Səhifə 10 / 16 · 56%

⎯ On min manat? ⎯ Leyla bu sözləri heyrətlə söyləmədi, elə-belə, adi bir şey eşidirmiş kimi dilinə gətirdi. Aslan öz sözlərinin onu təəccübləndirəcəyini gözləyirdi. Yox, nə təəccüblənmişdi, nə də sevinmişdi Leyla. Bu, onun heç bir əzələsi belə tərpənməyən üzündən, ifadəsi belə dəyişməyən baxışlarından bilinirdi. Əgər Leyla-Aslan belə fikirləşdi – pul qoparmaq niyyəti ilə ona yaxınlaşsaydı və bu siqaret söhbətini buna görə ortalığa atmış olsaydı, on min manat söhbətini eşidən kimi mütləq sevinməli idi. Ancaq o, yalnız qaşlarını azca yuxarı dartaraq:

⎯ Səxavətlisən, bəy ⎯ söyləməklə kifayətləndi.

⎯ Aşığı oynamaq üçün yığırlar, Leyla xanım. ⎯ Aslan Leylanın bu tərifindən xoşlanıb gülümsündü.

⎯ Ancaq o Bakı milyonerinə çata bilməzsən.

⎯ Hansı Bakı milyonerinə?

⎯ Deyirlər inqilabdan qabaq Bakı milyonerlərinin birinin (adını bilirdim ey, indi yadımdan çıxıb) Fransadan gəlmiş qəşəng, cavan, çox işvəli-qəmzəli bir xanım qonağı varmış. Qış vaxtı, bağda oturub yeyib-içiblər: gecənin bir aləmi, nökər-qaravaş yatandan sonra xanımın könlünə hardansa qəhvə düşür və bu istəyi bəyə bildirir. Soba sönmüşmüş, od-ocaq keçmişmiş. Bayırda da qar, tufan. Milyonçu nəyin bahasına olursa-olsun, bu qəşəng xanımın arzusunu yerinə yetirmək istəyir. Çox düşünmədən qəhvədanı ocağın üstünə qoyur və seyfi açıb oradan çıxartdığı qom-qom əskinasları alışdırıb qəhvə qaynadıb bişənəcən pul yandırır. Milyonmu, milyardmı, bilmirəm, amma yandırır. Qəhvəni piyalələrə süzüb xanımın qabağına qoyur və qış gecəsi, milyonların oduna bişmiş o qəhvəni ləzzətlə içirlər. Xanım milyonçudan çox razı qalıb deyir:

⎯ Mən özümü dünyanın ən xoşbəxt qadını saya bilərəm. Bütün tarix boyu hələ heç bir qadın bu qədər pul oduna-atəşinə qaynadılıb bişirilmiş qəhvə içmək səadətinə nail olmayıb. Dünyanın ən zəngin padşahları belə bu cürəti eləməmişlər və yəqin, bundan sonra da belə səxavət göstərən ikinci bir kişi dünyaya gəlməz. ⎯ Leyla bir an susub Aslana diqqət yetirdi, sonra əlavə elədi: ⎯ Bax, belə, Aslan bəy. Dünyada belə kişilər olub.

Aslan Leylanın bu hekayətini maraqla dinləyib özünü də milyonçunun yanına qoymaq istəyi ilə:

⎯ O mənim adamım imiş, ⎯ dedi ⎯ hal əhli imiş. Bunu ancaq bizim kişilər eləməyə qadirdi, Leyla xanım.

⎯ Hə, düz deyirsən, Aslan. Ancaq bizim kişilər belə axmaq iş tuta bilər. Başqa millətlərdə belə axmaq kişilər tapmaq çətindir.

⎯ Səxavətli olmaq məgər axmaqlıqdır?

⎯ Yox, səxavətli olmaq çox böyük insani bir məziyyətdir. Ancaq yerində və qaydasında. İndi səndən soruşuram: həmin o milyonçu o milyonları, milyardları öz millətindən olsaydı o xanım, ona eləcə qıyardımı? Yox, qıymazdı, vallah, qıymazdı. Bir dilənçiyə, bir əlsiz-ayaqsıza, bir xeyriyyə cəmiyyətinə o pulun mində, milyonda birini qıymazdı o kişi. Düz demirəm?

Aslan söhbətin başqa səmtə yönələcəyini, Leylanın yenə onu divara qısnayacağını hiss eləyib, mübahisə etmək fikrindən daşınaraq zarafatla işin içindən çıxmaq istədi:

⎯ Sən də Leyla xanım, özünü dünyanın ⎯ bizim dünyamızın ən xoşbəxt qadını saya bilərsən. Çünki indi bütün yer üzündə sən elə bir qadın tapa bilməzsən ki, bir qutu siqaretə on min manat pul versinlər ona.

Leyla xanım onun bu sözlərinə ucadan güldü:

⎯ Hazırcavabsan ha sən özünə görə.

Siqaretin dəmi gəlmişdi, Aslanın ciyəri yanırdı, Leyla isə bilməyərəkdənmi, qəsdənmi söhbəti uzadırdı. Aslan axırda dözmədi:

⎯ Hanı ey bu siqaret? Ürəyim çəkildi ki.

Leyla dabanı üstə geri hərləndi, iki pəncərənin arasına qoyulmuş kamodun ⎯ rəngi şabalıdıydı və hiss olunurdu ki, qədimi şeydi ⎯ üstünə yeridi, çönüb maraqla onu izləyən Aslana baxdı və:

⎯ Bax, bu kamodun alt gözündə, lap arxa tərəfdə, dəsmalın altında bir qutu malbora var. Aç, götür. Görürəm, dayana bilmirsən ⎯ deyib gözləmədən eyvana çıxdı. Aslan əvvəl yerindən tərpənə bilmədi, dayanıb başını qaşıya-qaşıya yadına salmağa çalışdı ki, əgər doğrudan da burada, illərlə əlini vurmadığı, heç yaxınına belə düşmədiyi bu kamodun içində siqaret olsa, bu da Leyla xanımın bir möcüzəsidi. Bu bir. İkincisi və ən ümdəsi bu idi ki, o özü şəxsən ⎯ nəyə desən and içə bilər ⎯ bu kamoda siqaret qoymayıb. Niyə də qoymalıydı? Hə, onda ayrı sual çıxır ortalığa. Demək, arvadı qoyub. Nə üçün? Bəlkə ərinin haçansa əlimyandıda siqaretsiz qalacağını düşünüb Leylası? Yox. Belə şeylər onun dəftərində olmayan şeydi. Heç olmasa ona görə ki, Leylanın ⎯ onun sevimli arvadının siqaret iyindən zəhləsi gedir, həmişə deyinir və o, Aslan, həmişə siqaretini çıxıb ya balkonda, ya da mətbəxin açıq pəncərəsinin qabağında çəkir. Bu, ev rejimidi onun. Bəs onda? «Ay allah, bu nə işdi mən düşmüşəm? Bu nə müəmmalar aləmidi ki, mən yaşayıram? Hər şey dolaşıb, düyünə düşüb, heç birini də açıb axırına çıxa bilmirəm. Qıçları əsə-əsə kamoda yaxınlaşdı, əyilib siyirməni çəkdi, əlini ilan yuvasına uzadırmış kimi, qorxa-qorxa irəli uzatdı… və ütülü, qatlanmış çay dəsmalının altından siqaret qutusunu çıxartdıqda bədənini soyuq bir gizilti gəzib dolaşdı. Bilmədi neyləsin. Sağ əlindən sol əlinə ötürdü, qutunun o tərəf-bu tərəfinə nəzər saldı. Adicə siqaret idi, həmişə çəkdiyi siqaretdəndi. Gecənin bu vaxtı, ümidi hər yerdən kəsiləndə siqaret tapdığına sevinmək istəyirdi, lakin bu gözlənilməz, amma çox yerinə düşən bu tapıntının altında hərəsi bir zəhərli ilan kimi qıvrılıb yatan ağrılı-acılı suallar onun bu sevincinin üstünə su çiləyib qorxuzur, fərəhlənməyə qoymurdu. O siqaret qutusu üçün on min manatı Leylaya uduzduğu heç gözündə deyildi. Nə pul idi ki, o? Kişi kimi söz vermişdi, ağzından çıxarmışdı, verəcəkdi. Təki başqa şey olmasın, olmasın, ay allah. Amma yox, burada nə isə sehrli, Aslanın indiyəcən bilmədiyi, ağlına belə gətirmədiyi müəmmalar vardı deyəsən və bunu o, bütün varlığı ilə hiss eləyirdi. Əlinin əsməyi də ondan idi. Çox çətinliklə qutunu açdı, bir gilə papiros yandırıb acgözlüklə sümürdü: içi, ciyərləri bayaqdan bəri «nekatin» ⎯ deyə ac uşaq kimi mələyirmiş, sən demə. Dalbadal üç-dörd qüllab vurub azcana sakitləşəndən sonra fikrini cəmləyib hələ də soyuq şüşə kimi əlində saxladığı siqaret qutusuna nəzər saldı, sanki bu baxmaqla ondan nə isə soruşmaq, öyrənmək istəyirdi. Qutu isə qutuydu, dili yox, ağzı yox. Nə deyəcəkdi Aslana?

