Səhifə 20 / 47 · 40%

Və bu dəfə rəbiyyəli oğlanın sinəsindən qopub boğazında qaynayan boğuq səslərin birinci yarısı heysiyyəti ağır yaralanmış bir yeniyetmənin hıçqırığı idisə, ikinci yarısı artıq ölüb-öldürməyə hazır gənc bir bədəvinin nəriltisi idi. Arxada isə dayanmağa məcbur olmuş köç uğuldayırdı. Qadınların kəsik çığırtıları və ağlaşan körpələrin vağ-vuğu bir-birinə qarışmışdı.

Əzrək döndü sualedici baxışlarıyla rəbiyyəli oğlana baxdı. Əlbəttə ki, atı qaytarıb əvəzində bir dəvə almaq daha sərfəli idi.

Və dərhal Əzrəkin baxışlarının mənasını anlayan rəbiyyəli oğlanın rəngi qaçdı. Udqundu, hulqumu yuxarı sıçradı, diyirləndi çənəsi altından aşağı düşdü, dili qurumuş dodaqlarını yaladı. Sonra ağlını başından çıxarmış qaşqa ürgənin kəkilini çəngələyib bağırdı:

– Ey Əzrək, sənin son sözün nə olacaq öz işindir, amma bütün Əzd qəbiləsi yığışıb üstümə gəlsə, nə qədər ki, tikə-tikə doğranmamışam, heç kəs bu atı mənim əlimdən ala bilməz!

Əzrək gözünü oğlandan çəkdi, başını qaldırdı, Vəcnaya baxdı:

– Oğlan nə dedi, eşitdin! İndi mən deyirəm. Qoy karvanbaşın gəlsin və bacarırsa atı oğlandan geri alsın! Amma görəm ki, sən özün və ya qaraqulların və yaxud karvan oğlanları bu işə qarışır, onda bu yolun ortasında ya sənin əcəlin tamamdır, ya mənim...

– Elə isə qurtardıq, – dedi, – Vəcna, – Qoy kim bu ədavəti əkirsə, xəsarətin də o biçsin!

Sonra o vaxt ki, karvan yola tıxanmış köçün üstünə və köç də yolu tutmuş karvanın üstünə hərəkət elədi və hər iki tərəf yolun qayalar səmtini tutub uçurum səmtini rəqibinə vermək istədi, bu axşam çağında qoca sarvanın xəbər verdiyi o qiyamət başlandı...

...Daha əvvəl yenə bir axşam çağında hava birdən-birə bozarıb bulaşmışdı və hardasa hələ çox uzaqlarda hansı dağın zirvəsindəsə burulub qaynayan bir çovğunun ilk çaparları gəlmişdi, yol üstündəki qılınc qayalar başında fit çalıb vıyıldamışdı.

İndi köç mümkün qədər tez dağın yuxarı qurşağından üzü aşağı dərəyə enməli, daldalanmaq üçün özünə sığınacaq tapmalı idi, karvan isə dağ dirsəyinin anrısına aşaraq gecəni növbəti aşırımın qoşa donqarları arasında keçirməyə məcburdu.

Beləliklə əks istiqamətlərə doğru hərəkət edən bir-birindən inadlı iki axın, bir-birinə çal-keçir olduğundan gah irəlidə, gah geridə tıxantılar və burulqanlar əmələ gətirməyə, getdikcə daha tez-tez toqquşmağa və getdikcə daha gec bir-birindən qopmağa başlarkən, atların kəsik və həyəcanlı kişnərtiləri, dəvələrin ağlayışı andıran nəriltiləri, uzunqulaqların boğuq hıqqantıları, karvan oğlanlarının bağırtıları, köç qadınlarının çığırtıları, yıxılıb qalanların uğultu və qarğışları bir-birinə qarışırdı ki, ağız deyəni qulaq eşitmədi.

Vaxt olurdu ki, bu məhşəri hərc-mərclik burulğanı bir dəvəni, yaxud bir qatırı çevirib köndələninə yolun ortasına qoyurdu. Kələf düyün düşürdü, sonra bu düyün çözülüb açılana kimi tərəflər bir-birinə lənətlər yağdırır, yumruqlarını işə salır, az qala bir-birini şil-küt edirdilər.

...Mərəkə davam eləyirdi. Əzrəkin köçü dəvə qatarlarının nizamını pozub karvanı əyiş-üyüş eləmişdi, Vəcnanın karvanı izdihamlı köçü ortasından yarıb arvad-uşağı pərən-pərən salmışdı və bu qaynar qazan içində çalxanan – dəvələrin, qatırların, uzunqulaqların arasında sıxcalanan, vurnuxan qaşqa ürgə isə artıq qopmağa hazır gərgin bir simə çevrilmişdi. Alacalanmış gözləri hədəqəsindən çıxmışdı, tövşüyüb fınxıran burun pərələri geniş açılmış, sağrısı ağ köpüklə örtülmüşdü. İndi o, hər addımbaşı ürkü və diksinti ilə şahə qalxırdı, düşməyə yer tapmayıb dal ayaqları üstə fırfıra kimi fırlanıb geri otururdu, üstündəki rəbiyyəli oğlan isə atı bir an tez bu girdabdan xilas eləməyə can atır, amma xam rəftarıyla ürgəni daha artıq çaş-baş salırdı.

Və nəhayət, fəlakət baş verdi.

Rəbiyyəli oğlan atı növbəti bir sıçrayışa məcbur edərkən ürgə sağındakı bir dəvənin böyrünə çarpıb müvazinətini itirdi və bu zaman arxadan irəli soxulan ağır yüklü bir qatır döş vurub atı irəli atarkən, ürgənin dal ayaqları altından qopan daş-kəsək seli şarıltı ilə axıb uçuruma töküldü... Və Əzrək bu hərc-mərcliyin harasındansa dönüb geri baxarkən gördüyü yalnız bu oldu ki, at uçurum üstündə havalanmışdır. Əzrək bağırdı ki, oğlan atdan qopsun, yola atılsın, çünki hələ gec deyildi və rəbiyyəli oğlan cəld tərpənib özünü yola, yaxud qatırlardan birinin yükü üstünə ata bilərdi... Əlbət ki, ata bilərdi, əgər atdan qopsaydı... Amma qopmadı və elə bil qopmaq istəmədi, o səadətdən ki, taleyi yarımca saatlığa ona bəxş eləmişdi.

...Sonra o vaxt ki, bu qiyamət qurtardı, karvan quyruğunu köçdən, köç ətəyini karvandan qopartdı, üzüaşağı enişə axıb tökülən köç içindəki qadınlar rəbiyyəli oğlan üçün yas tutub döydülər əllərilə sinələrini qanatdılar dırnaqlarıyla yanaqlarını, yoldular qara saçlarını, ağbirçəklərini və növbələşərək gah rəcəz vəznində Əzd qəbiləsini qarğıdılar, gah da bir ağızdan növhə dedilər, səs-səsə verib ağladılar.

6

Köçdən qopub ağır-ağır yuxarı qalxan karvanda isə tam bir səssizlik hökm sürüdü. Yoxuş başlananda Vəcna yenə arvanasından enib qoca sarvanla yanaşı yol gedirdi və hər iki qara qul daban-dabana yenə ağalarının dalısınca gəlirdi, karvan başı ibn Mingə isə arxada itib-batırdı, Vəcnanın gözünə görünməkdən qaçınırdı.

Baş verən hadisədən sonra indi Vəcnanı ürəyinin yarısı məhv olan sevimli atı üçün yasa batmışdısa, ürəyinin o biri yarısında qara bir sevinc vardı ki, çanaq nəhayət, rəbiyyəli oğlanın öz başında sındı və qaşqa ürgə artıq rəbiyyə-yoluqları əlində əsir deyil, yoxsa belə bir rüsvayçılıq bütün Əzd qəbiləsini xar edərdi və bir də ki, rəbiyyəli oğlan iki qəbilə arasında hələ islamdan əvvəl, cahiliyyət dövründə başlanmış çox qədim bir ədavətin qurbanı kimi nə birinci idi, nə axırıncı...

Lakin karvanın yükdə müvazinət yaradan və sonra yol qırağına atılan qürbət daşı kimi özüylə apardığı bu ağır sükut çox uzun sürmədi. İndi daha tez-tez səmtini dəyişdirən küləklər hardasa qayalara çarparaq gah vıyıldayırdı, gah uğuldayırdı, gah ulayırdı və nəhayət, zirvəsi ulduzlara dəyən Dəmavənd dağından qopub gələn qasırğalı bir çovğun karvanı qamarlayıb lərzəyə saldı, qarşıdan Əlvənd dağından atını tərsinə çapan soqqar küləklər isə karvanı döşündən vurub geri atdı, nəfəsin qaytarıb sinəsinə tıxadı və xaş-xaş kimi xırdaca qar dənəciklərini zərb ilə adamların üz-gözünə sancdı.

Zəncandan çıxandan sonra karvan qədim Midiyanın bu dağ yollarında demək olar ki, hər gün ilin bir fəsli ilə qarşılaşmışdı, gah bahar çiçəkli dərələrdən keçmişdi, gah qış nəfəsli gədiklərdən aşmışdı, gah çiskinli, dumanlı yastanlarla hərəkət eləmişdi, gah dərin təngələrin darısqalında bürkü və boğuntu içində yol getmişdi, amma indi birdən-birə bu yay axşamını basmarlayan bu qış çovğunu qəfildən qoyun sürüsünə soxulmuş ac qurd kimi elə bir quduzluğa başladı ki, adamlar boğuq və həyəcanlı nidalarla bir-birinə dəyib vurnuxdular, bir anda yolu örtən nazik qar təbəqəsi üstündə dəyirmi pəncələri sürüşən dəvələr bir gedib, bir dayandılar və qasırğanın hər dəfə yerə çırpıb, sonra yerdən qapıb göyə sovurduğu qar tozu karvan önünə ağımtıl bir tor çəkəndə ala-bula çalan bu titrək qaranlıq içində adamlar artıq iki-üç addımlıqdan bir-birini görüb seçə bilmədilər. Nəhayət, bütün karvan əyildi, büküldü və yumaq kimi bir yerə yığılıb biçimsiz bir kütlə halında hərəkətsiz qaldı...

...Amma sonra karvan getdikcə artan bir vahimə içində nə edəcəyini, başına nə kül tökəcəyini, bəlkə də ölümünü gözünün altına aldığı bir vaxtda, bu dağ çovğunu yenə birdən və hətta gəldiyindən daha artıq bir gözlənilməzliklə göydəki bütün buludları yerinə alıb, dalından atlı qovurmuş kimi bir sürətlə sovuşub getdi ki, adamlar qara vaqiəli bir yuxudan oyanmış kimi, hələ bir müddət qarabasandan sonrakı sərsəmlik içində donub qaldılar.

Birinci olaraq qoca sarvan hər iki əlini göyə qaldırdı:

– Şükür kəramətinə, xudaya, – dedi və baxdı gördü ki, dağ üstü göylərin bütün ulduzları da elə bil gözlərin geniş açıb və yuxarıdan aşağıya yarım saat içində saçlarını ağartmış bu yay dağlarına baxaraq, yerdə baş verən qəribə işlərə mat və məəttəl qalıblar.

Nəhayət, karvan yuxarı qalxıb aşırımın iki donqası arasındakı gözdəkdə düşərgə salanda, Vəcna üçün tələsik çadır qurulanda, digər karvan oğlanları kimi Babək də öz qatarında yükləri açıb yerə tökdü, heyvanlara navara verdi, amma özü nə ocaq qaladı, nə karvan oğlanlarının ocaqlarına yaxın getdi.

Getdikcə daha dərindən canına işləyən bir soyuq vardı ki, bunu ocaq istisilə canından çıxara bilməyəcəkdi. Bir az əvvəlki çovğun tez sovuşduğu üçün böyük bir karvanı bu dağlar qoynunda məhv edə bilməmişdi, amma haradasa tək-tənha karvan dalınca gələn bir uşağı saman çöpü kimi ağzına alıb apara bilərdi... Üzünü görmədiyi və bəzən varlığına belə şübhə elədiyi bir uşağın fikri nə üçün ona bu qədər rahatlıq vermirdi? Nə idi bu? Rəhm hissi idi? Yox, təkcə bu deyildi. Təkcə bu deyildisə, bəs nə idi? Nə idisə o gecə çəkmişdi onu qaranlığa aparmışdı və orada, o qaranlıqda öz-özüylə danışmışdı və bir an olmuşdu ki, çox yaxında nəsə bir nəfəs hiss eləmişdi, amma sonra əli ətəyindən uzun geri qayıtmışdı və indi bu çovğundan sonra o təlaş hissi yenidən baş qaldırıb ürəyini məngənə arasına almışdı. Bəlkə bu çovğun uşağın ağzından vurub geri qaytarmışdı? Yaxud qovmuşdu bir mağaraya salmışdı? Daha nə edə bilərdi bu çovğun? Nə etmişdisə, fərqi yoxdur, yəqin ki, uşaq artıq məhv olmuşdu, sirrini özüylə aparmışdı və yaxud məhv olurdu, indi nə o, nə bir başqası, heç kim və heç kəs məhv olan o uşağı xilas edə bilməyəcəkdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Ay işığında

Dönəydim qaval-daşa, qalaydım*Qobuda...*

19 dəq
Karvan dayandı

Axşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı bədmüşkün tumurcuqları şişmişdi, novruzgülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.

27 dəq
Qızıl qönçələr

Gün olmuşdu ki, şəhərin böyük bazarında iş tapılmışdı və qoca Firuz bütün günü başıaşağı işləmişdi, yük daşımışdı, elə günlər də olmuşdu ki, böyük anbarlar yanında oturub qalmışdı, kürəyini divara söykəmişdi və daşıyacağı bir yükün intizarıyla kiminsə onu çağıracağını gözləyirkən, gah mürgüləmiş, gah səksənib oyanmışdı.Çox qoca idi, boş-bekar oturub qaldığı günlərdə belə sümükləri sızıldayırdı, çünki uzun ömrü boyu daşıdığı yüklər bir-biri üzərinə qalaqlansaydı, yerdən göyə bir dağ ucalardı.

14 dəq
Baş xiyabanda

Qaramat bir yuxudan oyandım, işığı yandırdım – başım ağrıdan çatlayırdı.Bu şiddətli baş ağrıları vaxtaşırı gecələrimin ayaqdaşıdır.

7 dəq

Başqa şairlərin şeirləri