Birinci hissə
Səhifə 31 / 47 · 64%
Baş rahib isə bu vaxt moizəsinin o yerinə gəlib çıxmışdı ki, ruhun vücud üzərindəki təntənəsinin yalnız Məsihin şəfqəti ilə işıqlanmış ürəklərdə bərqərar olacağını təbliğ edirdi. Çünki insandan doğulan ağca bir quzu kimi qurban gedən, aslan kimi ölümdən dirilişə dönən, qartal kimi uçub ucalan və indi göylərdə öz rəbbinin və öz tanrı anasının sağ tərəfində əyləşən Məsih hamının və o cümlədən də bütün qeyri-xristianların da qurtuluş və nicatı uğrunda dəhşətli bir əzabı öz çiyinlərinə almaq üçün bu dünyaya gəlmişdi.
Əgər bu saat Barsis sarıdan bu qədər nigaran olmasaydı Babək qocanın moizəsinə daha artıq diqqət və maraqla qulaq asmağa hazırdı və o birinci dəfə deyildi ki, xristian monastırına ayaq basırdı.
İllərdən bəri ibn Rəvvadın karvanı ilə getdiyi və dönüb geri qayıtdığı yollarda karvan oğrularıyla bərabər bu və ya digər bir monastırda müsafir qaldığı gecələr az olmamışdı, çünki xilafətdəki bütün xristian monastırlarının qonaqpərvər qapıları gecə və gündüz dinindən və miliyyətindən asılı olmayaraq bütün yol adamlarının, qar uçqununa düşənlərin, gecəni bir dam altında sığınacaq istəyənlərin üzünə açıq idi və ciblərində dirhəm olanlar üçün rahiblər həmişə öz hücrələrində çox həvəslə şərab süfrəsi açırdılar. Amma nə bu monastırda, nə başqa bir yerdə heç bir xristian ruhanisi bir müsəlmanı xristianlığa dəvət etmək kimi qorxulu bir təşəbbüs edə bilməzdi. Çünki xilafətdə, harda olursa olsun, istər xristian monastırlarında, istərsə yəhudilərin dua evlərində və yaxud atəşpərəstlərin orda-burda salamat qalmış atəşgədələrində bir müsəlmanı başqa bir dinə dəvət etməyin cəzası ölüm idi və eyni zamanda öz doğma dinindən üz çevirib digər bir əyri dini qəbul edən hər bir müsəlmanı ölüm cəzası gözləyirdi.
Və indi əgər baş rahib qorxmadan, çəkinmədən öz ehtiraslı moizəsi ilə Babəkə xristianlıq həqiqətlərini təlqin etməyə cəhd göstərirdisə, bu yalnız ona görə idi ki, qoca Babəkin müsəlman olmadığından xəbər tutmuşdu. Və indi ki, bu iki kimsəsiz və binəsib sabah başlarına nə gələcəyini bilməyərək haraya isə üz tutub gedirdilər və belə müqəddəs bir gündə gəlib monastıra çıxmışdılar, bəlkə bu bir mənzilgah idi ki, hər ikisi üçün yol ayrıcı olacaqdı və hər ikisinin ürəyini yalnız İsa şəfqəti ovundura biləcəkdi.
Baş rahibin moizəsi olsun ki, hələ çox davam edəcəkdi, amma dünən gecə mağarda olduğu kimi indi də burda yuxunun ani və amansız həmləsi Barsisin keçirdiyi həyəcan və gərginliyə birdən-birə son qoydu, uşağın gözləri qapandı, başı axdı sol çiyninin üstünə düşdü, alnı gəlib Babəkin böyrünə dirəndi.
Və elə bil qoca rahib də nə isə bir gərginlikdən qurtuldu, dərindən köksünü ötürdü və dedi:
– O tərki-dünya qoca ki, bu uşağın təmiz əllərilə dəfn olunmuşdur, doğrudur o öz məzlum tanrısı ilə nə islama qovuşmuşdu, nə də xristianlığa, amma buna baxmayaraq, müsəlmanların nəzərində olduğu kimi, bizim üçün də müqəddəs bir varlıq idi. Və günaşırı axşamüstü monastıra gətirdiyi bir şələ çırpını yerə qoyub bir hovur nəfəsini dərmək üçün orda səkidə oturarkən, mən də hər dəfə hücrəmdən çıxırdım, gedirdim xatirini əziz tuturdum və suallarıma aldığım cavablara mat qalırdım...
İndi sizi bura gətirən rahiblər o qocanın xahişini mənə yetiriblər və mən ki, sabah öz qafiləmlə Həmədana doğru yola düşürəm sizi öz qafiləm içində Bab əl Əsəd dərvazasından içəri keçirmək əlbəttə ki, mənim üçün savab bir işdir...
Babək rahat nəfəs aldı, qoca baş əydi, minnətdarlığını bildirdi.
– Amma qulaq as övladım! – dedi qoca və yenə riqqət dolu baxışlarla dərin yuxuya getmiş Barsisə baxdı. – İndi ki, özün qovğunsan və sabah başına nələr gələcəyini bilmirsən, fərz elə ki, cismini ölümdən xilas elədiyin bu tifli elə bir girdaba doğru sürükləyirsən ki...
Babək səksəndi, budur, nəhayət bu qoca mətləb üstünə gəldi və indi bundan sonra nə deyəcəkdir, deyə bildi... Nə olmuşdu axı, nə istəyirdi bu qocalar bu qurd balasından? Uşaq burda qalırdı və hər gün qarnı doyurdu? Uşaq burda qalırdı və Davud peyğəmbərin məzhurlatını əzbərləyirdi. Sonra gecələr xoş avazlı tər-təmiz səsilə: Tanrım nə üçün məndən üz döndərdin, nə üçün məni tək qoydun? – nəğməsini oxuyurdu. Qonşu iberlər ölkəsi Xaxaniyadakı bir monastırda gecələyərkən rahibə gürcü qadının öz hücrəsində bu Məzhuru oxuduğu hələ də yadında idi. Uşaq burda qalsaydı qara əbasının uzun ətəkləri ayaqlarına dolaşan gənc bir rahibə çevrilərdi və hər gün bu qaramat ikonalar qarşısında diz çökərdi, dua edərdi. Uşaq burda qalardı və nəhayət bütün xristian bayramlarında yaxın şəhərlərdən gəlib bu monastırlara doluşan, cibləri dirhəmlə dolu əhlkef müsəlmanlar üçün şərab süfrələri açardı...
Şükür ki, o biri tərki-dünya qoca çox üzülmüşdü, çox tükənmişdi və Barsis onun son arzusunu yerinə yetirərək o məzlum qocanı öz əlilə qazdığı qəbrində dəfn eləmişdi. Amma bu qocanın, bu baş rahibin yanaqları Sava narı kimi qıpqırmızı idi və çox güman ki, hələ o qədər yaşayacaqdı ki, xiffətdən, qüssədən uca hasar arxasında çərləyən bir qurd balasını nəhayət bir gün bu qoca özü dəfn edəcəkdi.
Və Babəkin ürəyi üsyan elədi, qeyri-ixtiyari olaraq sağ qolunu uşağın boz köynəyinin yırtıqlarından çıxmış arıq çiyinlərinə qoydu və dərin yuxuya getmiş Barsisi bərk-bərk böyrünə sıxdı. Sonra yenə diqqət kəsildi, çünki indi bu qoca rahib ona xəbərdarlıq edirdi və bütün dünya şəhərlərinin başına lənət yağdırırdı.
O şər qaynağı Babil ki, bütün şəhərlərin ulu əcdadı idi, dünyanın bütün qövmlərinə və millətlərinə azğın zina şərabı içirdiyi üçün bu gün xərabələrində bayquş ulayır və eyni yavalıq girdabına qərq olmuş bütün digər şəhərlər nəhayət o Babil aqibətinə düçar olacaqdır. Və indi sən ki, yanında hənzəl¹ iqbalının sorağıyla Həmədana doğru can atırsan, bil ki, o şəhər də ta İskəndər zəmanından kiçik bir Babildir, çünki o şəhərin müsəlmanı həqiqi müsəlman deyil, xristianı həqiqi xristian deyil, yəhudisi həqiqi yəhudi deyil, və atəşpərəsti də həqiqi atəşpərəst deyil...
Dəfələrlə bunu eşitmişdi. Xüsusilə tanrı bəndələri bütün bu qocalar üçün bütün şəhərlər zənginlik və harınlığın azğınlıq elədiyi qattat yavaxanaları idi, o şəhərlərin Rabat adlanan ucqar xarabalarında məskən salanların, yaxud Təbrizin bir ağaclığındakı duz dağının qaranlıq lağımlarında duz çapanların güzəranı kəndistandakı yoxsulluq və səfalətdən daha artıq qaramat idi.
¹ Zəhər kimi acı olan çöl qarpızı Əbucəhl qarpızı
Doqquz il idi ki, ibn Rəvvadın ticarət karvanlarıyla yollardaydı və dəfələrlə neçə-neçə şəhərlərdən keçmişdi və dəfələrlə bu və ya digər bir şəhər həftələrlə mənzilgahı olmuşdu, amma indi ilk dəfə olaraq karvan oğlanlarından bir çoxu ilə bərabər heç vaxt görmədiyi Həmədana ayaq basacaqdı, ona görə srağa gün axşam tonqal başında çox oturmuşdular və qoca sarvan qədim tarixləri eşələyərək karvan oğlanlarına bilik vermişdi ki, səhranı bina edən şəxs Nuh peyğəmbərin nəvəsi olmuşdur, o şəxs ki, adı Həmədan idi, Həmədan isə Feloçin oğlu idi. Feloç isə Samın oğlu idi və Sam Nuhun üç oğlundan biri idi ki, Allah onların hamısına rəhmət eləsin. Sonra qoca sarvan demişdi ki, o şəhərdə damları qızıldan saraylar ucaldan və bir-birinin içinə geydirilmiş yeddi rəngli yeddi uca hasarlı o şəhəri çevrələyən Midiya şahları çox böyük cah-calal içində çox az ömür sürmüşdülər. Onlardan sonra o şəhər Əcəm padşahlarının əllərinə keçmişdi və yaylaq şəhərinə çevrilmişdi və Əcəm şahlarının toyları orda çalınmışdı. Eyş-işrət məclisləri orda qurulmuşdu və xəzinələri də o şəhərdə saxlandığı üçün Məğribdə zühur edən İsgəndər Rumi qoşun çəkdi gəldi və cəmi o yerləri zəbt elədi. Sonra ilişdi Həmədanda qaldı. Və ürəyindəki şərab içmək meyli o şəhərdə çox gücləndi və o İsgəndər ki, dirilik çeşməsini axtarırdı, suyundan içib ömrün uzatsın, qurdla bu dünyada qiyamətə qalsın, ürəyindəki yanğını yamanlıq sərçeşməsinin zərərli suyu ilə suvardıqca ömrü o qədər qısaldı ki, anasını ağlar qoyub igid yaşında bu dünyadan nakam getdi. Yoxsa ki, bütün dünyanın və bütün iqlimlərin namdarı olmaq, dünyanın cəmi şahları içində təkcə bir ona yaraşırdı. Çünki başında möhtəşəm bir fikri vardı, Məğrib ilə Məşriqi birləşdirib dünyada vahid bir səltənət qurmağa can atırdı. Amma müsəlman olmadığı üçün Allahtəala rüsxət vermədi ki, muradına çatsın.
