Söyüdlü arx
Səhifə 16 / 39 · 38%
Mən də qolları dirsəkdən yuxarıya qədər açıq, nazik qara paltarımı geyib, saçlarımı son dəbdə darayıb düzəltmişdim.
– Nuriyyə bacı, bu paltar sizə elə yaraşır ki, – deyə Səriyyə məni qucaqlayıb öpdü.
Biz artistlər (biz özümüzü artist kimi hiss edirdik) zarafatla qrim otağı adlandırdığımız balaca otağa yığışıb, düz səkkizdə zəngi vurduq.
Camaat gurultu ilə zala dolub bərkdən danışa-danışa, bir-biri ilə zarafat eləyə-eləyə əyləşdi.
Üçüncü zəngdən sonra Nazxanım pərdəni açdı. Mən cəld və gümrah addımlarla səhnəyə çıxdım, lap qabağa yeriyib:
– Axşamınız xeyir! – deyə gülümsədim.
– Axşamın xeyir, aqibətin xeyir, – deyə oradan-buradan səsləndilər.
Hamı sakit olandan sonra sözə başlayıb, əvvəlcə mədəniyyət evindəki kitabxanadan danışdım. Bundan sonra hər cür qəzet və jurnallar alacağımızı, kitabxananın hər gün səhər saat doqquzdan on ikiyə, axşamlar da beşdən doqquza qədər açıq olacağını bildirdim.
– “Kirpi” də alacaqsınızmı?
– Aldılar nə olsun, ha eləyib bura gəlib çıxanacan az qalır dəvənin quyruğu yerə dəysin.
– Pirverdi şəhərə qənd-çay almağa gedəndə poçt yadına düşür, – deyə qabaq cərgədə oturmuş bir cavan oğlan söz atdı.
Zalda gülüşmə qopdu. Arxa tərəfdən qısaboy, enlikürək bir kişi ayağa qalxaraq:
– Ə, Kərəm, – deyə qabaqda oturmuş oğlana müraciət etdi. – Sən havaxtacan cüvəllağı olacaqsan? Bildiyini də deyirsən, bilmədiyini də. Pirverdi hər gün durub pay-piyada qırx kilometr yolu rayona ayaq döysün?
– Ə, heç olmasa, üç-dörd gündən birə sözün nədir?
– Evin tikilsin, Pirverdi.
– Sən ölməyəsən, gödək bizi biləyinə doluyub.
– Müftə gün almağa öyrənib.
Səslər bir-birinə qarışdıqda lap qabaqda, Qərənfil bacı ilə yanaşı oturmuş Nəriman əmi ayağa qalxıb, üzünü gənclər oturan tərəfə tutdu:
– Ə, adam uşağısınız, mədəniyyətiniz olsun! Nə qarğalı bazar salmısınız?
[Mənbənin skanında burada mətn itib.]
– Niyə öyrənmirəm, onu sürməyə nə var...
– İşi düzəlib deyin, bığı gülür.
– Sən ölməyəsən, gödəyin bəxti var.
Nəriman əmi üzünü mənə tutaraq:
– Sən bunlara fikir vermə, – dedi, – sözünü danış.
Mən qətiyyən pərt olmamışdım, özümü tanış-bilişlərim arasında hiss edirdim. Bütün bu zarafatlar, bu atmacalar mənə yaxın və səmimi görünürdü.
– Biz istəyirik, – deyə sözümə davam etdim, – siz hər gün, boş vaxtlarınızda mədəniyyət evinə gələsiniz...
Poçtalyon Pirverdi ayağa qalxdı:
– Gəlməyinə gələrik, ancaq bizim bir balaca var, tar istəyib, almışam. Di gəl ki, öyrədən yoxdur. Özünün də həvəsi bu sözdən deyil...
– Bir eləsi də bizdə var, – bayaq poçtalyona sataşan Kərəm adlı oğlan yerindən dilləndi. – Evə gələn kimi, tarı götürüb kəsdirir radionun böyrünü.
Mən cavab verməkdə çətinlik çəkirdim. Çünki mədəniyyət evinin nə tar müəllimi var idi, nə də onu dəvət etmək üçün vəsaiti.
– Elə axtarsan, kənd uşağının hamısı çalğıya həvəslidir. Ancaq...
– Biz bu barədə məsləhətləşib öz fikrimizi artelin idarə heyətinə söyləyərik, – dedim. – İndi isə, icazənizlə konsertimizə başlayaq. Necə deyərlər, yolçu yolda gərək. “Segah”, oxuyacaq Cimi, çalacaq İmi.
Zalda bir tərpəniş əmələ gəldi. Bizim ilk artistlərimiz səhnəyə çıxdılar, camaata baş əyib, yanaşı stullarda əyləşdilər. Cavanların cərgəsindən kim isə nəsə pıqqıldadı. Bir başqası ona acıqlandı:
– Ə, adamsan, qoy görək nə deyirlər.
Nəhayət, Cimi tarın müşayiətilə oxumağa başladı.
Mən səhnənin arxasında divara söykənib qulaq asırdım. Gəncliyimin lap ilk çağlarından məndə “Segah”a anlaşılmaz bir bağlılıq var idi. Mənə elə gəlirdi ki, bu muğam, nə isə, qəmli bir hekayə nəql edir. Lakin əvvəllər mən bu hekayətin nədən ibarət olduğunu, “Segah”ın nə söylədiyini anlaya bilməzdim. Mən yalnız axşam qəribliyinə və ya nəyin isə iztirabları ilə pərişan olan bir qızın kədərinə bənzər duyğular hiss edərdim. Lakin o gənc leytenant görüş vəd edib gəlməyəndən sonra hər dəfə “Segah”ı dinləyərkən, qəlbimdə tamamilə yeni bir aləm yaranırdı və mən bu aləmdə yalnız müztərib insan məhəbbətinin böyük taleyini görürdüm. Sanki Leyli bu “Segah”ın dili ilə İbn Salamdan xahiş edirdi ki, ona arvad olmaq üçün Məcnunun eşqini unudana qədər möhlət versin.
İndi mən də yalnız o xoşbəxt gecədə mənə görüş vəd edərək gedən, bir də qayıtmayan o gənc leytenant haqqında düşünürdüm.
Mən ilk məhəbbətinin səadətini itirmiş, dərdini kimsə bilməmiş gənc bir qız idim.
– Sağ ol, ə, Cimi!
– Ölmüyəsən, ədə!
Zaldan eşidilən səslər mənə yuxu kimi gəlirdi.
Daha sonra Səadətin mənə qarşı olan haqsız qəzəbi haqqında düşünürdüm. Haqsızlıq həmişə adamı yandırır. Haqsızlıq yamandır... Lakin “Segah” itirilmiş ilk məhəbbətin ələm və hicranından danışırdı... Kama yetməyən ehtirasın üsyanı isə, bu kədərin qarşısında gücsüz idi.
Birdən zalda gurlayan alqış səslərindən diksindim, özümü toplayıb səhnəyə yüyürdüm. İmi ilə Cimi əsl estrada artistləri kimi baş əyib getdilər.
– Sən ölmüyəsən, Ciminin ömründə belə oxuduğu olmamışdı.
– İnsafən, yaxşı oxudu.
– Axırını qiyamət götürdü.
Nəhayət, aralıq sakit olanda, mən gülümsədim (rəfiqələrim deyirdilər ki, mənim təbəssümlərim həmişə şən və cazibədar olur. Bunun isə, səhnə üçün çox əhəmiyyəti var), sözə başlayıb “Don Kixot” haqqında qısaca məlumat verdim. Sonra Sanço Pansanın hakim təyin olunduğu səhnəni ixtisarla nağıl etməyə başladım. Həkimlərin Sançonun başına necə kələk açıb, onu ac qoyduqlarını təsvir etdikdə, zaldakılar gözləri yaşarıncaya qədər güldülər. Biz azərbaycanlılarda yumora güclü meyl vardır. Qarabağlılarda isə, bu meyl xüsusilə güclüdür. Onların heç bir məclisi qaravəllisiz, gülüşsüz, zarafatsız keçməz.
Mən hekayəni qurtarandan sonra həmin Kərəm adlı oğlan ayağa qalxıb soruşdu:
– Bağışlayın, dediniz o kitabın adı nədir?
– “Don Kixot”dur. Əgər oxumaq istəsəniz, kitabxanamızda var.
– Sən ölmüyəsən, gərək alıb oxuyam, ləzzətli şeydir, – deyə Kərəm gülə-gülə yanındakı yoldaşına müraciət etdi.
– Evin yıxılmasın, Sanço – deyə qabaq cərgədə Nəriman əmi ilə yanaşı oturmuş şofer Almurad geri qanrıldı. – Yamanca padşah olmuşdu.
Mən davam etdim:
– İndisə kəndimizin gənc qızlarından Səriyyə “Qarabağ maralı” oxuyacaq.
Zala dərhal sükut çökdü. Üzlər ciddi ifadə aldı. Mən geri qayıdıb, səhnənin arxasında dayanmış qızın qolundan tutaraq qabağa gətirdim. Özüm isə, pianonun arxasına keçdim.
Qız əvvəlcə tutulurdu. Sonra mahnının ahənginə uyaraq sanki səhnəni unutdu.
Mən tez-tez başımı qaldırıb ona baxırdım. Gözlərini zalın üzərindən məchul bir nöqtəyə zilləyib oxuyurdu. İndi, elə bil, qız tərənnüm etdiyi o gözəl Qarabağ yaylaqlarında gəzib-dolaşır, yosunlu qayalardan çıxaraq gömgöy yarpızların arası ilə axan Qırxqız bulağının gün işığını brilyant kimi əks etdirdiyini görüb-duyurdu.
Qəlbim fərəh və riqqət içindəykən, iki adamın səssizcə zala daxil olub arxa cərgədə əyləşdiyini gördüm. Mən onların üzünü aydın seçməsəm də, kim olduqlarını tanıdım. Ürəyim şiddətlə döyündü, nəfəsimi dərmək üçün bir an əl saxladım. Lakin həyatda bizim birinci borcumuz öz vəzifəmizi yerinə yetirməkdir.
Səriyyəni hərarətlə alqışladılar. Qız utanaraq çevrilib qaçdı. Mən təbəssümlə zala baxır və tamaşaçılarla birlikdə əl vururdum. Lakin Səriyyə bir daha səhnəyə çıxmadı. Mən Qulu Kəhrizlinin “Məşədi İbad” musiqili komediyasından bir səhnə göstərəcəyini elan edərək, təkrar pianonun arxasına keçdim. Bayaqkı iki nəfərin gəlişi məndə səbəbini dərk etmədiyim ruh yüksəkliyi doğurmuşdu. Bu, əslində insana vicdan əzabı verən bir sevinc idi. Məgər, onlar burada yox ikən, iki yüzdən artıq adam bizə tamaşa etmirdimi?
Qabaqcadan sözləşdiyimiz kimi, mən çalmağa başlayanda, Qulu əynində qədim arxalıq-çuxa, ayaqlarında başmaq, başında qara dəri papaq, belində enli qurşaq, bir əlində uzun demi olduğu halda, “Mən nə qədər, nə qədər qoca olsam da, dəyərəm min cavana” deyə-deyə, çırtıq vura-vura səhnəyə girdi.
Zalda gülüşmə qopdu.
– Sən ölmüyəsən, rəhmətlik babası çərçi Xanəlinin paltarıdır geyib.
– Ə, bu lap yekə artistmiş.
Lakin Qulu bu atmacaların heç birinə fikir vermədən belini azca əyərək elə məzəli oynayırdı ki, hamı gülməkdən qəşş edirdi. Hərəkətləri duzlu və təbii idi. Ahəngində xoş və canlı yumor var idi.
Nazxanım səhnənin yanına qısılaraq, dərin maraqla tamaşa edirdi (zaldakılar onu görmürdülər). Birdən vəziyyət elə gətirdi ki, Məşədi İbad “gəl, xanım, gəl yanıma... Mən ölüm, mən ölüm, gəl yanıma” sözlərini ona müraciətlə oxudu. Elə bil, Qulu bunu qəsdən edirdi. Nazxanım “bıy, başın batmasın...” deyərək uğunub getdi.
“Məşədi İbad” böyük müvəffəqiyyət qazandı. Ümumi səs-küyün içində Qulu ədəb-ərkanla baş əyib çıxdı. “Bir də, bir də” deyə cavanlar yerbəyerdən qışqırmağa başladılar. Şofer Almurad ayağa qalxıb, üzünü səhnənin arxasına tərəf tutaraq çığırdı:
Kitabxana.az · https://kitabxana.az/works/ilyas-efendiyev-soyudlu-arx
Müəllifin digər əsərləri
Mən görürdüm ki, şəhərimizin cavanlarından bir hissəsi qırmızı komandirlər kimi ot rəngli parçadan köynək-şalvar geyinib, enli kəmər bağlayırlar. Dəstə-dəstə gəzərək bərkdən danışıb-gülürlər. Hələ desən, tüfəng götürüb milislərlə birlikdə dağlara, meşələrə qaçaq-quldur dalınca da gedirlər. İclas eləyib bəylərin, kapitalistlərin əleyhinə qəzəbli nitqlər söyləyirlər. Bu cavanlara «komsomol» deyirdilər. Elə bil ki, mənim özümdə də bəylərə, kapitalistlərə qarşı gizli bir kin varmış və bu kin indi zahirə çıxırdı. Komsomollarda hiss etdiyim mübariz ruh məni həvəsləndirirdi, sanki məni o axına qoşulmağa çağırırdı. Elə bil ki, məndə həyata potensial halında olan fəal müdaxilə qüvvəsi birdən-birə hərəkətə gəlib özünü göstərmək istəyirdi. Bir gün mən də cəsarətlə atama dedim:– Komsomol olmaq istəyirəm.
