Birinci hissə, ikinci fəsil
Səhifə 13 / 16 · 75%
Nə isə… O həyətdə bir xarrat da yaşayırdı. Adı Qarik idi, familləri Muradyandı. Ailə böyük deyildi: özüydü, arvadıydı, orta məktəbdə oxuyan qızıydı və bir də Slavik adında bir oğluydu. Bu Slavik əsgərlikdən təzə gəlmişdi, hansı zavoddasa işləyirdi. Ucaboy, enlikürək bir oğlan idi. Həyət-bacada az-az görünərdi ⎯ səhər tezdən gedərdi, axşam şər qarışandan sonra qayıdardı. Yalnız bazar günləri ev-eşikdə tapılardı: onda da küçə darvazasının qabağında məhəllə cavanlarını başına yığıb nəsə danışar, onları güldürərdi. Teymurun mənzilinin pəncərəsi küçəyə baxdığından onları çox vaxt elə ordan görür, elə ordan danışıqlarını eşidirdim. O uşaqların xeylisinin adını da öyrənmişdim. Hə, bax, bu Slavikin gözü deyəsən məni tutmuşdu, imkan düşəndə, qabaq-qənşər gələndə mənə çox diqqətlə baxır, nəsə demək istəyir, ancaq mən buna imkan vermirdim. İstirahət günləri evdə olanda gözlərini pəncərəmizdən çəkmirdi. «Ay sən öləsən, dığa köpək oğlu» ⎯ deyirdim ürəyimdə. Bizim dilimizi ana dili kimi bilirdi. Danışanda heç deməzdin ki, ermənidi. Mən də, orda, ermənilərin arasında yaşayanda o dili öyrənmişdim, danışığım erməni qızlarının danışığından seçilməzdi. Ancaq burda, həyətdə bir kəslə ermənicə danışmadığımdan heç kim bilmirdi ki, mən o dili başa düşürəm. Axşamçağılar həyətə, yeganə tut ağacının altına, su kranının başına yığışıb qardu-qurdu eləyirdilər və bir çox söhbətlərini mən, su götürməyə gələndə, çirkli qab-qaşığı yuyanda eşidirdim və axşam Teymura danışırdım ki, filan-filan kəs köçməyə hazırlaşır, filankəs evini iki yüz minə satıb, bu gün-sabah gedəcək: konteyner gözləyir. Və günlərin birində elə gecəykən, həmin Slavikin ailəsi də harasa köçüb getdi. Bu, səksən doqquzun axırlarında olmuşdu. Hər erməni ailəsi köçüb getdikcə mənim ürəyimdə toy-bayram olurdu: ancaq məni bir şey yamanca yandırırdı ⎯ biz evlərimizi, mal-qaramızı, var-dövlətimizi quruluca qoyub gəlmişdik, daha doğrusu, götürməyə imkan da verməmişdilər.
Milisi, ispolkomu, raykomu durmuşdu başımızın üstündə, «haydı, tez, tez» ⎯ deyib tələsdirir, göz açmağa aman vermirdilər. Lakin onlar… burdan gedən ermənilər, bizim xoşqeyrətliyimiz üzündən arın-arxayın, rahat, hətta evlərini də satıb köçürdülər. Hətta bizim milis nəfərləri də dayanırdı yanlarında ki, birdən onlara «gözün üstə qaşın var» ⎯ deyən olar bizimkilərdən. Yox. Mən bilirəm: bunun mahiyyətini sən başa düşməzsən, Aslan. Bu, məni yandıran kimi, səni yandırmaz. Çünki sən torpağını qoyub gəlməyibsən, evini-eşiyini qoyub gəlməyibsən ki. Səni təhqir etməyiblər ki. Orada, bizim Həsənağa adlı bir qonşumuz vardı. Səkkiz qız atasıydı. Böyüyünün on səkkiz yaşı hələ tamam olmamışdı: su sonası kimi bir gözəl idi ki, yemə, içmə, otur xətti-xalına, gül camalına tamaşa elə. Bütün kənd qızlarının gözüydü Meyxoş. O qədər istəyəni vardı ki. Ancaq Həsənağa vermirdi hələ, deyirdi uşaqdı. Arvadı da ölmüşdü deyə kişi onu vermək istəmirdi ki, balaca bacılarını da bir yana çıxara bilsin Meyxoş. Ancaq… deyir, sən saydığını say, gör fələk nə sayır. Həmin o köçhaköç günündən bir gün qabaq, gecə yarıdan keçmiş, erməni dığaları Həsənağanın evinə soxulmuş, kişini elə alt tuman-köynəkdə tutub əl-qolunu bağlamış, elə gözünün qabağındaca Meyxoşu… zorlamışdılar. Bundan heç kəsin xəbəri olmamışdı, çünki dığalar o biri qızları evə salıb qapını da çöldən kilidləyiblərmiş. Onlar gedəndən sonra, bir təhər əl-qolunu açan kişi, başına hava gəlmişdimi, sarsılmışdımı, bilmirəm, damda gizlədiyi ov tüfəngini götürüb, döşəmədə yarıçılpaq halda çabalayan, hələ də özünə gəlməmiş biçarə Meyxoşu ⎯ öz doğma ciyərparasını güllələmişdi. Qonum-qonşu onun atdığı güllə səsinə qaçıb həyətə girəndə Meyxoş artıq canını tapşırmışdı və Həsənağa əlində tüfəng, ora-bura qaçaraq, dəli kimi qışqırır və ağlayaraq: «Meyxoşum özü dedi məni öldür, özü dedi, özü» dedi. Mən onda, ömrümdə birinci dəfəydi ki, dəli olmuş adam görürdüm və bu elə bir mənzərə idi ki, innən belə min il də yaşasam, yadımdan çıxmaz, heç cür unuda bilmirəm. Hətta üç gün sonra, meşədə, ağacların arasında şaxtanın şiddətindən gözümüzün qabağında ağaca dönən atamın faciəsi də ⎯ nə qədər qəribə görünsə də ⎯ mənə elə pis təsir etməmişdi. Bəlkə ona görə idi ki, onda artıq Meyxoşun müsibətini görmüşdüm, sarsılıb keyləşmişdim?!
İndi həmin Həsənağa kişi ⎯ çox sevdiyi anası kimi, körpəsi kimi əzizlədiyi balasını öz əlilə qətlə yetirən adam, yeddi başsız uşağını sahibsiz buraxıb Maştağa dəlixanasında yatır. Daha doğrusu yatmır, yatızdırırlar: saxlaya bilmədiklərindən, qaçıb daha başqa bir fəlakət törətməsindən qorxduqlarından, həkimlər onu zəncirdə saxlayırlar orda. Camaatımızdan ⎯ yanına gedib gələnlərdən eşitmişəm ki, Həsənağa kişi ⎯ bu gün-sabahlıqdır, öləcək və bir də heç vaxt balalarının üzünü görə bilməyəcək.
Leylanın bu uzun və onun üçün çox maraqsız görünən söhbətinə candərdi qulaq asan Aslan, yerində qurcuxub Həsənağanın faciəsinə acıyırmış kimi:
⎯ Orda baş həkim mənim tanışımdır, Leyla xanım. ⎯ söylədi: ⎯ Bəlkə…
Leyla xanım gözlərini ani olaraq yumub sonra açaraq:
⎯ Eh, neynəyəcək baş həkim? ⎯ dedi, mənalı-mənalı qımışdı: ⎯ Əgər ağıllı adamı dəli eləməkdən söhbət getsəydi, siz bunu məharətlə bacarardınız, Aslan bəy. Amma dəlini ağıllandırmağa sənin də, sənin baş həkim dostunun da gücü çatmaz.
⎯ Elə hey sancırsız məni, Leyla xanım ⎯ dedi Aslan. ⎯ Səndən olsa, dünyanın bütün bəd işlərini, pis əməllərini yığıb mənim boynuma qoyarsan, yenə ürəyin soyumaz. ⎯ Aslanın səsindəki incikliyi Leyla duymaya bilməzdi. Duymuşdu, ona görə də səsinin ahəngini bir az yumşaldıb:
⎯ Düz deyirsən, bəy. Məni də qınama. Sənin dediyin bu bəd əməllərdə əsl günahkar olan adamlar əlimə keçmir ki, deyəm, ürəyimi boşaldam. Onların arasından taleyin hökmü ilə sən düşmüsən əlimə, ona görə sənə deyirəm və sən nə qədər özünü yuyub pambıq üstünə qoymağa çalışsan da, bilirəm və sən özün də yaxşıca bilirsən ki, sən də günahsız deyilsən, bəy. Günahın isə böyüyü, balacası yoxdu. Onun üçün sən məndən inciməməli-sən. Bu sözləri sənə deyirəm, elə bilirəm hamıya deyirəm. Və bunu da bil ki, tək mən demirəm bu sözləri sənə, sizə, onlara. İndi az-çox ağlı başında olan, həyatı, siyasəti az-maz bilən, düşüncəli, qabiliyyətli hər kəsin ürəyini deşən sözlərdi bu sözlər. Kimə deyək, hara deyək, necə deyək? Yoxdu belə bir yer, belə bir tribuna, Aslan. Və elə bir oğul da yoxdur ki, sizin hamınızın qolunu qandallayıb bir damın altına yığa, müttəhimlər kürsüsündə oturda və bir-bir əməllərinizi, xəyanətlərinizi üzünüzə, gözünüzün içinə oxuya, hər kəsə günahına görə cəzasını verə və bu öz-özünə danışmaqdan az qala dəli olmaq dərəcsinə gəlmiş xalqın ürəyini soyuda. Hələ ki, yoxdu elə bir oğul.
Aslan daha heç nə deməyib siqaretini yandırdı, öskürdü. Leyla da nəfəsini dərib bir an fikrə getdi, harada qaldığını xatırlamaq istədi, ancaq yadına sala bilməyib sual dolu baxışlarını Aslanın üzünə zillədikdə Aslan onu başa düşdü:
⎯ Həsənağadan danışırdın, Leyla xanım.
Leyla qımışdı:
⎯ Həsənağa elə birdən yadıma düşdü. Mən ayrı şeydən danışırdım, söz-sözü çəkdi, mətləbdən uzaqlaşdım. Vaxt o vaxt idi ki, mitinqlər, nümayişlər şəhəri ağzına alıb gedirdi. Xəstələr də, qocalar da, uşaqlar da axışıb meydana tökülürdü az qala hər gün. Hamının canına bir mitinq xəstəliyi yoluxmuşdu elə bil. Harada bir yığıncaq olurdu, mən ordaydım. Artıq özümü haqq deyib hayqıran kütlənin ayrılmaz bir zərrəsi hesab edirdim. Sahib də məndən geri qalmırdı. İmperiyanı da söyürdük, sizi də, Aslan. Siz onda, o gərgin günlərdə yayda sərin, qışda isti kabinetlərinizdən çıxmırdınız. Qorxurduz. Qorxmaya da bilməzdiniz. Moskvanın zənbilnən gətirib bir-iki saatın içində bu xalqın, bu torpağın BİRİNCİSİ elədiyi adam qaynar qazanın içinə atılmış kimi, çaşıb qalmışdı, odla su arasındaydı: yuxarı baxırdı ⎯ bığdı, aşağı baxırdı ⎯ saqqal. Yuxarıda Moskvaydı, aşağıda öz xalqı. Bilmirdi hansını tutsun. Hansını tuturdu, əli yanırdı. Meydan isə kükrəyirdi, onu ortalığa çıxmağa çağırırdı.
Camaat hələ onda inamını tamam itirməmişdi, yatsaydı, heç kəs yuxusunda da görə bilməzdi ki, çörəyimizi yeyən, tankları benzinimizlə işləyən o vəhşi qaniçənlər bir az sonra bizi ⎯ əliyalın camaatı gülləbarana tutacaqlar.
Mən yolun qırağında, səkinin üstündə, küknar ağacının dibində dayanmışdım. Doğrusu, ac idim, ürəyim sıyrılırdı. Üstəlik əynim-başım da nazik idi, üşüyürdüm, içəridə ürəyim yarpaq kimi əsirdi. Ancaq nə aclıq, nə soyuq eynimə deyildi. Barrikadanın o tərəfində dayanmış əsgərlərin, hərbi texnikanın arasından heç bilmək olmurdu ki, kimdi ucadandanışanla nə isə deyən, təhlil eləyən, dağılışmağımızı tələb eləyən. Lakin daha adamları buradan qopara biləcək bir qüvvə yox idi: heç kəs onun dediklərinə məhəl qoymurdu. Saat on ikinin yarısında bir tank ⎯ barrikadanın o tərəfində ertədən dayanıb lüləsini də «Qızıl ordu» heykəlinə tuşlamış qırx üç nömrəli tank hərəkətə gəldi, nərildəyə-nərildəyə, ancaq asta sürətlə bizə tərəf yeridi. Məndən azca aralı, sement-beton dirəyin başındakı neon lampası dövrəmizi yaxşı işıqlandırdığından, adamların üzünü də, gələn tankın tırtıllarını da aydın görə bilirdim. O nəhəng ölüm maşını tuşumuza çatar-çatmaz ⎯ əmrmi verdilər, xarabmı oldu ⎯ bilmirəm ⎯ yerindəcə silkələnib dayandı: tankın yuxarı qapısı ⎯ lük deyirlər ⎯ başım çıxmır ⎯ açıldı və saçları çiyninə tökülmüş, başında furajka olan bir adam dikəlib ətrafa boylandı. Üzünü bəri, bizə sarı çevirəndə… dondum. Ay allah, bu ki, bizim qonşu Slavikdi. Hə, odur, özüdür ki, var. Birdən nədənsə az qala hər şeyi unudaraq, qeyri-iradi: «Slavik, sən orda neynirsən?» qışqırmaq istədim, ancaq nagahan içimdən qopan o səs dişlərimə, dodaqlarıma ilişib ağzımdaca öldü. Əsməcə tutdu məni. Qabağımda dayanmış ucaboy adamın çiyinləri üstündən ona yaxşı baxa bilmədiyim üçün, pəncələrim üstə qalxıb diqqətlə fikir verdim Slavikə. Kökəlmişdi, çiyinlərinə düşən sarı saçları rəngində saqqal da saxlamışdı. Gözü-başı qaynayan ⎯ nəşəmi çəkmişdi, araqmı içmişdi ⎯ Slavik ətrafa nəzər salanda ⎯ elə bil adamların arasında kimisə axtarırdı ⎯ birdən gözləri məni aldı: gördüyünə inanmırmış kimi, fikrini cəmləyib bir də baxdı: yox, səhv etmirdi. Bu, mən idim, onun qonşuluğunda yaşayan qız idim. Sanki özünü itirdi, nə düşündüsə, təhlükəli bir şey hiss eləmiş tısbağa kimi, tez başını o dəmir qınına ⎯ tankının içinə çəkdi, lük örtüldü. Yan-yörəmə nəzər saldım, böyrümdə bayaqdan dayanıb elə hey siqaret çəkən silindirli kişiyə yavaşcadan dedim:
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-mocuze-birinci-hisse-ikinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əbdül hasarın dibindəki qarajın qapısını açmışdı ki, maşına hava dəysin. Özü isə ortalıqda dayanıb göyərçinlərə dən səpirdi. Gün günorta yerində idi və istisi yandırıb-yaxırdı. Əbdül əyninə ağ köynək keymişdi, başıaçıq idi—günəşin hərarəti seyrək tüklü başını, kürəklərini xoş bir gizilti ilə qarsalayırdı. Boynu zəncirli, iri, hündür köpək, qabaq ayaqlarını irəli uzadaraq qırmızı dilini çıxarıb ləhləyirdi. Toyuq-cücə ağac, dam-divar dibində kölgələnirdi.Darvaza döyüləndə Əbdül geri qanrıldı. Kim idisə, nabələd adam idi, zəngi basmaq əvəzinə dəmir qapını əlilə, bir az da ehtiyatla döyəcləyirdi. Əbdül dən qabını yerə qoyub irəli gəldi. «Kimsən, nəçisən» deyə soruşmadan kiçik qapını açanda çarşablı-yaşmaqlı bir qadının dayandığını görüb təəccübləndi. Yalnız gözləri işıldayırdı, sifəti, burnu örtülü olan qadın çəkinə-çəkinə Əbdülə nəzər saldıqda o, soruşdu:
Birinci hissə, on beşinci fəsilZərrintac xanım gözlərini açdı—nəzərinə ilk sataşan şey tavan oldu. Pəncərənin açıq pərdəsindən içəri günəş şüası düşmüşdü, qızıl şərf kimi uzanıb döşəmədən keçərək çarpayısının baş ucuna dirənmişdi. Demək səhər çoxdan açılmışdı.Başı dumanlı idi, ağrıyırdı. «Nə bir tünd qəhvə içərdim!» — deyə ürəyindən keçirtdi. Köhnə adəti üzrə ya Elməddin, ya da Siminbəri səsləmək istədi, səslədi də. Ancaq kimsənin hay vermədiyini görüb xatırladı ki, onlar yoxdu. Ona qəhvə gətirən olmayacaq.
Birinci hissə, on altıncı fəsilƏbdülün verdiyi yüzlük köz parçasına dönüb Heyranın əlini yandırırdı. Əvvəlləri yadına gəlmirdi, ancaq Cabbarla yaşadığı bu on beş-on altı ildə Heyran heç vaxt əlində yüzlük tutmamışdı, gördüyü pullar qəpik-quruş olmuşdu, ən çox dəmir pullar. Barmaqla sayıla biləcək qədər də onluq və iyirmilik görmüşdü. Cabbarın axşamlar şəhərdən — bazardan evə dönərkən gətirdiyi pullar arasında göy rəngli iyirmilik görəndə Heyran özünü xoşbəxt sayırdı, dövlətli hesab eləyirdi. Ancaq indi, birdən-birə yüzlüyü vardı və onu tanımadığı, birinci dəfə gördüyü bir şəxs vermişdi. Bacısının nökəri, indi Dünyanın uşağının dayəsi olan Əbdül. Pulu ovcunun içində bərk-bərk sıxmışdı, əlinin tərlədiyini də hiss eləmirdi. İti, tələsik addımlarla bazara tərəf gedə-gedə Allaha yalvarırdı ki, qan-qada bacısının başından uzaq olsun, qayıdıb balasının yanına gəlsin; o gəlsə, uşaq yetimçilik görməz, o gəlsə, Dünya Heyran xanıma da—xəstə əri ilə dörd divar arasında tək-tənha, köməksiz, ehtiyac içində çırpına-çırpına boğulan bacısına da əl tutar yəqin, bu qədər var-dövlətdən onlara da hərdən bir görüm-baxım eləyər. Ürəyində bacısından ötəri allah dərgahına əl qaldırıb dua-səna elədikdən sonra o, Əbdülü zahirən sakit, adicə bir nökər təsiri bağışlayan, əslində isə o cah-cəlallı ev-eşiyin sahibi olan, bacısının yeganə yadigarına öz doğma balası kimi baxan, ömrünün axırınacan da baxacağına and içən, nəhayət, yumşaq qəlbli, dar gündə başqasına əl tutmağı bacaran Əbdülü xatırlayır, ona uzun ömür arzulayırdı. Əbdül sadə idi, qayğıkeş idi, qonaqpərvər idi. O, necə də Heyranın danışığından vəziyyətlərinin ağır olduğunu başa düşmüşdü, minnətsiz-filansız ona yüz rupi gətirib vermişdi. Bunu indiki zamanada kim eləyərdi? Qonşunun evində axşamacan işləyəndə ona beş-on rupi pul verirdilər, onu da necə? Gecə yatanda da əlləri, ayaqları zoqquldayırdı, sümükləri sızıldayırdı? Ancaq Əbdül... yəqin bacısı Dünya evdə olsaydı, görüşübqucaqlaşıb ağlaşandan, sakitləşəndən, onun gününü-güzəranını öyrənəndən sonra lap çox pul verərdi. Yox, onun pulu da lazım deyil, təki özü sağ-salamat olsun, qayıdıb balasının üstünə, isti xanimanına qayıdıb gəlsin — ona, Heyran xanıma heç nə lazım deyildi.Heyran bu qatmaqarışıq düşüncələr əlində çırpına-çırpına özünü Çaharrahi meydanındakı bazara yetirmiş, ət, pendir, yağ, meyvə, göy-göyərti almış, Daruləmana gedən avtobusa minərək evə gəlmişdi. Bir əlində tor zənbil, o birində pulun qalanını—altmış beş rupini tutmuşdu. Ürəyi sevinc-qarışıq bir həyacanla döyünürdü. Dayanacaqdan evə gələnəcən düşünmüşdü ki, gedən kimi isti xörək bişirəcək, son vaxtlar lap zəifləyib əldən düşmüş Cabbarı doyunca yedirdəcək, alma verəcək. Cabbar yeyəcək, gözlərinə işıq gələcək, Heyrana «çox sağ ol» deyəcək. Ondan sonra necə gedib bacısının evini tapdığını, bacısı balasını gördüyünü danışacaq və Cabbar da sevinəcək.
Birinci hissə, on yeddinci fəsilAğayi Siracəddin şəhərə «ova» çıxmışdı. Maşınsız idi. Ləbidərya ilə sırayla düzülmüş dükanların qabağından keçə-keçə küçəyə, gəlib ötənlərə göz yetirir, əlsiz-ayaqsız, yurdsuz-yuvasız, sahibsiz qız-gəlinə rast gələcəyi ümidilə addımlayırdı. Əlindəki sür təsbehin dənələrini şıqqıltı ilə çevirir, dodağaltı zümzümə edir, hərdən, tanış dükan sahibləri, tacirlərlə salamlaşırdı.Havanın nəfəsi soyumuşdu, hardansa uzaqlardan ağır-ağır gələn payızın hənirtisi duyulurdu. Kefi kök, damağı çağ ağayi Siracəddinin əlində təbiətə hökm eləmək iqtidarı olsaydı, yağışlı leysanlı payızın gəlişini daha da sürətləndirər, bacardıqca onu tez yola salar, qarlı-çovğunlu, qasırğalı-tufanlı qışı gətirər, dağların ovcunun içində yerləşən bu şəhərə soyuğun hökmü ilə hökmranlıq edərdi. Bunun da səbəbi vardı — səbəbi bu idi ki, məhz qışda ağayi Siracəddinin «ovu» uğurlu olurdu, yazda-yayda — isti havalarda özünə yüngülvarı sığınacaq yeri tapmış yetim qızlar, ehtiyacın küçələrə saldığı qadınlar soyuğun kəskin qılıncının küt zərbələrinə dözməyərək küçələrə, bazarlara, dükan qabaqlarına çıxır, sadəcə, sığınacaq üçün gəlib-gedənlərə əl açır, bir qarın çörəyə, bir isti bucağa hər cür təklifə razı olurdular. Məhz bu zaman ağayi Siracəddin yağlı dilini, pulunu, «xeyirxahlığını» işə salır, toruna düşənləri öz «müəssisəsinə» gətirirdi. Bu gün də o, bu məqsədlə şəhərə çıxmışdı. Qəlbində müvəffəqiyyətə o qədər də inamı yox idi, amma hər halda «gəzən ayağa daş dəyər» deyərək küçələri dolaşırdı. Qocanın ürəyində xoş bir əhvali-ruhiyyə vardı, nəzərləri orda-burda olsa da Zərrintac xanımla keçirdiyi o qəribə gecəni tez-tez xatırlayıb gülümsünür, onun ağ bədənini, sərxoş baxışlarını, üstündən aydan çox keçsə də, unuda bilmirdi. Zərrintacın telefonda qışqır-bağır salmağını yad eləyib öz-özünə deyirdi: «heç çapalama, quzum. Sən daha mənim əlimdəsən, heç yana qaça bilməzsən, quzum.»
Başqa şairlərin şeirləri
Sabir! Ey sən sevimli şairimiz,Müqtədir, duzlu sözlü Sabirimiz!
Demişdim bir kəz bəli ey yar səndən dönməzəmDemişdim bir kəz bəli ey yar səndən dönməzəm,Gəl Zəkərya tək sərimdən yar səndən dönməzəm.
TürklərOl qoçaq iranlılar,Ol igit osmanlılar,
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,