Azərbaycan türk ədəbiyyatının son vəziyyəti
Səhifə 2 / 2 · 50%
III
Keçən saylarda biz son Azərbaycan türk ədəbiyyatının başlıca olaraq üç təsirin sıxıntısı altında bulunduğunu göstərmişdik.
Bunlardan birincisi, dediyimiz kimi, farsca yazılmış ədəbiyyat olmuşdur ki, bütün Qərb üçün Yunan və Roma klassizmi ilk mənbə olduğu kimi, Azərbaycan türk ədəbiyyatı üçün də farsca yazılmış ədəbiyyat bir təqlid mənbəi olmuşdur. Biz “fars ədəbiyyatı” deyil, farsca yazılmış ədəbiyyatı deyirik.
Çünki bu gün fars dilində gördüyümüz ədəbiyyat ayrıca farsların deyildir. Onun sarsılmaz bir sütununu Cəlaləddin Rumi kimi böyük türk şair və filosoflarının farsca yazdığı “məsnəvi”lər təşkil etdiyi kimi, eynilə ümumi İran mədəniyyəti mühitində olaraq farsca yazmış olsalar da, fəqət əsərləri deyil ki, fars ədəbiyyatına təqlid etməmiş, bəlkə bütün orijinal olub ən qüvvətli fars yazıçılarının ən qüvvətli əsərlərilə rəqabət edə biləcək və bəlkə də bir çoxlarına üstün gələ biləcək, hətta bir çoxları üçün tərsinə olaraq, təqlid mənbəi edəcək və etmiş olan Nizami, Xaqani kimi Azərbaycan türk ədibləri də vardır ki, bunları unutmaq olmaz. Bu gün bir Azərbaycan türk şairinin farsca yazdığı: “Han ey, dili-brətbin, öz didə nəzər kon, han, eyvani-mədainra ayineyi-ibrət dan” kimi əsərlərinə ən qüvvətli fars şairlərinin nə qədər çalışsalar da, bu vaxtadək nəzirə belə yazmadıqları göz önündədir.
Fəqət, ümumiyyətlə, fars ədəbiyyatında türk ünsürlərini və onların əhəmiyyətlərini araşdırıb bulmaq və göstərmək mövzumuza daxil olduğundan bu cəhətlə hər halda ədəbiyyat tarixçilərimiz tərəfindən aydınlaşdırılacağını ümid ilə keçirik.
Hər halda ədəbiyyatın beynəlxalq yürüşü cəhətincə əksərən ümumi bir mənbədən və çox vaxt Hindistandan əsas alıb da, Qərbə və Şərqə doğru Bizans və İran vasitəsilə yayılan səyyar mövzular əski Yunan və sonra da Roma ədəbiyyatında başqa bir şəklə salınıb, Qərb ədəbiyyatı üçün bir mənbə olduğu kimi, İran-fars ədəbiyyatında da tam başqa bir şəklə salınıb, tam başqa şəkildə götürülmüş və bu da ötədən bəri Azərbaycan türk ədəbiyyatı üçün bir təqlid mərkəzi olmuşdur. Bu mühit içində Nizaminin yaratdığı romanlar və bir neçə bu kimi əsərlərdən başqa adətən bir-birini təkrar edən və nəhayət, xüsusilə, Füzulidən sonra çox bayağı mədhiyyələr, bu kimi yazılardan başqa bir şey yaradılmamış və son günədək bu qəzəllər, qəsidələr birbirini təkrar ilə getdikcə zəifləşərək davam etmişlərdir.
Onu da unutmamalıdır ki, bu ədəbiyyat əksərən cəmiyyətin yüksək və ziyalı təbəqəsinə aid olub, xalq ilə qətiyyən əlaqəsi olmamışdır.
