Birinci hissə
Səhifə 19 / 47 · 38%
– Əbü cəhl adamları qandırmaq olmur, ya Vəcna, ola bilsin ki, hələ çənə döyür, çünki bu yollarda elə kəslərə rast gəlirsən ki, altındakı heyvan mətləbi daha tez qanır, nəinki üstündəki bəni-insan. Söz vaxtına çəkər, ötən il elə bu vaxt Əbu Əbdürrəhman, ləğəbi əl-Şərir, Nisbəsi Əlsərəksi ki, əvvəl Bəsrənin, sonra Xorasanın səlahiyyətli valisi idi və öz qafiləsilə Qəzvin təriqilə Zəncana təşrif gətirmişdi...
Və qoca bir an nəfəsini dərdi, çünki, ərəb kübarının ad, ləqəbi, nisbəsi bir-birinə bənd olunmuş elə uzun bir zəncir idi ki, sadalayıb qurtarınca nəfəsi qaralırdı. Lakin Vəcna qoymadı qoca hekayəsini tamamlasın:
– Toxta və yola bax qoca, – dedi. – Kim ola o şəxs ki, azman bir ulaq üstə belə təşəxxüslə çapıb üstümüzə gəlir?
Qarşıdan doğrudan da çox yekə bir uzunqulaq yortaraq karvan üstünə gəlirdi və karvanbaşı ibn Mingə də haman uzunqulağın palanı üstündə xurma arağı içmiş kimi gah sağa ləngər vururdu, gah sola.
Qoca sarvan karvanı saxladı, uzunqulaq gəldi düz Vəcnanın arvanası önündə dayandı; ibn Mingənin qolları arxasında bağlanmışdı və bütün vücudu keçi qılından toxunmuş ciyə ilə çalın-çarpaz uzunqulağın palanına bənd eləmişdi.
Aralığa çökən sükut çox uzun çəkmədi, nə Vəcna dindi, nə karvanbaşı bir söz dedi.
Nəhayət, Vəcna nərildədi:
– Danış, – dedi, – niyə zınqın batıb, dilini ki, bağlamayıblar.
Karvanbaşı zarıdı:
– Əmr elə ya Vəcna, əvvəlcə qollarımı açsınlar və düşürsünlər məni bu heyvanın üstündən.
Vəcna qəzəbindən zəncir çeynədi:
– Bir kəs ki, – dedi, – Əzd qəbiləsinə Mənsub ola, belindəki Yəmən qılıncı, altındakı köhlən at ola və sonra bu halətdə qayıdıb üstümə gələ, başıma and olsun ki, o şəxs qiyamətə qədər elə bir heyvanın ya üstündə, ya altında qalmağa layiqdir.
Bu zaman irəlidə, yolda qopan uğultu, tappıltı və hənirti qarışıq səslər ibn Mingəyə zillənmiş bütün baxışları çevirib başqa səmtə yöneltdi.
Qarşıdan, dağın dirsəyi arxasından başlayıb gələn böyük bir qafilə düz karvanın üstünə hərəkət edirdi.
Bu, izdihamlı bir küçə idi, piyadaları, süvariləri yüklü qatırları və çoxlu uzunqulaqları vardı. Köç önündə isə bir cərgəyə düzülmüş üç nəfər atlı gəlirdi. Atlara söz yoxdu – cins ərəb atları idi. Lakin üstlərində yəhər əvəzinə keçə şəlpələrdən yırtıq tərlikləri vardı və süvarilər ayaqlarını tapqır və üzəngiləri əvəz edən örkənlərin ilgəkli uclarına keçirmişdilər, əyinlərindəki bədrəng¹ əbaları qara yamaqlarla bəzənmişdi, qılınclarını ərəbsayağı sağ çiyinlərindən aşırdıqları iplərlə sol böyürlərindən asmışdılar. Daha arxada isə hərəsinin palanı üstündə kiçik yaşlı uşaqların və yaxud yüklü uzunqulaqların yanı ilə addımlayan qadın və kişilərin əyinləri bir halda idi ki, başlarına bir çanaq darı tökülsəydi, çox güman bir dənəsi yerə düşməzdi.
Köç önündəki üç atlıdan birinin pırtlaşıq saçı-saqqalı və göy gözləri vardı və gözləri göy olan bu kürənlər ərəblər arasında əzrək adlanırdı.
Sonra o vaxt ki, bu üç atlı gəldi karvan başındakı arvana önündə dayandı birdən köç arxasından başı açıq-ayaq yalın yeniyetmə bir oğlan da çapıb gəldi, altındakı yəhərin gümüş qaşı qara naxışlı və yəhəraltısı bəbir dərili bu at qaşqa ürgə idi və o sayaq ki, ürgə kişnədi, atın qüssə dolu, sürəkli və acı kişnərtisindən arvana üstündəki Vəcnanın başı döndü, rəngi qaçdı, gözləri qaranlıq gətirdi... Əsir edilmiş atı vidalaşırdımı onunla, yoxsa qınayırdı, məzəmmət edirdi onu və yaxud fəryad edib imdad istəyirdi sahibindən? Hamısı vardı bu kişnərtidə və ürgənin üstündəki yeniyetmə oğlan bunu hiss edərək, dəlicəsinə qısqanclıq bəlasına tutulmuş gənc bir aşiq kimi, üzüstü döşəndi atın yalmanına, qucaqladı ürgənin duma boynunu, sürtdü üz-gözünü ahu gözlü atın gah bu üzünə, gah o üzünə...
Əzrək isə pırtlaşıq və qızartdaq saqqalını gah didişdirərək, gah qaşıyaraq bir müddət altdan yuxarı Vəcnanın üzünə baxıb durdu, sonra dedi:
¹ Təbii və açıq qəhvəyi rəngli yun ipi və bunlardan toxunmuş paltar-palaz ərəblərdə və farslarda belə adlanır
– Danışaq?
Vəcna yuxarıdan, arvana üstündən təkəbbürlə cavab verdi:
– Əvvəlcə ismini, künyəni¹, tayfanı, qəbiləni, nəsbəni söylə və sonra...
– Toxta, – dedi Əzrək,² – soruşdun kiməm, deyirəm – ləqəbim Əzrəkdir. Qəbiləm Rəbiyyə və Xalid ibn Yəzid ki, indi Azərbaycana vali təyin edilib, o özü yola düşməmişdən əvvəl bizi Rəbiyyə qəbiləsindən olan bu camaatı Araz qırağına köçürdür. Kifayətdir?
Vəcna bir an kiridi, eşitmişdi, xəbər gəlib Təbrizə çatmışdı ki, xəlifənin Azərbaycana təyin elədiyi yeni vali Əraqda şəhərbəşəhər gəzib o məmləkətin dustaqxanalarında öz qəbilədaşlarından nə qədər dustağa rast gəlibsə cümləsin azad eləyib başına yığmışdır... Və indi budur, bu rəbiyyə yoluqları ilə bu yol kəsən, karvan basan çapovulçuları bir-birinə qataraq Azərbaycana göndərir. Deməli, Azərbaycandakı Rəbiyyə tayfası Əzd qəbiləsini üstələsin...
Vəcna ağır-ağır başın qaldırdı. Qaramat baxışlarıyla bir daha Əzrəki başdan ayağa süzdü.
– Deyirsən yeni vali sizi Azərbaycana köçürdür? Çox əcəb, əlbəttə ki, ixtiyarı var. Amma hələ mənzilə çatmamış haram mala əl uzatmağa, Əzd qəbiləsinin karvanından at oğurlamağa kim sizə ixtiyar verib?
Əzrək qımışdı və həqarətlə dedi:
– Bir kəs ki, ilxısında yüzlərlə ayqırı və madyanı ola, o kəs bir ürgə üçün bu cür göyərərmi? Və Kəbəyə and olsun, bu oğlan ki, hələ yeniyetmədir, bu ürgəni sənin karvanbaşından alanda bizdən bir nəfər də olsun ona kömək eləməyib, amma o vaxt ki, mübadilə qurtardı və o cənab at əvəzinə uzunqulağı qəbul eləmədi, o vaxt bizim arvad-uşaq o naqabili bu nəcib heyvana süvar edib sənin hüzuruna göndərdi...
Bu vaxt rəbiyyəli oğlan da başın ürgənin boynundan qaldırıb bir nəfəsə dedi:
– Allaha and olsun, heç rəva deyildi ki, elə xain gözlü bir adamın belə ahu gözlü bir qaçağanı olsun?
Vəcna rəbiyyəli yeniyetmənin bu sadədil həyasızlığından boğuldu, bulud kimi qaraldı, amma oğlana baş qoşmağa tənəzzül eləmədi, Əzrəki sancdı:
¹ Ata-ana qəbilə, soy, kök və sairəni əhatə edən ləqəb
² Üzü qırmızı, göygöz və tükü sarı adamlar
– Qulaq as, ya Əzrək, – dedi, – əgər yanılmıramsa sən o adamsan ki, bir vaxtlar Əraq məmləkətinin cəmi şəhərlərində sənin qonaq olmadığın bir zindan qalmamışdı və indi...
Əzrək aman vermədi, yenə Vəcnanın sözün kəsdi:
– Elədir, yanılmırsan ya həzrət və o zamanlar hər dəfə mənim adım çəkiləndə karvanları yola çıxan sənin kimi əşrəflər tir-tir əsirdi. Çünki bir şəxsin ki, neməti başından aşır, demək o şəxs müdam özgəsindən qapır və sonra üçüncü bir şəxs yandan çıxıb ondan bir tük qopardırsa, Allaha and olsun ki, burda heç bir günah iş yoxdur... Qərəz, gələk mətləb üstünə! Əgər istəyirsən ki, bizim köç yubansın, burda dayansın və yol sənin karvanın üçün açıq olsun, üstəlik bir dəvə istəyirik səndən, çünki mənzil çox uzaqdadır və qafildəki çolma-çocuq acdır.
Vəcna nə qədər təmkinini əldən verməməyə çalışsa da Rəbiyyə tayfasını təmsil edən bir adamın ona, Əzd qəbiləsinin əşrəfinə meydan oxumasına dözə bilməzdi:
– Üstəlik bir dəvə? Rəbiyyə bac almaq istəyir Əzd qəbiləsindən? Yox, siz o tayfasınız ki, həmişə ac olmusunuz və yenə acsınız. Və quyuya su tökməklə quyu sulu olmaz. Sonra siz yenə o tayfasınız ki, Sərvərikainat peyğəmbərimiz sizin qəbilədən yox, Qureyş qəbiləsindən zühur etdiyi üçün siz yüz ildi ki, bir olan Allahdan da küsübsünüz.
Əzrək bozardı və səsini ucaltdı:
– Çox vəzzariyat oxudun ya Vəcna, amma tamam! Son sözünü de ki, bu çənə döydüyə son qoyaq!
Aralığa çökən səssizlik bir an davam etməmişdi ki, yenə rəbiyyəli yeniyetmənin həyəcandan qırlan səsi bu sükutu pozdu.
– Söz nə olursa olsun, bu at ki, mənimdir, gərək o son söz içində bu at barədə heç bir söz olmasın!
Vəcna bu dəfə Əzrəkin başı üstündən üzünü bütün köç tərəfə tutaraq ucadan dedi:
– Qulaq asın və agah olun, ey Rəbiyyə qəbiləsi, mən bu karvanla Həmədana, Xəlifə Məmunun hüzurunda yer öpməyə gedirəm, ona görə biz bu işi müdara yolu ilə həll eləsək, nə siz ziyana düşərsiniz, nə biz! Razıyam, qoy bir dəvə halal xoşunuz olsun! Amma bu atın ki, sahibi mənəm, gərək siz əvvəlcə o heyvanı mənə qaytarasınız, təki mənim atım burnunun suyu axan bir uşağın altında xəcil olmasın!
Kitabxana.az · https://kitabxana.az/works/enver-memmedxanli-babek-birinci-hisse
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dönəydim qaval-daşa, qalaydım*Qobuda...*
Karvan dayandıAxşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı bədmüşkün tumurcuqları şişmişdi, novruzgülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.
Qızıl qönçələrGün olmuşdu ki, şəhərin böyük bazarında iş tapılmışdı və qoca Firuz bütün günü başıaşağı işləmişdi, yük daşımışdı, elə günlər də olmuşdu ki, böyük anbarlar yanında oturub qalmışdı, kürəyini divara söykəmişdi və daşıyacağı bir yükün intizarıyla kiminsə onu çağıracağını gözləyirkən, gah mürgüləmiş, gah səksənib oyanmışdı.Çox qoca idi, boş-bekar oturub qaldığı günlərdə belə sümükləri sızıldayırdı, çünki uzun ömrü boyu daşıdığı yüklər bir-biri üzərinə qalaqlansaydı, yerdən göyə bir dağ ucalardı.
Baş xiyabandaQaramat bir yuxudan oyandım, işığı yandırdım – başım ağrıdan çatlayırdı.Bu şiddətli baş ağrıları vaxtaşırı gecələrimin ayaqdaşıdır.
Başqa şairlərin şeirləri
Tərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Yara mənKeçdi aylar, gəldi dolandı illər,Heç bilmədim nə söylədim yara mən.
Hərarətli şe'r və yaxud qızdırmalı halımda saçmalarımSəməd Mənsur qardaşıma*Gözüm bir gülməyir bu ərzi-fəryadı gören gündən,
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.