Bizə divanəlik nə zülfdən, nə şanələrdəndir,Bu rəsmiyyət bizə bizdən qədim divanələrdəndir!

Qəmi-eşq ilə yanmış könlümü viranə zənn etmə,Bu viranə, gühərlər bəsləyən viranələrdəndir!

O şuxun gözlərindəndir, könül, dərdü qəm çəksək,Xəyal etmə, bu afətlər bizə biganələrdəndir!

O nuşanuş kim, hər dəm gəlir meyxanə səmtindən,O, məscidlərdən ikrah eyləyən məstanələrdəndir!

Bizi sərməst edən cami-məhəbbətdir, get, ey vaiz,Bu sərxoşluq nə bu meydən, nə bu meyxanələrdəndir!

Nola, gər atəşi-eşq ilə yansaq, şöləmiz yoxdur,Bu xasiyyət bizə nə şəm, nə də pərvanələrdəndir!

Demişdir müddəi: – Vahid kəməndi-eşqdən qaçmış,Bu əqlə sığmayan, ellər deyən əfsanələrdəndir!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви