Birinci hissə
Səhifə 30 / 47 · 62%
Günlərlə böyük bir karvanı təqib edərkən və gecələrin qaranlığında qürbət dağların qoynunda təkbaşına qalarkən, yan-yörəsində qurdquş hənirtisi eşidərkən və nəhayət ən sonda gözlərinə qan sağılmış Vəcna ibn Rəvvadın çadırında ölümünü gözünə alarkən özünü itirməmiş qurd balası indi burda, bu cansız şəkil qarşısında elə bir həyəcana qapılmışdı ki, nə qədər çalışırdısa da gözlərini bir an da olsun kəllə divardan asılmış o şəkildən qopara bilmirdi. Çünki o şəkil özü bir an da olsun gözlərini ondan çəkmək istəmirdi.
Və Barsisin getdikcə ürəyini vahimə ilə dolduran məhz bu idi ki, içəri girdiyi dəqiqədən o şəkil nə üçünsə elə bil yalnız onu qaralamışdı və elə bil burda, bu hücrədə ondan, Barsisdən başqa heç kəs yox imiş kimi, bayaq uzaqda qapı ağzında ayaq üstə dayandığı vaxt da və indi gəlib yaxında həsir üstündə oturduqdan sonra da baxışlarını təkcə Barsisə ilişdirib qalmışdı. Halbuki onu və Babəki baş rahibin hüzuruna gətirmiş o rahiblərin hər ikisi bu saat arxada, əlləri göbəkləri üstündə hələ də hücrənin qapısı ağzında dayanmışdılar – amma şəkil onlara baxmırdı. Şəkilin altında alçaq bir taxt vardı ki, monastırın baş rahibi qırmızı yanaqlı qoca o taxt önündə yerə sərilmiş bir kilim üstündə oturmuşdu və arxasını o alçaq taxta söykəmişdi. Amma şəkil o qocaya da baxmırdı və nəhayət Babək də burda idi, həsir üstündə onunla yanaşı oturmuşdu, başını aşağı salmışdı, sükut içində qoca rahibin dediklərinə qulaq asırdı. Amma şəkil ona baxmırdı. Birdən uşaq bu şəkli kimə isə oxşatdığının fərqinə vardı və Zəncan bazarında gördüyü çılğın baxışlı bir dərviş gəldi gözləri qarşısında dayandı. Hələ karvanın dalınca düşməzdən əvvəl Zəncan bazarında sədəqə dilənmək üçün əl aça bilməyib ac qarnına dolaşıb durduğu günlərin birində bütün bazarı səksəndirən boğuq bir fəryad ucalmışdı. Bazar bir anda kirimişdi və izdihamı yarıb keçən dərviş gəlmişdi, Barsisin yanından ötüb keçmişdi. Dərviş bir dəri, bir sümük idi. Pırtlaşıq saçları əlçim-əlçim çılpaq çiyinlərinə tökülmüşdü. Və dərviş “ey çərx cəfacu” deyə qıyya vuranda səsində mis cingildəyirdi. Sonra “ya əhəd-min bir adından mədəd!” deyəndə bazardakı çarşablı qadınlar əllərini sinələrinə döyüb ağlaşırdılar və dərvişin gözlərində elə bil qara bir alov yanırdı. Heç kəs başını qaldırıb dərvişin gözlərinə baxa bilmirdi. Barsis isə başını qaldırmışdı və dərvişin gözlərinə baxmışdı, amma sinəsindən geri itələnmiş kimi yerində səndələmişdi.
Sonra duzlu suda pörtlədilmiş qarğıdalılarıyla Barsisi aclıqdan qurtaran Turğay onu başa salmışdı ki, o dərviş çox yaxından tanrının üzünü gördüyü üçün o hala düşmüşdür və kim ki bir dəfə çox yaxından tanrının üzünü gördü, o adamın bəbəklərində qara bir ala alışıb yanır və heç kəs o qara şöləyə baxmağa davam gətirmir.
İndi bu şəklin də gözlərində tanrını görmüş kimi qara bir alov yanırdı və əyni o dərvişin əynindən daha çox yalın idi. Belində yalnız bir ölcə ağ fitə vardı, özü də o qədər arıq və cansız idi ki, qabırğalarını bir-bir saymaq olardı və əlbəttə ki, çox aclıq çəkmiş bir adam bu hala düşə bilərdi. Elə isə çox güman ki, aclığa davam gətirməyib hansı şəhərin örtülü bazarındasa bir ovuc xurma oğurladığı üçün bazar darğaları onu tutub şəhər cəlladının əlinə vermişdilər və qırmızı donlu şəhər cəlladı onu bu uca dar ağacında çarmıxa çəkərək, geniş açılmış qollarını köndələninə çarmıxın tirinə, uzun və çılpaq ayaqlarını da çarmıxın dirəyinə mıxlamışdı.
Və indi onun batıq sinəsini, zəif və taqətsiz vücudunu tərk eləmiş həyat yalnız gözlərində cəm olub qalmışdı və bu cür ki, qırpımsız baxışlarla o Barsisə baxırdı, elə bil ürəyində sözü vardı. Barsis isə ancaq onu görürdü ki, o dözülməz əzablara dözür. Şəklin üzü kölgələrlə örtülüb qaralırdı və sonra tez açılırdı, tez işıqlanırdı və əlbəttə ki, uşaq bu saat hücrənin qoşa tağbənd pəncərələri arxasında göy üzündən ötüb keçən sərsəri buludların içəridəki işığı tez-tez dəyişdirdiyinin fərqinə varacaq halda deyildi.
...Amma çox sonralar bi, çox illər keçəndən sonra gənc Barsis kəskin dönüşlü taleyinin onu aparıb çıxardığı qürbət bir ölkədə hələ də bir çox şəkillər qarşısında dayanacaqdı ki, xristianlığın müqəddəslərini təsvir edən bütün o ikonaların – şəmayillərin hamısının solğun çöhrələrində batan zil qara gözlərinin qırpımsız baxışlarla öz tamaşaçılarının düz gözlərinin içinə baxdıqlarının sirrinə vaqif olacaqdı və hətta xristianlığın cəfakeşlərindən Yəhya peyğəmbərin çar Heradosun əmrilə kəsilmiş başını özü bir sini içində öz əlində tutduğunu təsvir edən bir ikonaya belə tamaşa edə çəkdi, amma yenə də indi burda, bu dağ başındakı kiçik monastırın divarından ona baxan tanrı oğlu Məsihin qarşısında keçirdiyi bu həyəcan və sarsıntını heç vaxt unutmayacaqdı.
Ayaqyalın, başı açıq, arıq çiyinləri bez köynəyinin yırtıqlarından çıxmış bir uşağın Məsihin ikonası qarşısında keçirdiyi bu həyəcan baş rahibin gözlərindən yayınmamışdı və indi qoca Babəkə xitabən nə deyirdisə, bütün fikri və diqqəti yalnız Barsisdə idi. Və əlbəttə ki, qoca rahib başa düşürdü ki, nəinki qeyri-xaçpərəst, hətta xaçpərəst bir uşaq üçün də Məsihin çarmıxa çəkilmiş bu ikonası çox qorxunc bir rəsmdir, təsvirdir – üstəlik məşhur Qüstəntiniyyə rəssamı bu ikona əsərində Məsihin çəkdiyi əzabları və Məsihin ilahi mənəviliyini elə sənətkarlıqla canlandırmışdı ki, bir həftə əvvəl bu ikona dağ başındakı bu monastıra gətirilib burda təmtəraqla asılarkən qoca rahib özü bu müqəddəs bütün qarşısında diz çöküb ağlamışdı. Və xüsusilə riqqətə gətirən bu olmuşdu ki, bu ikona dünya xristianlığının istinadgahı olan bir ölkədən qaçırdılaraq bu dağlara gətirilmişdi, çünki o qüdrətli xristian dövlətinin hökmdarı – qırmızı çəkməli Bizans imperatoru Feofil bütün kilsələrdən və monastırlardan ikonaların yığışdırılması üçün əmrlər vermişdi, ikonalara sitayişi bütpərəstlik elan etmişdi.
Və xristianlığın müqəddəslərini təsvir edən bütün ikonalara ibadət mərasimləri yasaq olunmuşdu. İndi əgər Barsis gözlərini Məsihin ikonasından qopara bilmirdisə, qoca rahib də Barsisə baxaraq düşünürdü ki, tarixin gərdişi çox vaxt sərxoş olur, budur xristian imperatorluğunun sərhəddindən qaçaq mal kimi keçirilmiş bu ikona burda xilafət adlanan nəhəng islam dövlətinin himayəsi altındakı nəsturi xristianlarının dağ başındakı monastırında kiçik və günahsız bir varlığın gözlərini çıraq kimi alışdırmışdırsa, əlbəttə ki, bu uşaq bu günü, bu saatı, bu anı bütün ömrü boyu heç vaxt unutmayacaqdır. Və xristianlığı təbliğ edən heç bir ənsin, vəz tanrı oğlunun yaxud tanrı anasının – Mariyanın surətlərini canlandıran bu ikonaların bir anda ürəkləri tərpədən sehrli qüvvəsini əvəz edə bilməyəcəkdir. Hələ qadınlar! İmperator Feofilin bütün yasaqlarına rəğmən hansı xristian qadının ürəyini tanrı anası Mariyanın müqəddəs ikonasından qopartmaq olardı? Və elə orda Qustəntiniyyədə imperator sarayında imperatriça Feodora özü yataq otağında ərindən gizlədiyi Mariyanın ikonası qarşısında diz çöküb ağlayırdısa, əlbəttə ki, son nəhayətində göylər məlun Feofilin əcrini verəcəkdir!