Bu, son bir neçə saatın içində, başqa şeylər bir yana qalsın, Leylanın Aslana göstərdiyi neçənci möcüzə idi.

Yağış kəsmişdi. Göylər qapqaraydı, bir dənə də ulduz görünmürdü. Yalnız on beş günlük ay boz-bulanıq sularda üzən işıqlı bir gəmi kimi ağır-ağır üzü yuxarı üzürdü. Yerdə, torpaq üstündə xəzri qalxmışdı, yaxınlıqdakı dənizin uğultulu-gurultulu dalğaları hirslə-hikkə ilə başını sahildəki qayalara vurur, qayaların tərpənmədiyini, halına heç təfavüt eləmədiyini görüb sanki qəzəbindən parçalanır, çiliklənir və qəribə, uzaqdan, lap uzaqlardan gələn bir güyültüyə çevrilib eyvanda, əlləri qoynunda dayanaraq qaranlıqda çalxalanan dəniz səmtə baxan Leylanın qulaqlarında səslənirdi. Hava elə təmiz, elə safdı ki, nəfəs aldıqca özünü qov təkin yüngül hiss eləyir və sanki indicə əfsanəvi quşlar kimi qanad gətirib uçacağına, burdan, yerdən, insanlardan uzaqlaşacağına inam aşılayırdı. Sakit Mərdəkan gecəsinin qaranlığı, qonşu bağlardan gələn işıq, eşidilən danışıq, musiqi səsləri, göylərdə ağır ləngərlə süzən ayın hüzn doğuran görkəmi Leylanı buradan, bu şairanə gecənin qucağından qoparıb ora ⎯ iki il öncə qoyub gəldiyi öz doğma kəndlərinə yenicə aparmışdı ki, çiyinlərinə nəyinsə astaca toxunduğunu duyub səksəndi, hərəsan geri qanrılanda qarşısında yad bir kişinin dayandığını görərək əvvəlcə qışqırmaq istədi, ancaq bir an sonra özünün harda və kimin yanında olduğunu xatırlayıb toxtadı, gülümsər bir baxışla ona baxdı: Aslan onun çiyninə pencək salmışdı və o, bunu yalnız indi başa düşüb qəlbində ona bir minnətdarlıq hissi duydu.

⎯ Çimmisən, sənə soyuq olar, Leyla xanım. ⎯ dedi Aslan və siqaretini çəkə-çəkə əlavə elədi: ⎯ Görürsən nə gözəl gecədi? Ömür uzadan gecədi, Leyla xanım. Dənizin səsini eşidirsən? Bu əsən - xəzridi. Dənizdən əsir. Bizim Abşeronun bir də gicəvarı var.

Söz Leylaya qəribə göründüyü üçün soruşdu:

⎯ Nəyi?

⎯ Gicəvarı.

⎯ Gicəvar-xəzri ilə giləvarın qarışmasından, toqquşmasından, yəni ikisinin də eyni vaxtda əsməsindən əmələ gəlir.

⎯ Hm. Başa düşdüm. Bu torpaq doğrudan da gözəldi, misilsizdi. Dünyanın heç yerində bizim məmləkət kimi könüloxşayan, sərvətli, təkrarolunmaz gözəlliyə malik ikinci bir məmləkət tapmaq olmaz, yoxdur da. Ona görə də başı bəlalıdı torpağımızın. Rəhmətlik atam bir dəfə öz qonaqlarına deyəndə eşitmişəm: deyirdi: bizim bu torpaq, bu məmləkət son dərəcə gözəl bir qadına bənzəyir: onu ələ keçirmək, ona sahib olmaq, onu özününkü etmək istəyənlər çox olub həmişə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Birinci hissə, on dördüncü fəsil