Arxada qalan əsrlər ki, doqquzuncu əsrdə də dünya hələ ona görə çox gənc idi, fasiləsiz müharibələrdən, qırğınlardan salamat qalan çox az qocalar sinədəftəri tarix idilər. Əlli il əvvəldən xəbər verən bir qoca – çox qədim dövrdən yadigar qalan uçuq abidələr kimi idi və qoca sarvan ki, bütün ömrünü uzun yolları qalın bir kitab kimi oxumuşdu, karvanın Həmədan yaylasına qalxdığı o axşam karvan oğlanlarına xəbərdarlıq eləmişdi ki, Həmədanın sakinləri ta qədimdən kef və əyləncəyə çox hərisdilər. Və başlarına nə müsibət gəlirsə gəlsin çox qəm çəkməyi rədd edirlər və bütün bunlara səbəb odur ki, o şəhər buğa bürcü altındadır, buğa bürcü isə axşamlar Batarıda yanan və sübh çağı Doğarıda parıldayan işvəli zöhrə ulduzunun mənzilidir. O ulduzun ki, vaxtilə yer üzündə yaşayan çox göyçək bir xatun idi və o qədərcəmilə və can alan idi ki, göydəki həlqələrdən Harut ilə Marut yuxarıdan aşağıya baxanda o afəti görcək gözləri qamaşdı, ağılları başlarından çıxdı və göydən yerə enib o fitnə gözəli nə istədisə müzaqiyə etmədilər və çünki qadın kişinin əyri qabırğasından yaranmışdır və buna görə heç vaxt düz işlə arası yoxdur; ona görə Zöhrə də hiylə gəldi və o, mələklərdən Allahın gizli adın öyrəndi, o gizli adı ki, dünyada heç bir bəndəyə məlum deyildir. Və elə ki Zöhrə bu sirrə vaqif oldu əlüstü qalxdı üçüncü göydə ağ bir ulduza çevrildi, indi o zamandan bəri Zöhrə göylərin çalğıçısıdır və gecəli-gündüzlü üçüncü göydə əyləşib dəf çalır, Allah tərəfindən cəzasın alan Harut ilə Marut isə o zamandan bəri Bail quyusunda başları aşağı asılıb qalıblar. Amma mələklərə ki, ölüm düşmür, heç biri nə ölən kimi ölürlər və yenə heç biri nə diri kimi dirilir... Zöhrənin isə göydə iki evi var – biri tərəzi bürcüdür, digəri buğa bürcü və o göylər gözəli hər iki bürcə növbə ilə dəf çaldığı üçün kim ki, Həmədana ayaq basdı, çox tez caduya düşüb yoldan azır.
Kitabxana.az · https://kitabxana.az/works/enver-memmedxanli-babek-birinci-hisse
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dönəydim qaval-daşa, qalaydım*Qobuda...*
Karvan dayandıAxşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı bədmüşkün tumurcuqları şişmişdi, novruzgülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.
Qızıl qönçələrGün olmuşdu ki, şəhərin böyük bazarında iş tapılmışdı və qoca Firuz bütün günü başıaşağı işləmişdi, yük daşımışdı, elə günlər də olmuşdu ki, böyük anbarlar yanında oturub qalmışdı, kürəyini divara söykəmişdi və daşıyacağı bir yükün intizarıyla kiminsə onu çağıracağını gözləyirkən, gah mürgüləmiş, gah səksənib oyanmışdı.Çox qoca idi, boş-bekar oturub qaldığı günlərdə belə sümükləri sızıldayırdı, çünki uzun ömrü boyu daşıdığı yüklər bir-biri üzərinə qalaqlansaydı, yerdən göyə bir dağ ucalardı.
Baş xiyabandaQaramat bir yuxudan oyandım, işığı yandırdım – başım ağrıdan çatlayırdı.Bu şiddətli baş ağrıları vaxtaşırı gecələrimin ayaqdaşıdır.
Başqa şairlərin şeirləri
Tərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Yara mənKeçdi aylar, gəldi dolandı illər,Heç bilmədim nə söylədim yara mən.
Hərarətli şe'r və yaxud qızdırmalı halımda saçmalarımSəməd Mənsur qardaşıma*Gözüm bir gülməyir bu ərzi-fəryadı gören gündən,
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.