Azərbaycan ədəbiyyatına bir nəzər
Məzmun
- Bir neçə söz
- Birinci hissə
- Müqəddimə
- Şifahi və yazılı ədəbiyyatımız
- İştə ədəbiyyatımızın getdiyi yol
- Şifahi ədəbiyyatımız
- Bayatı
- Ağı
- “vəsfi – hal”
- Sayaçı sözləri
- Düzgü
- Tapmaca
- Yazılı ədəbiyyatımız
- Nəsimi
- Xətayi
- Füzuli
- İkinci hissə
- Mirzə fətəli axundov
- Zakir
- Durnalara xıtab
- Kazım bəy
- Şirvanlı seyid əzim
- Sabir
- Yaralı quş
- Osmanlıda yetişmiş
- Azərbaycanlı müəlliflər
Səhifə 7 / 9 · 67%
Durnalara xıtab
Bir saət havada qanad saxlayın,
Rəhm edin didəmdə yaşa durnalar!
Qatarlanıb hansı yerdən gəlirsiz
Qaqqıldaşa-qaqqıldaşa, durnalar?
Bu viladə hər gün tökülür qanlar,
Yavaş-yavaş keçin, səsiniz anlar,
Laçın yatağıdır bizim məkanlar,
Qorxuram sürbəniz çaşa, durnalar!
Diyari-qürbətdə müddətdi varam,
Gecə-gündüz Vətən deyib ağlaram,
Mən də sizin kimi ğəribi-zaram,
Eyləməyin məndən haşa, durnalar!
Mən sevmişəm onun çəmən, düzünü,
Bir də nəsib ola görəm üzünü,
Yoxsa danışırsız Vətən sözünü,
Veribsiniz nə baş-başa, durnalar!
Zakirəm, od tutub alışdı cigər,
Var isə Vətəndən sizdə bir xəbər,
Təğafül etməyin, Allahı sevər,
Dönməsin bağrınız daşa, durnalar!
Kazım bəy
Kazım bəy adıylə Avropada şöhrət qazanmış bu zat Məhəmmədkazım bəyin oğlu Məhəmmədəli bəydir. Dərbənd şəhərində dünyaya gəlib və ibtidai təhsilini də orada görmüşdür. Türk, fars və ərəb dillərini də Dərbənddə öyrənibdir.
O vaxtlar Avarstana qaçan Dərbənd xanı ilə Məhəmmədkazım bəyin arasındakı əlaqədən Rus hökuməti şübhələnərək Məhəmmədkazım bəyi Hacıtərxana sürmüşdü.
Miladın 1820-ci ilində Məhəmmədəli bəy atasının yanına getdi. Hacıtərxan həyatı Məhəmmədəli bəyə əlverişli oldu: Şotlandlı bir misioner ilə tanış olub ingilis dilini ondan öyrəndi.
Bədə o Məsəq (?) valisi yanında dilmanc olur. Ancaq 1836-cı ildən etibarən Məhəmmədəli bəy Darülfünun sahəsində çalışmağa müvəffəq olur: Qazan Darülfünununda türk, fars və ərəb ədəbiyyatı müəllimi təyin olunur. Çox çəkmir istedadı sayəsində “Ordinar professor” olur. Iştə bu zamandan başlayaraq Məhəmmədəli bəyin şöhrəti Avropada yayılır.
1849-da Peterburq Darülfünunun fars dili şöbəsinə müəllim təyin olunur və bu vəzifədə ömrünün axırınadək qalır. Vəfatı 1870-dədir.
Məhəmmədəli bəyin məşhur əsərləri: “Əsbə-əs-siyar”, “Müxtəsər- ül vüqayat”, “Tədqiqati-Uyqur”, “Dərbəndnamə”, “Şərq sözləri – oxşar Rus sözləri”, “Müridiyun və Şamil”, “Islam tarixi”, “Bab və babilər”... Ən məşhur təlifi “Türktatar dillərinin qəvaidi”dir ki, Rus Ülum Akademiyası (Əncüməni-daneş) tərəfindən Demidov mükafatilə qarşılandı.
Şirvanlı seyid əzim
Hacı Seyid Əzim Intibah dövrümüzdən bir az əvvəl yaşayan müqtədir şairlərimizdəndir. Bu şairin əsərləri şayani-diqqətdir. Heyfa ki, Azərbaycandakı qarışıqlıq Seyidin divanını əldə etməyə mane oldu. Seyid Əzimdən uzun-uzadıya bəhs etməmək risaləmiz üçün böyük qüsur da olsa, əlacsızlıqdan bu qüsuru ancaq ikinci təbimizdə düzəldə biləcəyik.
Seyidin divanının bir hissəsi müəllifin rəsmi ilə bərabər Bakıda təbb olunubdur. Bir də Təbriz təbi var ki, daş basmasıdır.
Sabir
Mirzə Ələkbər Sabir Tahirzadə hicrətin 1278-ci ili, Zilhəccə ayının əvvəlimci günündə Şamaxı şəhərində təvəllüd edib. Təhsilinin ikinci dövrü məşhur şairimiz Hacı Seyid Əzimin idarəsində olub. Sabir Seyidin məktəbində oxurkən şerə istedad göstərib və Seyid də şagirdinin istedadına böyük meydan verib. Məsələn, fars qəzəlləri oxurkən, Hacı Seyid Əzim onların türkə mənzumən tərcüməsini tələb edərmiş.
Sabirin atası oğlunun bir-iki illik təhsilindən iktifa edərək, onu dükanına dəvət edib və şerə olan həvəsini öldürmək üçün hətta bir dəfə də dəftərini cırmış imiş. Cavan şairə atasının müamiləsi o qədər ağır gəlib ki, vətənini tərk etməyə qərar verib və bu məqsədlə bir karvana qoşulub. Atası bu işdən xəbərdar olduqda onu karvandan geri qaytarıb.
Bu vəqə Sabirin bir qəsidəsində bəyan olunur:
Mən Xəlilullahi-əsrəm, pədərim çün Azər,
Səfər əz Babili-Şirvan künəm Inşallah.
Gərçi u dəftəri-əşari-məra parə nəmud,
Vəslə ba təbi-dürəfşan künən Inşallah.
Sabir 23 yaşına qədər Şamaxıda qalıb və vaxtını növhə və mərsiyəguluq ilə keçirib, 23-də Xorasan ziyarətinə getmiş və neçə illər İran və Türkistanda xırda ticarət yapa-yapa səyahət eyləyibdir. Təbiidir ki, şeir ilə də məşğul olub və rişxənd oxlarını atmağında çəkinməyib:
Həmədanda qonağımdan xəbər aldım ki, Şeyx,
Hansı məxluq sizin şəhrdə bişəkk çoxdur?
Dedi: – Az isə bu şəhrdə sayir məxluq,
Leyk, dabbaq ilə səbbaq ilə eşşək çoxdur.
Atasının vəfatı Sabiri vətəninə qayıtmağa məcbur eylədi. Şair burada evlənib və ailəsini təmin üçün quyruq əridib sabın bişirirmiş. Ağır bir məişət içində Sabir yenə şeri unutmurmuş: asudə dəqiqələrini mütaliə və yazıya həsr eylərmiş. Lakin Sabir əsl yolunu “Molla Nəsrəddin” məcmuəsinin intişarı ilə tapıb.
“Hop-hop” imzasilə yazdığı milli şeirləri ümumin rəğbətini qazandı. Bir tərəfində qara fikirli həmşəhriləri Sabirin həcvlərindən dilgir olub ona təkfir daşları yağdırırdılar. Sabir şeirlərinin altında “Din dirəyi”, “Mirat”, “Fazil”, “Ağlargüləyən”, “Əbu Nəsr Şeybani” kimi imzalar atırsa da, təkfir və təruzdən xilas ola bilmir. Qara xalqa qarşı etirafda bulunur:
Əşhədü billahi-əliyyül-əzim,
Sahibi-imanəm, a şirvanlılar!
Yox yeni bir dinə yəqinim mənim,
Köhnə müsəlmanəm, a şirvanlılar!
İş bu yerə gəldi ki, Sabirə qəssablar kafir və babı deyə quyruq satmaqdan imtina etdilər və biçarə şair sabınçılığı atıb, maddi cəhətdən həyatı bir o qədər də təmin edilə bilməyən müəllimliyə şüru etdi. Ömrünün axırına qədər də təlim ilə məşğul qaldı.
Təmmuzun 12-də 1913 tarixində Şamaxıda vəfat etdi.
Mirzə Fətəli və Zakir ilə başlanan həqiqətnəvislik dövrünün son və ən böyük mümətli şübhəsiz ki, Sabirdir. Sabir tam mənasilə milli bir şairdir. Dili asandır, tərzi-təhriri işarəli və məzhəkdir, mövzu ictimai həyatın bütün qaranlıqlarını tənvir edəndir... Bunun üçün Sabir hər azərbaycanlının sevgilisidir.
Sabir filosofdur, mürəbbidir, inqilabçıdır, nihilistdir, hamısında da səmimidir. Şair Abbas Səhhət Sabirin tərcümeyi-halını yazarkən onun haqqında deyir: “Azərbaycan ədəbiyyatında ən əvvəl yeni bir cığır açdı ki, ondan müqəddəm kimsə o gözəl şivədə yazmamışdı. Nöqsanlarımızı və eyiblərimizi məzhəkə və məzah təriqilə qayət şirin və hər kəsin anladığı bir dil ilə, qəhqəhələr ilə oxudub islaha çalışırdı. Sabir müqəllid deyil, bəlkə eylə mücəddidir ki, köhnə şeirlər ilə yeni şeirlər arasında bir əsrlik uçurum açdı ki, bir də, geri dönüb də o uçurumu atılmağa kimsədə cürət qalmadı.
Sabir Zakirin həcvlərindən doğma bir şairdir. Aralarındakı fərq budur ki, Zakir xəstə millətin bir əzasiylə məşğul olmuş, onu məhv edən mikrobları göstərmiş. Sabir isə bütün millət vücudunu təşrih edib onun çürümüş cəhətlərini meydana çıxarır.
Zakir məhəlli şairdir; onun əsərlərində “provinçializm” (əyalətçilik) çoxdur. Sabir isə başqa bir zamanda vücuda gəlib, ümumşərqin intibahının şahidi olduğu üçün mövzularını geniş sahələrdən alır. Odur ki, bəzən Sabir azərbaycanlılıqdan çıxıb ümumislam və bəlkə ümuminsaniyyət şairi olur.
Sabir ruhən şərqlidir, təmayülən Avropa mədəniyyətinin üftadəsidir. Millətinin mütərəqqi olmasını istər, mədəniləşməsini arzu edər.
Sabirin oxları itidir; Kimsədən qorxmaz və çəkinməz.
Daş qəlbli insanları neylərdin, ilahi?!
Bizdə bu soyuq qanları neylərdin, ilahi?!
Artdıqca həyasızlıq olur el mütəhəmmil,
Hər zülmə dözən canları neylərdin, ilahi?!
Bir dövrdə kim, sidqü səfa qalmayacaqmış, –
Bilməm belə dövranları neylərdin, ilahi?!
Məzlumların göz yaşı dərya olacaqmış, –
Dəryaları, ümmanları neylərdin, ilahi?!
Səyyadi-cəfakardə rəhm olmayacaqmış, –
Ahuləri, ceyranları neylərdin, ilahi?!
Bağın, əkinin xeyrini bəylər görəcəkmiş, –
Toxm əkməyə dehqanları neylərdin, ilahi?!
İş rəncbərin, güc öküzün, yer özününkü, –
Bəyzadələri, xanları neylərdin, ilahi?!
Hökm eyləyəcəkmiş bütün aləmdə cəhalət, –
Dildadey irfanları neylərdin ilahi?!
Surtuqlu müsəlmanları təkfirə qoyan bu
Döşdüklü müsəlmanları neylərdin, ilahi?!
Yaxud buların bunca nüfuzu olacaqmış, –
Beş-üç bu süxəndanları neylərdin, ilahi?!
Qeyrətli danosbazlarımız iş bacarırkən, –
Tənbəl, dəli şeytanları neylərdin, ilahi?!
Ərlər hərə bir qız kimi oğlan sevəcəkmiş, –
Evlərdəki nisvanları neylərdin, ilahi?!
Tacirlərimiz Sonyalara bənd olacaqmış,
Bədbəxt Tükəzbanları neylərdin, ilahi?!
Sübhanəkə, sübhanəkə, sübhanəkə, ya rəb!
Baxdıqca bu hikmətlərə heyran oluram həp!
1905-ci il inqalabı milli təşəbbüslərə meydan verdi. Köhnə məktəblər qapanıb, yeniləri açılmağa başladı. Təbii ki, bundan ötəri köhnəpərəstlər təşvişə düşdülər:
Vah!.. bu imiş dərsi-üsuli-cədid?!
Yo..x! Yo..x! oğul, məktəbi-üsyandı bu!
Molla deyil bundakı təlim edən!
Əlhəzər et, bir yeni şeytandı bu!
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!
Sabir riyakar zahidlərilə daima düşmən idi. Millətin qəflətdə yaşamasını onlara istinad verirdi. Zahidlər də Sabiri təkfir etməkdən çəkinmirdilər.
Sabir bir şerində masqaların çıxarılmasını tələb edir:
Zahida, gəl soyunaq bir kərə paltarımızı,
Çıxaraq zahirə batindəki əfkarımızı,
Pişgahi-nəzəri-xəlqə tutaq varımızı,
Görüb onlar təhqiq eləsin karımızı,
Hər kimin ağı qara isə utansın, a balam!
Bəlkə illərcə yatanlar bir oyansın, a balam!
Şair Məşədi Sijimqulu “Molla Nəsrəddin”ə yazıb məsləhət eləyir:
Molla, sənə eyləyirəm məsləhət:
Söylə görüm, evlənim, evlənməyim?
Məşədi Sijimquluya Sabir belə cavab verir:
Ağrın alım, a Məşəd Sijimqulu,
Altmışa yetdin, demə oldun ulu,
Şükr ola allaha canındır sulu,
Çox da, kişi, tutma beşəlli pulu,
Ver pulunu dadlı, ləzzətli zad al!
Qoy babalın boynuma, get, arvad al!
Kitabxana.az · https://kitabxana.az/works/cemenzeminli-azerbaycan-edebiyyatina-bir-nezer
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
IHəkimin odasına girəndə Mirzə Mahmudun rəngi qaçdı: onun üçün ömrün olub-olmamağı qət olunacaq idi.
Üsuli-cədidOnun evi dağlıq məhəllədə arxası torpağa yamanmış ibtidai insanlar yurdunu andıran bir şeydir. Üst mərtəbədə iki xırda otaq (otaq demək caiz isə) və altda da bir otaq vardır. Özü birində yaşayır, ikisini də kirayəyə verir. Otaqları mənzil şəklinə salan kirayəçilərin özləri olmuşdur–yırtıq yerlərə taxta çalıb, üzərinə köhnə qəzetlər yapışdırmışlar. Buna baxmayaraq yel əsdikcə qəzetlər bir çox yerlərdən şişir, partlayır. Yağışın da ki, önünə sədd çəkmək qabil deyil – damdan keçir, tavandan və divarlardan süzələnir, köhnə ləkələrin hüdudunu bir az da genişləndirir.Ev sahibi Atamoğlan heç bir işin sahibi deyil – əski zaman çayxanalarda, məscid önündə vaxt keçirərdi; bir vaxt qoçuluğa qalxışaraq bir adam da öldürmüşdü.
KamalOnun adı Kamal idi. Atası Nəcəf vaxtilə hörmətli bir adam olduğundan, evi həmişə yüksək təbəqənin adamları ilə: zadəgan və mülkədarlarla dolu olardı. Çəkilən kababın qatı tüstüsü buludlara qədər qalxar, sazın xoş sədası ətrafa yayılar, qəmli bülbülün səsinə qarışardı.Günlər beləcə bir-birinin ardınca keçdi, illər dolandı, ziyafət və zənginliyin, şöhrətpərəst dostluğun sonu gəlib çatdı. Nəcəf özünü tənha və dostları tərəfindən atılmış kimi hiss etdi. Ehtiyac onu tanış bir tacirin yanında işləməyə vadar etdi.
Soyuq busəHə! Gərək qələmi aldadıb müxtəlif xasiyyətli qadınlar, onların gözəlliyi, əzilibbüzülməsi, gözəl gülüşləri, onlarla tanışlıq və bu tanışlığın nəticələri haqda yazım. Ancaq qəti bir şey yoxdur: gah valeh oluram: qadını çox sevirəm və onun aldadıcı gülüşündən vəcdə gəlirəm. Ancaq çox tez bir zamanda həvəsdən düşürəm, naturanın dəyişkənliyini və onun süni təbəssümünü görüb əvvəlki fikirlərimi inkar edirəm.N-ə qarşı həvəsim belə öldü.
Başqa şairlərin şeirləri
Uşaqlar, hazırlaşın, durun, gedin məktəbə,Tə’lim alıb oxuyun, adət edin ədəbə.
GörəndəKönlüm tutulur hali-müsəlmanı görəndəBu növ övzai-pərişanı görəndə
GəlmədinƏmim oğlu, məndən heç utanmadın,Üç ay keçdi bir yaylağa gəlmədin.
KəklikCanım kəklik gözüm kəklikYerişin yarıma bənzər