İlyas Əfəndiyev: şəxsiyyəti və sənəti
Səhifə 25 / 26 · 92%
Əli Vəliyev deyir:
– Bəli, Cabbar Məcnunbəyov Soçidədir. Bəli, bunlarla olmayıb. Amma Cabbar Məcnunbəyov Bakıda olsaydı, şübhəsiz ki, bunlarla bir yerdə restorana gedəcəkdi, bunlardan da çox içəcəkdi və özünü də bunlardan pis aparacaqdı!
Axırda restoranda şuluqluq edənlərə töhmət verirlər, Cabbar Məcnunbəyovu isə Əli Vəliyevin təkidi ilə Yazıçılar İttifaqının üzvlüyündən azad edirlər.
Kim kimə borcludur?
Gözəl yaz günlərindən birində İlyas Əfəndiyev oğlu Timuçinin sürdüyü maşına minib Qubaya gedir və orada rastına çıxan Yusif Həsənbəyi də özü ilə götürür, gedirlər Qəşrəşdə kabab yeməyə.
Təbiətin bu məhrəm guşəsində bir xeyli oturub yeyib-içirlər və axırda İlyas Əfəndiyev məşhur kababxana müdiri Babanı çağırıb soruşur:
– Baba, nə qədər borcumuz var?
Baba deyir:
– İlyas müəllim, sizin mənə borcunuz yoxdu. Əksinə, mən sizə borcluyam.
İlyas Əfəndiyev Babanı başa düşmür:
– Necə yəni sən mənə borclusan?
Məlum olur ki, Babanın digər müştəriləri İlyas Əfəndiyevi görüb tanıyırlar və bir-bir Babanı çağırıb İlyas Əfəndiyevin hesabını ödəyirlər. Baba nə qədər and-aman edir ki, hesab verilib, mümkün olmur.
Baba:
– İlyas müəllim,– deyir,– nə qədər eləmişəm, olmayıb, düz dörd dəfə sizin hesabınızı veriblər. Biri heç, qalan üçünü mən sizə borcluyam.
İlyas Əfəndiyev:
– Onda, halal xoşun olsun!– deyir. – Borclu borclunun sağlığını istər!– Və Qəşrəşdəki o gözəl günü beləcə başa vururlar.
Mir Mehdi Seyidzadənin tərcüməçiliyi
Mir Mehdi Seyidzadə bir ara rus və fars dillərindən, Xəyyam və Sədidən, Puşkin və Nekrasovdan tərcümələr edirdi. Bir gün İlyas Əfəndiyev ona deyir:
– Ağa, yaman tərcüməyə girişmisən ha!..
Mir Mehdi Seyidzadə:
– Ey zalım!– deyir.– Bəs neyləyim?
Otururam hər cümə,
Eyləyirəm tərcümə,
Bəlkə köməklik edə
Xırda-xuruş xərcimə!..
«Pospelov pospel...»
Bir gün Mir Mehdi Seyidzadə İlyas Əfəndiyevə deyir:
– Ey zalım! Sabah günorta saat 12-də radio ilə mənim təzə qəzəllərimi oxuyacaqlar, qulaq as, gör nə qiyamət eləmişəm!
Sabahkı gün saat 12 olur, amma radio ilə Mir Mehdi Seyidzadənin qəzəlləri əvəzinə, diktor o zaman Sovet İttifaqı Kommunist Partiyasının katiblərindən biri olan Pospelovun hansı iclasdasa söylədiyi uzun bir məruzəni oxuyur.
Həmişəki kimi axşam İlyas Əfəndiyev üçüncü mərtəbədə sağ tərəfdəki həyət balkonuna çıxır, Mir Mehdi Seyidzadə də dördüncü mərtəbədə sol tərəfdəki həyət balkonuna və İlyas Əfəndiyev onu səsləyir:
– Ağa, qəzəlləri vermədilər...
Mir Mehdi Seyidzadə:
– Ey zalım!– deyir.– Neyləyim?
