Təriqi-fəqr tutsam təb’ tabe’, nəfs ram olmaz,

Qina qılsam tələb, əsbabi-cəm’iyyət təmam olmaz.

Dəhanından əsər görmən, miyanındən nişan, vəh kim,

Bəni-nakamə ömrümdən müyəssər hiç kam olmaz.

Müqimi-kuyi-dərd eylər məni ahi-cigərsuzim,

Bu ahəngi-məlaləfzayə bundan yey məqam olmaz.

Müridi-saqiyəm kim, lütfi əhli-zövqə daimdir,

Nə hasil əhli-zöhdün şəfqətindən kim, müdam olmaz.

Dedim: üşşaqə cövr etmə; dedi ol xublar şahi:

Siyasət olmayınca eşq mülkündə nizam olmaz!

Ləbindən qətrə-qətrə qan içər könlüm kərahətsiz,

Şəkərdən olıcaq mey qətrəsi guya həram olmaz.

Füzulini məlamət eyləyən bidərd bilməzmi

Ki, bazari-cünun rüsvalarında nəngü nam olmaz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq