Səhifə 18 / 39 · 44%

– Getsən də, qalsan da, bura öz evindir. Vaxta ki, orada qalmağın məsləhətdir, sözüm yoxdur. Quluya tapşıraram bu gün maşın verər. Otağın üçün də nə lazımsa, Qərənfil göndərər.

Redikülündə bir qəpiyi olmayan, kimsəsiz bir qız üçün bu qayğının nə demək olduğunu yəqin ki, hiss edirsiniz.

Mədəniyyət evinin çölə baxan tərəfində təkpəncərəli balaca bir otaq var idi. Oranı Nazxanımla bir də yuyub-təmizlədik (mənim qon-

[Mənbənin skanında burada mətn itib.]

...Axşamçağı Kərəm başqa bir oğlanla gəlib kitabxanamızdan “Don Kixot”u götürdü. Yanındakı oğlan da çəkinə-çəkinə “oxumalı bir şey” istədi.

– Nə ilə maraqlanırsınız?

– Nə istəyirsiniz verin, ancaq gülməli olsun.

Cəlil Məmmədquluzadənin hekayələr kitabını tapıb ona verməsini Səriyyədən xahiş etdim.

Sonra İmi, Cimi və Qulu da gəlib çıxdılar. Onlar üçü də indi köhnə dost kimi gülüb-zarafatlaşırdılar. Hətta, deyəsən, özünü tox tutmaq da İminin yadından çıxmışdı.

[Mənbənin skanında burada mətn itib.] birdən dördə qədər müxtəlif mahnı və oyun havalarının məşqini keçirirdik. Saat altıdan səkkizə qədər biz yenə də kitabxanada, İmi ilə Cimi isə, öz dərnəklərində məşğul olurdular.

Qulu məşqlərdə müntəzəm iştirak edirdi. Qalan vaxtlarda da, heç olmasa, bir-iki dəfə bizə baş çəkməyi unutmurdu. Onda görürdün ki, portfel qoltuğunda yel kimi böyürdən çıxdı. Onu ən çox maraqlandıran İmi ilə Cimi idi. Bir dəfə onlara işarə ilə mənə göz vurub, xısın-xısın güldü və qulağıma tərəf əyilərək pıçıltı ilə dedi:

– Heç bilirsiniz kənddə söz-həkət necə azalıb?

– Nəyə görə?

– Bunlara görə. Səhərdən axşamacan qalırdılar bekar, başlayırdılar bundan ona deməyə, ondan buna. Bu gecə kim arvadı ilə dalaşıb, kim kimə aşiq olub, filankəsin Bakıda oxuyan qızı kiminlə alışıb-verişib. Gərək hər şeyi İmi ilə Cimi o saat kəndə car çəkəydi.

Onların mənim haqqımda Səadətə elədikləri xəbərçiliyi xatırlayıb:

– Bəs indi? – deyə soruşdum.

– İndi yox. Çünki niyə? Başları qarışıb...

– Bu, qaydadır, iradələri o qədər də güclü olmayan adamlar ürəkləri istəyən işi tapmayanda, ora-bura əl atırlar, əsl insanlıqlarını itirməyə başlayırlar.

Qulu bir mütəfəkkir görkəmi alaraq:

– Düzdür, – deyə təsdiq etdi. – İncəsənətə xoşları var deyə, görürsünüz necə canı-dildən işləyirlər?

Sonra başını ağır-ağır tərpədərək “ah” çəkdi:

– Həyat, həyat!

Mən gülümsəyərək:

– Yaxşı, dostum Qulu, – dedim, – sən də, mən də ədalət tərəfdarı olduğumuz halda, necə ola bilər ki, dövlətlilərə, güclülərə xidmət eləyək, amma onların lap qonşuluğunda yaşayan kasıbları unudaq?

O, şəhadət barmağını qaldırdı:

– Dayanın, mən deyim siz kimləri nəzərdə tutursunuz. Siz bizim quzeylilər haqqında danışırsınız...

– Əqidəli adamlara eşq olsun!

– Davam edin!

– Mən istəyirəm biz işlərimizi yoluna qoyandan sonra Quzey qış-

[Mənbənin skanında burada mətn itib.]

– Vallah, Nuriyyə xanım, əgər, kişi olsaydınız, sizi qucaqlayıb öpərdim.

– Amanın günüdür, elə xəyallara düşməyəsən.

– Hi-hi-hi... Vallah, yaxşı qızsınız.

Onun üzü ciddiləşdi:

– O axşam biz konsert verəndə, öz-özümə deyirdim: heç bu da insafdandırmı ki, biz burada musiqiyə qulaq asaq, şənlik eləyək, amma quzeylilər axşamdan başlarını atıb yatsınlar, dünyanın zövq-səfasından binəsib olsunlar.

– Biz onları şefliyə götürsək, Nəriman əmi bir söz deməz ki?..

– Deyər, etiraz edərik. Biz də bir kişiyik, ya yox?!

Qulu döşünü qabardaraq təhdidedici bir görünüş aldı.

Daha sonra biz gələcək tamaşalarımız haqqında düşünüb danışmağa başladıq. Elə bu zaman Almurad gəlib dedi ki, Nəriman əmi xahiş edir bu gecə mədəniyyət evinin böyük zalında iclas keçirilməsinə icazə verim.

– Mədəniyyət evi həmişə artelin ixtiyarındadır, – dedim.

– Sədrin eləliyinə baxmayın. Çox mərifətli adamdır. Başqaları kimi qolçomaq deyil. Sizi inandırıram, icazə verməsəniz, bir söz deməz. Çünki mədəniyyət evinin müdiri sizsiniz.

– İclas nə barədədir? – deyə Almurad gedəndən sonra Quludan soruşdum.

– Bu gecə quzeylilərin taleyi həll olunur. Söyüdlü arxın məsələsini camaatın ümumi yığıncağına keçirmişik.

– Demək, Nəriman əmi razılıq vermir?

– Xeyr, əşi... Dünən Hümmətlə aralarında əməlli-başlı inciklik oldu.

– Səncə, Söyüdlü arxın Quzey qışlağa qədər çəkilməsinə güneylilər razı olarlar?

– Görək...

– Nəriman əminin kənddə nüfuzu çox güclüdür?

– Güclü olmağına güclüdür. Ancaq... nə bilim... