İlyas Əfəndiyev: şəxsiyyəti və sənəti
Səhifə 24 / 26 · 88%
– Lütfəli... – dedi.
– Can! – dedim.
– Lütfəli, – dedi.– O kolxoz atının vəziyyəti necədi?».
Elə bil öz malındı!
1954-cü ildə Moskvada SSRI Yazıçılarının II qurultayı keçirilirdi. Müxbirlər qurultay iştirakçılarından müsahibələr alırdı, mətbuat uzun müddətdən sonra keçirilən bu qurultayı geniş işıqlandırırdı və bütün Moskva bu qurultayın ab-havasında idi.
Səmimi və özünəməxsus bir insan olan Əbülhəsəndən xahiş edirlər ki, radio ilə çıxış etsin və o da gecəni hazırlaşıb səhər çıxış edir.
O biri gün səhər Süleyman Rüstəm tənbəllik etmir, radionun mühasibatına gedir və deputat nişanı olan sinəsini kassanın pəncərəsinə söykəyib:
– Mən qurultay nümayəndəsi yazıçı Əbülhəsənəm!– deyir.– Sənədim yadımdan çıxıb mehmanxanada qalıb. Xahiş edirəm dünənki çıxışıma görə qonorarımı verəsiniz.
Kassir qadın deputat nişanına baxa-baxa ürək eləmir ki, qurultay nümayəndəsini incik salsın və kitab-dəftərə baxıb Əbülhəsənin qonorarını Süleyman Rüstəmə verir.
Axşam qurultayın növbəti iclası qurtarandan sonra, Süleyman Rüstəm İlyas Əfəndiyevi, Mehdi Hüseyni və pul xərcləməyə bir o qədər də həvəskar olmayan Əbülhəsəni yaşadıqları «Moskva» mehmanxanasının üçüncü mərtəbəsindəki restorana qonaq dəvət edir.
Əbülhəsən mizin üstünə düzülmüş gözəl təamlara baxa-baxa:
– Əzzim, əzzim!..– deyir.– Bu Süleyman Rüstəm çox əliaçıq adamdı! Gözəl məclis düzəldib!
Süleyman Rüstəm:
– Əbülhəsən,– deyir.– Öz malın kimi ye, iç!
Cani-dildən yeyib-içməyə başlayan Əbülhəsən yalnız gecənin yarısınacan çəkən o gözəl məclis qurtarandan sonra başa düşür ki, əslində məclisi... o özü verib.
İlyas Əfəndiyev papiros çəkir
Qırxıncı illərdə bir gün gənc İlyas Əfəndiyev Yazıçılar İttifaqında Məmməd Səid Ordubadi ilə rastlaşır. O zaman İlyas Əfəndiyev bərk papiros çəkirdi və yenə də əlində papiros var imiş. M.S.Ordubadi soruşur:
– İlyas, nə çəkirsən elə?
– «Belomor kanal», mirzə.
– O neçəyədi elə?
İlyas Əfəndiyev bir qutu «Belomor kanal»ın qiymətini deyir.
M.S.Ordubadi:
– Ba-a!.. – deyə təəccüblənir.– Bəs Maqsud üç dəfə bundan çox pul verib papiros alır!
– Yəqin o bahalı papiros çəkir də.
– Niyə bə o eləsin çəkir, sən beləsin?
İlyas Əfəndiyev:
– Çünki,– deyir.– O Məmməd Səid Ordubadinin oğludur, mən isə səsi alınmış, evindən çıxarılıb didərgin salınmış, çərləyib ölmüş bir kişinin oğluyam!
Stalinizmin tüğyan elədiyi o dövrdə M.C.Bağırovun yaxın dostu olan M.S.Ordubadiyə belə bir söz demək zarafat deyildi...
Mir Cəlal müəllimin sualı
Əllinci illərin əvvəllərində bir axşam İlyas Əfəndiyevlə Mir Cəlal dənizkənarı bulvarda rastlaşırlar. Hal-əhval tuta-tuta bir az gəzişirlər.
O zaman «Mirzə Fətəli» küçəsindəki 110 saylı həyət evində, ikiotaqlı mənzildə yaşayan İlyas Əfəndiyev ev şəraitindən gileylənir. Xeyirxah bir adam olan və səhərdən axşama kimi elmi işlə, tədrislə, yaradıcılıqla başı qarışmış Mir Cəlal müəllimin dünyanın əbləh işlərindən bir o qədər də xəbəri yox idi.
Diqqətlə İlyas Əfəndiyevə qulaq asan Mir Cəlal müəllim birdən dayanıb dəniz sahilində tikilib qurtarmaqda olan böyük bir binanı göstərir:
– Ay İlyas, bax, bu bina sənin xoşuna gəlmir?
İlyas Əfəndiyev həmin binaya baxıb:
– Niyə xoşuma gəlmir, Mir Cəlal?– deyir.– Lap yaxşı xoşuma gəlir!
Mir Cəlal müəllim sidq-ürəkdən təəccüb edərək soruşur:
– Qardaş, bəs, niyə demirsən ordan sənə bir yaxşı mənzil versinlər?!
... Sonralar İlyas Əfəndiyev bu söhbəti xoş bir xatirə kimi tez-tez yadına salardı...
Əliağa Kürçaylının bazarlığı və İlyas Əfəndiyevin onu sorğu-suala tutması
I
Yazıçıların «Hüsü Hacıyev» küçəsindəki beşmərtəbəli məşhur binaları 60–70-ci illərdə əslində Bakının duzlu-məzəli bir ziyalı ocağı idi.
Bir gözəl günlü-işıqlı bazar günü səhər Əliağa Kürçaylı bazarlıq eləyib evə qayıdırmış və həyətə girəndə üçüncü mərtəbədəki eyvanında dayanmış İlyas Əfəndiyev onu çağırır:
– Əliağa, həmişə bazarlıqda!
– Çox sağ olun, İlyas müəllim!
– Əliağa, yaxşıca bir toğlu əti almısanmı?
– Bəli, İlyas müəllim!
– Nəlikdi?
– Bozbaşlıq.
– Bəs, bozbaş üçün yaxşı soğan necə?
– Onu da almışam.
Dördüncü mərtəbədəki eyvanında dayanıb bu söhbətə qulaq asan Mir Mehdi Seyidzadə yuxarıdan qışqırır:
– Ey zalım, mən dünən soğan almışam, bal kimi çıxıb!
İlyas Əfəndiyev eləcə Əliağa Kürçaylıya müraciətlə:
– Əliağa,– deyir, – çayı balla içərlər, bozbaşı soğanla bişirərlər!
II
Bir gün yenə səhər tezdən Əliağa Kürçaylı bazarlıq eləyib evə qayıdırmış və yenə də üçüncü mərtəbədəki eyvanında dayanmış İlyas Əfəndiyev onu səsləyir:
– Əliağa, həmişə bazarlıqda!
– Çox sağ olun, İlyas müəllim!
– Yaxşı nə almısan?
– Hinduşka almışam, İlyas müəllim.
– Çolpadı?
– Bəli.
– Neçə kilo olar?
– İki-üç kilo.
Dördüncü mərtəbədəki eyvanında dayanıb bu söhbətə qulaq asan Mir Mehdi Seyidzadə deyir:
– Ey zalım, mən srağagün hinduşka almışdım, on kilo!
İlyas Əfəndiyev yenə də eləcə, Əliağa Kürçaylıya müraciətlə:
– Əliağa,– deyir, – on kilo dana olar. Yeməli hinduşka elə iki-üç kilo olar.
Hayıf sənə, Osetrina!
Bir gün axşam Mehdi Hüseynlə İlyas Əfəndiyev, həmişəki kimi, zəngləşib, dəniz kənarında gəzməyə çıxırlar.
Gəzişə-gəzişə söhbət zamanı Mehdi Hüseyn yazıçılıq iddiası ilə yerə-göyə sığmayan bir nəfər haqqında deyir:
– Dünən axşam qapının zəngi basılır, açıb görürəm ki, filankəsdir. Bir əlində qalın bir qovluq, o biri əlində də yekə bir osetrina. Qovluğu uzadır ki, təzə əsərimdi, xahiş edirəm, oxuyub fikrinizi deyəsiz. Dedim, mənim indi əsər oxumağa vaxtım yoxdu! Suyu süzülə-süzülə çıxıb getdi.
İlyas Əfəndiyev soruşur:
– Bəs osetrina nə oldu?
Mehdi:
– Onu da verdim qoltuğuna!– deyir.
İlyas Əfəndiyev:
– Nahaq!– deyir.– Gərək deyəydin, osetrinanı bizə gətirəydi!
Tolstoy kəşfi
İlyas Əfəndiyev ilə Zeynal Xəlil Hüsü Hacıyev küçəsindəki Yazıçılar evinin üçüncü mərtəbəsində üzbəüz qonşu olurdular. 50-ci illərin ortalarında ikisi də Yazıçılar İttifaqında məsləhətçi işləyirdi.
Bir gün təsadüf elə gətirib ki, ikisi də eyni vaxtda evdən çıxıb, piyada işə yollanırlar.
İlyas Əfəndiyev fikirli imiş və onun söhbətə həvəsi olmadığını görən Zeynal Xəlil də yol boyu susur.
Eləcə sükut içində bir xeyli gedib Yazıçılar İttifaqı ilə üzbəüz, keçmiş 26-lar bağına çatanda, görünür, daha bu sükuta dözməyən Zeynal Xəlil, yəqin, başqa bir söz tapmadığı üçün:
– Balam, bu Tolstoy çox böyük yazıçıdır!– deyir.
Bəs, Süleyman Rüstəm niyə boynuna almır?
Bir gün söhbət əsnasında İlyas Əfəndiyev Əbülhəsənə deyir:
– Əbülhəsən, sən xəsissən də! Niyə boynuna almırsan?
Həmin gün gecə saat 2-də İlyas Əfəndiyevin evində telefon zəng çalır. İlyas Əfəndiyev bu gecə zənginin nigarançılığı içində tələsik telefonun dəstəyini götürür.
– Əzzim, əzzim, mənəm, Əbülhəsəndi. Yaxşı, mən boynuma alıram ki, xəsisəm! Bəs, Süleyman Rüstəm niyə boynuna almır ki, xəsisdi?!
İlyas Əfəndiyevin ehtiyatsızlığı
1960-cı illərdə İlyas Əfəndiyevin yeznəsi Üzeyir Məmmədov Masallı rayonunun Baş həkimi işləyirdi və İlyas Əfəndiyev tez-tez dostlarını onlara qonaq aparırdı.
Bir yaz günü də İlyas Əfəndiyev Süleyman Rüstəmlə Masallıya gedir və bacısıgildə gözəl bir süfrə arxasında oturub yeyib-içirlər.
Televizorda muğamat konserti göstərilir və İlyas Əfəndiyev müğəninin oxuduğu hansısa bir qəzələ qulaq asa-asa deyir:
– Ə, belə də bekara sözlər olar?
Süleyman Rüstəm qızara-qızara:
– Əşşi, cavan vaxtlarımda yazmışam...– deyir.
Adil İsgəndərov yenə infarkt olub
İlyas Əfəndiyevlə Adil İsgəndərov sözləşirlər ki, sabah səhər teatrda görüşsünlər.
İlyas Əfəndiyev sözləşdikləri vaxtda teatra gedir və görür ki, dəqiq adam olan Adil İsgəndərov hələ gəlməyib.
Bir müddət keçir və nəhayət Adil İsgəndərov gəlib çıxır.
İlyas Əfəndiyev:
– Ədil, səndən çıxmayan iş, hardaydın?– soruşur.
Adil İsgəndərov üzrhahlıq edir:
– Qadam, sən Allah, bağışla, bir az gecikdim. Səhər yuxudan duranda yenə infarkt olmuşdum!..
Cabbar Məcnunbəyov və Əli Vəliyev dastanı
1940-cı il idi, gənc yazıçı İlyas Əfəndiyev Füzulidən Bakıya təzə gəlmişdi və yenicə nəşr olunmuş ilk hekayələr kitabı «Kənddən məktublar»dan sonra dərhal məşhurlaşmışdı.
Bir payız axşamı İlyas Əfəndiyev hansı yazısına görə isə, qonarar alır və Abdulla Faruqla Əlirza Abdullayevi köhnə «İnturist»in restoranına dəvət edir.
Restoranda yeyib-içirlər, məclis qızışır və necə olursa yanaşı mizin arxasında əyləşmiş adamlarla sözləşib dalaşırlar.
Onların bu hərəkəti Yazıçılar İttifaqının Rəyasət Heyətində müzakirə edilir və Rəyasət Heyətinin üzvləri belə qərara gəlirlər ki, bu cavan yazıçılara töhmət versinlər. Bu vaxt Əli Vəliyev təklif edir ki, Cabbar Məcnunbəyovu isə Yazıçılar İttifaqından çıxarsınlar. Hamı təəccüb edir:
– Əli, axı, Cabbar Məcnunbəyov Soçidə istirahət edir, bunlarla olmayıb, onu niyə İttifaqdan çıxaraq?
Kitabxana.az · https://kitabxana.az/works/elcin-ilyas-efendiyev-sexsiyyeti-ve-seneti
Müəllifin digər əsərləri
Klarnetçalan yenə də zilə qalxıb mikrofonun qabağında qan eləyirdi və Səlim Sürəyya ilə Əlipaşa yenə də restoranın meydançasında klarnetin o qan eləyən sürətindən geri qalmırdı, oynayırdı; yavaş-yavaş başqa oynayanlar kənara çəkildi, ortada şair qaldı, Əlipaşa qaldı və bir də sürməli gözlərini süzə-süzə işvə-naz ilə oynayan gözəl bir qız qaldı; bu qız üç nəfər ilə birlikdə başqa mizdə oturmuşdu, çalğı başlayanda hamısı qalxıb rəqs elədi, sonra o birilər yoruldu, meydançadan çıxdı, amma bu qız çıxmadı, Səlim Sürəyya ilə Əlipaşanın arasında oynamağa başladı.Əlipaşa o gözəl qızın qabağında daha cidd-cəhdlə oynadı, döşünü irəli verib meydança boyu o baş-bu başa gedib gəldi, sonra o gözəl qızı müşayiət eləyə-eləyə başını dik tutub meydançada dövrə vurdu.
Beşinci fəsilHesab 803 manat elədi.Əlipaşa bufetdən baxan Mürsəlin bərəlmiş gözlərinin qabağında xörəkpaylayana düz 800 manat pul saydı, sonra Züleyxaya baxdı.
Altinci və sonuncu fəsilAyaqlarının altındakı qarı xırçıldada-xırçıldada, topuğacan qara bata-bata tamam bomboş, tamam sakit bir küçə ilə gedirdilər; avtomat telefonla evə zəng eləyib qızlara demişdilər ki, nigaran qalmasınlar, bir az havada gəzib gələcəklər. «Gül dedi bülbülə: – «Bağıma gəlmə...».– Yaman güldən, bülbüldən deyirsən a!..
Mənlə mən arasında1 fəsilMən bu kitaba son 32 ildə yazdığım hekayələri daxil etmişəm.
Başqa şairlərin şeirləri
Ol qoçaq iranlılar,Ol igit osmanlılar,
Gəraylı: Mən oldum hüsnünə heyranMən oldum hüsnünə heyran,A qız sənin, a qız sənin,
QızAşiq oldum mən sənə, ey gözləri məstanə qızNə qədər ki istərəm məndən durarsan yanə qız
Sanma, ey dust, sən tək afət canə olmuş, olmamışSanma, ey dust, sən tək afət canə olmuş, olmamış,Gözlərin tək nərgisi-məstanə olmuş, olmamış.