Məzmun
  1. 1
  2. 2
  3. 3
  4. 4
  5. 5
  6. 6
  7. 7
  8. 8
  9. 9
  10. 10

Səhifə 23 / 26 · 85%

Görüş qurtaran kimi, bu çıxışdan çox təsirlənmiş Əli Vəliyev üzünü İlyas Əfəndiyevə tutur:

– İlyas, gedək! Naharın vaxtıdı!

Onlar yeməkxanaya gələndə Əli Vəliyev xörəkpaylayan qıza deyir:

– Nam salat vmeste!

Kərimov, nəhayət ki, rahat nəfəs alır.

Məmməd Əkbər təəssüf edir

1950-ci illərin ortalarında bir yaz axşamı İlyas Əfəndiyev Cənubi Sovet Meydanındakı evinə tərəf gedirmiş və küçədə yazıçı-jurnalist və gözəl insan Məmməd Əkbərlə rastlaşır.

– Nə var, nə yox, Məmməd Əkbər? Necəsən?

Məmməd Əkbər:

– Eh, necə olacağam, ay İlyas?– deyir.– Heç olmasa, Allahın Əfqanıstanına padşah da olmadıq!

Hamam əhvalatı

Görkəmli yazıçımız Əbülhəsən sağlam, gumrah, sifəti qırmızı rəngli bir adam idi, özü də keçmiş «Kommunist» (indiki İstiqlaliyyət) küçəsində yaşayırdı.

Bir gün İlyas Əfəndiyev həmin «Kommunist» küçəsi ilə gedəndə Xan Şuşinski ilə rastlaşır. Xan Şuşinski İlyas Əfəndiyevin dayısı, görkəmli teatr xadimi Cəlil bəy Bağdadbəyovla yaxın dost olmuşdular və o, İlyas Əfəndiyevin də xətrini çox istəyirdi. Xoş-beşdən sonra Xan Şuşinski deyir:

– İlyas, sizin o möhtərəm Əbülhəsən var e, çox təmizkar kişidi!

– Elədi, Xan əmi! Bəs, sən nədən bildin?

– Hər dəfə filarmoniyaya gedəndə bu Qəminis küçəsində onnan rastlaşıram, sifətinnən görürəm ki, kişi hamamdan gəlir!..

Poçt əhvalatı

1939-cu ildə Füzuli rayonunda müəllim işləyən 25 yaşlı gənc İlyas Əfəndiyev təzəcə yazıb bitirdiyi, sonralar isə Azərbaycan ədəbiyyatının məşhur faktlarından birinə çevrilən və müəllifinə böyük şöhrət qazandıran «Kənddən məktublar» silsilə hekayələrini fikir öyrənmək üçün Bakıya gətirir, həyatında ilk dəfə Yazıçılar İttifaqına gedir.

O zaman görkəmli yazıçımız Əbülhəsən Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi işləyirdi və Əbülhəsən müəllim otağa daxil olmuş bu cavan oğlana baxıb soruşur:

– Nə istəyirsən?

İlyas Əfəndiyev deyir:

– Mən... «Kənddən məktublar»... yazmışam...

Yazmaq həvəskarlarının əlindən zinhara gəlmiş Əbülhəsən müəllim:

– Əzzim, əzzim,– deyir,– bura Yazıçılar İttifaqıdır, poçt idarəsi deyil! Məktub yazmısan, apar at poçta!

... Sonralar elə həmin Əbülhəsən müəllimin özünün də yaxından köməkliyi ilə «Kənddən məktublar» kitab halında nəşr olundu və böyük müvəffəqiyyət qazandı.

İlyas Əfəndiyev qrafomandan yaxasını necə qurtardı və Nəbi Xəzrini necə işə saldı

Əllinci illərdə İlyas Əfəndiyev, Osman Sarıvəlli, Zeynal Xəlil və Nəbi Xəzri Yazıçılar İttifaqında məsləhətçi işləyirdilər.

İlyas Əfəndiyev dramaturgiya üzrə, Nəbi Xəzri isə poeziya üzrə məsləhətçi idi və ikisi də Yazıçılar İttifaqının məşhur «məsləhətçilər otağında» otururdu.

