İkinci pərdə
Səhifə 4 / 5 · 60%
Yeddinci şəkil
Həmin salon. Xudayar xan və Hacı Kamyab əyləşibdir. Xanın pişxidməti,
əlində mücrü, kənarda durubdur.
Hacı Kamyab. Xan sağ olsun, buyurun bu otaqda bir qədər rahat olun. Sabah hesaba əyləşərik.
Xudayarxan. Neçə sənədir mən sənin vasitən ilə ticarət edirəm. İndiyədək aramızda bir güftgu olmayıb və bundan sonra da olmayacaq.
Hacı Kamyab. Nə buyurursunuz, xan! Mən nəkarəyəm sizə xəyanət edəm, aramızda da güftgu olsun. Ancaq bu pul adlanan şey hesab sevən bir şeydir.
Xudayarxan. Xub, necə sənin xahişİndir. Mən buraya gələndə neçə nəfər mənim rəiyyətlərimdən qabağa çıxdılar. Gün əziyyət etdiyindən mən onları dayandırıb danışdırmadım. Baş əyib ötdülər. Onlar burayamı gəlmişdilər?
Hacı Kamyab. Bəli, mənim yanıma gəlmişdilər.
Xudayarxan. Nə işə?
Hacı Kamyab. Əslinə baxsanız şikayət sizdən idi. Bir nəfər yun alan firəngin onlara məndən çox pul təklif etdiyini söyləyib, yunun qiymətini bir qədər artırmamı xahiş edirdilər.
Xudayarxan. Nahaq mən onları orada dayandırıb günün istisində canları çıxınca döydürmədim. Bihəya uşağı bihəya, istəyirlər alış-veriş eləsinlər, arada xan bir qıran da olsa mənfəət görməsin. Hacı Kamyab, xanın qulluğuna saydığım əşrəfilərdən xəbərləri yoxdur. Həqiqət, hacı, rəiyyət azıb, yolundan çıxıb.
Hacı Kamyab. Sizin buraya təşrifinizdən qabaq biz də bu məsələni söyləyirdik. Rəiyyətdə əsla böyüyə hörmət və ehtiram qalmayıb. Hamısının üzləri dönüb, hətta etiqadları da xarab olubdur. Bu vəziyyətə yol verməyin, ağır nəticələri ola bilər.
Xudayarxan. Bilirsiniz, hacı, əhalinin cavanları bilmirəm Rusiyada nə tapıblar? Hamısı vətənlərini buraxıb, gedib orada özlərinə iş axtarırlar. Guya ki, Rusiyada yel əsib, qoz tökülübdür. Bir necə il neft mədənlərində it günündə işləyib, qayıdıb gəlirlər vətənlərinə. Di gəl danışıqlarına bax! Allah tanımazlar, peyğəmbər tanımazlar. Axundlara, seyidlərə, xanlara ehtiram yox. Əlbəttə, buna bir əlac lazımdır.
Hacı Kamyab. Əlbəttə lazımdır.
Xudayarxan. Mən bir neçə nəfər belə əclaflardan tələf etdirdim. İndi də belə əmr etmişəm. Heç bir kəsin məndən biizin Rusiyaya getməyə ixtiyarı yoxdur. Qaçaq gedənlər də gərək qayıtmasınlar. Qayıdanların boyunları fərmandadır. Mənə Xudayar xan deyərlər. Mənim divanım şaha da məlumdur.
Hacı Kamyab. Əlbəttə, belə olmasa tamam hökumət əldən gedər.
Xudayarxan. Bu məsələləri sonra müzakirə edərik.Nə qədər mən sağam və mənim oğlum sağdır, rəiyyətin arasında heç bir iğtişaş mümkün deyildir. Mən istəyirəm bu gün sizə qonaq gəlməyimin səbəbini söyləyim.
Hacı Kamyab. O da evinizdir, mənə dəxli yoxdur. Mən də sizin sadiq çakərinizəm.
Xudayarxan. Xeyr, əstəğfürulla, əziz qardaşımsınız. Bilirsiniz, hacı, neçə sənədir biz bir yerdə ticarət edirik.
Hacı Kamyab. İyirmi sənədən artıqdır və bu yediyim çörək də sizin dövlətinizdəndir.
Xudayarxan. Halal çörəkdir, çünki alış-verişinizdə haram olmayır... Mənim bu gün buraya gəlməkdən niyyətim sizinlən daha da yavuq və hətta qohum olmaqdır. Fəqət sizin qardaşınız oğlunu burada gördükdə bir qədər fikrə getməyə məcbur oldum. Sizin qızınız var, mənim oğlum var. Əgər qızınız qardaşınız oğluna namizəd deyilsə, mənim oğluma verməyi xahiş edirəm, qəbul edəsiniz.