Əbdül hasarın dibindəki qarajın qapısını açmışdı ki, maşına hava dəysin. Özü isə ortalıqda dayanıb göyərçinlərə dən səpirdi. Gün günorta yerində idi və istisi yandırıb-yaxırdı. Əbdül əyninə ağ köynək keymişdi, başıaçıq idi—günəşin hərarəti seyrək tüklü başını, kürəklərini xoş bir gizilti ilə qarsalayırdı. Boynu zəncirli, iri, hündür köpək, qabaq ayaqlarını irəli uzadaraq qırmızı dilini çıxarıb ləhləyirdi. Toyuq-cücə ağac, dam-divar dibində kölgələnirdi.Darvaza döyüləndə Əbdül geri qanrıldı. Kim idisə, nabələd adam idi, zəngi basmaq əvəzinə dəmir qapını əlilə, bir az da ehtiyatla döyəcləyirdi. Əbdül dən qabını yerə qoyub irəli gəldi. «Kimsən, nəçisən» deyə soruşmadan kiçik qapını açanda çarşablı-yaşmaqlı bir qadının dayandığını görüb təəccübləndi. Yalnız gözləri işıldayırdı, sifəti, burnu örtülü olan qadın çəkinə-çəkinə Əbdülə nəzər saldıqda o, soruşdu:

17 dəq
Birinci hissə, on beşinci fəsil

Zərrintac xanım gözlərini açdı—nəzərinə ilk sataşan şey tavan oldu. Pəncərənin açıq pərdəsindən içəri günəş şüası düşmüşdü, qızıl şərf kimi uzanıb döşəmədən keçərək çarpayısının baş ucuna dirənmişdi. Demək səhər çoxdan açılmışdı.Başı dumanlı idi, ağrıyırdı. «Nə bir tünd qəhvə içərdim!» — deyə ürəyindən keçirtdi. Köhnə adəti üzrə ya Elməddin, ya da Siminbəri səsləmək istədi, səslədi də. Ancaq kimsənin hay vermədiyini görüb xatırladı ki, onlar yoxdu. Ona qəhvə gətirən olmayacaq.

6 dəq
Birinci hissə, on altıncı fəsil

Əbdülün verdiyi yüzlük köz parçasına dönüb Heyranın əlini yandırırdı. Əvvəlləri yadına gəlmirdi, ancaq Cabbarla yaşadığı bu on beş-on altı ildə Heyran heç vaxt əlində yüzlük tutmamışdı, gördüyü pullar qəpik-quruş olmuşdu, ən çox dəmir pullar. Barmaqla sayıla biləcək qədər də onluq və iyirmilik görmüşdü. Cabbarın axşamlar şəhərdən — bazardan evə dönərkən gətirdiyi pullar arasında göy rəngli iyirmilik görəndə Heyran özünü xoşbəxt sayırdı, dövlətli hesab eləyirdi. Ancaq indi, birdən-birə yüzlüyü vardı və onu tanımadığı, birinci dəfə gördüyü bir şəxs vermişdi. Bacısının nökəri, indi Dünyanın uşağının dayəsi olan Əbdül. Pulu ovcunun içində bərk-bərk sıxmışdı, əlinin tərlədiyini də hiss eləmirdi. İti, tələsik addımlarla bazara tərəf gedə-gedə Allaha yalvarırdı ki, qan-qada bacısının başından uzaq olsun, qayıdıb balasının yanına gəlsin; o gəlsə, uşaq yetimçilik görməz, o gəlsə, Dünya Heyran xanıma da—xəstə əri ilə dörd divar arasında tək-tənha, köməksiz, ehtiyac içində çırpına-çırpına boğulan bacısına da əl tutar yəqin, bu qədər var-dövlətdən onlara da hərdən bir görüm-baxım eləyər. Ürəyində bacısından ötəri allah dərgahına əl qaldırıb dua-səna elədikdən sonra o, Əbdülü zahirən sakit, adicə bir nökər təsiri bağışlayan, əslində isə o cah-cəlallı ev-eşiyin sahibi olan, bacısının yeganə yadigarına öz doğma balası kimi baxan, ömrünün axırınacan da baxacağına and içən, nəhayət, yumşaq qəlbli, dar gündə başqasına əl tutmağı bacaran Əbdülü xatırlayır, ona uzun ömür arzulayırdı. Əbdül sadə idi, qayğıkeş idi, qonaqpərvər idi. O, necə də Heyranın danışığından vəziyyətlərinin ağır olduğunu başa düşmüşdü, minnətsiz-filansız ona yüz rupi gətirib vermişdi. Bunu indiki zamanada kim eləyərdi? Qonşunun evində axşamacan işləyəndə ona beş-on rupi pul verirdilər, onu da necə? Gecə yatanda da əlləri, ayaqları zoqquldayırdı, sümükləri sızıldayırdı? Ancaq Əbdül... yəqin bacısı Dünya evdə olsaydı, görüşübqucaqlaşıb ağlaşandan, sakitləşəndən, onun gününü-güzəranını öyrənəndən sonra lap çox pul verərdi. Yox, onun pulu da lazım deyil, təki özü sağ-salamat olsun, qayıdıb balasının üstünə, isti xanimanına qayıdıb gəlsin — ona, Heyran xanıma heç nə lazım deyildi.Heyran bu qatmaqarışıq düşüncələr əlində çırpına-çırpına özünü Çaharrahi meydanındakı bazara yetirmiş, ət, pendir, yağ, meyvə, göy-göyərti almış, Daruləmana gedən avtobusa minərək evə gəlmişdi. Bir əlində tor zənbil, o birində pulun qalanını—altmış beş rupini tutmuşdu. Ürəyi sevinc-qarışıq bir həyacanla döyünürdü. Dayanacaqdan evə gələnəcən düşünmüşdü ki, gedən kimi isti xörək bişirəcək, son vaxtlar lap zəifləyib əldən düşmüş Cabbarı doyunca yedirdəcək, alma verəcək. Cabbar yeyəcək, gözlərinə işıq gələcək, Heyrana «çox sağ ol» deyəcək. Ondan sonra necə gedib bacısının evini tapdığını, bacısı balasını gördüyünü danışacaq və Cabbar da sevinəcək.