Pospelov pospel,
Mir Mexdi ne uspel!..
Mir Mehdi Seyidzadə restorana liftlə gedir
Bir gün İlyas Əfəndiyev, Mehdi Hüseyn, Adil İsgəndərov və Mir Mehdi Seyidzadə «Köhnə Avropa» mehmanxanasında ikinci mərtəbədəki restorana gedirlər.
Mir Mehdi Seyidzadə birinci mərtəbədə dayanıb lifti gözləyir.
İlyas Əfəndiyev deyir:
– Ağa, gəl pilləkənlə qalx də, restoran ikinci mərtəbədədir. Lifti niyə gözləyirsən?
Mir Mehdi Seyidzadə:
– Ey zalım!– deyir.– Niyə özüm qalxım?
Minirəm liftə,
Qalxıram müftə!..
Mir Mehdi Seyidzadə və İslam Səfərli
Mir Mehdi Seyidzadə ilə İslam Səfərli yaxın dost idilər və aralarında məhrəmanə zarafatları var idi.
Bir axşam Mir Mehdi Seyidzadə eyni blokda yaşadıqları İlyas Əfəndiyevgilə gəlir.
İlyas Əfəndiyev zarafatla soruşur:
– Ağa, nə əcəb təksən, bəs İslam Səfərli hanı?
Mir Mehdi Seyidzadə:
– Ey zalım!– deyir.– Görürsən də!
İslam Səfərli
Çıxmadı fərli!
Ağasadıq Gəraybəyli atasını arzulayır
İlyas Əfəndiyevin Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuş «Xurşid Banu Natəvan» əsərində yaşı 90-nı keçmiş böyük aktyor Ağasadıq Gəraybəyli Qoca knyaz rolunu ifa edirdi.
Əvvəlki tamaşalar kimi, növbəti tamaşa da çox müvəffəqiyyətlə keçir və tamaşaçılar qocaman sənətkarın ifasını da uzun müddət alqışlayırlar.
Tamaşadan sonra İlyas Əfəndiyev teatrın bədii rəhbəri və direktoru Həsənağa Turabovla birlikdə Ağasadıq Gəraybəylinin qrim otağına gedib onu təbrik etmək istəyir, amma qocaman aktyoru bir az mütəəssir görür və:
– Nə olub, Ağasadıq?– soruşur.– Gözümə birtəhər dəyirsən.
Ağasadıq Gəraybəyli əməlli-başlı kövrəlir və:
– İlyas, kaş atam sağ olaydı,– deyir.– Mənim bu müvəffəqiyyətimi görəydi!
Qabilin sağlığı
1974-cü ildə İlyas Əfəndiyevin anadan olmasının 60 illiyi münasibətilə köhnə «İnturist»in restoranındakı ziyafətdə kefi bir az kök olan Qabil sağlıq söyləmək üçün ayağa qalxır, qolunu yuxarı qaldırıb diqqətlə saatına baxır və deyir:
– Əziz dostlar! Bu saat, bu dəqiqə bütün Azərbaycanda İlyas Əfəndiyevdən böyük dramaturq yoxdur!
Belə bir sağlıqdan pərt olan Mirzə İbrahimov deyir:
– Qabil, istedadları saata baxıb təyin etməzlər!
Məclis davam edir. Qırx dəqiqədən sonra, Qabil ayağa qalxır, yenə biləyini gözünün qabağına gətirib diqqətlə saatına baxır və deyir:
– Əziz dostlar! Aradan düz qırx dəqiqə keçib. Mən yenə təkrar edirəm: bu saat, bu dəqiqə bütün Azərbaycanda İlyas Əfəndiyevdən böyük dramaturq yoxdur! Mirzə müəllim lap əsəbiləşir və ziyafətdə iştirak edən Azərbaycan Nazirlər Soveti sədrinin müavini Kamran Hüseynov onu məzəmmət edir:
– Ay Mirzə, Qabildi, görürsən ki, bir az da vurub... Bu saat İlyasa möhürlü vəsiqə vermədi ki!..
