Səhifə 3 / 16 · 13%

⎯ A, gəldin, ⎯ dedi. ⎯ Keç yuxarı başa, xahiş eləyirəm, utanma, sıxılma, özünü evinizdəki kimi hiss elə, sən Allah, Leyla xanım. Utanan, sıxılan adam görəndə mən düzü, əsəbləşirəm. Yox, əvvəl bura, o biri otağa keç, şifoneri aç, bizim arvadın ⎯ o, bu sözü deyəndə qaralıb boğuldu, ⎯ hə, oradakı paltarların, xalatların hansını bəyənirsənsə, götür gey, rahatlan.

⎯ Yox, sağ ol. Elə belə yaxşıdı. Özgə paltarı adamı sıxır.

⎯ Çox xahiş eləyirəm, mənim sözümü yerə salma, Leyla xanım. Keç, dəyiş paltarını. Elə ölçünüz bir olar. O da sən boybuxundadı. Hə, niyə durmusan? İnciyərəm ha. Gəl bura ⎯ deyib özü düşdü qabağa və Leylanı içəri dəvət elədi. Leyla könülsüz də olsa dalınca yan otağa keçdi. Aslan şifonerin qapısını taybatay açaraq: ⎯ Buyur, bəyəndiyini gey, gəl. Mən də sənin üçün bir şey hazırlayım. Çaydan, çörəkdən… ⎯ deyib kölgə kimi çəkilib gözdən itdi.

Küncə qoyulmuş televizoru yandırdı: məşhur müğənninin yanıqlı, ürəyə işləyən səsi otağı başına götürəndə Aslan yamanca sevindi: o müğənninin dəlisiydi, mahnılarına qulaq asmaqdan doymazdı, yorulmazdı, səsini eşidəndə nə dərdi-səri olsaydı unudardı, işini-gücünü kənara qoyub dinləyərdi, dincələrdi. Amma evdəki Leylanın ondan xoşu gəlməzdi. «Nə var ey, onda bilmirəm. Onun nəyinə pərəstiş eləyirsən, başım çıxmır. Balası ölmüş arvad kimi mələyir, vəssalam». Amma bir gün Aslan onun qarnının ağrısını başa düşmüşdü: məlum olmuşdu ki, Leyla ərini ona qısqanır. Müğənni oxuyanda Aslan divanda əyləşib gözlərini ekrandan çəkməzdi, ətrafdakı hər şeyi, hətta arvadını, qonaqlarını belə unudardı. Belə məqamların birində Aslan ekrana, Leyla isə onun, yəni ərinin sifətinə baxarkən təsadüfən kişinin udqunduğunu görmüş və bu onu lap hövsələdən çıxarmışdı. «Nu, eto uje slişkom mnoqo, Aslan. Əgər sən düz adamsansa, niyə ona baxıb elə ac adam kimi udqunursan? Əgər onu bu qədər istəyirsən, zəng elə, qoy gəlsin. Pomoemu, ona tebe ne otkajet». «Tı dura, bolşe nikto. Tı ee sovsem neznaeş. Ona voobşe ne takaya».

«Eh, bu hardan yadıma düşdü?» ⎯ deyib tələsməsinə baxmayaraq, stul çəkib oturdu. Deyəsən, təzə mahnıydı ⎯ indiyəcən eşitdiyini xatırlaya bilmirdi. Müğənni az qala ağlaya-ağlaya oxuyurdu:

Başı qarlı dağam, gülüm,

Sənsiz yaşaya bilmirəm.

Bir qanadsız quşam inan,

Dənsiz yaşaya bilmirəm.


Olsam gərəksiz yaşaram,

Susuz, çörəksiz yaşaram,

Mən bu ürəksiz yaşaram,

Sənsiz yaşaya bilmirəm.

Nə sadə, amma ürəkdən gələn sözlər idi bunlar, ilahi! Məgər müğənni bu mahnını məhz onun üçünmü oxuyurdu? O da bu hissləri yaşamışdı ⎯ Tanrıgülə eynən bu cür, bütün varlığından qopub gələn şirin sözlər azmı demişdi? Şerlə yox, elə-belə, adi sözlərlə. Yana-yana, bəzən ağlaya-ağlaya. Xüsusilə son vaxtlar. Demişdi, yalvarmışdı. O isə dinləmişdi, sonra da nə «hə», nə də «yox» demədən çıxıb getmişdi. Niyə? Bax, bu «niyələr» idi Aslanı dəli eləyən, falçıya, cadugərə tapındırın. O bu suallara cavab axtara-axtara az qalmışdı ki, ağlını itirsin, özünü öldürsün. Tanrıgülün isə fikri-xəyalı başqa aləmdəydi.

Nə isə, müğənni oxuyurdu. Hayıf tez qurtardı konsert. Sən demə, çoxdan başlamışmış.

Aslan mahnının təsiri altında, Tanrıgülü düşünə-düşünə süfrə açmağa başladı. Yaxşı ki, dünəndən bütöv bir təndir çörəyi qalmışdı, bəsləriydi. Soyuducudan kərə yağ, kürü, pendir, pomidor-xiyar, qəzetə bükülmüş göy-göyərti çıxartdı, stolun üstünə düzdü. Konyak şüşəsinə baxıb xeyli fikirləşdi, «qoyum», «qoymayım» deyə xeyli götür-qoy elədi. Və nəhayət, onu da gətirib ortalığa qoydu. Servantdan iki qədəh götürüb, içini təmiz dəsmalla sildi. «İçər görəsən? Yox, belə adamlar Allah adamı olur, içməz. Eybi yox, o içməz, mən bir-iki qədəh vuraram. İçməsəm, dilim-ağzım bağlanacaq, danışa bilməyəcəyəm. Allah bunu hayandan yetirdi? Yox, onu əldə saxlamalıyam, saxlamalıyam». Aslan başını qaldıranda səksəndi: sanki Leylaydı ⎯ arvadı Leyla. Özünü itirdi bir anlığa. Onun bu qorxusunu hiss eləyən Leyla qımışdı:

⎯ Çox oxşadım sənin Leylana?

⎯ Çox dedin qoydun? Bağrım yarıldı.

⎯ Ondan yəni elə qorxursan?

⎯ Yox əşşi. Qorxub eləmirəm. Sadəcə fikirləşdim ki, yəqin sən nə isə elədin, özün çıxıb getdin, o gəldi bura. Bunu isə indi mən istəmirdim.

⎯ Niyə?

⎯ Necə niyə? Heç hənanın yeridir? Sənin kimi bir adam göydən gəlib düşüb əlimə, bu yandan o durub gəlsin? ⎯ Aslan Leylaya təpədən dırnağa tamaşa eləyib: ⎯ Hə, bax, bu başqa məsələ. İndi oldun nur əlanur. Gəl, əyləş, ürəyin istəyən yerdən otur, ⎯ dedi və birdən yadına nə düşdüsə, təəssüflə: ⎯ Gör necə yadımdan çıxıb? İstəyirsən hamamı yandırım, çim, hə? Çim, rahatlan. Elə yaxşı deyil? ⎯ söylədi.

⎯ Yox. Çox sağ ol. ⎯ Amma ürəyindən keçirdi ki, yaxşı olardı, çünki neçə vaxtdı çimməmişdi, qaldığı sanatoriyanın hamamı işləmirdi, ümumi hamama da getməkdən xoşlanmırdı: yəni adi insan kimi yaşama imkanlarının get-gedə daralıb sıxıldığı bu günlərdə hamam qayğısı da bir yandan onu və onun kimiləri sıxmağa başlamışdı. İndi birdən-birə Aslanın yadına düşən bu təklif Leylanın ürəyincə olsa da, gözəl və cavan vücudu «su, su» ⎯ deyib dilsiz bir fəryad qoparsa da, utancaqlıq hissi ona «hə» söyləməyə icazə vermirdi: necə olsa, o qadın idi və yad, birinci dəfə qonağı olduğu bir kişinin elə ilk təklifi ilə durub çimməsi yaxşı təsir bağışlamazdı ⎯ fikrindəydi Leyla. Lakin onu da duyurdu ki, ev sahibi bir az da təkid etsə, bu istək hər şeyi üstələyəcək. Ona görə ağlına gələn bəhanəni dilinə gətirdi:

⎯ Soyuq olar.

⎯ Soyuq-zad olmaz, Leyla xanım. Bax, qaz sobasını yandırmışam. Beş dəqiqəyə otaq olacaq im-isti. Hə, yandırım? Qoy yandırım, Leyla xanım. Yuyun çıx. Sən çimənəcən də mən sənin üçün bir-iki salxım üzüm tapım bağdan. Sovulan vaxtı çoxdan keçib. İndi bu boyda Mərdəkanda mənim bağımdan başqa heç bir bağda bir gilə də üzüm tapa bilməzsən. Üzümün indi şirin-şəkər vaxtıdı, Leyla xanım.

Leyla yumşaldığını bildirən bir təbəssüm göstərdi:

⎯ Yaman dilli-dilavərsən ha. Adamı tez yoldan çıxarırsan. İndi başa düşürəm ki, çənginə keçən qadınlar nə üçün sənin əlindən yaxasını sağ-salamat qurtara bilməyiblər.

⎯ Nə bilim, allah məni də belə yaradıb də. ⎯ deyə Aslan, qızın yumşaldığını başa düşüb sevindi: ⎯ Mən istəyirəm sənin üçün xoş olsun, bu görüş yadında qalsın. Özünü tərifləmək olmasın, mən zövq əhliyəm ⎯ baxıram bu don sənə yaman yaraşır ⎯ çox bahalı və yumşaq parçadı, arvad bunu geyəndə həmişə deyirdi ki, özümü quş kimi hiss eləyirəm. Madam paltarını dəyişmisən, çimsən də əla olar, Leyla xanım

⎯ Yaxşı, yandır. Çiməcəyəm. Hamam aşağı mərtəbədədi?

⎯ Yox, elə burada, bu mərtəbədədi, Leyla xanım. Qoy sənin üçün mələfə-zad götürüm, sabun, şampun, ətir-mətir… Hər şey var orda, ⎯ deyib bir quş cəldliyi ilə yan otağa keçib qayıtdı, tiftikli dəsmalı onun qolunun üstünə atdı: ⎯ Gəl bura.

Leyla onun arxasınca mətbəxin böyrünə gəldi. Aslan içəri girib beş dəqiqə keçməmiş qayıtdı:

⎯ Hə, keç, Leyla xanım. Hər şey hazırdı. Rahat-rahat çim, məndən razı qalarsan, vallah.

Leyla hamamın açıq qapısından içəri boylandı: Hamam tər-təmiz idi, divarlara güllü-bəzəkli kafel vurulmuşdu. Pəncərənin qabağına cürbəcür şampunlar, Leylanın çoxunu birinci dəfə gördüyü və adlarını belə bilmədiyi ətriyyat şüşələri düzülmüşdü. Aslan duşu açdı, su şırıltı ilə axıb vannaya töküləndə Aslan qapıdan çıxıb ədəblə, özünün də təəccüb elədiyi şəkildə:

⎯ Buyurun, xanım, ⎯ söylədi və getdi. Aslan ona görə təəccüb eləyirdi ki, bu ona, onun uzun-uzun illər boyu buraya gətirdiyi, yedirib-içizdirib, kef elədiyi, dənizdə də, hamamda da çimizdirib əzizlədiyi, sayını-hesabını belə itirdiyi qadınlara oxşamadığı kimi, o özü də özünə oxşamırdı. Birinci dəfəydi ki, Aslan qadın qonağını hamama salıb çəkilib gedirdi. Qorxusundanmı, həyəcandanmı, çaşqınlıqdanmı Leylaya bir qadın kimi baxa bilmirdi. Yoxsa Aslan xoşlayırdı ki, qadın qonağının hamamda çimməsinə, soyunmasına, geyinməsinə kömək eləsin, üstünə, başına ətirlər səpsin, mələfəyə büküb qucağına alaraq qaça-qaça otağa gətirsin, güzgü qabağında qurulayaraq öpə-öpə, əzizləyə-əzizləyə çarpayının üstünə atsın. Çox xoşlayırdı belə şeyləri Aslan. Və başının tükü sanı qədər də belə günlər yaşamış, belə «xəlvəti», «oğurluq» gəlmiş və ya gətirdiyi qonaqlar yola salmışdı ki, hər biri bir nağıl idi, dastan idi.

Ancaq indi… indi Leyla bəlkə də onun ömründə yeganə qadın idi ki, Aslan tək çimməyinə razı olurdu və ən qəribəsi bu idi ki, suyu şır-şır axan o hamama ⎯ içində cavan, əl dəyməmiş bir qadın olduğunu bilə-bilə içəri, yanına girməyə can atmırdı və lap düzü bu idi ki, bu barədə düşünməyə də qorxurdu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Birinci hissə, on dördüncü fəsil

