Birinci hissə, ikinci fəsil
Səhifə 4 / 16 · 19%
Yarım saat sonra onlar süfrə arxasında əyləşmişdilər. Leylanın bayaq yorğun, solğun və qayğılı görünən sifəti allanmışdı, hərəkətlərində bir dirilik, çeviklik əmələ gəlmişdi. Elə bil gözlərinin işıq seli də çoxalmışdı və o, bayaqkından daha qəşəng, daha cazibəli görünürdü, saçlarını burub-büküb başının ortasında düyünləmişdi. Ağ sinəsinin kiçik bir hissəsi ⎯ uzun boğazının aşağısı güllü xalatın açıq yaxasından görünsə də, bu, Aslana heç nə demirdi. Hərəkətlərindəki sıxıntını usta gözləri ilə duyan Aslan, Leylanın doğrudan da təmiz qadın olduğundan, belə şeylərə nəinki adət etmədiyindən, hətta görmədiyindən xəbər verirdi və bu, ev sahibinə nədənsə xüsusi ləzzət eləyirdi.
Yazıq sən demə, möhkəm ac imiş. İştahla yeyirdi. Aslan hiss eləyirdi ki, süfrəsi kasıbdı. Leylaya, daha çox isə onun özünə layiq deyil, ona görə üzrxahlıq edirmiş kimi, üzünü qonağına tutaraq:
⎯ Bağışla ki, süfrəmiz belə kasıbyana oldu. Mən bilsəydim, ertədən yaxşı bir məclis təşkil elətdirərdim, ⎯ söylədi.
⎯ Yox, yox, narahat olmağına dəyməz. Maşallah, hər şey var.
⎯ İstəyirsən zəng eləyim yarımca saata hər şey gətirsinlər, hə?
⎯ Hara zəng eləyəcəksən?
⎯ Restorana.
⎯ Pəhləvana?
⎯ Baho, ⎯ Aslan ağzındakı tikəni diri-diri uddu. ⎯ Onun da adını bilirsən?
⎯ İndicə ürəyində adını çəkdin.
⎯ Hə, düzdü. Doğrudan, istəyirsən zəng eləyim?
⎯ Yox, lazım deyil. Hər şey var.
⎯ Düzü, mənim yadıma indi düşdü. Özümü elə itirmişəm ki, baş-ayaq vururam. Həm də istəmirəm bu gecə kimsə söhbətimizə mane olsun. Sabah zəng çalaram, gələr, nə lazımsa gətirər.
Televizor asta-asta nədənsə danışırdı. Hər şey xoşuna gəlmişdi, ürəyincə idi Leylanın. Cah-cəlal da, səliqə-sahman da, Aslanın zirəkliyi, dilli-ağızlı olması da Leylanın illərdən, aylardan bəri ürəyində, vücudunda yığılıb qalmış yorğunluğa, gərginliyə bir sığal çəkirdi. Çimməyi isə onu tamam başqa bir aləmə çəkib aparmışdı, təsadüfən qarşısına çıxmış, birinci dəfə gördüyü, lakin naməlumluqlar içində çalıxıb-çabalayan bu adama qarşı elə ilk anlardaca qaibanə bir duyğunun təsiri altında yaranan marağın dalınca bura, bu əfsanəvi bağa gəldiyinə zərrəcə peşiman deyildi Leyla. Onun fikrincə, Aslan elə bir burulğanın fırtınalı oyununa düşmüşdü ki, gec-tez məhv olacaqdı, onsuz da yaranmışların hamısı ölümə ⎯ o dəhşətli ayrılığa məhkumdu, buna şübhə yoxdu heç kəsdə. Ancaq bir var yaşayasan, rahat, arın-arxayın bir ömür sürəsən və vaxtın gəlib çatanda, günlərin birində də gözünü yumub dünyanı dəyişəsən. Bir də var əzab çəkə-çəkə yaşayasan, şübhələr, qaranlıq, müəmmalı suallar əlində çırpınasan, həqiqəti axtarasan, görmək, tapmaq istəyəsən, ancaq bacarmayasan, əlindən gəlməyə və çarəsizliyini, acizliyini dərk eləyib dizini qucaqlayıb oturasan, ürək isə yana, qovrula, külə dönə və bu nigarançılıqlar içində də ölüb gedəsən. Yaşamağın ən əzablısı budu və belə adamlar görəndə həmişə Leylanın öz dərdləri yadından çıxır, onların yanından saymazyana keçib gedə bilmirdi. Qabaqlar belə