İkinci pərdə
Страница 2 из 2 · 50%
Nəbi
Qəribə adamsan, bu ayaqda sən
Bəylərdən, göylərdən nə gözləyirsən?
Bu barədə sonra, de görüm mənə,
Divan sizdən vergi istəyir yenə?
Səfər
Hələ qurtarmayıb vergi davası,
Alıb altımızdan xalça-palazı
Qoyublar hamını quru yer üstə,
Ürəklər yaralı, könüllər xəstə. Xalqın haqq səsinə qulaq asan yox,
Qanlı qanunları silib pozan yox.
Eşitdik, çıxmısan bizə havadar.
Verdi ürəyimiz belə bir qərar:
Elliklə qoşulaq sənin dəstənə,
Şığıyaq qartal tək düşmən üstünə.
Vəli
Qocasan, ağarıb saçın, saqqalın,
Dava ayağında pis olar halın.
Səfər
Siz allah, bir görün, kim kimə gülür,
Gücümü bu ellər, bu dağlar bilir.
Buna şübhən varsa gəl bir tutaşaq,
Ağzın süd qoxuyur, uşaqsan, uşaq.
Nəbi
Zarafat elədi, sındınmı, söylə?
Səfər
Eh, cib-cib öyrədir bir görün necə
Bildirki sərçəyə bu ilki sərçə.
Nəbi
Hər şeyin yeri var, doğrudur, qoca,
Başın dağlar kimi ucadır, uca.
Səfər
Nəbi can, bir xəbər eşitmişəm mən,
Ancaq ki...
Nəbi
Bayaqdan niyə demirsən?
Səfər
Xeyli var dillərdə gəzir bu xəbər:
Kim sənə qıyarsa pul verəcəklər.
Hanı Səlim bəydə qıl qədər vicdan,
Bu sözü deyirlər onun adından.
Nəbi
Bütün el-obaya bunu yayıb o,
Başıma min manat qiymət qoyub o.
Mənsə Səlim bəyin başına ancaq
Bircə quruş qiymət qoymuşam nahaq.
O başçün bu çoxdur, demirəm əbəs,
Çünki onun başı quruşa dəyməz!
Səfər
Dəyməz, Nəbi, dəyməz, haqlısan, oğlum!
Dar gün görməyəsən heç zaman, oğlum!
Nəbi (Qaçaqlara)
Dostlar, budur mənim arzum, əməlim:
Bir yerə toplansın qaragün elim.
Bəylərin zülmünə nəhayət verək,
Zəncirsiz, zindansız bir həyat sürək.
Özümüz çalışaq, özümüz əkək.
Bizə dərd olmasın bir parça çörək.
Doğma balaları bizik bu yerin,
Bu torpaq bizimdir, deyil bəylərin!
Səfər
Bizə yaraşmayır köləlik, Nəbi,
Qılınc vuran qolun heç bükülməsin.
Görüm düşməninin üzü gülməsin!
Nəbi
Hələlik yağılar güclüdür, bəli,
Gec-tez zərbəmizdən qırılır beli.
Səfər
Nəbi, danış, danış, dilinə qurban.
Nəbi
Dostlar, əminəm ki, gələr bir zaman,
Torpaqlar altına etsək də səfər
Hörmətlə yad elər bizi nəsillər.
Tapdıq (Tələsik gəlir.)
Nəbi, Nəbi, qardaş.
Nəbi
De, nə var yenə?
Tapdıq
Dustaq aparırlar qazaqlar yenə.
Nəbi
Görəsən yenə də kim düşüb tora?
Alıb əllərindən gətirin bura.
Göylərə çatmayır yerlərin ahı,
Yazıq yoxsulların, nədir günahı!
Haqqım deyənləri asıb-kəsirlər,
Acından qırılır yetim-yesirlər.
Bürüyür yolları qandal səsləri,
Udur məzlumları çar məhbəsləri.
Birinci qaçaq gedir. Güllə səsləri eşidilir.
Qaçaqlar ayağı və qolları zəncirli qazaq Vasilini gətirirlər.
Nəbi (Arxadan)
Gəlin, bura gəlin.
Nə görürəm mən.
Vasili, rus qardaş, Vasili, sənsən?!
Vasili
Mənəm, qardaş, mənəm.
Öpüşürlər.
O vaxtdan bəri
Dustaqda yatırdım səndən ötəri.
Nəbi
Açın qollarını, ayaqlarını.
Vasili
Afərin, bəyəndim qaçaqlarını.
İgid adamlardır, geciksəydilər
Yolum gedəcəkdi Sibirə qədər.
Sonra danışaram, uzundur söhbət.
Nəbi
Gəldi bu görüşdən qoluma qüvvət.
(Qaçaqlara)
Dostlar, bu qazaq da kəndlidir, kəndli,
O da, bizim kimi dərdlidir, dərdli...
Qoy məni sevənlər onu da sevsin!
Qəhrəman
Ürək sözümüzdür, Nəbi, bu sözün.