Bu ədəbiyyat ilə yan-yanaşı olaraq o, yəni adi xalq özü üçün ayrı bir ədəbiyyat yaratmış və öz ruhundan doğmuş, onun ruhunu və mənəviyyatını təsvir edən, ruhunu, zövqünü oxşayan bu doğma yavrusunu can kimi qucub onunla yaşamışdır. Sarayları mədh edən, qaş-gözləri tərif edən bu yapma, cansız, duyğusuz, qeyri-təbii ədəbiyyat onun 4 telli sazına uymamış, o öz yaratdığı kərəmlərilə, qəriblərilə, Tapdıqları ilə gün keçirmiş, onların kədərlərinə ağlayaraq, qələbələrinə sevinərək, son zamanlaradək gəlmişdir. Insafən, etiraf edilirsə, Azərbaycan türk ədəbiyyatının ən parlaq səhifəsini bu adi xalqın bir sövq-təbii ilə yaratdığı bu adi xalq ədəbiyyatı təşkil edir.
Azərbaycan türk ədəbiyyatına digər bir təsir icra edən də rus ədəbiyyatıdır. Bu məsələyə keçmədən orasını qeyd etməliyik ki, Azərbaycan türk ədəbiyyatı əsasən 3 deyil, 2 təsir altında olmuşdur. Bunlardan biri, xüsusilə, müxtəsər söylədiyimiz İran və ümumən, Şərq ədəbiyyatı, digəri isə 19-cu əsrin ortalarından özünü hiss etdirməyə başlamış Qərb ədəbiyyatıdır. Həmin Qərb ədəbiyyatı Azərbaycana iki yol ilə təsir etmiş ki, bunlardan biri Rusiya, 2-cisi isə Türkiyədir. Ədəbiyyat vaxtilə bir mənbədən çıxıb. Qərbdə bir, Şərqdə isə başqa bir şəklə necə düşmüşsə, eynilə Qərb ədəbiyyatı da Rusiyada bir şəkildə, Türkiyədə başqa bir şəkildə alınmış və həmin ədəbiyyatın bu iki dairədə bağışladığı təsir də başqa-başqa olmuşdur. Ruslar bu ədəbiyyatı alıb ona əsaslanaraq, rus həyatında qüvvətli bir ədəbiyyat yaratmış və hətta orijinallar ilə rəqabət edə biləcək, bəlkə də ara-sıra orijinallarından daha qüvvətli orijinallar yarada bilmiş və sonra da qəti bir mənlik alıb, Qərb ilə umuz-umuza yürüyə bilmişlərdir. Türklər isə Avropaya daha yaxın, daha əlaqədə olduqlarına baxmayaraq, çox zaman, hətta irəli gedirlərsə, demək olar ki, son zamanlaradək belə, məəttəəssüfanə, buna müvəffəq olmamış, ədəbiyyatları da Şərq ilə Qərbin mütəqabil təsirləri altında qalıb başqa bir hal almışdır. Beləliklə, Qərb ədəbiyyatı Rusiyada başqa, Türkiyədə isə başqa bir şəklə taxınıb, biri əvvəl, biri də sonra Azərbaycana təsir icra etdikləri üçün və təsirləri də başqa-başqa olduğu üçün bunları ayrı-ayrı mənbələr kimi götürür və təsir mənbəini 2 deyil, 3 nöqtədən qeyd edirik. Beləliklə, rus ədəbiyyatının təsirinə gəlincə, Azərbaycanda Rusiya çarlığının siyasi hakimiyyəti yerləşincə onu mütəaqib Rusiya ədəbiyyatı da Azərbaycanda hiss edilməyə və azçox qüvvətli varlığı və bir dürlü yeni şəkildə hökmranlıq mövqei tutmaya başlayır. Rusiya çarlığının siyasi təsiri öz mühitində bir taqım ziyalılar qrupu yetişdirir ki, bunları əski dərəbəylik ədəbiyyatı əyləndirmədiyi kimi, xalqla da çox az təmasda bulunduqlarından, daha doğrusu məna bir dürlü başqalaşıb xalqa yüksəkdən baxdıqları və get-gedə onu büsbütün anlamamağa başladıqları üçün onun yaratdığı xalq ədəbiyyatına da qiymət vermir, ondan zövq almırlar.