Gözlənilməyən sevgiDarülfünunda dərslərin başlandığının dördüncü günü idi.Foyedə gənc bir oğlanla yaşlı bir qadın dayanmışdı. Hamı maraqla onlara baxırdı. Uca boyu, enli kürəyi olan bu qadın qara yun parçadan uzun tuman, ətəkli arxalıq geymişdi. Qara, sürməli gözləri sükutla baxır, günəşdən yanmış üzü soyuq bir qayğı ifadə edirdi. O, kimsəyə baxmadan nə haqqında isə düşünür və çubuq çəkirdi. Yanındakı ucaboylu oğlan olduqca şux geyinmişdi, lakin son dərəcə çirkin idi. Üzü çopur, burnunun ortası yəhər kimi yastı idi. Dodaqları qaba surətdə irəliyə doğru uzanmışdı. Cod və bozumtul kimi görünən saçları alnında bir bucaq təşkil edir və az qala burnuna qədər uzanırdı.
Apardı sellər SaranıÖlüm qanadlarını Gülnarın üzərinə gərdiyi zaman o, Soltanını yanına çağırıb, gözlərindən öpdü...– Mən gedirəm, əzizim, – dedi, – günlərinə qəm qatma. Bu qoca dünya əzəldən belədir. Bilirəm, evlənəcəksən, cavansan. Amma Saramdan muğayat ol. Qoyma ögey ana sitəmi çəksin. Əgər xoşbəxt olsa, qəbrimin üstünə gəl... mənə de.
Su dəyirmanıO gecə mən birinci dəfə idi ki, kəndimizin üst tərəfindən keçən dəyirman arxının yanında dayanıb onu gözləyirdim. Göy qübbəsini bəzəyən saysız-hesabsız ulduzlar və onların arasındakı üçgünlük Ay arx boyu düzülmüş söyüdlərin təzə açılan yarpaqlarını zəif-zəif işıqlandırırdı. Aşağı dərənin qaranlığında yalnız taxtapuşu seçilən dəyirmandan işıq gəlirdi. Mənim gözlədiyim qız atasına – dəyirmançı Musa dayıya axşam yeməyi aparmışdı. Mən bunu gündüz özündən öyrənmişdim. Ona görə də, indi burada dayanıb, gözümü dəyirmandan gələn cığıra zilləmişdim. Yarım saatdan bəri idi ki, həyəcan və intizar içindəydim. Əslinə baxsan, yarım saat deyil, düz yarım il idi. Yarım il idi ki, hər gecə mən bu cür həyəcan və intizar içində səhərin açılmasını gözləyirdim. İndi isə burada, ulduzların altında səhəri deyil, onun özünü gözləyirdim. Təzə açılmış söyüd yarpaqlarının xışıltısını, dəyirman çarxının üzərinə tökülən bahar suyunun coşğun şırıltısını dinləyərək onu gözləyirdim.Mən də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik. Biz ikimiz də, mən də, bahar da, mənim arzularım da, baharın açdığı bu söyüd yarpaqları da gənc idik. Bizim üzərimizdən fırtına keçməmişdi. Biz həyəcan və coşğunluq içində irəliyə can atırdıq. Biz arzu və ehtiraslar selinə düşmüşdük! Biz təzə gəldiyimiz bu dünyaya nə isə yeni bir şey, yeni bir gözəllik bəxş etmək həvəsi ilə çırpınırdıq. Biz bu barədə düşünmürdük, lakin bu, belə idi. Bizim fərəhimizdəki sirr bundan ibarət idi. Bu, böyük və əzəmətli həyatın əbədi qanunlarından biri idi!..
Başqa şairlərin şeirləri
Bir solğun çiçəyəm, bir san yarpaq,Candan şikayətkar, canandan iraq.
Aləmdə var aşiqidən bir mənəm sənəAləmdə var aşiqidən bir mənəm sənə,Bil qədrimi ki, bunca mənəm, ey sənəm, sənə.
Genə bicarə könül düşdü bir əyyar əlinəGenə bicarə konul duşdu bir əyyar əlinə,Rəhmi yox, mohnəti cox, şuxi-sitəmkar əlinə.
Pet qəpikFəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik