Məzmun
  1. Bir neçə söz
  2. Birinci hissə
  3. Müqəddimə
  4. Şifahi və yazılı ədəbiyyatımız
  5. İştə ədəbiyyatımızın getdiyi yol
  6. Şifahi ədəbiyyatımız
  7. Bayatı
  8. Ağı
  9. “vəsfi – hal”
  10. Sayaçı sözləri
  11. Düzgü
  12. Tapmaca
  13. Yazılı ədəbiyyatımız
  14. Nəsimi
  15. Xətayi
  16. Füzuli
  17. İkinci hissə
  18. Mirzə fətəli axundov
  19. Zakir
  20. Durnalara xıtab
  21. Kazım bəy
  22. Şirvanlı seyid əzim
  23. Sabir
  24. Yaralı quş
  25. Osmanlıda yetişmiş
  26. Azərbaycanlı müəlliflər

Səhifə 5 / 9 · 44%

Füzuli

Məhəmməd Süleyman oğlu Füzuli miladın on beşinci əsrində İraqi Ərəbdə dünyaya gəlib. Bəzi təzkirənəvislər Füzulinin Bağdad həvaləsindən Hilə şəhərindən olduğunu iddia edirlər. Kərbəladan olduğunun da ehtimalı var. Çünki “Divan”nın müqəddiməsində Füzuli buna işarə eyləyir: “Lillahü həmd valmənə ki, xaki-Kərbəla sair məmaliki- kəbirdən əşrəf olduğu məlumdur və rütbeyi-şerimi hər yerdə bələnd edən həqiqətdə bu məfhumdur”.

Gilanlı Sadiqi Füzulinin Bayat olduğunu və İbrahim xan xidmətində Bağdada gəldiyini təzkirəsində qeyd edir.

Füzulinin şerə meyli uşaq vaxtından büruzə verilib. O zamanın münəvvər cavanları arasında “həmişə əşari-aşiqanədən qeyri nəsnə oxunmazdı və mütaliə etdikləri övraqda cigərsüz qəzəllərdən qeyri bir xətt bulunmazdı. Böylə bir mühitdə Füzuli gözəl təbinə meydan verib, sərfi-Azərbaycanca yazılmış şeirlərilə şöhrət tapdı.

Füzuli şeri təqdir və təqdis edən bir şair olduğu üçün təhsilinin inkişafına qeyrət etdi və zamanına məxsus bəzi fənləri öyrəndi; Füzulinin qənaəti bu idi ki, elmsiz şeir əsası yox, divar kimidir.

Hicrin 914 tarixində Şah Ismayıl Bağdadı aldıqda cavan Füzuli şaha “Bəngü badə” ünvanlı münazirəsini təqdim etmişdi. Bu əsərin müqəddiməsində şair Azərbaycan hökmdarını mədh edərək sonunda deyir:

Məclis əfruzi-bəzmgah Xəlil,
Cəmi-əyyami – Şah Ismayıl,
Andan asudədir qənivü gəda,
Xüldullahi – mülkə əbəda!

Qanuni Sultan Süleyman xan İraqı fəth etdikdə sədr-əzəm İbrahim paşa vasitəsilə Füzuli Osmanlı padşahının dərgahına şeirlər təqdim edib və lütflərə nail olub.

Füzuli əsərlərini türk, fars və ərəb dillərində yazıb. Türkcə yazdıqları: qəzəl və qəsidə “Divan”ı, “Şah və Gəda”, “Leyli və Məcnun”, “Bəngü Badə” rövzə. Farsca: qəzəl və qəsidə “Divan”ı, “Rindü Zahid”, “Səhhətü mərəz”. Ərəbcə qəzəl və qəsidələr yazıb. Füzulinin təqribən otuz min şeri var.

Türkcə yazdıqlarının içində ən gözəl parçalar Azərbaycan ləhcəsindədir. Lakin Bağdadın Osmanlı dövlətinə ilhaqı Füzulinin dilində təğyirə səbəb olub: o dövrdə yazılan əsərlərdə Füzuli yeni oxucularını nəzəri-etibarə alıb. “Leyli və Məcnun” bu təsirdə yazılıb.

Azərbaycanda Füzuli ən məruf şairlərdəndir. Cavan şairlər Füzulini təqlidən şerə başladılar. Xanəndələr onun göftəsini söylərlər.

“Leyli və Məcnun” opera şəklinə qoyuldu... Füzuli ən böyük şairlərimizdən biridir. Avropa müdəqqiqi Gibb bütün türk ədəbiyyatında Füzulidən böyük şair olmadığını iddia edir.

Vəfatı 980 tarixindədir. Qəbri hələ də ziyarətgahdır. Nümunə olaraq Füzulinin “Divan”ından bir neçə parça göstəririk:

Məndə Məcnundan füzun aşiqlik istedadı var,

Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var.

Nola qan tökməkdə mahir olsa çeşmim mərdümü,

Nütfeyi-qabildürür, ğəmzən kimi ustadı var. Qıl təfaxür kim, sənin həm var mən tək aşiqin, Leylinin Məcnunu, Şirinin əgər Fərhadı var.

Əhli-təmkinəm, məni bənzətmə, ey gül, bülbülə, Dərdə yox səbri onun, hər ləhzə min fəryadı var.

Öylə bədhaləm ki, əhvalım görəndə şad olur,
Hər kimin kim, dövr cövründən dili-naşadı var.

Gəzmə, ey könlüm quşu, ğafil fəzayi-eşqdə
Kim, bu səhranın güzərgəhlər çox səyyadı var.

Ey Füzuli, eşq mənin qılma nasehdən qəbul,
Əql tədbiridir ol, sanma ki, bir bünyadı var.

İkinci hissə

Füzuli ilə Vaqif arasında iki əsr var. Heyfa ki, bugünki məlumatımıza istinadən iki şair arasında yetişən müəlliflərimizi təyin edə bilmirik. Onun üçün Füzulidən sonra Vaqif dövrünə keçmək məcburiyyətindəyik.

Molla Pənah Vaqif əslən qazaxlı olub, Qarabağda yaşarmış, hicrətin 1176 tarixində Qarabağ hökmdarı Ibrahimxəlil xan Vaqifə sarayında eşikağası mənsəbi əta eləyib. O vaxtdan Vaqif, xanın ən yaxın adamlarından olub, əql və hüsn müamiləsi sayəsində xalq arasında da böyük şöhrət qazanıb. Vaqifin əfkariümumiyyədə məşğul etdiyi mövqeyini yaxşıca təsəvvür etmək üçün məruf bir məsəli xatırlamalıdır: o da budur: “Hər oxuyan Molla Pənah olmaz”.

1212 tarixi hicridə (1797) Ağa Məhəmməd şah Qacar ikinci dəfə olaraq Qarabağa hücum etdi. Hökmdar Ibrahim xan Carü Balakənə qaçdı. Iran şahı Qarabağ paytaxtı Şuşanı zəbt etdikdə Vaqifi, oğlu Əli Ağanı və Türkiyəyə səfir təyin olunan Mirzəli Məhəmməd ağanı dustaq etdirdi. Həbsdəkilərin öldürülməsinə əmr verilmişdi. Mirzəli Məhəmməd ağa qətl olundu. Növbət Vaqif ilə oğluna gəlmədən əvvəl Ağa Məhəmməd şah öldürüldü. Ölümdən qurtaran Vaqif, dostu Vidadiyə belə yazır:

Ey Vidadi, gərdişi-dövrani gəcrəftarə bax!
Ruzigarə qıl tamaşa, karə bax, kirdarə bax!

Əhli-zülmi neçə bərbad eylədi bir ləhzədə,
Hökmi-adilin padişahi-qadirü qəhharə bax!

Taci-zərdən ta ki, ayrıldı dimaği-pürqürur,
Payimal oldu təpiklərdə, səri-sərdarə bax!

Ağa Məhəmməd şahın qətlindən sonra hökuməti idarə edən “Batman Qılınc” Məhəmməd bəy bir ədavəti səbəbinə Vaqifi oğlu ilə bərabər öldürtdü. Vaqifin qəbri Şuşa şəhərində “Cıdır düzü” adlanan yerdədir. Şəhid qəbri olduğu üçün xalq təqdis edər və arvadlar üstündə çillə kəsərlər.

Vaqifin şeirlərində Vaqifə məxsus bir sadəlik, gözəllik və zərafət var ki, sonra gələn şairlərimizə bunlar müyəssər olmadılar. Vaqif gözəllik şairidir. Bütün ilhamı da buna həsr olunubdur.

Ey Kəbəm, Kərbalam, Məkkəm, Mədinəm,
Hər zaman kuyində ziyarətimdir.
Qiblə deyib, qaşlarına baş əymək
Gecə-gündüz mənim ibadətimdir.

Hər nə desəm, sən incimə sözümdən,
Sərxoşunam, yox xəbərim özümdən,
Şol qamətin yayılanda gözümdən,
Sanasan ki, həşrü qiyamətimdir.

Bağlamışam din-imanı zülfinə,
Mənim kimi heyran hanı zülfinə,
Tapşırıb gedirəm canı zülfinə,
Yaxşı saxla, səndə əmanətimdir.

Sənsən mənim ayım, günüm, hilalım,
Dövlətim, iqbalım, cahım, cəlalım,
Gözəl üzün daim fikrü xəyalım,
Sözün dildə şirin hekayətimdir.

Sonalar xəcildir siyah telindən,
Tutilər lal olur şirin dilindən,
Şikəstə Vaqifəm, sənin əlindən,
Hər kimə ki yetsəm, şikayətimdir.

Eşqə dair mücərrəd şeirlərdən başqa Vaqifin həzliyələri var ki, lətifə, zərafət və məzəliliyi ilə Azərbaycan ətvarına məxsusdur. Bizim ruh və xasiyyətimizi bu şeirlər kafi dərəcədə təmsil edirlər:

Bayram oldu, heç bilmirəm neyləyim,
Bizim evdə dolu çuval da yoxdur.
Dügiylə yağ, hamı çoxdan tükənmiş,
Ət heç ələ düşməz, motal da yoxdur.

Allaha bizmişik naşükür bəndə,
Bir söz desəm dəxi qoymazlar kəndə,
Xalq batıbdır noğla, şəkərə, qəndə,
Bizim evdə axta zoğal da yoxdur.

Bizim bu dünyada nə malımız var,
Nə də evdə sahibcamalımız var.
Vaqif, öyünmə ki, kamalımız var,
Allaha şükür ki, kamal da yoxdur.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Beş dəqiqə

IHəkimin odasına girəndə Mirzə Mahmudun rəngi qaçdı: onun üçün ömrün olub-olmamağı qət olunacaq idi.

10 dəq
Üsuli-cədid

Onun evi dağlıq məhəllədə arxası torpağa yamanmış ibtidai insanlar yurdunu andıran bir şeydir. Üst mərtəbədə iki xırda otaq (otaq demək caiz isə) və altda da bir otaq vardır. Özü birində yaşayır, ikisini də kirayəyə verir. Otaqları mənzil şəklinə salan kirayəçilərin özləri olmuşdur–yırtıq yerlərə taxta çalıb, üzərinə köhnə qəzetlər yapışdırmışlar. Buna baxmayaraq yel əsdikcə qəzetlər bir çox yerlərdən şişir, partlayır. Yağışın da ki, önünə sədd çəkmək qabil deyil – damdan keçir, tavandan və divarlardan süzələnir, köhnə ləkələrin hüdudunu bir az da genişləndirir.Ev sahibi Atamoğlan heç bir işin sahibi deyil – əski zaman çayxanalarda, məscid önündə vaxt keçirərdi; bir vaxt qoçuluğa qalxışaraq bir adam da öldürmüşdü.

4 dəq
Kamal

Onun adı Kamal idi. Atası Nəcəf vaxtilə hörmətli bir adam olduğundan, evi həmişə yüksək təbəqənin adamları ilə: zadəgan və mülkədarlarla dolu olardı. Çəkilən kababın qatı tüstüsü buludlara qədər qalxar, sazın xoş sədası ətrafa yayılar, qəmli bülbülün səsinə qarışardı.Günlər beləcə bir-birinin ardınca keçdi, illər dolandı, ziyafət və zənginliyin, şöhrətpərəst dostluğun sonu gəlib çatdı. Nəcəf özünü tənha və dostları tərəfindən atılmış kimi hiss etdi. Ehtiyac onu tanış bir tacirin yanında işləməyə vadar etdi.

8 dəq
Soyuq busə

Hə! Gərək qələmi aldadıb müxtəlif xasiyyətli qadınlar, onların gözəlliyi, əzilibbüzülməsi, gözəl gülüşləri, onlarla tanışlıq və bu tanışlığın nəticələri haqda yazım. Ancaq qəti bir şey yoxdur: gah valeh oluram: qadını çox sevirəm və onun aldadıcı gülüşündən vəcdə gəlirəm. Ancaq çox tez bir zamanda həvəsdən düşürəm, naturanın dəyişkənliyini və onun süni təbəssümünü görüb əvvəlki fikirlərimi inkar edirəm.N-ə qarşı həvəsim belə öldü.

11 dəq

Başqa şairlərin şeirləri