Əbdül hasarın dibindəki qarajın qapısını açmışdı ki, maşına hava dəysin. Özü isə ortalıqda dayanıb göyərçinlərə dən səpirdi. Gün günorta yerində idi və istisi yandırıb-yaxırdı. Əbdül əyninə ağ köynək keymişdi, başıaçıq idi—günəşin hərarəti seyrək tüklü başını, kürəklərini xoş bir gizilti ilə qarsalayırdı. Boynu zəncirli, iri, hündür köpək, qabaq ayaqlarını irəli uzadaraq qırmızı dilini çıxarıb ləhləyirdi. Toyuq-cücə ağac, dam-divar dibində kölgələnirdi.Darvaza döyüləndə Əbdül geri qanrıldı. Kim idisə, nabələd adam idi, zəngi basmaq əvəzinə dəmir qapını əlilə, bir az da ehtiyatla döyəcləyirdi. Əbdül dən qabını yerə qoyub irəli gəldi. «Kimsən, nəçisən» deyə soruşmadan kiçik qapını açanda çarşablı-yaşmaqlı bir qadının dayandığını görüb təəccübləndi. Yalnız gözləri işıldayırdı, sifəti, burnu örtülü olan qadın çəkinə-çəkinə Əbdülə nəzər saldıqda o, soruşdu:

17 dəq
Birinci hissə, on beşinci fəsil

Zərrintac xanım gözlərini açdı—nəzərinə ilk sataşan şey tavan oldu. Pəncərənin açıq pərdəsindən içəri günəş şüası düşmüşdü, qızıl şərf kimi uzanıb döşəmədən keçərək çarpayısının baş ucuna dirənmişdi. Demək səhər çoxdan açılmışdı.Başı dumanlı idi, ağrıyırdı. «Nə bir tünd qəhvə içərdim!» — deyə ürəyindən keçirtdi. Köhnə adəti üzrə ya Elməddin, ya da Siminbəri səsləmək istədi, səslədi də. Ancaq kimsənin hay vermədiyini görüb xatırladı ki, onlar yoxdu. Ona qəhvə gətirən olmayacaq.

6 dəq
Birinci hissə, on altıncı fəsil

Əbdülün verdiyi yüzlük köz parçasına dönüb Heyranın əlini yandırırdı. Əvvəlləri yadına gəlmirdi, ancaq Cabbarla yaşadığı bu on beş-on altı ildə Heyran heç vaxt əlində yüzlük tutmamışdı, gördüyü pullar qəpik-quruş olmuşdu, ən çox dəmir pullar. Barmaqla sayıla biləcək qədər də onluq və iyirmilik görmüşdü. Cabbarın axşamlar şəhərdən — bazardan evə dönərkən gətirdiyi pullar arasında göy rəngli iyirmilik görəndə Heyran özünü xoşbəxt sayırdı, dövlətli hesab eləyirdi. Ancaq indi, birdən-birə yüzlüyü vardı və onu tanımadığı, birinci dəfə gördüyü bir şəxs vermişdi. Bacısının nökəri, indi Dünyanın uşağının dayəsi olan Əbdül. Pulu ovcunun içində bərk-bərk sıxmışdı, əlinin tərlədiyini də hiss eləmirdi. İti, tələsik addımlarla bazara tərəf gedə-gedə Allaha yalvarırdı ki, qan-qada bacısının başından uzaq olsun, qayıdıb balasının yanına gəlsin; o gəlsə, uşaq yetimçilik görməz, o gəlsə, Dünya Heyran xanıma da—xəstə əri ilə dörd divar arasında tək-tənha, köməksiz, ehtiyac içində çırpına-çırpına boğulan bacısına da əl tutar yəqin, bu qədər var-dövlətdən onlara da hərdən bir görüm-baxım eləyər. Ürəyində bacısından ötəri allah dərgahına əl qaldırıb dua-səna elədikdən sonra o, Əbdülü zahirən sakit, adicə bir nökər təsiri bağışlayan, əslində isə o cah-cəlallı ev-eşiyin sahibi olan, bacısının yeganə yadigarına öz doğma balası kimi baxan, ömrünün axırınacan da baxacağına and içən, nəhayət, yumşaq qəlbli, dar gündə başqasına əl tutmağı bacaran Əbdülü xatırlayır, ona uzun ömür arzulayırdı. Əbdül sadə idi, qayğıkeş idi, qonaqpərvər idi. O, necə də Heyranın danışığından vəziyyətlərinin ağır olduğunu başa düşmüşdü, minnətsiz-filansız ona yüz rupi gətirib vermişdi. Bunu indiki zamanada kim eləyərdi? Qonşunun evində axşamacan işləyəndə ona beş-on rupi pul verirdilər, onu da necə? Gecə yatanda da əlləri, ayaqları zoqquldayırdı, sümükləri sızıldayırdı? Ancaq Əbdül... yəqin bacısı Dünya evdə olsaydı, görüşübqucaqlaşıb ağlaşandan, sakitləşəndən, onun gününü-güzəranını öyrənəndən sonra lap çox pul verərdi. Yox, onun pulu da lazım deyil, təki özü sağ-salamat olsun, qayıdıb balasının üstünə, isti xanimanına qayıdıb gəlsin — ona, Heyran xanıma heç nə lazım deyildi.Heyran bu qatmaqarışıq düşüncələr əlində çırpına-çırpına özünü Çaharrahi meydanındakı bazara yetirmiş, ət, pendir, yağ, meyvə, göy-göyərti almış, Daruləmana gedən avtobusa minərək evə gəlmişdi. Bir əlində tor zənbil, o birində pulun qalanını—altmış beş rupini tutmuşdu. Ürəyi sevinc-qarışıq bir həyacanla döyünürdü. Dayanacaqdan evə gələnəcən düşünmüşdü ki, gedən kimi isti xörək bişirəcək, son vaxtlar lap zəifləyib əldən düşmüş Cabbarı doyunca yedirdəcək, alma verəcək. Cabbar yeyəcək, gözlərinə işıq gələcək, Heyrana «çox sağ ol» deyəcək. Ondan sonra necə gedib bacısının evini tapdığını, bacısı balasını gördüyünü danışacaq və Cabbar da sevinəcək.

7 dəq
Birinci hissə, on yeddinci fəsil

Ağayi Siracəddin şəhərə «ova» çıxmışdı. Maşınsız idi. Ləbidərya ilə sırayla düzülmüş dükanların qabağından keçə-keçə küçəyə, gəlib ötənlərə göz yetirir, əlsiz-ayaqsız, yurdsuz-yuvasız, sahibsiz qız-gəlinə rast gələcəyi ümidilə addımlayırdı. Əlindəki sür təsbehin dənələrini şıqqıltı ilə çevirir, dodağaltı zümzümə edir, hərdən, tanış dükan sahibləri, tacirlərlə salamlaşırdı.Havanın nəfəsi soyumuşdu, hardansa uzaqlardan ağır-ağır gələn payızın hənirtisi duyulurdu. Kefi kök, damağı çağ ağayi Siracəddinin əlində təbiətə hökm eləmək iqtidarı olsaydı, yağışlı leysanlı payızın gəlişini daha da sürətləndirər, bacardıqca onu tez yola salar, qarlı-çovğunlu, qasırğalı-tufanlı qışı gətirər, dağların ovcunun içində yerləşən bu şəhərə soyuğun hökmü ilə hökmranlıq edərdi. Bunun da səbəbi vardı — səbəbi bu idi ki, məhz qışda ağayi Siracəddinin «ovu» uğurlu olurdu, yazda-yayda — isti havalarda özünə yüngülvarı sığınacaq yeri tapmış yetim qızlar, ehtiyacın küçələrə saldığı qadınlar soyuğun kəskin qılıncının küt zərbələrinə dözməyərək küçələrə, bazarlara, dükan qabaqlarına çıxır, sadəcə, sığınacaq üçün gəlib-gedənlərə əl açır, bir qarın çörəyə, bir isti bucağa hər cür təklifə razı olurdular. Məhz bu zaman ağayi Siracəddin yağlı dilini, pulunu, «xeyirxahlığını» işə salır, toruna düşənləri öz «müəssisəsinə» gətirirdi. Bu gün də o, bu məqsədlə şəhərə çıxmışdı. Qəlbində müvəffəqiyyətə o qədər də inamı yox idi, amma hər halda «gəzən ayağa daş dəyər» deyərək küçələri dolaşırdı. Qocanın ürəyində xoş bir əhvali-ruhiyyə vardı, nəzərləri orda-burda olsa da Zərrintac xanımla keçirdiyi o qəribə gecəni tez-tez xatırlayıb gülümsünür, onun ağ bədənini, sərxoş baxışlarını, üstündən aydan çox keçsə də, unuda bilmirdi. Zərrintacın telefonda qışqır-bağır salmağını yad eləyib öz-özünə deyirdi: «heç çapalama, quzum. Sən daha mənim əlimdəsən, heç yana qaça bilməzsən, quzum.»

9 dəq

Başqa şairlərin şeirləri