Bir gün bir «şer bülbülü» içəri girib İlyas Əfəndiyevin başının üstünü alır.

– İlyas müəllim, bir dənə əla drama yazmışam, on pərdəsi var! İndi oxuyacağam sizə!

İlyas Əfəndiyev soruşur:

– Nə yazmısan?

– On pərdəli drama! İçində əla şerlər də var!

– Deyirsən əla şerlərdi də?

– Bəli!

– Onda keç Nəbi Xəzrinin yanına, başla ona oxumağa. Şerə o baxır!

Söz bir olar!

Müharibədən əvvəlki illərdə Füzuli rayonundan Bakıya gəlmiş cavan bir oğlan olan İlyas Əfəndiyev 1945-ci ildə bir müddət «Kommunist» qəzetində oçerk yazan vəzifəsində işləyir. Qəzetin Baş redaktoru isə Əli Vəliyev idi.

Bir gün Əli Vəliyev tapşırır ki, İlyas neftçilərin həyatından təcili bir oçerk yazsın. İlyas Əfəndiyev oçerki yazır, amma həmin vaxt Əli Vəliyev xəstələndiyi üçün, işə çıxmır və redaksiyaya zəng çalıb xahiş edir ki, İlyas onların evinə gəlib oçerki ona oxusun.

İlyas Əfəndiyev Əli Vəliyevin xətrini çox istəyirdi və kişinin xahişinə əməl edib onlara gedir, görür ki, Əli Vəliyev yorğan-döşəkdə uzanıb, istəkli həyat yoldaşı Qumru xanım da oturub onun yanında.

İlyas Əfəndiyev oçerki oxumağa başlayır və qurtaranda sükut çökür, sonra Qumru xanım ərinə:

– Alı, – deyir, – maşallah, nə qəşəng yazıb e!..

Sonra yenə sükut çökür və bu dəfə sükutu Əli Vəliyev özü pozub İlyas Əfəndiyevdən soruşur:

– Bə nə gözləyirsən?

İlyas Əfəndiyev:

– Gözləyirəm ki, fikrini deyəsən də!– deyir.

Əli Vəliyev:

– Boy!..– deyə sidq-ürəkdən təəccüb edir və yekə əlini Qumru xanıma tərəf uzadır.– Dedi də!..– Sonra əlavə edir: – Tez apar redaksiyaya, göndərsinlər nabora!

Motor qayışının əhvalatı

Altmışıncı illərin lap əvvəllərində İlyas Əfəndiyev yazıçı Qılman İlkini də qonaq götürür və özünün «Volqa» maşınında Masallıya, orada həkim işləyən bacısı Nəzihə xanımgilə gedirlər.

Maşını İlyas Əfəndiyevin o zaman onuncu sinifdə oxuyan oğlu Timuçin sürürdü.

Birdən yolda maşının motorunun qayışı qırılır və Timuçin yol kənarında dayanıb qırılmış qayışı ötüb keçən maşınlara göstərir ki, kimsə dayanıb yardım eləsin.

Bir müddət keçir, maşın dayanmır, hamısı ötüb keçir və gözləməkdən təngə gəlmiş İlyas Əfəndiyev maşından düşüb Timuçinə deyir:

– Sən çəkil, özüm saxladacağam.

İlyas Əfəndiyev əlini qaldırdığı elə birinci maşın onların yanında dayanır və sürücü pəncərədən boynunu uzadıb hörmətlə:

– İlyas müəllim, nə lazımdı?– soruşur və ehtiyat kəməri olmadığı üçün, təəssüflə üzrxahlıq edib gedir.

İkinci maşının sürücüsü də İlyas müəllimi tanıyıb maşını onların yanında saxlayır və pul almadan ehtiyat kəməri onlara verib gedir.

Kefi kökələn İlyas Əfəndiyev Timuçinə deyir:

– Gördün maşını necə saxlayarlar?!

– Mən də İlyas Əfəndiyev olsaydım, saxlayardılar!– deyə Timuçin cavab verir.