7 dəq
Birinci hissə, on yeddinci fəsil

Ağayi Siracəddin şəhərə «ova» çıxmışdı. Maşınsız idi. Ləbidərya ilə sırayla düzülmüş dükanların qabağından keçə-keçə küçəyə, gəlib ötənlərə göz yetirir, əlsiz-ayaqsız, yurdsuz-yuvasız, sahibsiz qız-gəlinə rast gələcəyi ümidilə addımlayırdı. Əlindəki sür təsbehin dənələrini şıqqıltı ilə çevirir, dodağaltı zümzümə edir, hərdən, tanış dükan sahibləri, tacirlərlə salamlaşırdı.Havanın nəfəsi soyumuşdu, hardansa uzaqlardan ağır-ağır gələn payızın hənirtisi duyulurdu. Kefi kök, damağı çağ ağayi Siracəddinin əlində təbiətə hökm eləmək iqtidarı olsaydı, yağışlı leysanlı payızın gəlişini daha da sürətləndirər, bacardıqca onu tez yola salar, qarlı-çovğunlu, qasırğalı-tufanlı qışı gətirər, dağların ovcunun içində yerləşən bu şəhərə soyuğun hökmü ilə hökmranlıq edərdi. Bunun da səbəbi vardı — səbəbi bu idi ki, məhz qışda ağayi Siracəddinin «ovu» uğurlu olurdu, yazda-yayda — isti havalarda özünə yüngülvarı sığınacaq yeri tapmış yetim qızlar, ehtiyacın küçələrə saldığı qadınlar soyuğun kəskin qılıncının küt zərbələrinə dözməyərək küçələrə, bazarlara, dükan qabaqlarına çıxır, sadəcə, sığınacaq üçün gəlib-gedənlərə əl açır, bir qarın çörəyə, bir isti bucağa hər cür təklifə razı olurdular. Məhz bu zaman ağayi Siracəddin yağlı dilini, pulunu, «xeyirxahlığını» işə salır, toruna düşənləri öz «müəssisəsinə» gətirirdi. Bu gün də o, bu məqsədlə şəhərə çıxmışdı. Qəlbində müvəffəqiyyətə o qədər də inamı yox idi, amma hər halda «gəzən ayağa daş dəyər» deyərək küçələri dolaşırdı. Qocanın ürəyində xoş bir əhvali-ruhiyyə vardı, nəzərləri orda-burda olsa da Zərrintac xanımla keçirdiyi o qəribə gecəni tez-tez xatırlayıb gülümsünür, onun ağ bədənini, sərxoş baxışlarını, üstündən aydan çox keçsə də, unuda bilmirdi. Zərrintacın telefonda qışqır-bağır salmağını yad eləyib öz-özünə deyirdi: «heç çapalama, quzum. Sən daha mənim əlimdəsən, heç yana qaça bilməzsən, quzum.»

9 dəq

Başqa şairlərin şeirləri