Bunlar artıq yetişdikləri mühitə uyğun bir ədəbiyyat arayırlar ki, bu da olsa-olsa rus ədəbiyyatı ola bilərdi. Get-gedə bu dairə artdıqca rus ədəbiyyatının da nüfuz dairəsi genişlənir və bu yeni ehtiyac üzərinə yeni şəkildə bir türk ədəbiyyatı meydana çıxır.
Onu da qeyd etməlidir ki, bu mühit bəzən xalqı çox gözəl tanıyan və onun həyatına yaxşı bələd olan yazıçılar da yetişdirir ki, belələrindən də başlıcası olmaq üzrə Mirzə Fətəli Axundzadə göstərilmişdir.
Fəqət Mirzə Fətəli nə qədər rus ədəbiyyatı və mühiti təsirində olsa da, bununla bərabər yenə öz mənliyini itirməmiş və öz ədəbi istedadının qüvvətilə təqlidçi olmaqdan daha artıq bir yaradıcılığı üçün ancaq ümumi və əsas bir şəkil almış və həmin əsasda böyük bir sənətkar məharətilə öz həyatımızdan yaratdığı əsərləri üçün istifadə etmişdir. Ona görə də bizim, xüsusilə, teatr ədəbiyyatımızın yaranmasına ilk addımı atan o olduğuna və bu cəhətcə bizdə ilk yazıçı olduğuna baxmayaraq, yazılarında orijinal bir yazıçı olmaq üzrə qüvvətli ədəbi bir varlıq ərz etmişdir. Əsərləri az-çox uzaq bir keçmişin məhsulu olduğuna, fikir və fəlsəfə etibarilə indiki zaman üçün əhəmiyyətini qeyb etdiyinə baxmayaraq, bir çox yazıları bu gün belə öz dərin psixoloji və bədii əhəmiyyətlərini saxlamışlardır. Onun bir çox mövzuları bu gün belə öz bəkarətini saxlamış, bir çox tipləri də xalqımızın çox gözəl bildiyi və tanıdığı tiplərdir. Qəribədir ki, Mirzə Fətəli nisbətən uzaq keçmişdə yazdığına və başladığı üsulda ilk yazıçı olduğuna baxmayaraq, bir çox əsərlərində mahir və qəti bir realist olmuş və bu cəhətcə o zamanın rus ədəbiyyatında deyil ki, təqlidçi olmamış, deyil ki, umuzumuza getmiş, hətta qısa irəliləmək təlaşı da göstərmişdir. Bunlar hamısı Mirzə Fətəlinin nə qədər böyük ədəbi dühayə malik olduğunu çox açıq göstərir zənnindəyik. Yalnız burası vardır ki, Mirzə Fətəli öz əsərlərində zamanının iqtiza etməsi və ya vəzifəsinin tələb etməsi üzərindəmi, hər halda çarizmin mənfəətini gözləmiş və yazılarının çoxunda çar hakimiyyətinin güclənməsinə, möhkəmlənməsinə, əhalinin çar qanunlarından çıxmamasına çalışmışdır. Bunu əhalininmi, ya çarizminmi mənafeyi nöqteyinəzərindən yapması da başqa bir mübahisədir ki, hələlik biz bunu bir tərəfə buraxırıq. Mirzə Fətəli üzərində bu qədər durduğumuz, ondan sonrakı aşağıda adlarını göstərəcəyimiz bir taqım yazıçılarımızın onun təsiri altında bulunduğu və ona təqlid etdiyi üçündür.
Bitmədi.
Kitabxana.az · https://kitabxana.az/works/cabbarli-azerbaycan-turk-edebiyyatinin-son-veziyyeti
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Eyləmə çox dadü-fəryadü-nəva “Mehtər Nəim”!Ümməti-islamı tutmaz heç Süratəlmüstəqim.
Səbətə ithafGörüm olsun o qamışlar sənə peykan, a səbət!Verməyirsən mənə göz açmağa imkan, a səbət!
BilməsəydiDövran edərdi dövrün, rəftar bilməsəydi,Gündə günah edərdim, qəhhar bilməsəydi.
TövbəTövbə... ey mollanümalər, sizə ağ olmağıma,Çox təəssüf edirəm sizdən uzaq olmağıma.