İlyas Əfəndiyevin anası Bilqeyis xanım Firudin Şuşinskiyə təsir edə bilmədi

Görkəmli sənətşünas, çox koloritli bir adam olan Firudin Şuşinski İlyas Əfəndiyev yaradıcılığının pərəstişkarı idi. Hələ qırxıncı illərin sonu, əllinci illərin əvvəllərindən etibarən o İlyas Əfəndiyevin «Mirzə Fətəli» küçəsindəki mənzilinə gedib-gələrdi, Qarabağın tarixi ilə bağlı yeni nə fakt tapsaydı, o saat gəlib İlyas Əfəndiyevgildə danışardı, gözəl Şuşa mühiti ilə, oranın Qəssab Abış, yaxud Hambal Əsgər xan kimi məşhur qəhrəman-personajları ilə bağlı yeni nə məzəli əhvalat eşitsəydi (ya da bu əhvalatları özü quraşdırsaydı!), ilkin olaraq gəlib İlyas müəllimgildə söyləyərdi.

İlyas Əfəndiyevin Şuşa ilə çox bağlı olan anası Bilqeyis xanım da Firudin Şuşinskinin xətrini istəyirdi, hərdən şüyüdplov, yaxud zoğallı çəkmə bişirəndə xüsusi sifariş göndərtdirib Firudini də yeməyə dəvət edirdi, oturub onunla ləzzətlə söhbətləşirdi, amma hərdən də Firudinin şuşalılara xas olan bir şuxluq və məzə ilə kimlərəsə söz qoşması, kimlərisə bəzəməsindən, bu cürə zarafatlarından narazı qalırdı, Firudini məzəmmət edirdi.

Bir gün Bilqeyis xanım belə məqamlardan birində Firudinə dedi:

– Ay Firudin, adam gərək elə eləsin ki, bu dünyadan köçəndən sonra da onu xoşluqla xatırlasınlar, incikliklə yox.

Firudin Şuşinski isə:

– Bilqeyis xanım, – dedi. – Mən öləndən sonra, götürüb lap Xəznə qayasından (Şuşanın Cıdır düzü ilə üzbəüz) üzüaşağı tullasınlar, bunun mənə nə dəxli?

Kolxoz atının nigarançılığı

1965-ci ilin iyun ayında İlyas Əfəndiyev Gəncənin o zamankı I katibi Tofiq Bağırovun dəvətilə Gəncəbasara istirahət səfərinə çıxmışdı və həmin vaxt Musiqili Komediya Teatrı da Gəncədə qastrolda idi.

Hər gün səhər yeməyinə oturarkən İlyas Əfəndiyev Lütfəli Abdullayevi də qonaq evinə dəvət edirdi və Lütfəli də hər dəfə gülməli əhvalatlar danışıb əhli-masanın ürəyini açırdı.

Onun danışdığı əhvalatlardan biri İlyas Əfəndiyevin çox xoşuna gəlmişdi və sonrakı illərdə tez-tez o əhvalatı xatırlayıb gülürdü. Elçin də həmin əhvalatı «Poçt şöbəsində xəyal» pyesinə salmışdı.

Lütfəli Abdullayev danışırdı:

« – Mir Cəfərin vaxtıydı, bir gün məni Mərkəzi Komitəyə çağırdılar. Gəlib gördüm ki, xeyli adam toplanıb, yazıçı qalmayıb, bəstəkar, rəssam qalmayıb, hamı burdadı. Məlum oldu ki, «Pravda» qəzetinə respublikada abunə yazılışı pis gedir və Mir Cəfər Bağırovun şəxsi tapşırığı ilə bizi ikinəfərlik, üçnəfərlik briqadalara bölüb göndərirlər rayonlara ki, təbliğat aparaq, camaat «Pravda»ya yazılsın. Mən də, respublikanın bir məsul partiya işçisinin rəhbərliyi ilə düşdük Gədəbəy rayonuna. Rayonu kənd-kənd gəzib təbliğat aparırdıq ki, zəhmətkeşlər «Pravda» qəzetinə abunə yazılsın. Bu məsul partiya işçisi gecə bilmirdi, gündüz bilmirdi, danışmaqdan səsi batmışdı, nə özü bir saat oturub yemək yeyirdi, nə də mənə aman verirdi, elə hey deyirdi ki, yoldaş Bağırov bizə məsuliyyətli vəzifə etibar edib, gərək yerinə yetirib bu böyük etimadı doğruldaq. Gədəbəyin ucqar dağ kəndlərinə maşın yolu yox idi, bu məsul partiya işçisi sifariş elədi, kolxozdan bizimçün at göndərdilər, hərəmiz birinə minib yol yoldaşlarımızla üz tutduq o ucqar kəndlərə ki, «Pravda»nı təbliğ edək. Daşlı-çınqıllı dağ cığırıyla qalxırdıq, birdən necə oldusa, o məsul partiya işçisinin mindiyi atın ayağı altından çınqıl qaçdı, at büdrədi, sonra böyrü üstə aşıb belindəki kişiylə bərabər, bir xeyli kəllə-mayallaq gedib düşdü balaca bir yarğanın dibinə. Kişi qanın içində özündən getmişdi, bir təhər onu qucağımıza götürüb yuxarı qaldırdıq, güc-bəla özümüzü yaxın bir kəndə çatdırdıq, hay saldıq, hərbi texnika gəldi, məsul partiya işçisini apardıq rayon xəstəxanasına, Bakıdan həkimlər gəldi, iki gün-iki gecə onun başının üstündə dayandım, yazıq özünə gəlmirdi, elə hey zarıyırdı, mən də qorxudan sarımı udmuşdum ki, bu bədbəxt öləcək, cavabdehi mən olacam. Axır ki, üçüncü gün səhər saat beşdə, bu məsul partiya işçisi gözünü açdı, əvvəlcə bir-bir həkimlərə baxdı, sonra gözlərini mənə zillədi, birtəhər ağzını açıb:

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dördüncü fəsil

Klarnetçalan yenə də zilə qalxıb mikrofonun qabağında qan eləyirdi və Səlim Sürəyya ilə Əlipaşa yenə də restoranın meydançasında klarnetin o qan eləyən sürətindən geri qalmırdı, oynayırdı; yavaş-yavaş başqa oynayanlar kənara çəkildi, ortada şair qaldı, Əlipaşa qaldı və bir də sürməli gözlərini süzə-süzə işvə-naz ilə oynayan gözəl bir qız qaldı; bu qız üç nəfər ilə birlikdə başqa mizdə oturmuşdu, çalğı başlayanda hamısı qalxıb rəqs elədi, sonra o birilər yoruldu, meydançadan çıxdı, amma bu qız çıxmadı, Səlim Sürəyya ilə Əlipaşanın arasında oynamağa başladı.Əlipaşa o gözəl qızın qabağında daha cidd-cəhdlə oynadı, döşünü irəli verib meydança boyu o baş-bu başa gedib gəldi, sonra o gözəl qızı müşayiət eləyə-eləyə başını dik tutub meydançada dövrə vurdu.

13 dəq
Beşinci fəsil

Hesab 803 manat elədi.Əlipaşa bufetdən baxan Mürsəlin bərəlmiş gözlərinin qabağında xörəkpaylayana düz 800 manat pul saydı, sonra Züleyxaya baxdı.

1 dəq
Altinci və sonuncu fəsil

Ayaqlarının altındakı qarı xırçıldada-xırçıldada, topuğacan qara bata-bata tamam bomboş, tamam sakit bir küçə ilə gedirdilər; avtomat telefonla evə zəng eləyib qızlara demişdilər ki, nigaran qalmasınlar, bir az havada gəzib gələcəklər. «Gül dedi bülbülə: – «Bağıma gəlmə...».– Yaman güldən, bülbüldən deyirsən a!..

1 dəq
Mənlə mən arasında

1 fəsilMən bu kitaba son 32 ildə yazdığım hekayələri daxil etmişəm.

3 dəq

Başqa şairlərin şeirləri