Qoca rahib artıq qəhərlənmişdi. Və Barsisin keçirdiyi həyəcanlar getdikcə qocanı daha artıq kövrəldirdi, çünki rahiblər əvvəlcədən baş rahibə Babək ilə uşaq haqqında nə lazımdırsa demişdilər, mağaradakı tərki-dünya qocanın bu uşağın əlində dəfn edildiyini xəbər vermişdilər: Və indi taleyinin qovğunu olan yollar oğlu bu gənc ilə, ölümdən qurtulmuş bir uşaq belə bir gündə, tanrı oğlu Məsihin ölüb dirildiyindən 40 gün sonra göylərə ucaldığı bu müqəddəs bayram günündə, gəlib bu monastıra çıxmışdılarsa, qoca rahib üçün bütün bunlar əlbəttə ki, bir təsadüf deyildi, bəlkə əlamətdar hadisə idi.
Babək isə bu vaxta kimi qocanı ona görə sakit bir halda dinləmişdi ki, əslində öz fikirlərinə qərq olub qalmışdı, amma indi qoca rahibin səsində getdikcə artan bir həyəcan və titrəyiş hiss edərkən qeyri-ixtiyari olaraq başını qaldırmışdı və doluxsunmuş qocanın ona yox, Barsisə baxdığını görmüşdü.
Barsis isə nə qocaya baxırdı, nə də qocanın dediklərinə qulaq asırdı.
Onun gözləri divardan asılmış ikonaya zillənmişdi, rəngi qaçmışdı, hərdən dodaqlarından bir titrəyiş keçirdi və elə bil uşaq ürəyində dua edirdi.
Və indi öz növbəsində Babək də həyəcanlandı, çarmıxa çəkilmiş Məsihin ikonası qarşısında Barsisin keçirdiyi bu hal onu təlaşa salmışdı, amma qoca rahib kimi o da uşağın nə üçün belə bir hala düşdüyünün əsl səbəbini dərk etməkdən hələ çox uzaq idi və buna görə də başına gələn ilk fikir bu oldu ki, xristianlığın digər ikonalarına nisbətən ən çox məşhur olan və ürəyi ən çox tərpədən bu faciəli təsvir görünür ilk baxışda Barsisi əfsunlamışdır və bu dəfə heç gözləmədiyi bir tərəfdən yenə uşağı bir təhlükə gözləyirmiş kimi ürəyini qarsan anlaşılmaz bir qısqanclıq hissindən qaşları çatıldı.
Kitabxana.az · https://kitabxana.az/works/enver-memmedxanli-babek-birinci-hisse
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dönəydim qaval-daşa, qalaydım*Qobuda...*
Karvan dayandıAxşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı bədmüşkün tumurcuqları şişmişdi, novruzgülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.
Qızıl qönçələrGün olmuşdu ki, şəhərin böyük bazarında iş tapılmışdı və qoca Firuz bütün günü başıaşağı işləmişdi, yük daşımışdı, elə günlər də olmuşdu ki, böyük anbarlar yanında oturub qalmışdı, kürəyini divara söykəmişdi və daşıyacağı bir yükün intizarıyla kiminsə onu çağıracağını gözləyirkən, gah mürgüləmiş, gah səksənib oyanmışdı.Çox qoca idi, boş-bekar oturub qaldığı günlərdə belə sümükləri sızıldayırdı, çünki uzun ömrü boyu daşıdığı yüklər bir-biri üzərinə qalaqlansaydı, yerdən göyə bir dağ ucalardı.
Baş xiyabandaQaramat bir yuxudan oyandım, işığı yandırdım – başım ağrıdan çatlayırdı.Bu şiddətli baş ağrıları vaxtaşırı gecələrimin ayaqdaşıdır.
Başqa şairlərin şeirləri
Tərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Yara mənKeçdi aylar, gəldi dolandı illər,Heç bilmədim nə söylədim yara mən.
Hərarətli şe'r və yaxud qızdırmalı halımda saçmalarımSəməd Mənsur qardaşıma*Gözüm bir gülməyir bu ərzi-fəryadı gören gündən,
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.