İkinci pərdə
Страница 1 из 2
İkinci şəkil
Təhmas bəyin həyəti. Strajnik gəlib otaqdan Təhmas bəyi səsləyir.
Strajnik
Təhmas bəy, a Təhmas bəy!
Təhmas bəy
Nə olub, ay lovxəbər!
Strajnik
Bədbəxtlik üz veribdir.
Təhmas bəy
Tez ol, danış müxtəsər!
Strajnik
Nəbi...
Təhmas bəy
Yenə də Nəbi? Əcəb qalmışıq aciz.
Strajnik
Əsgəran dərəsində soyub poçtu tər-təmiz,
Pullarısa paylayıb lüt, yoxsul kəndlilərə.
Təhmas bəy
Ayıq olun, demişəm, sizə azı min kərə.
Strajnik
Onu gözdən itirdik biz, əlli igid atlı,
Bilmədik göyə çıxdı, yoxsa ki, yerə batdı.
Təhmas bəy
İtil, rədd ol!..
Ağalar, yox, buna dözmək olmaz.
Ürəyimi qurd kimi gəmirib yeyir qisas.
Qorxudan neçə aydır, rahat yata bilmirik,
Nəbini axtarırıq, lakin tuta bilmirik.
Belə getsə üzümüz əsla gülməyəcəkdir.
Papaqdır başımızda, deyin, yoxsa ləçəkdir?!
Nəbinin dəstəsinə qoşulan lüt kəndlilər
Kökümüzü kəsərlər fürsət tapsalar əgər.
Səlim bəy
Gündüz-günortaçağı, buna mat qalmışam mən
Otuz at qaçırıblar bəyliyin töyləsindən.
Təhmas bəy
Qorxun, aparmasınlar arvad, uşağınızı,
Ələ keçirməsinlər bütün torpağınızı.
Bəylər, qulaq asınız, sözüm acı olsa da,
Haramdır qeyrətsizə yaşamaq bu dünyada!
Hanı vurhavurumuz, hanı gəlhagəlimiz,
Hanı görən gözümüz, hanı vuran əlimiz?!
Səlim bəy
İsti-soyuqçun deyil başımdakı bu papaq,
Nəslimizin baxtına qılıncım yol açacaq.
Hər kim olursa olsun, aman vermərəm yada,
Mən ölümə adınla sözsüz gedərəm, ata!
Təhmas bəy
Atana oxşamısan, Səlim, gəl öpüm səni,
Yaxşı başa düşmüsən oğulluq vəzifəni.
Mahmud bəy və Koxa Məmməd kefli halda gəlirlər.
Koxa
Təhmas bəy, xoş görmüşük, salam bütün bəylərə!
Təhmas bəy
Gör nə kökə düşmüsən.
Koxa
İçməmişik boş yerə.
Təhmas bəy (İstehza ilə)
Çək başına yorğanı, sübhə qədər xorulda,
Sonra hüzurumuzda yağmasan da, gurulda.
Koxa
Vallah, biz nə yatırıq, nə də xoruldayırıq,
Mən, Mahmud bəy, bu saat gur-gur guruldayırıq.
Bir kələk qurmuşuq ki, gələcək bizdən xoşun,
Məsəl var, bata bilməz bir nəfərə bir qoşun.
Təhmas bəy
Hardan gəlirsiniz?
Koxa
Kefdən, damağdan.
Təhmas bəy
Bu haqda deyirdim elə bayaqdan,
Siz nə haydasınız, aləm nə hayda.
Koxa
Bizim tədbirimiz verməsə fayda
Vur, öldür məni də, Mahmud bəyi də.
Mahmud bəy (Təhmas bəyə nə isə pıçıldayır.)
Lap sən deyən oldu.
Təhmas bəy
Bayaqdan de də...
Mahmud bəy
Boyun qaçırırdı əvvəlcə yaman.
Sonra tutub onun boş damarından
Yağlı vədələrlə gətirdik yola,
Deyin, kim satılmaz pula, qızıla?!
Sənin sözlərinə qol qoyur tamam.
Təhmas bəy
Afərin, afərin, bax, buna varam.
Koxa
İndi bildiniz ki, koxalıq nədir?
Təhmas bəy
Tez ol, qurd Kərimi yanıma gətir.
Koxa
Göz üstə.
Təhmas bəy
Bəylər, içəri keçin, məni gözləyin bir az,
Vacib bir iş var, onu təxirə salmaq olmaz.
Mahmud bəy, deyəsən işlər düzəlir.
Bir söz, bu hiyləniz xoşuma gəlir.
Koxa Qurd Kərimi gətirir.
Təhmas bəy
A gədə, yaxın gəl, yaxşı qulaq as.
Koxa
Mərhəmət kanidir ağamız Təhmas.
Təhmas bəy
Günahın böyükdür, bilirsən özün,
Bu gündən azadsan, buna nə sözün?!
Qurd Kərim (Təhmas bəyin ayaqlarına qapanır.)
Sizin qulunuzam ölənə kimi.
Təhmas bəy
Mahmud bəy fikrimi sənə deyibmi?
Qurd Kərim
Bəli, deyib, deyib...
Təhmas bəy
Bilirsən, demək,
İnan, baş tutarsa bu böyük kələk
Bəylərin yanında ucalar başın.
Tərəddüd etməkdən büsbütün daşın!
Qurd Kərim
Hərdən düşünəndə əsirəm zağ-zağ.
Təhmas bəy
İgid də qorxarmı?
Mahmud bəy
Ağgözə bir bax.
Fürsət tapan kimi verməzsən aman,
Sabahın parlaqdır, sözümə inan.
(Ona tapança verir.)
Təhmas bəy (Ona pul verir.)
Arxanda bəylər var, qorxma heç nədən.
Qurd Kərim
Dedim ki, ömürlük qulunuzam mən.
Mahmud bəy
Durma, get!
Qurd Kərim
Baş üstə!
(Gedir.)
Təhmas bəy (Mahmud bəyə)
Afərin, yaşa!..
Koxa
Bəs mən yaşamayım?
Təhmas bəy
Sən də min yaşa!
Ağalar, bu tədbir baş tutsa əgər,
Başımız ucalıb göylərə dəyər.
Açılar gül kimi bəylərin baxtı,
Sarsılmaz kökündən padşahın taxtı.
Pərdə
Üçüncü şəkil
Qayalıqdır. Uzaqdan tütək və oxumaq səsi gəlir. Bir azdan sürünə-sürünə bir bələdçi səhnədə görünür. Fit verib yoldaşlarını səsləyir. Koxa, Qurd Kərim və bir neçə strajnik gəlir.
Cəlil
Onlar bu ətrafda olsunlar gərək...
Koxa
Gəlin işimizi vaxtında görək.
Qurd Kərimi ağaca sarıyırlar.
Qurd Kərim
Gərək qurmayaydıq bu tələni biz,
Olubdur qorxudan tüklərim biz-biz.
Koxa (Qurd Kərimi vurur.)
Bağır, bağırtından titrəsin dağlar!
Eşidib səsinə gəlsin qaçaqlar.
Onu yalandan vururlar.
Görürəm, döşünə yatmayır şallaq,
Kimi axtarırdın meşədə, alçaq?!
Qurd Kərim
Nəbini, Nəbini, qoçaq Nəbini,
Bəylərin gözünə bıçaq Nəbini.
Vururlar və qaçırlar.
Cəlili qaçaqlar vurur. Koxanı tuturlar.
Nəbi (Gəlir.)
Dayanın, bu nədir, kimdir döyülən?
Niyə dinmirsiniz? Sizinləyəm mən!
Koxa (Titrəyir.)
Buyruq qullarıyıq, yox, təqsir bizdə,
Bizə döy dedilər, döyürük biz də.
Nəbi
Kim dedi? Cavab ver!
Koxa
Səlim bəy.
Nəbi
Aha...
Koxa
Belədir, and olsun o bir Allah.
Nəbi
Kəs səsini!
(Kərimə)
Qardaş, nəçisən, kimsən?
Qurd Kərim
Zindandan qaçmışam bu dağlara mən.
İzimə düşərək tutdular məni,
Getdi ağrılarım görüncə səni.
Pənah gətirmişəm adına, Nəbi!
Yetiş mən yazığın dadına, Nəbi!
Nəbi
Bir dayan, mən səni tanıdım, qoçaq,
Sən də çox yemisən bəylərdən şallaq.
Qurd Kərim
Qoydu ürəyimdə kamımı fələk,
Ömür xırmanımı sovurdu külək.
Nəbi
Tək əldən səs çıxmaz, yadında saxla.
(Koxanı göstərir.)
Onu öz əlinlə ağaca bağla!
Koxa
Sən nə danışırsan, qurbanın olum...
Nəbi
Bağlayın!
Koxa
Hər yandan bağlandı yolum.
Onu ağaca bağlayırar.
Qurd Kərim
İndi çək cəzanı!
Koxa
Günahım nədir?
Vəli
Sıpanın belinə gəlməyir kəndir.
Mehdi
Vurun, qardaşlarım, ölüncə vurun!
Koxa
Vay öldüm, yazığam, vurmayın...
Mehdi
Vurun!..
Nəbi
Açın, kifayətdir, itilib getsin.
Koxa
Allah ömrünüzü çox uzun etsin...
Nəbi
Mən mərdlik naminə buraxdım səni.
Koxa
Özünə borclu bil qəbrəcən məni.
Nəbi
Koxa, Səlim bəyə sən çatdır bunu:
Xalqın intiqamı gözləyir onu.
Koxa
Baş üstə, deyərəm... Daha nə deyim?
Mehdi (Zarafatla)
Ağrısını alım, gözünü yeyim.
Gülüş, Koxa gedir.
Vəli
Adam da düşməni buraxar əldən?