hallarda ancaq yazığı gəlməklə kifayətlənirdi, çünki onda özü də aciz idi, əlindən demək olar ki, heç nə gəlmirdi. Lakin o unudulmaz, o müdhiş gündən-qanlı iyirmi yanvar gecəsindən sonra, özündə özünün də nə demək olduğunu tam mənasıyla dərk eləyə bilmədiyi o sehrli qüvvəni və qüdrəti duyandan sonra, belə adamlara azdan-çoxdan məsləhətlər verməklə, xoş söz deməklə dərdlərini azca da olsa yüngülləşdirməyə çalışır və bundan hədsiz bir xoşbəxtlik hiss eləyirdi. İndiyəcən rast gəldiyi adamlar adi adamlar olmuşdu, qayğıları itik-filan olan adamlar… Ancaq… Aslan… Yox, o, başqa adam idi, tamam başqa adam idi: Aslan Leylanı möcüzə sayırdı, lakin onun özü Leyla üçün az möcüzə deyildi: əgər bugünkü çalxalanan dənizi xatırladan cəmiyyətin sosioloji-psixoloji vəziyyətini, bu hala gəlib düşməyimizin səbəblərini və səbəbkarlarını öyrənən bir institut yaradılsaydı (təəssüf ki, bizdə belə şeylərə fikir verən yoxdu, çünki sərf eləmir), onda məhz Aslan kimi adamları nümunə olaraq götürüb öyrənmək, tədqiq etmək lazım gələrdi, çünki onların həyatı, keçdikləri yol, düşüncələri ağılla, təmkinlə, qərəzdən uzaq, siyasətdən uzaq halda təhlil edilsə, ümumiləşdirilsə çox mətləblər aydınlaşar. Bunlar, bax, vəzifə stolları arxasında, rəhbər kreslolarında uzun illər əyləşmiş, partiya bileti arxasında gizlənmiş, zahirdə özlərini imam cildində göstərmiş, batinən isə canavar təbiətli, ancaq özlərini düşünən, kabinetlərini Vətən, ailələrini və qohum-əqrabalarını milləti hesab eləyən adamlar olan bu qəbil şəxslərin çoxu (istər böyüyü ⎯ istər isə kiçikləri olsun ⎯ fərqi yox) bir-birinə oxşayırlar: elə xüsusi diqqətlə seçiblər, axtarıblar, tapıblar, gətiriblər, qoyublar bu millətin başına. Bax, indi qabağında əyləşib fikirli-fikirli çörək yeyən, xəyalı dağda-aranda dolaşan bu Aslan bəy onlardan
biridi ⎯ indi fağır-fağır oturmağına baxma. Oğru-rüşvətxor deyirsən, oğrudu, rüşvətxordu, qeyrətsiz deyirsən qeyrətsizdi, satqın deyirsən ⎯ satqındı, arvadbaz deyirsən ⎯ arvadbazdı və sair və ilaxır. Qul da deyirsən ⎯ quldu da.
Leyla xanım ⎯ Aslanın hələ yaxşı tanımadığı bu bədbəxt qız, ona baxa-baxa hardasa düşünürdü ki, onun və minlərlə onun kimilərin bu hala düşməsində, günahsız adamların yerlərindən-yurdlarından didərgin salınmasında, o yanda, Qarabağda qanların axıdılmasında, on doqquzundan iyirmisinə keçən yanvar gecəsində sinəmizə dağ çəkilməsində azmı-çoxmu dərəcədə bax bu Aslanın da, neçə-neçə onun kimisi ilə bərabər günahı var və əli qanlı, vicdanı ləkəlidi. Belələrini, lap ondan böyüklərini, lap BİRİNCİləri çox axtarmışdı Leyla. Ancaq onlar ələ düşənmi idilər? Qəribə gəlmişdi ona həmişə: niyə bu xalqın rəhbərləri, böyükləri öz adamlarından, doğma xalqından qaçırlar? Niyə onları xüsusi adamlar və dəstələr qoruyurlar? Kimdən və nəyə görə? Demək, arada divar var və bu divar Çin divarından, Berlin divarından da ucadı. Fərqi isə budu ki, bu divar daşdan deyil, dəmirdən deyil və adi gözlə də görünmür. Bu deyilmi bu şəhəri, bu məmləkəti belə təlatümə gətirən?
Bir sözlə, Leyla bu gün son dərəcə maraqlı bir roman tapmışdı, onu oxumaq, saf-çürük eləmək, çox mətləbləri başa salmaq imkanı düşmüşdü əlinə. Aslan bu ağıllı, sərt, bir az da qəribə romanın həm müəlliflərindən biriydi, həm də iştirakçısıydı, bəzi şeylərin qurulub-qoşulmasında əli vardı, çox günahlı işlər görmüşdü. Bəli, o da çox eləmişdi, amma Allahın iradəsiylə ona da çox eləmişdilər və indi, o, öz əməllərinin odunda yanıb qovrulurdu. Heç bilmirdi kimdi onu yandıranlar: bircə onu bilirdi ki, yanır, yaman yanır. Leylanın indi hər şeydən çox, bircə təsəllisi vardı: evlər uçuranın, zülümlər eləyənlərin, xəyanətlər eləyənlərin, öz xalqını başqasının gülləsinə-süngüsünə tuş edənlərdən birinin əzablarına, müsibətlərinə şahiddi və ürəyini boşaltmaq üçün məqam tapılıb. Yoxsa bu dərdləri ürəyində gəzdirməkdən, içində çəkməkdən bezmişdi, yorulmuşdu: indi onun Aslanı və onun simasında ondan böyükləri də, kiçikləri də divara söykəyib «güllələmək», «dar ağacından» asmaq, ittiham eləmək imkanı vardı və buna çox sevinirdi. Xəyanətkarların, satqınların, gözü kölgəliolərin həmişə qorxaq olduqlarını çox yaxşı bilən Leyla, qadın olsa da, tək-tənha adam belə öldürməyə hazır və qadir olan Aslandan bu xəlvət bağ yerində də qorxmurdu, çəkinmirdi: bilirdi, hiss eləyirdi ki, Aslan ondan bərk yapışıb, özünü düşündürən, içini çürüdən suallara cavab almaq istəyi bu saat hər şeydən güclüdü onda və bunun üçün də Leylaya pislik eləmək fikrinə düşə bilməz Aslan. O isə Aslanı əgər istəsə, alçalda bilər, təhqir edə bilər. Belə fikri yox idi ancaq. Sadəcə belə adamların zəlilliyini, dirigözlü öldüyünü öz gözləri ilə görmək, təskinlik tapmaq istəyirdi. Bəli, Aslan Leyla üçün son dərəcə maraqlı bir roman idi və onu oxumağa o qədər də tələsmirdi.
Otaq artıq isinmişdi, hər şeydə bir rahatlıq, bir şairanəlik duyulmaqdaydı. Qaz sobası asta-asta guruldayırdı və bu səs göylərdə uçan təyyarə uğultusunu xatırladırdı. Çörək Aslanın boğazından çətinliklə keçirdi: nigaran idi ⎯ bu qadın ona daha nələr deyəcəkdi, nələrin üstünü açacaqdı? Aslan öz əməllərinin faş olacağından o qədər də çəkinmirdi, çünki özünün elədiklərinin hamısı məlum idi. Əsas məsələ ona edilənlər idi ki, Aslan bunları öyrənmək istəyirdi. Həmişə süfrə başında bir-iki qədəh içməyə adət eləmiş Aslan, tez-tez beş ulduz konyak şüşəsinə baxıb udqunurdu. Deməyə də cəsarəti çatmırdı. Bunu Leyla aşkar hiss eləyirdi, ancaq ürəyindən keçirdikləri kimi, bunu üzə vurmurdu, müsahibinin səbəbini yoxlayırdı. Axırı kişi dözmədi:
⎯ Leyla xanım, bu qırmızıgöz bayaqdan bizim intizarımızı çəkir axı.
⎯ Mənim intizarımı çəkmir. İçmək istəyirsən, iç. Görürəm, tikən boğazından ötmür ⎯ dedi və baxışları ilə şüşəyə işarə elədi. ⎯ Öyrəşmisən, yediyin canına sınmaz içməsən.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-mocuze-birinci-hisse-ikinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əbdül hasarın dibindəki qarajın qapısını açmışdı ki, maşına hava dəysin. Özü isə ortalıqda dayanıb göyərçinlərə dən səpirdi. Gün günorta yerində idi və istisi yandırıb-yaxırdı. Əbdül əyninə ağ köynək keymişdi, başıaçıq idi—günəşin hərarəti seyrək tüklü başını, kürəklərini xoş bir gizilti ilə qarsalayırdı. Boynu zəncirli, iri, hündür köpək, qabaq ayaqlarını irəli uzadaraq qırmızı dilini çıxarıb ləhləyirdi. Toyuq-cücə ağac, dam-divar dibində kölgələnirdi.Darvaza döyüləndə Əbdül geri qanrıldı. Kim idisə, nabələd adam idi, zəngi basmaq əvəzinə dəmir qapını əlilə, bir az da ehtiyatla döyəcləyirdi. Əbdül dən qabını yerə qoyub irəli gəldi. «Kimsən, nəçisən» deyə soruşmadan kiçik qapını açanda çarşablı-yaşmaqlı bir qadının dayandığını görüb təəccübləndi. Yalnız gözləri işıldayırdı, sifəti, burnu örtülü olan qadın çəkinə-çəkinə Əbdülə nəzər saldıqda o, soruşdu:
Birinci hissə, on beşinci fəsilZərrintac xanım gözlərini açdı—nəzərinə ilk sataşan şey tavan oldu. Pəncərənin açıq pərdəsindən içəri günəş şüası düşmüşdü, qızıl şərf kimi uzanıb döşəmədən keçərək çarpayısının baş ucuna dirənmişdi. Demək səhər çoxdan açılmışdı.Başı dumanlı idi, ağrıyırdı. «Nə bir tünd qəhvə içərdim!» — deyə ürəyindən keçirtdi. Köhnə adəti üzrə ya Elməddin, ya da Siminbəri səsləmək istədi, səslədi də. Ancaq kimsənin hay vermədiyini görüb xatırladı ki, onlar yoxdu. Ona qəhvə gətirən olmayacaq.
Birinci hissə, on altıncı fəsilƏbdülün verdiyi yüzlük köz parçasına dönüb Heyranın əlini yandırırdı. Əvvəlləri yadına gəlmirdi, ancaq Cabbarla yaşadığı bu on beş-on altı ildə Heyran heç vaxt əlində yüzlük tutmamışdı, gördüyü pullar qəpik-quruş olmuşdu, ən çox dəmir pullar. Barmaqla sayıla biləcək qədər də onluq və iyirmilik görmüşdü. Cabbarın axşamlar şəhərdən — bazardan evə dönərkən gətirdiyi pullar arasında göy rəngli iyirmilik görəndə Heyran özünü xoşbəxt sayırdı, dövlətli hesab eləyirdi. Ancaq indi, birdən-birə yüzlüyü vardı və onu tanımadığı, birinci dəfə gördüyü bir şəxs vermişdi. Bacısının nökəri, indi Dünyanın uşağının dayəsi olan Əbdül. Pulu ovcunun içində bərk-bərk sıxmışdı, əlinin tərlədiyini də hiss eləmirdi. İti, tələsik addımlarla bazara tərəf gedə-gedə Allaha yalvarırdı ki, qan-qada bacısının başından uzaq olsun, qayıdıb balasının yanına gəlsin; o gəlsə, uşaq yetimçilik görməz, o gəlsə, Dünya Heyran xanıma da—xəstə əri ilə dörd divar arasında tək-tənha, köməksiz, ehtiyac içində çırpına-çırpına boğulan bacısına da əl tutar yəqin, bu qədər var-dövlətdən onlara da hərdən bir görüm-baxım eləyər. Ürəyində bacısından ötəri allah dərgahına əl qaldırıb dua-səna elədikdən sonra o, Əbdülü zahirən sakit, adicə bir nökər təsiri bağışlayan, əslində isə o cah-cəlallı ev-eşiyin sahibi olan, bacısının yeganə yadigarına öz doğma balası kimi baxan, ömrünün axırınacan da baxacağına and içən, nəhayət, yumşaq qəlbli, dar gündə başqasına əl tutmağı bacaran Əbdülü xatırlayır, ona uzun ömür arzulayırdı. Əbdül sadə idi, qayğıkeş idi, qonaqpərvər idi. O, necə də Heyranın danışığından vəziyyətlərinin ağır olduğunu başa düşmüşdü, minnətsiz-filansız ona yüz rupi gətirib vermişdi. Bunu indiki zamanada kim eləyərdi? Qonşunun evində axşamacan işləyəndə ona beş-on rupi pul verirdilər, onu da necə? Gecə yatanda da əlləri, ayaqları zoqquldayırdı, sümükləri sızıldayırdı? Ancaq Əbdül... yəqin bacısı Dünya evdə olsaydı, görüşübqucaqlaşıb ağlaşandan, sakitləşəndən, onun gününü-güzəranını öyrənəndən sonra lap çox pul verərdi. Yox, onun pulu da lazım deyil, təki özü sağ-salamat olsun, qayıdıb balasının üstünə, isti xanimanına qayıdıb gəlsin — ona, Heyran xanıma heç nə lazım deyildi.Heyran bu qatmaqarışıq düşüncələr əlində çırpına-çırpına özünü Çaharrahi meydanındakı bazara yetirmiş, ət, pendir, yağ, meyvə, göy-göyərti almış, Daruləmana gedən avtobusa minərək evə gəlmişdi. Bir əlində tor zənbil, o birində pulun qalanını—altmış beş rupini tutmuşdu. Ürəyi sevinc-qarışıq bir həyacanla döyünürdü. Dayanacaqdan evə gələnəcən düşünmüşdü ki, gedən kimi isti xörək bişirəcək, son vaxtlar lap zəifləyib əldən düşmüş Cabbarı doyunca yedirdəcək, alma verəcək. Cabbar yeyəcək, gözlərinə işıq gələcək, Heyrana «çox sağ ol» deyəcək. Ondan sonra necə gedib bacısının evini tapdığını, bacısı balasını gördüyünü danışacaq və Cabbar da sevinəcək.
Birinci hissə, on yeddinci fəsilAğayi Siracəddin şəhərə «ova» çıxmışdı. Maşınsız idi. Ləbidərya ilə sırayla düzülmüş dükanların qabağından keçə-keçə küçəyə, gəlib ötənlərə göz yetirir, əlsiz-ayaqsız, yurdsuz-yuvasız, sahibsiz qız-gəlinə rast gələcəyi ümidilə addımlayırdı. Əlindəki sür təsbehin dənələrini şıqqıltı ilə çevirir, dodağaltı zümzümə edir, hərdən, tanış dükan sahibləri, tacirlərlə salamlaşırdı.Havanın nəfəsi soyumuşdu, hardansa uzaqlardan ağır-ağır gələn payızın hənirtisi duyulurdu. Kefi kök, damağı çağ ağayi Siracəddinin əlində təbiətə hökm eləmək iqtidarı olsaydı, yağışlı leysanlı payızın gəlişini daha da sürətləndirər, bacardıqca onu tez yola salar, qarlı-çovğunlu, qasırğalı-tufanlı qışı gətirər, dağların ovcunun içində yerləşən bu şəhərə soyuğun hökmü ilə hökmranlıq edərdi. Bunun da səbəbi vardı — səbəbi bu idi ki, məhz qışda ağayi Siracəddinin «ovu» uğurlu olurdu, yazda-yayda — isti havalarda özünə yüngülvarı sığınacaq yeri tapmış yetim qızlar, ehtiyacın küçələrə saldığı qadınlar soyuğun kəskin qılıncının küt zərbələrinə dözməyərək küçələrə, bazarlara, dükan qabaqlarına çıxır, sadəcə, sığınacaq üçün gəlib-gedənlərə əl açır, bir qarın çörəyə, bir isti bucağa hər cür təklifə razı olurdular. Məhz bu zaman ağayi Siracəddin yağlı dilini, pulunu, «xeyirxahlığını» işə salır, toruna düşənləri öz «müəssisəsinə» gətirirdi. Bu gün də o, bu məqsədlə şəhərə çıxmışdı. Qəlbində müvəffəqiyyətə o qədər də inamı yox idi, amma hər halda «gəzən ayağa daş dəyər» deyərək küçələri dolaşırdı. Qocanın ürəyində xoş bir əhvali-ruhiyyə vardı, nəzərləri orda-burda olsa da Zərrintac xanımla keçirdiyi o qəribə gecəni tez-tez xatırlayıb gülümsünür, onun ağ bədənini, sərxoş baxışlarını, üstündən aydan çox keçsə də, unuda bilmirdi. Zərrintacın telefonda qışqır-bağır salmağını yad eləyib öz-özünə deyirdi: «heç çapalama, quzum. Sən daha mənim əlimdəsən, heç yana qaça bilməzsən, quzum.»
Başqa şairlərin şeirləri
Sabir! Ey sən sevimli şairimiz,Müqtədir, duzlu sözlü Sabirimiz!
Demişdim bir kəz bəli ey yar səndən dönməzəmDemişdim bir kəz bəli ey yar səndən dönməzəm,Gəl Zəkərya tək sərimdən yar səndən dönməzəm.
TürklərOl qoçaq iranlılar,Ol igit osmanlılar,
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,