Birinci hissə, ikinci fəsil
Səhifə 12 / 16 · 69%
⎯ O elə gecədi ki, yaddan çıxmaz, Leyla xanım. ⎯ Və qorxu ilə müsahibinin gözlərinə baxdı. Qorxmağının səbəbi bu idi ki, yalan deyirdi, çünki o gecə haqqında yalnız danışılanda, radioda, televiziyada söhbət gedəndə, qəzetlərdə yazılanda həmin gecəni xatırlayırdı və mümkün qədər o söhbətlərdən qaçmağa çalışırdı. Digər tərəfdən də əslində o gecəni bütün dəhşətləriylə görməmişdi, nəinki görməmişdi, heç bir güllə səsi də eşitməmişdi. Çünki o gecə Moskvadan gələn qonağı ilə evdə oturmuşdular, yeyib-içmişdilər və Aslan o qədər içmişdi ki, axırda, saat on birə işləyəndə Leyla onu qonağın köməyilə demək olar ki, güclə sürüyüb yataq otağına aparmışdı: o yatan yatmış, bir də o biri gün saat ona işləyəndə oyanmışdı və ən maraqlısı bu idi ki, kefli-kefli durub Saşanı ⎯ qonağını öpməyindən sonra heç nəyi yadına sala bilmirdi. Leyla sərxoş-sərxoş nələr dediyini, nə hərəkətlər etdiyini ona danışanda Aslan mat-mat dayanıb üzünə tamaşa eləyirdi, «heç nə yadıma gəlmir». ⎯ deyir və kim bilir, neçənci dəfə bir daha bu qədər içməyəcəyinə söz verirdi.
Leyla xanım onun yanından burulub içəri keçəndə o da arxasınca otağa adladı. Leyla üşümüşdü, üzü bozarmış, əllərinin tükləri biz-biz olmuşdu. Birbaş aşağı ayaqda yanan qaz sobasının yanına keçdi, uzaqdan uçan təyyarə uğultusuna bənzər səs çıxaran sobanın lap böyründə üşümüş əllərini ocaqda qızdırırmış kimi irəli tutdu. Bunu görən Aslan tez stəkana çay süzdü və gətirib divanın qabağındakı balaca jurnal stolunun üstə qoyaraq qonağını çaya dəvət elədi. Leyla heç bir söz demədən razılıq hissilə gəlib əyləşdi. Aslan güman edirdi ki, daha o söz yadından çıxdı Leylanın, bir də üstünə qayıtmaz o məşum deyilən gecənin. Lakin görünür, bu dəfə də səhv edirmiş Aslan: Leyla yerini rahatlayandan sonra:
⎯ Düz deyirsən, Aslan, yaddan çıxan gecə deyil o gecə. Amma baxır o gecəni kim nəyə görə unuda bilmir və ya unuda bilməyəcək. Biri yaralandığına görə, biri qorxub sarılıq azarına tutulduğu üçün, o biri gördüyü dəhşətlərdən dəli olduğu üçün, bir qeyrisi yetmiş ilin qəflət yuxusundan ayıldığına görə, biri xilaskarımız saydığımız o əlləri də, dişləri də qana batmış cəllad ordunu öz doğma xalqını qanına qəltan eləmək üçün dəvət etdiyinə görə, biri də… ⎯ dedi və bura çatanda Aslanın düz gözlərinin içinə diqqətlə nəzər saldı: ⎯ biri də çıxıb televizor ekranlarından camaata yalan satıb: «Qoşun şəhərə girməyəcək» ⎯ deyərək xalqın başının altına yastıq qoyduğu üçün… unuda bilmir, bəy, o gecəni.
Aslan Leylanın axırıncı, xüsusi vurğu ilə dediyi, eyhamı açıq-aşkar hiss olunan sözlərini eşidəndə damağındakı siqaretinə dərin bir qüllab vurub ağzından buraxdığı tüstü pərdəsinin arxasında gizlənməyə çalışdı, sıxılıb balacalaşdı və nigarançılıq içində qadının üzünə baxıb daha nə deyəcəyini gözlədi. Leyla ağrılı yarasına qəfil toxunulmuş adam kimi qəribə bir səslə inildəyib divanda qurcalandı, çaydan bir qurtum içib sərt bir ədayla:
⎯ O tarixi cinayətdə sənin də əlin qana batıb, bəy ⎯ söylədi.
⎯ Mənim? ⎯ Aslan bu birbaşa həmlənin qabağında özünü itirsə də, təslim olmaq istəmədi.
⎯ Niyə təəccüb eləyirsən? Bəli, sənin. Və mən yaxşı bilirəm ki, sən öz şəxsi dərdlərindən başqa, bir də məhz buna görə səksəkə içində yaşayırsan, qorxursan ki, indicə gəlib səni də aparacaqlar. Amma qorxma hələ. O faciənin müəlliflərinin, «qəhrəmanları»nın hələ heç birini aparmayıblar. Nə Moskvada, nə Bakıda. Allah qarğa deyil ki, günahkarın gözünü o dəqiqə oyub ovuclarına töksün. İndi təəssüf ki, hələ elə oğul yoxdu gəlib sizin yaxanızdan tutub haqq divanının məhkəməsinə çəksin. Amma gələcək, o məhkəmə olacaq, bəy. Onda heç kəs, o cümlədən sən də yaxanı kənara çəkə bilməyəcəksən: onda o birilər kimi, sən də cavab verməli olacaqsan. Soruşacaqlar.
⎯ Nə soruşacaqlar? ⎯ Çətin imtahana gedən fərsiz şagird, bilən yoldaşından verilə biləcək sualların heç olmasa birinə, ikisinə cavab axtarırmış kimi, çırpındı: ⎯ Nə soruşacaqlar məndən?
⎯ Bilmirsən nə soruşacaqlar? Soruşacaqlar ki, cənab Aslan Büləndərli, sən və sənin bir neçə yoldaşın niyə Moskvadan gəlmiş o cəlladla mavi ekran qarşısına çıxıb xalqı aldadaraq deyirdiz ki, ordu şəhərə girməyəcək. Axı siz bilirdiniz ki, qoşun şəhərə girəcək. Hətta saatını da bilirdiniz, Aslan. O əcnəbi idi, qanı qanımızdan, canı canımızdan deyildi; o, yalan danışa bilərdi, aldada bilərdi: onların peşəsi tarix boyu aldatmaq, yalan danışmaq, dildə bir şey deyib, əməldə ayrı şey etmək olub. Bəs siz? Axı siz bu torpağın, bu millətin övladı idiz, siz niyə yalan danışırdız, bəy?
⎯ Bizə dedilər belə deyin, biz də dedik. Biz oyunda kiçik adamlar idik.
⎯ Oyunda iştirak eləyənin böyüyü-kiçiyi olmur, bəy. «Bizə dedilər belə deyin, biz də dedik». ⎯ Aslanın azca əvvəl dediyi sözləri o, kinayə ilə eynən təkrar elədi: ⎯ Bəs sizin öz vicdanınız, ağlınız, mənliyiniz hardaydı? Bir adamı, iki adamı bəlkə də aldatmaq olar, amma bir xalqı aldatmaq… Mən bilmirəm bunun üçün nə boyda vicdansız olmaq gərəkdi.
Qadın yüngülcə köks ötürüb sözə başladı.
⎯ Biz yerimizdən-yurdumuzdan didərgin düşəndən sonra, mən kiçik qardaşımla Bakının Montin qəsəbəsində, xırda bir həyətdə, uzaq qohumumuz ⎯ atamın xalası oğlunun (Dəniz neft mədənlərində işləyirdi, ayda on beş gün dənizdə olurdu, on beş gün isə istirahət edirdi) ikiotaqlı evində yaşayırdım. Balaca, xudmani bir həyət idi: düz ortalıqda bir tut ağacı vardı, ağacın altında isə bir su kranı çəkilmişdi. Çox dar, kiçik olmağına baxmayaraq, o həyətdə on iki ailə olurdu ki, onların yalnız ikisi azərbaycanlı ailəsi idi: qalanlarının səkkizi erməni, biri rus, o biri isə yəhudiydi. Teymur ⎯ qohumumuzun adı beləydi ⎯ elə ilk gündən bizi başa salmışdı ki, Ermənistandan köçürülənlərdən olmağımızı heç kəs, xüsusən erməni qonşular bilməsin. Bunun mənasını əvvəlcə başa düşməmişdim, ancaq sonra anladım: kişi ehtiyat edirmiş ki, bir hadisə-filan ola bilər. Biz də ⎯ bacı-qardaş ⎯ səsimizi də, dərdimizi də içimizə salıb sıxıla-sıxıla onsuz da darısqal olan bu mənzildə birtəhər yaşayırdıq. Bunu sənə demək artıqdı ki, mənim də, qardaşım Sahibin də ürəyi burada, gözümüzün qabağında dik-dik gəzən, mənzillərin yaxşısında yaşayan, çörəyimizi yeyən, havamızı udan, suyumuzu içən və kimsənin «gözün üstə qaşın var» demədiyi bu adamlara ⎯ ermənilərə qarşı qəzəblə, kinlə doluydu. Mən o balaca həyətdə hər dəfə bir erməniylə üz-üzə gələndə qanım sıçrayıb beynimə vururdu, istəyirdim yaralanmış pələng kimi üstünə atılıb dişimlə-dırnağımla didim-parçalayım. «Lənət şeytana» ⎯ deyib özümü güclə saxlayırdım. Su gətirməyə, şəhərə gəzməyə çıxmaq istəyəndə əvvəlcə pəncərədən baxırdım, onlardan heç kəsin çöldə-bucaqda olmadığını yəqinləşdirəndən sonra evdən çıxırdım ⎯ onlarla qabaq-qənşər gəlməyim deyə. Sahib də elə mənim günümdəydi. Əslində o, daha pis vəziyyətdəydi: dözə bilmirdi, uşaq olmağına baxmayaraq, canlı, boy-buxunluydu ⎯ qırıb çatardı hamısını bir saatın içində. Gec-tez əlindən bir xəta çıxacağı qorxusu gecə-gündüz məni tərk eləmirdi və elə hey Allaha yalvarırdım ki, bir şey eləməsin bu uşaq, tək heç yana buraxmırdım. Teymura deməmiş, əl altdan başqa bir sığınacaq axtarırdım, ancaq tapa bilmirdim. Sən təsəvvür elə, düşmən hesab elədiyin, görməyə gözün olmayan adamlarla hər gün ən azı üç-dörd dəfə rastlaşmaq necə də əzablı bir şeydi. Bunu sən başa düşməzsən, bəy. Bilirəm, bax, indicə sən ürəyindən keçirtdin ki, səni oradakı ermənilər incidiblər, qardaşını, sevdiyini, atanı
öldürüblər, evini yağmalayıblar, bunların nə günahı var axı? Yox, bəy. Sən və sənin kimilər səhv düşünürlər. İndiyəcən də bizimkilər yanlış fikirləşiblər. Beşinci ildə, on səkkizinci ildə, nə bilim daha sonralar, bizim yurdumuza su calayanlar, torpaqlarımızı qarış-qarış alanlar, günahsız körpələrimizi süngüyə keçirənlər, adamların kürəyinə yanar samovar bağlayanlar kim idilər? Onlar erməni deyildilərmi? Yoxsa yenə deyəcəksən ki, o ermənilərin bu ermənilərə nə dəxli var? Yox, bəy. Var, var. Aradakı uzun tarixi fasilə də onların əməllərinin üstündən xətt çəkib poza, dəyişə bilmir. Bilirsən niyə? Onlar öz uşaqlarına elə bələkdə ikən «Türk sənin düşmənindir, özünü türkdən qoru, ona heç vaxt inanma» ⎯ deyə layla çalırlar və o murdar hissi qan yaddaşına çevirirlər. O mərdlik, o ürəyiyumşaqlıq, o insaflılıq ki, bizdə, bizim millətdə var, onlarda yoxdu: uşağında da, cavanında da, qocasında da yoxdu, Aslan. Faşistlər bu qəddarlığı eləməyiblər, inan. İndi Ermənistan deyilən o xarabada ⎯ Allahın köməkliyi ilə tez bir zamanda yerlə-yeksan olacaq, baxarsan ⎯ öldürüb muzeyə qoymaq üçün belə, bir azərbaycanlı tapa bilməzsən: ucdantutma hamısını sürdülər və mən ilk dəfə onda sarsıldım, özümüzün acizliyimizə, miskinliyimizə, - bu söz nə qədər ağır və acı da olsa, - deyəcəyəm, qeyrətsizliyimizə baxıb yana-yana uşaq kimi hönkürdüm. Sahibsizliyimiz məni yandırdı, külə döndərdi. Qoyun sürüsü kimi qatdılar bizi qabaqlarına, ayaqyalın, başı açıq, varımızı-yoxumuzu götürməyə belə imkan vermədən öz doğma yerlərimizdən qovladılar bizi. Nə səsimizi eşidən oldu, nə fəryadımıza hay verən. Amma burda, şəhərin yaxşı, axar-baxarlı yerlərində, gözəl küçələrində cah-cəlallı evlərdə yaşayan erməniləri görəndə bu ağrım birə-on artdı və düşündüm ki, ilahi, niyə biz bu qədər heysiyyətsiz, qeyrətsiz olmuşuq? Çünki başbilənlərimiz heysiyyətsiz olublar.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-mocuze-birinci-hisse-ikinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əbdül hasarın dibindəki qarajın qapısını açmışdı ki, maşına hava dəysin. Özü isə ortalıqda dayanıb göyərçinlərə dən səpirdi. Gün günorta yerində idi və istisi yandırıb-yaxırdı. Əbdül əyninə ağ köynək keymişdi, başıaçıq idi—günəşin hərarəti seyrək tüklü başını, kürəklərini xoş bir gizilti ilə qarsalayırdı. Boynu zəncirli, iri, hündür köpək, qabaq ayaqlarını irəli uzadaraq qırmızı dilini çıxarıb ləhləyirdi. Toyuq-cücə ağac, dam-divar dibində kölgələnirdi.Darvaza döyüləndə Əbdül geri qanrıldı. Kim idisə, nabələd adam idi, zəngi basmaq əvəzinə dəmir qapını əlilə, bir az da ehtiyatla döyəcləyirdi. Əbdül dən qabını yerə qoyub irəli gəldi. «Kimsən, nəçisən» deyə soruşmadan kiçik qapını açanda çarşablı-yaşmaqlı bir qadının dayandığını görüb təəccübləndi. Yalnız gözləri işıldayırdı, sifəti, burnu örtülü olan qadın çəkinə-çəkinə Əbdülə nəzər saldıqda o, soruşdu:
Birinci hissə, on beşinci fəsilZərrintac xanım gözlərini açdı—nəzərinə ilk sataşan şey tavan oldu. Pəncərənin açıq pərdəsindən içəri günəş şüası düşmüşdü, qızıl şərf kimi uzanıb döşəmədən keçərək çarpayısının baş ucuna dirənmişdi. Demək səhər çoxdan açılmışdı.Başı dumanlı idi, ağrıyırdı. «Nə bir tünd qəhvə içərdim!» — deyə ürəyindən keçirtdi. Köhnə adəti üzrə ya Elməddin, ya da Siminbəri səsləmək istədi, səslədi də. Ancaq kimsənin hay vermədiyini görüb xatırladı ki, onlar yoxdu. Ona qəhvə gətirən olmayacaq.
Birinci hissə, on altıncı fəsilƏbdülün verdiyi yüzlük köz parçasına dönüb Heyranın əlini yandırırdı. Əvvəlləri yadına gəlmirdi, ancaq Cabbarla yaşadığı bu on beş-on altı ildə Heyran heç vaxt əlində yüzlük tutmamışdı, gördüyü pullar qəpik-quruş olmuşdu, ən çox dəmir pullar. Barmaqla sayıla biləcək qədər də onluq və iyirmilik görmüşdü. Cabbarın axşamlar şəhərdən — bazardan evə dönərkən gətirdiyi pullar arasında göy rəngli iyirmilik görəndə Heyran özünü xoşbəxt sayırdı, dövlətli hesab eləyirdi. Ancaq indi, birdən-birə yüzlüyü vardı və onu tanımadığı, birinci dəfə gördüyü bir şəxs vermişdi. Bacısının nökəri, indi Dünyanın uşağının dayəsi olan Əbdül. Pulu ovcunun içində bərk-bərk sıxmışdı, əlinin tərlədiyini də hiss eləmirdi. İti, tələsik addımlarla bazara tərəf gedə-gedə Allaha yalvarırdı ki, qan-qada bacısının başından uzaq olsun, qayıdıb balasının yanına gəlsin; o gəlsə, uşaq yetimçilik görməz, o gəlsə, Dünya Heyran xanıma da—xəstə əri ilə dörd divar arasında tək-tənha, köməksiz, ehtiyac içində çırpına-çırpına boğulan bacısına da əl tutar yəqin, bu qədər var-dövlətdən onlara da hərdən bir görüm-baxım eləyər. Ürəyində bacısından ötəri allah dərgahına əl qaldırıb dua-səna elədikdən sonra o, Əbdülü zahirən sakit, adicə bir nökər təsiri bağışlayan, əslində isə o cah-cəlallı ev-eşiyin sahibi olan, bacısının yeganə yadigarına öz doğma balası kimi baxan, ömrünün axırınacan da baxacağına and içən, nəhayət, yumşaq qəlbli, dar gündə başqasına əl tutmağı bacaran Əbdülü xatırlayır, ona uzun ömür arzulayırdı. Əbdül sadə idi, qayğıkeş idi, qonaqpərvər idi. O, necə də Heyranın danışığından vəziyyətlərinin ağır olduğunu başa düşmüşdü, minnətsiz-filansız ona yüz rupi gətirib vermişdi. Bunu indiki zamanada kim eləyərdi? Qonşunun evində axşamacan işləyəndə ona beş-on rupi pul verirdilər, onu da necə? Gecə yatanda da əlləri, ayaqları zoqquldayırdı, sümükləri sızıldayırdı? Ancaq Əbdül... yəqin bacısı Dünya evdə olsaydı, görüşübqucaqlaşıb ağlaşandan, sakitləşəndən, onun gününü-güzəranını öyrənəndən sonra lap çox pul verərdi. Yox, onun pulu da lazım deyil, təki özü sağ-salamat olsun, qayıdıb balasının üstünə, isti xanimanına qayıdıb gəlsin — ona, Heyran xanıma heç nə lazım deyildi.Heyran bu qatmaqarışıq düşüncələr əlində çırpına-çırpına özünü Çaharrahi meydanındakı bazara yetirmiş, ət, pendir, yağ, meyvə, göy-göyərti almış, Daruləmana gedən avtobusa minərək evə gəlmişdi. Bir əlində tor zənbil, o birində pulun qalanını—altmış beş rupini tutmuşdu. Ürəyi sevinc-qarışıq bir həyacanla döyünürdü. Dayanacaqdan evə gələnəcən düşünmüşdü ki, gedən kimi isti xörək bişirəcək, son vaxtlar lap zəifləyib əldən düşmüş Cabbarı doyunca yedirdəcək, alma verəcək. Cabbar yeyəcək, gözlərinə işıq gələcək, Heyrana «çox sağ ol» deyəcək. Ondan sonra necə gedib bacısının evini tapdığını, bacısı balasını gördüyünü danışacaq və Cabbar da sevinəcək.