Qabil deyir:
– Kamran müəllim, möhürlü vəsiqəni İlyas Əfəndiyevə Qabil yox, Allah özü artıq verib!..
Evlənəndə, gərək qız yaşayan mənzilin mərtəbəsinə baxasan
Bürkülü bir sentyabr axşamı Süleyman Rüstəm, Süleyman Rəhimov, Rəsul Rza və İlyas Əfəndiyev gənc yazıçı Əfqan Əsgərovun elçiliyinə gedirlər.
Elçiliyə getdikləri mənzil beşmərtəbəli bir binanın beşinci mərtəbəsində imiş və lift olmadığı üçün həmin bürküdə tər-qan içində piyada pilləkənləri qalxan Süleyman Rəhimov orta mərtəbələrdən birində ayaq saxlayıb deyir:
– A kişi, adam da beşinci mərtəbədən qız alar?
Tələt Əyyubovun hikkəsi və Əli Vəliyevin qəzəbi
Azərbaycan yazıçılarının arasında ən hündür boylulardan biri Əli Vəliyev, ən gödək boylulardan biri isə Tələt Əyyubov idi.
Bir gün Əli Vəliyev, Mehdi Hüseyn, İlyas Əfəndiyev, İmran Qasımov, Zeynal Xəlil və Əhməd Cəmil Yazıçılar İttifaqında, sədrin otağında oturub söhbət edirlər. Moskva səfərindən təzə qayıtmış Mehdi Hüseyn səfərlə bağlı nəsə deyir və İlyas Əfəndiyev bərkdən gülür. Elə bu dəm Tələt Əyyubov içəri girir və Mehdinin nəsə dediyini, İlyas Əfəndiyevin də bərkdən güldüyünü görüb pərt olur.
– Niyə mənə gülürsüz?– soruşur.
Mehdi Hüseyn deyir:
– Tələt, sənə gülmürük. Başqa söhbət var idi.
Tələt:
– Xeyr, siz mənə gülürdüz!– deyir.
İlyas Əfəndiyev:
– A kişi, deyirik ki, sənə gülmürdük də!..
Tələt sakit olmur:
– Xeyr, siz mənə gülürdüz!
Bu vaxt Əli Vəliyev birdən ayağa qalxıb düz Tələt Əyyubovun qabağına yeriyir və yuxarıdan aşağı Tələtə baxaraq:
– Nədi, sənə gülmək olmaz? – soruşur.– Lap yaxşı edirdik sənə gülürdük!
Tələt Əyyubov aşağıdan yuxarı Əli Vəliyevə baxır və daha bir söz demədən otaqdan çıxır.
Əli Vəliyev və dəllək əhvalatı
Əli Vəliyev hündür boylu, cüssəli, uzunsifət bir adam idi. Şəxsiyyəti də olduqca səmimi idi, düzlüyü və dəqiqliyi çox sevirdi, özü də həyatı boyu buna riayət edirdi.
İlyas Əfəndiyev də, Əli Vəliyev də bir müddət indiki İstiqlaliyyət küçəsində, Əlyazmaları İnstitutu ilə üzbəüz eyni dəlləkxanaya, eyni dəlləyə gedirdilər.
Bir gün İlyas Əfəndiyevin saçını qırxan dəllək şikayət edir:
– Əli müəllimdən narazıyam...
– Niyə?
– Üzünü qırxıram, mənə 25 qəpik verir...
İlyas Əfəndiyev divardan asılmış preyskurantı göstərir:
– Bilirsən, Əli Vəliyev çox düz adamdı. Orda yazıblar ki, üz qırxmaq 25 qəpikdir, o da sənə 25 qəpik verir.
Dəllək:
– Orası elədi e, İlyas müəllim...– deyir.– Ancaq Əli müəllimin sifəti, maşallah, üç kişi sifəti boydadı...
Mərahim Fərzəlibəyov özünə şər atır
İlyas Əfəndiyev təbiətən bir az vasvası adam idi.
Bir gün Akademik Milli Dram Teatrında «Hökmdar və qızı» tamaşasının məşqləri gedir və İlyas Əfəndiyev də həmişəki kimi, «öz»» lojasında (birinci mərtəbənin birinci sağ lojası) oturub məşqi izləyir. Quruluşçu rejissor Mərahim Fərzəlibəyov isə parterdə orturub məşqə rəhbərlik edir.
Tamaşanın Sisiyanov ilə Lisaneviç səhnəsində nə isə İlyas Əfəndiyevin xoşuna gəlmir və o, iradını demək üçün rejissoru çağırır:
– Mərahim!
– Bəli, İlyas müəllim.
– Gəl bura!
Mərahim Fərzəlibəyovun İlyas Əfəndiyevə böyük hörməti var idi, eyni zamanda İlyas Əfəndiyevdən çəkinirdi. Bu dəfə də hiss edir ki, İlyas Əfəndiyev, deyəsən, əsəbiləşib, ona görə də lojanın qapısını açır, amma içəri girmir.
– Eşidirəm, İlyas müəllim.
İlyas Əfəndiyev hirsli-hirsli:
– İçəri gir!– deyir.
İlyas Əfəndiyevin vasvasılığını bilən Mərahim:
Kitabxana.az · https://kitabxana.az/works/elcin-ilyas-efendiyev-sexsiyyeti-ve-seneti
Müəllifin digər əsərləri
Klarnetçalan yenə də zilə qalxıb mikrofonun qabağında qan eləyirdi və Səlim Sürəyya ilə Əlipaşa yenə də restoranın meydançasında klarnetin o qan eləyən sürətindən geri qalmırdı, oynayırdı; yavaş-yavaş başqa oynayanlar kənara çəkildi, ortada şair qaldı, Əlipaşa qaldı və bir də sürməli gözlərini süzə-süzə işvə-naz ilə oynayan gözəl bir qız qaldı; bu qız üç nəfər ilə birlikdə başqa mizdə oturmuşdu, çalğı başlayanda hamısı qalxıb rəqs elədi, sonra o birilər yoruldu, meydançadan çıxdı, amma bu qız çıxmadı, Səlim Sürəyya ilə Əlipaşanın arasında oynamağa başladı.Əlipaşa o gözəl qızın qabağında daha cidd-cəhdlə oynadı, döşünü irəli verib meydança boyu o baş-bu başa gedib gəldi, sonra o gözəl qızı müşayiət eləyə-eləyə başını dik tutub meydançada dövrə vurdu.
Beşinci fəsilHesab 803 manat elədi.Əlipaşa bufetdən baxan Mürsəlin bərəlmiş gözlərinin qabağında xörəkpaylayana düz 800 manat pul saydı, sonra Züleyxaya baxdı.
Altinci və sonuncu fəsilAyaqlarının altındakı qarı xırçıldada-xırçıldada, topuğacan qara bata-bata tamam bomboş, tamam sakit bir küçə ilə gedirdilər; avtomat telefonla evə zəng eləyib qızlara demişdilər ki, nigaran qalmasınlar, bir az havada gəzib gələcəklər. «Gül dedi bülbülə: – «Bağıma gəlmə...».– Yaman güldən, bülbüldən deyirsən a!..
Mənlə mən arasında1 fəsilMən bu kitaba son 32 ildə yazdığım hekayələri daxil etmişəm.
Başqa şairlərin şeirləri
Ol qoçaq iranlılar,Ol igit osmanlılar,
Gəraylı: Mən oldum hüsnünə heyranMən oldum hüsnünə heyran,A qız sənin, a qız sənin,
QızAşiq oldum mən sənə, ey gözləri məstanə qızNə qədər ki istərəm məndən durarsan yanə qız
Sanma, ey dust, sən tək afət canə olmuş, olmamışSanma, ey dust, sən tək afət canə olmuş, olmamış,Gözlərin tək nərgisi-məstanə olmuş, olmamış.