Vasili
Deyirəm, bəlkə də çıxıb yadından,
Tüfəngim səndədir.
Nəbi
Aha, bir dayan.
(Öz tüfəngini ona uzadır)
Vasili
Yox, o səninkidir, istəməz.
Nəbi
Bəs sən?
Ona silah verin!
Qaçaqlar Vasiliyə silah verirlər.
Qəhrəman
Alın...
Vasili
Bu da mən.
(Gəzişir.)
Bir oda yanırıq indi hamımız,
Nəbi, ayrı deyil intiqamımız.
Mən burda qalıram.
Nəbi
Qardaşım, yaşa.
Vasili
Vuruşarıq qoşa, ölərik qoşa!
Qaçaqlar bir qızı aralığa alıb gətirirlər.
Tapdıq
Siz allah, bu qızın boyuna baxın,
Nə məni, nə bunu qoymurdu yaxın.
Sinəmdən vurmuşdu mənim az qala,
Aldıq silahını onun güc-bəla.
(Ortalığa bir bıçaq və xəncər atır.)
Nəbi
Bacım, hardan gəlib hara gedirsən?
Nə üçün dinmirsən?
Çimnaz (Üzünü açır.)
Yad deyiləm mən.
Nəbi
Həcərin yoldaşı, Çimnazdır bu qız.
(Çimnaza)
Dağlarda nə işin bu zaman yalqız?
Mehdi
Bir qara xəbərlə gəlmisən yoxsa?
Çimnaz
Mən bayquş deyiləm.
Vəli
Varam, bu qıza.
Çimnaz
Vacib bir iş üçün gəlmişəm bura,
Salmaq istəyirlər Həcəri tora.
Yazıq gecə-gündüz ağlayır zar-zar.
Nəbi
Nə üçün başıma uçulmur dağlar?!
Çimnaz
Məni yanınıza Həcər göndərib;
Dərdlər ürəyində baş-başa verib.
Kənddə qan ağlayır arvad-uşaqlar.
Tökülür evlərə bəylər, qazaqlar,
Nəbinin heyfini alırlar bizdən.
Bir kömək gəlməsə, axırda düşmən
Kənddə qoymayacaq daşı-daş üstə,
Dözməyə daha can qalmayıb bizdə.
Nəbi
Nədir bu güzəran, nədir bu həyat!
Xalqa divan tutur bir yığın cəllad,
Məni istəyirlər, dostdan, qohumdan,
Qaynayır qəzəbdən ürəyimdə qan.
Mehdi
Qardaşlar, hirsimdən ağrıyır başım,
Tez ol, bir tədbir tök, Nəbi, qardaşım!
Xalqı incidirlər bizdən ötəri,
Hünər meydanıdır igidin yeri.
Bu yolda al qana boyanmışıq biz,
Əmrinə müntəzir dayanmışıq biz!
Vəli
Bu gün tərpənməsək gec olar sabah.
Qəhrəman
Onların üstünə cumarsaq, vallah,
Səlim bəy deşiyi alacaq satın.
Vəli
Durmayın, atların belinə yatın!
Gətirin Boz atı, o yel qanadı.
Qəhrəman
Təkdir bu dünyada Nəbinin atı!
Boz atı gətirirlər.
Nəbi
Bir dəli yel kimi dağlara cumaq!
Aslanlar yurdunda sönməsin çıraq.
Elə vuruşaq ki, titrəsin göylər.
Yanıb alovlarda kül olsun bəylər.
Boz at, səni sər tövlədə bağlaram,
Ayağını qızıl, gümüş nallaram.
Məxmərə tutaram, ipək çullaram,
Boz at, apar məni doğma ellərə,
Qoy ellər düşməsin düşmən əllərə!
Pərdə
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-qacaq-nebi-ikinci-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Kərim kişinin evi. Pəncərələrdən bağça görünür. Durna otağı səliqəyə salır, gülləri güldanlara qoyur.*Durna**
Üçüncü pərdəKərimin həyəti. Ağaclıq, güllük, çiçəklik.*Durna ilə Lalə söhbət edə-edə gəlirlər.*
Gəldi-gedərDörd pərdəli komediya*İştirak edənlər
Birinci pərdəModalar atelyesi. Qorxmazovun kabineti. Otağın iki qapısı var. Ustalar, işçilər, müştərilər gəlib Qorxmazovu soruşurlar. Otağın koridora pəncərəsi də vardır. Qapıçı Dəmirov Qorxmazovu soruşanları bayıra çıxarır. Qorxmazovun başı üstündə bu şüar yazılmışdır:*“Əyninə paltar zakaz vermə çasni masterə,*
Стихи других поэтов
Dilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
Könlüm səni istərYüz mah münəvvər ola, könlüm səni istər,Yüz şəms müdəvvər ola, könlüm səni istər,
HicranAyrılıq dediyin duzlu bir sudur,içdikcə köz kimi yandıracaqdır.
زهی بر خطت آسمان سر نهادهجهان بر سر جاهت افسر نهاده