov

İnteresni, adə, yəni bu it-pişik, at-eşşək maskasını utanmayıb taxan olacaq?!

Nadir

Əlbəttə...

Qorxmazov

Nə bilim vallah... Daha adamlarda həya, abır qalmayıb. Yoldaş rəssam, karnaval dəm-dəsgahını təsdiq eləyirəm. (Eskizlərə imza atır.)

Nadir

Mən getdim.

Qorxmazov

Bir dəqiqə! Bayaq qanını qaraltmaq istəmədim. Gülaranı çoxdanmı tanıyırsan?

Nadir

Üç ay olar, necə məgər?

Qorxmazov

Heç...

Nadir

Sözlü adama oxşayırsınız.

Qorxmazov

Sözüm odur ki, sizdən qabaq başqasıyla gəzib-eləməyib ki?

Nadir

Gəzəndə nə olar ki?

Qorxmazov

Çox şey... Yaxşı, o, kurorta niyə getmişdi?

Nadir

Xəstə idi.

Qorxmazov

Xəstəliyi nə idi axı...

Nadir

Bir az açıq danışın.

Qorxmazov

Sözün açığı odur ki, dünən bir məktub almışam.

Nadir

Kimdən?

Qorxmazov

Naməlum bir Allah bəndəsindən... (Stolun yeşiyindən bir məktub çıxarır.) Yazır ki, sizin sex müdiri Gülara Sadıqzadə əxlaqdan...

Nadir

Sus!..

Qorxmazov

Adama yaxşılıq yoxdur.

Nadir

Ver məktubu, özüm oxuyum.

Qorxmazov

Onu görməyəcəksən.

Nadir

Mən onu yazanı və yayanı məsuliyyətə çəkdirərəm. (Əlindən almaq istəyir.)

Qorxmazov

Geriyə çəkil, sən bir bundakı cürətə bax. Mən heç məktub almamışam. (Məktubu cırıb səbətə atır.)

Nadir

Sən onu ləkələyə bilməzsən! (Hirsli gedir.)

Qorxmazov

Yavaş yeri...

Gülara gəlir.

Gülara

Yoldaş Qorxmazov, bu nədir, bunu kim yazıb?

Qorxmazov

Ver baxım. (Oxuyur.) Bəli, hamısı düzdür də. Mən prikaz vermişəm, Dilavər də yazıb.

Gülara

Planı 90 faiz doldurduğumuz halda, 130 faiz yazmağa nə ixtiyarınız var?

Qorxmazov

Ay qız, əlimizdə hələ 20 gün var, ya yox? Əvvəlaxır mənim rəhbərliyim altında bir 40 faiz də artıracağıq, ya yox?

Gülara

Bunu siz yox, vicdanlı işçilərimiz artıracaq.

Qorxmazov

Bəs mənim rəhbərliyim? Başa düş, yuxarıya burda yazdığımızın yekunu lazımdır, itoq yekunu ...

Gülara

Mən yuxarı təşkilatlara yalançı, saxta sənəd göndərməyə yol verməyəcəyəm.

Qorxmazov

Sən kimsən ki, yol verməyəsən? Bir də başa düş, bu gün-sabah orden əhvalatı olacaq deyirlər... Belə lazımdır. Sən mən deyənə qulaq as... Sən gərək mənim avtoritetimi yerə vurmayasan.

Gülara

Xalqı aldatmaqla hörmət qalxmaz. Hörmət qazanmaq üçün ağıl, bilik, namus, vicdan gərəkdir.

Qorxmazov

Qənişnə...

Dəmirov (gəlir)

Salam, necəsən?

Qorxmazov

Adə, səni kim çağırdı bura?

Dəmirov

Qulağıma zəng səsi gəldi. (Gedir.)

Qorxmazov

Gülara, vallah hər səni görəndə özümü itirirəm.

Gülara

Yəni o qədər qorxuluyam?

Qorxmazov

Qorxudan yox ki... ayrı şeydən... necə mənim sağ əlim... səni dünyalar qədər istəyirəm. Sənin xüsusi jizninlə çoxdan interesavatsa oluram.

Gülara

Nə üçün?