Hacı Kamyab. Mən heç kəsə qızımı vədə etməmişəm. Bəlkə qardaşım oğlunun ürəyindən keçir, o başqa işdir. Ancaq, xan sağ olsun, mənim qızım Xudayar xan xanədanına layiq ola bilərmi?
Xudayarxan. Layiq olmasaydı, mən buraya gəlməz idim.
Hacı Kamyab. Xan, sizin mənim canıma ixtiyarınız çatar. Qızımın başını kəsməyə də haqqınız var.
Xudayarxan. Deməli, razısınız.
Hacı Kamyab. Heç kəs bəxtinə arxasını çevirməz.
Xudayarxan. Belə olan surətdə əlinizi mənə verin, öpüşək. (Ələlə tutub öpüşürlər. Xan nökərinə) A gədə, Şirəli, mücrünü mənə ver. (Nökər irəli gedib mücrünü xana verir. Xan alıb ötürür Hacı Kamyaba.) Bu mücrüdəki cavahiratı da mənim oğlumun sevgili nişanlısına verin.
Hacı Kamyab (mücrünü alır). Mərhəmətiniz artıq olsun, xan.
Xudayarxan. İndisə gedib bir qədər dincəlmək olar. Gəlin dübarə öpüşək.
Öpüşürlər.
Pərdə
Səkkizinci şəkil
Hacı Kamyabın əndərunində. Gövhərtac və Kamran.
Göv hər tac. Əmioğlu, axır bu gün sənin sifətin mənim xoşuma gəlməyir. Bilmirəm ürəyində nə ağır fikirlər var. Guya tamam məmləkətin xəracını sənin üstünə qoyublar. Gah deyirsən gül qırılanda ağrıyır, gah ağac kəsiləndə ufuldayır, gah da bilmirəm nə. İndi də mat durubsan, nə danışırsan, nə gülürsən.
Kamran. İndiyədək uşaq idim, insanların arasında olan fərqi düşünmürdüm. İndi böyüdükcə baxıb görürəm ki, dövlətli ilə kasıbın aralarında böyük fərq var. Məsələn, mənim əmim Hacı Kamyab pulunun hesabını bilməyir. Atam baqqal İbrahim borclarının hesabını dinarınadək bilir. Bunların hər biri bir sinif nümayəndələridir. Odur ki, onlarınkı bir-birilə tutmur. Mən burada, budur neçə ildir, məvacibsiz, müftə hambalam. Səbəbini sən yaxşı bilirsən. Bağban bir gül üçün yüz xarə xidmətkar olar. İndi sənə də baxıram, özümə də baxıram və bir böyük səhv içində olduğumu düşünürəm. Sən hara, mən hara?! Sən dövlətli, mən kasıb. Sən Hacı Kamyabın qızı, mən baqqal İbrahimin oğlu.
Gövhərtac. Kamran, mən bilirəm sən nə deyirsən. Ancaq adətə qarşı da getmək çətİndir. Bizim ixtiyarımız hələlik ata-anamızın əlindədir. Bizi qaramal kimi ürəkləri istədikləri adamlara satırlar. Bizim əlimizdə ancaq bircə haqq qalıbdır. O da ölmək və ya yaşamaq haqqı. Bu haqqı bizim əlimizdən heç kəs almaz.
Kamra. Gövhərtac, mənim səndən xahişim budur: biz ayrıldıqmı, ya ayrılmadıqmı, ölüm söhbətini araya gətirmə.
Hacı Kamyab (daxil olur, əlində mücrü, mücrünü bir kənara qoyur). Kamran, buradasan?
Kamran. Bəli, əmi, buradayam, əmriniz var?
Hacı Kamyab. Bir əmrim yoxdur. (Qızına) Gövhərtac, sən buradan get, Kamran ilə xəlvət danışmalı sözüm var. (Gövhərtac çıxır.) Oğul,
Kamran biz müsəlmanıq, bizim hamımızın başı şəriətə bağlıdır. Sən uşaqlıqdan bu evdə böyüyübsən. İndiyədək evlərin hamısına girib-çıxıbsan. İndi sən həddi-buluğa yetişibsən. Bundan sonra sən əndərunə naməhrəmsən.
Kamran. Əmi, yoxsa məni evindən qovursan?
Hacı Kamyab. Bu nə sözdür, oğul, mənim evim sənin evin deyilmi? Yenə elə burada yaşayacaqsan, kontorda işləyəcəksən. İndiyədək uşaqdın. İndi sənə bir xırda məvacib də təyin elərəm. Bir müddət qulluq elərsən, sonra kontorun tamam ixtiyarını sənə tapşıraram. Səni Parisə, Londona, Istanbula göndərrəm və mənim, doğrudan da, oğlum olarsan.
Kam ran. Sözüm yoxdur, əmi, indiyədək əmrinizdən boyun qaçırmamışam, indi də itaətinizdə varam. Mən bu əndərundan çıxdıqdan sonra tamam bu evdən uzaqlaşacağam. Hətta bu evə gendən tamaşa etməyə mənim ürəyim davam gətirə bilməyəcək.
Hacı Kamyab. Belə sözü danışma, oğul. Sən iki qardaşın bir oğlusan. Səndən mən əlimi çəkə bilərəm?!
Kamran. Yox, əmi, çörəyinizi mənə halal ediniz, mən getməli oldum. Ancaq sizdən bir təvəqqem var. Gövhərtacın cibindəki iti bıçağı onun əlindən alın. Xudahafiz. (Cəld çıxır.)
Hacı Kamyab (səsləyir). Kamran, Kamran.
Gövhərtac (çıxır). Ağa, Kamran haraya getdi?
Hacı Kamyab. Evlərinə göndərdim, qızım, getsin, yatsın, sübh tezdən gərək gəlib Xudayar xanı yola salsın. Bibixatun daxil olur, hirsli. Hamam boğçasını bir yana atır, tas boğçanın içindən çıxıb otağın ortasına yumarlanır.
Hacı Kamyab. Arvad, nə olubdur sənə, niyə belə qəzəb-alud olubsan?
Bibixatun. Arvadın günü qara gəlsin, arvadın doğulduğu günə daş düşsün, arvadı əkənin yurdu dağılsın!
Hacı Kamyab. Axır bir de görüm nə olubdur, nə xəbərdir?
Bibixatun. Nə olacaqdır?! Sənin kimi kişinin mənim kimi də arvadı olacaq! Kor atın kor nalbəndi olar! Bir azdan sonra şəhərin it, pişikləri də məni görəndə gülüşəcəklər.
Hacı Kamyab. Arvad, bir əməlli danış görüm, sənin qışqırtından heç zad başa düşmək olmayır.
Bibixatun. O Hacı Rzadır, nədir, bir də bu qapıdan girsə, mən bu evdə yarım saat dayanmayacağam.
Hacı Kamyab. Mən imanım, sənin ağlın çaşıbdır. Hacı Rza ilə sənin nə alış-verişin?
Bibixatun. Hacı Rza olmasın, olsun onun arvadı. Sən atayın goru, bir bax: hamamda oturub başımın hənasını tökürəm, bir də gördüm bir arvad deyir: ay qız, kimsən, başını qıraqda yu, soyuq su üstümə sıçrayır. Onun yanında oturan mənim kim olduğumu ona deyəndə gör nə cavab verir: Hacı Kamyabın arvadı çox böyük vücuddur, guya xan arvadıdır, şah arvadıdır. Belə deyincə deyin baqqal İbrahimin qardaşı arvadıdır!
Kitabxana.az · https://kitabxana.az/works/haqverdiyev-kamran-ikinci-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir pərdə, iki şəkildəİştirak edənlər:
Birinci şəkilƏhvalat vaqe olur Məşədi Qulamın evində. Məşədi Qulam əyləşib, əlində*çotgə, hesab çəkir. Mirzə Yusif, əlində kitab, durub.*
İkinci şəkilVaqe olur Nataşanın otağında. Məşədi Qulam əyləşib başında araqçın. Nataşa qolunu*onun boynuna salıb, şərab verir.*
Pəri caduBeş məclisdə altı pərdədəƏfradi-məclis
Başqa şairlərin şeirləri
Ey tubi baxışın yıxdı aləmi,Xumar gözün gənə qiyamət eylər
VətənMən dərmişəm bənövşəni, nərgizini bahar çağı,Mən görmüşəm sinəndəki laləzarı, buz bulağı
Təcnis: Rəxtin al geyimiş bağçaya gedirRəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,
Şübhənmi var?Ey könül, dar-i fənadan köçməyə şübhənmi var,Ol əcəl cami-şərabın içməyə şübhənmi var,