Birinci hissə, on yeddinci fəsilAğayi Siracəddin şəhərə «ova» çıxmışdı. Maşınsız idi. Ləbidərya ilə sırayla düzülmüş dükanların qabağından keçə-keçə küçəyə, gəlib ötənlərə göz yetirir, əlsiz-ayaqsız, yurdsuz-yuvasız, sahibsiz qız-gəlinə rast gələcəyi ümidilə addımlayırdı. Əlindəki sür təsbehin dənələrini şıqqıltı ilə çevirir, dodağaltı zümzümə edir, hərdən, tanış dükan sahibləri, tacirlərlə salamlaşırdı.Havanın nəfəsi soyumuşdu, hardansa uzaqlardan ağır-ağır gələn payızın hənirtisi duyulurdu. Kefi kök, damağı çağ ağayi Siracəddinin əlində təbiətə hökm eləmək iqtidarı olsaydı, yağışlı leysanlı payızın gəlişini daha da sürətləndirər, bacardıqca onu tez yola salar, qarlı-çovğunlu, qasırğalı-tufanlı qışı gətirər, dağların ovcunun içində yerləşən bu şəhərə soyuğun hökmü ilə hökmranlıq edərdi. Bunun da səbəbi vardı — səbəbi bu idi ki, məhz qışda ağayi Siracəddinin «ovu» uğurlu olurdu, yazda-yayda — isti havalarda özünə yüngülvarı sığınacaq yeri tapmış yetim qızlar, ehtiyacın küçələrə saldığı qadınlar soyuğun kəskin qılıncının küt zərbələrinə dözməyərək küçələrə, bazarlara, dükan qabaqlarına çıxır, sadəcə, sığınacaq üçün gəlib-gedənlərə əl açır, bir qarın çörəyə, bir isti bucağa hər cür təklifə razı olurdular. Məhz bu zaman ağayi Siracəddin yağlı dilini, pulunu, «xeyirxahlığını» işə salır, toruna düşənləri öz «müəssisəsinə» gətirirdi. Bu gün də o, bu məqsədlə şəhərə çıxmışdı. Qəlbində müvəffəqiyyətə o qədər də inamı yox idi, amma hər halda «gəzən ayağa daş dəyər» deyərək küçələri dolaşırdı. Qocanın ürəyində xoş bir əhvali-ruhiyyə vardı, nəzərləri orda-burda olsa da Zərrintac xanımla keçirdiyi o qəribə gecəni tez-tez xatırlayıb gülümsünür, onun ağ bədənini, sərxoş baxışlarını, üstündən aydan çox keçsə də, unuda bilmirdi. Zərrintacın telefonda qışqır-bağır salmağını yad eləyib öz-özünə deyirdi: «heç çapalama, quzum. Sən daha mənim əlimdəsən, heç yana qaça bilməzsən, quzum.»
Başqa şairlərin şeirləri
Sabir! Ey sən sevimli şairimiz,Müqtədir, duzlu sözlü Sabirimiz!
Demişdim bir kəz bəli ey yar səndən dönməzəmDemişdim bir kəz bəli ey yar səndən dönməzəm,Gəl Zəkərya tək sərimdən yar səndən dönməzəm.
TürklərOl qoçaq iranlılar,Ol igit osmanlılar,
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,