Qorxmazov

Mən bir rəhbər kimi istəyirəm səninçin yaxşı şərait yaradım, biləm görəm nəyin var, nəyin yox, kimin var, kimin yox.

Gülara

Atam da var, anam da...

Qorxmazov

Daha...

Gülara

Özüm varam.

Qorxmazov

Onu bilirəm, patom, patom...

Gülara

Nişanlım var...

Qorxmazov

Bəla elə bundadır ki, cavanlar tez nişanlanıb özlərini bədbəxt eləyirlər.

Gülara

Bədbəxt niyə?

Qorxmazov (qəhqəhə çəkir)

Özü də kimə nişanlanıb. Nə bilim o çalağanturistdir, nədir ona.

Gülara

Nadir çox ağıllı, bacarıqlı oğlandır.

Qorxmazov

Bir başa düş, bu rəssamdır, bu şairdir, bu artistdir, nədir, yaman şorgöz tayfadır. Yüz qızı, birdən sevirlər, birdən...

Gülara

Yanılırsınız.

Qorxmazov

Xeyr, vallah deyirəm ki, hansı müdirin belə bir zamı var, hansı zamın mən kimi adamı var! Doğrusu, qurbandır bütün atelya modamın var-yoxu sənə. Mən ölməmişəm ki... beş gün dünyadır.

Gülara

Bir az ədəbli danışın, yoldaş Qorxmazov.

Qorxmazov

Ədəbsiz sənin o adamındır ki, var. Məndə sübut var, sübut!

Gülara

Bu iftiradır.

Qorxmazov

Yox, həqiqətdir. İnanmırsan buyur. (Stolun gözündən bir konvert çıxarıb içindəki kağızı nəzərdən keçirir.)

Gülara

O nədir?

Qorxmazov

Naməlum bir vicdanlı şəxsin Nadirin tərbiyəsizliyini sübut eləyən canlı, şanlı məktubu.

Gülara (onun əlindən almaq istəyir)

Ver baxım.

Qorxmazov

Mətləbi bildin, kifayətdir. Al... (Cırıb səbətə atır.)

Gülara

Mən sizinlə ayrı yerdə danışaram. Bunlara imza atın! (Ona sənədlər göstərir.)

Qorxmazov

Harda danışırsan danış. Mənim dalım möhkəmdir, möhkəm.

Gülara (gedir)

Baxarıq!

Dəmirov (gəlir)

Zaddır... evimiz yıxıldı.

Qorxmazov

Adə pajar-zad olmayıb ki...

Dəmirov

Pajar yaxşıdır, ancaq arvad milisionerlə əlbəyaxa olub.

Qorxmazov

Arvad? Onda yenə min şükür bizim arvada... Görəsən bu hansı arvadağız kişinin arvadıdır? (Bu vaxt zəng vurulur.) Nə, nə? Süründürürlər? Sən kimsən ki, belə böyük-böyük danışırsan? Necə? Şair Xəyal Rza? İstəyir lap qərib İmam Rza ol, məni qorxuda bilməzsən. Vallah mən də sizin kimi bekar olsam ildə nədir, lap gündə bir kitab bağlaram.

Bu dəmdə Dünya xanım pəncərədən içəri atılır.

Dalınca da milisioner fit çala-çala içəri girir.

Qorxmazov

Daha mənim kitabım bağlandı.

Dünya

Havaxtdan bu xarabanın qapısı mənim üzümə bağlanıb, ağa Qorxmazov?

Qorxmazov

Sakit, yavaş, danışmaq kulturadır, bağırmaq xaltura, Dünya xanım.

Dünya

Xaltura sən özünsən, tez al, səhvini al boynuna, yoxsa...

Qorxmazov

Mənim səhvim odur ki, anadan olmuşam.

Dünya

Olan gününə daş düşəydi, daş!

Qorxmazov

Avtoritetimi gözlə, arvad!

Milisioner

Yoldaş direktor, şəxsi davanızı evdə eləyərsiniz. Ancaq mən bu vətəndaşı rayondan aparmalıyam. İcazə verin telefonla köməyə bir milisioner çağırım.

Qorxmazov

Hay-hay, bir polk da çağırsan bacarmazsan, get işinə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов