Azərbaycan ədəbiyyatına bir nəzər
Məzmun
- Bir neçə söz
- Birinci hissə
- Müqəddimə
- Şifahi və yazılı ədəbiyyatımız
- İştə ədəbiyyatımızın getdiyi yol
- Şifahi ədəbiyyatımız
- Bayatı
- Ağı
- “vəsfi – hal”
- Sayaçı sözləri
- Düzgü
- Tapmaca
- Yazılı ədəbiyyatımız
- Nəsimi
- Xətayi
- Füzuli
- İkinci hissə
- Mirzə fətəli axundov
- Zakir
- Durnalara xıtab
- Kazım bəy
- Şirvanlı seyid əzim
- Sabir
- Yaralı quş
- Osmanlıda yetişmiş
- Azərbaycanlı müəlliflər
Səhifə 4 / 9 · 33%
Xətayi
Xatayi İranda bir müddət hökumət sürən Səfəvi sülaləsinin bani və birinci padşahı Şah Ismayılın təxəllüsidir. Xatayinin ulu babası ərdəbilli Şeyx Səfiəddin Əbu Ishaqdır. Onun oğlu Şeyx Musa, onun oğlu Şeyx Xacə Əli, onun oğlu Şeyx Ibrahim, onun da oğlu Şeyx Cüneyddir.
Bu şeyxlər Ərdəbildə zəvayənişin olub, böyük hörmətə malik idilər və çox da müridləri var idi. Şeyx Cüneydin müridləri ol qədər artmışdı ki, Qaraqoyunlu Cahanşah əndişəyə düşüb, Şeyx Cüneydi məmləkətdən sürgün etdi. Şeyx Cüneyd Diyarbəkrə gedib, ora hökmdarı Uzun Həsən tərəfindən hüsni-qəbul gördü və bacısı Xədicəbəyim Ağa ilə evləndi. Bu izdivacdan Şeyx Heydər vücuda gəldi.
Cahanşah, Uzun Həsən tərəfindən qətl olundu və Uzun Həsən Azərbaycan təxtinə cülus etdikdə Şeyx Cüneyd təkrar Ərdəbilə qayıtdı. Bir müddət sonra Şeyx Cüneyd başına qoşun yığıb “Qəzayi-Gürcüstan” icrasiylə məşğul ikən Şirvav hökmdarı Sultan Xəlil əlində öldü.
Oğlu Şeyx Heydər Uzun Həsənin qızı Aləmşahı aldı. Şeyx Heydər yanına çox adamlar cəm edib, xüruc etdi.
Yəqub qoşun göndərib sərəskəri Əmir Süleyman və Şirvan şahı Fərrux Yəssar vasitələrilə Şeyx Heydəri Tabasaran adlı yerdə öldürtdü.
Xətayi Şeyx Heydərin Aləmşahdan 892-də (miladi 1487) təvəllüd edən oğlu idi. 898-də (1492) qardaşı Sultan Əli Rüstəm Mirzə tərəfindən qətl olundu, Xətayi, Gilana qaçmışdı. Bir neçə il keçdi. Xətayi Gilandan çıxdı və atasının müridlərini cəm eyləyib 906-da (1500) Şirvana hücum etdi və Fərrux Yassarı öldürmək ilə atasının qisasını aldı. 907-də (1501) Şərur adlı məhəldə Əlvənd Mirzəni basıb, Təbriz taxtına oturdu. Bir neçə ilin müddətində Şah Ismayıl Xətayi məmləkətini o qədər genişləndirdi ki, Xorasandan Diyarbəkrə və Bağdaddan Dərbəndə qədər hökmü yeridi.
Şah İsmayılın nüfuzu Anadoluda da artmağa başladı. Osmanlı sultanı Yavuz Səlim xan məmləkətinin təhlükəsini duyaraq Şah İsmayıla Müharibə açdı və Çaldıran adlı yerdə 920 (1514) tarixində osmanlılar Şah İsmayıla qələbə çaldılar. Bu davada şah iki yerdən yaralanaraq özünü atdan yerə atdı və osmanlı əsgərindən biri ona hücum etdikdə şahın mühiblərindən Mirzə Sultan Əli ismində birisi özünü əsgərin qarşısına verdi və əsir oldu.
Xızr adlı bir ayrısı atını Şah Ismayıla verməklə onu ölümdən qurtardı.
Şeyx İsmayıl Xətayi 930 (1524) sənəsində Sərabda vəfat etdi və nəşi Ərdəbilə gətirilib, atasının yanında dəfn olundu.
38 yaşında vəfat edən Şah Ismayıl 24 illik səltənətində böyük cürət, mətanət və məmləkəti istedad göstərib. Böyük hökmdar Şah Ismayıl ilə böyük şair Xətayi arasında fərq azdır. Eyni mətanət və qüvvətli iman da şerini başdan-başa doldurur.
Biz əzəldən ta əbəd meydanə gəlmişlərdəniz,
Şahi-mərdan eşqinə mərdanə gəlmişlərdəniz.
Yazmağa həqqin kəlamüllahi-natiq şərhini,
Bu bəyanın elminə Quranə gəlmişlərdəniz.
Qeybi-mütləqdən təmaşayi-rüxi-ziba içün,
Bu şəhadət mülkinə seyranə gəlmişlərdəniz.
Kainatı surəti-rəhmanə təbdil eyləriz,
Ruhi-qüdsin ruhiyiz, insanə gəlmişlərdəniz.
Bir müənbər türrənin küfrünə “amənna” deyib,
Həqqə təslim olmuşuz, imanə gəlmişlərdəniz.
Saqiyi-baqi əlindən məst olub içməkdəyiz,
Qətreyi-məst olmuşuz, məstanə gəlmişlərdəniz.
Ey Xətayi, eydi-əkbərdir cəmali dilbərin.
Biz bu eydi-əkbərə qurbanə gəlmişlərdəniz.
Ey deyən kim, aqiləm, divanə xoş gəlmək gərək,
Kim qılır lafi-hünər, meydanə xoş gəlmək gərək.
Çün Əzizi-Misri-eşq olmaq dilərsən, ey könül,
Yusifi-Misri kimi zindanə xoş gəlmək gərək.
Aşiqəm dersən könül, eşq atəşindən dönmə kim,
Şəm oduna yanmağa pərvanə xoş gəlmək gərək.
Zahida, vurd eylə daim fikri, zikri ruyi-dust,
Əhli-İslamam deyək imanə xoş gəlmək gərək.
Ey könül, laf etmə kim, məni də laf edən kişi,
Mərifət meydanına mərdanə xoş gəlmək gərək.
Aşiqəm dersən könül, şərti budur aşiqlərin,
Hər nə kim cananə qılsa canə xoş gəlmək gərək.
Ey Xətayi, şerini ol yar istər dinləyə,
Dilrübalar guşinə dürdanə xoş gəlmək gərək.
Xətayinin şeirlərini üç qismə ayırmaq olar: dini, fəlsəfi və eşqə dair. Bizcə ən
əhəmiyyətli şeirlər də fəlsəfəyə dairdir. Bu şeirlərdə Xətayi böyük, qəvi və mətin
şəxsiyyətdən bəhs edir.
Qəvi şəxsiyyəti tərif etmək üçün bu misralara müraciət etməlidir:
Cümlə əşyadə zühur edən kəlamımdır mənim,
Xələti-ərzi-səma sirri qiyamımdır mənim.
Vaqif oldum çün zəminü asimanın gəncinə,
Cismimin sultanıyam, aləm qulamımdır mənim.
Qəvi şəxsiyyət əzəlidir. Varlıq eylə var idi, onun sirlərinə vaqif idi və bütün kainatı vələlərin şahididir. Həqq ilə şəxsiyyət dostdurlar, yaxındırlar. İki qüvvə ümumi sirrə malikdir. Şəxsiyyəti yaradan həqdir, lakin həqdən şəxsiyyəti vücuda gətirən səbəb inkardır:
Yer yox ikən, göy yox ikən, ta əzəldən var idim,
Gövhərin yekdanəsindən iləri pərgar idim.
Göhəri ab eylədim, tutdu cahanı sərbəsər,
İnsi, cinni, ərşi, kürşi yarədən səttar idim.
Girdim Adəm donuna, sirrimi kimsə bilmədi,
Mən ol Beytullah içində ta əzəldən var idim.
On səkkiz min aləmi gəzmiş idim cərcis ilə,
Dərya altındakı sacı qızdıran ənvar idim.
Ol zəmanda mən onun sirrin bilirdim, ol mənim,
Onun üçün həqqilə həmsir idim, əsrar idim.
Ey Xətayi, həqqi bilib tanımışam bigüman,
Onun üçün ox yaratdı, mən ona inkar idim.
Kitabxana.az · https://kitabxana.az/works/cemenzeminli-azerbaycan-edebiyyatina-bir-nezer
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
IHəkimin odasına girəndə Mirzə Mahmudun rəngi qaçdı: onun üçün ömrün olub-olmamağı qət olunacaq idi.
Üsuli-cədidOnun evi dağlıq məhəllədə arxası torpağa yamanmış ibtidai insanlar yurdunu andıran bir şeydir. Üst mərtəbədə iki xırda otaq (otaq demək caiz isə) və altda da bir otaq vardır. Özü birində yaşayır, ikisini də kirayəyə verir. Otaqları mənzil şəklinə salan kirayəçilərin özləri olmuşdur–yırtıq yerlərə taxta çalıb, üzərinə köhnə qəzetlər yapışdırmışlar. Buna baxmayaraq yel əsdikcə qəzetlər bir çox yerlərdən şişir, partlayır. Yağışın da ki, önünə sədd çəkmək qabil deyil – damdan keçir, tavandan və divarlardan süzələnir, köhnə ləkələrin hüdudunu bir az da genişləndirir.Ev sahibi Atamoğlan heç bir işin sahibi deyil – əski zaman çayxanalarda, məscid önündə vaxt keçirərdi; bir vaxt qoçuluğa qalxışaraq bir adam da öldürmüşdü.
KamalOnun adı Kamal idi. Atası Nəcəf vaxtilə hörmətli bir adam olduğundan, evi həmişə yüksək təbəqənin adamları ilə: zadəgan və mülkədarlarla dolu olardı. Çəkilən kababın qatı tüstüsü buludlara qədər qalxar, sazın xoş sədası ətrafa yayılar, qəmli bülbülün səsinə qarışardı.Günlər beləcə bir-birinin ardınca keçdi, illər dolandı, ziyafət və zənginliyin, şöhrətpərəst dostluğun sonu gəlib çatdı. Nəcəf özünü tənha və dostları tərəfindən atılmış kimi hiss etdi. Ehtiyac onu tanış bir tacirin yanında işləməyə vadar etdi.
Soyuq busəHə! Gərək qələmi aldadıb müxtəlif xasiyyətli qadınlar, onların gözəlliyi, əzilibbüzülməsi, gözəl gülüşləri, onlarla tanışlıq və bu tanışlığın nəticələri haqda yazım. Ancaq qəti bir şey yoxdur: gah valeh oluram: qadını çox sevirəm və onun aldadıcı gülüşündən vəcdə gəlirəm. Ancaq çox tez bir zamanda həvəsdən düşürəm, naturanın dəyişkənliyini və onun süni təbəssümünü görüb əvvəlki fikirlərimi inkar edirəm.N-ə qarşı həvəsim belə öldü.
Başqa şairlərin şeirləri
Uşaqlar, hazırlaşın, durun, gedin məktəbə,Tə’lim alıb oxuyun, adət edin ədəbə.
GörəndəKönlüm tutulur hali-müsəlmanı görəndəBu növ övzai-pərişanı görəndə
GəlmədinƏmim oğlu, məndən heç utanmadın,Üç ay keçdi bir yaylağa gəlmədin.
KəklikCanım kəklik gözüm kəklikYerişin yarıma bənzər