Qəhrəman
Nəbinin işinə məəttələm mən.
Mehdi
Haqlısan a Vəli, o haramzadə
Bir gün görərsən ki, dönüb cəllada,
Əlində qılıncı vurur boynunu.
Qəhrəman
Mehdi qardaşımız düz deyir bunu.
Bu halda qaçaqlar tacirləri və başqa yoldan ötənləri gətirirlər.
Tapdıq
Budur, bu tacirlər, bu da malları.
Vəli
Tacirin çox olur dövləti, varı.
Mehdi
Mən yanılmıramsa bunlardır ki, var
Aclıq törədənlər, ölüm yayanlar.
(Tacirlərə)
Qoyub başınızı qızılın üstə,
Kağız pulun üstə, ağ pulun üstə
Kefə baxırsınız eldən xəbərsiz,
İndicə hesabı çürüdərik biz.
Nəbi (Görünür)
“Hörmətli” qonaqlar, xoş gördük sizi,
Qorxmayın, sıxmayın ürəyinizi,
Silahınız varsa tez atın yerə!..
Xəlil
And olsun Allaha və peyğəmbərə,
Silahımız yoxdur.
Onları axtarırlar.
Mehdi
Yalan deyirsən.
(Onun cibindən tapança çıxarır.)
Xəlil
Məndən peşkəş götür şoqəribi sən.
Vəli
Niyə titrəyirsən, a tacirbaşı?
Xəlil
Əzəldən sevmərəm dava-dalaşı.
Mallar sizin olsun, bizə dəyməyin!
Vəli
Onsuz da bizimdir, zəhmət çəkməyin.
Mehdi (Tacirə)
Sənin öz cibindən varmı xəbərin?
(Onun sinəsini yoxlayır.)
Mən səhv etmirəmsə qızıldır dərin.
(Qızıl torbasını çıxarır.)
Xəlil
Onlara dəyməyin, çatlayar bağrım.
Allah, nə pis oldu mənim axırım?
Mehdi
Kəndlilər çılpaqdır, acdır...
Xəlil
Bizə nə?
Mehdi
Vicdansızın biri, dilin var yenə?
Qurd kimi daraşıb hər bədənə siz
Qanını soraraq kökəlirsiniz.
Xəlil
Mən yaxşı adamam, oğlum, qulaq as.
Mehdi
Cidanı çuvalda gizlətmək olmaz.
Xəlil
Barı, öldürməyin.
Vəli
Bəsdir, az ula!
Nəbi
Bunları salamat ötürün yola.
Xəlil
Çıxmaz bu yaxşılıq yadımdan, Nəbi,
Görüm var olasan, qəhrəman Nəbi!
Tacirləri ötürürlər. Uzaqdan bayatı səsi gəlir.
Səs
Əzizim, neylim sənə,
Düşübdür meylim sənə,
Mən dönsəm könül dönməz,
Sən dönsən, neylim sənə.
Bir dəstə kəndli gəlir.
Səfər
Xoş gördük, ay Nəbi.
Nəbi
Salam, əmi can,
Siz niyə gəldiniz?
Səfər
Bilərsən, dayan...
Nəbi
Tez ol, danış görək.
Səfər
Qurbanın olum,
Belə güzərandan yaxşıdır ölüm.
Nəbi
Kəndimizdə nə var?
Səfər
Hər evdə matəm,
Deməklə qurtarmaz, doludur sinəm.
Nəbi, bundan apar sən hesabını
Aclığın daş əli döyüb qapını.
Qıyır körpələrə, gözəl canlara,
Bağrım dərd əlindən yaradır, yara!..
Ellərin qanına susayıb bəylər,
Məgər bu işləri görməyir göylər?
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-qacaq-nebi-ikinci-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Kərim kişinin evi. Pəncərələrdən bağça görünür. Durna otağı səliqəyə salır, gülləri güldanlara qoyur.*Durna**
Üçüncü pərdəKərimin həyəti. Ağaclıq, güllük, çiçəklik.*Durna ilə Lalə söhbət edə-edə gəlirlər.*
Gəldi-gedərDörd pərdəli komediya*İştirak edənlər
Birinci pərdəModalar atelyesi. Qorxmazovun kabineti. Otağın iki qapısı var. Ustalar, işçilər, müştərilər gəlib Qorxmazovu soruşurlar. Otağın koridora pəncərəsi də vardır. Qapıçı Dəmirov Qorxmazovu soruşanları bayıra çıxarır. Qorxmazovun başı üstündə bu şüar yazılmışdır:*“Əyninə paltar zakaz vermə çasni masterə,*
Стихи других поэтов
Dilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
Könlüm səni istərYüz mah münəvvər ola, könlüm səni istər,Yüz şəms müdəvvər ola, könlüm səni istər,
HicranAyrılıq dediyin duzlu bir sudur,içdikcə köz kimi yandıracaqdır.
زهی بر خطت آسمان سر نهادهجهان بر سر جاهت افسر نهاده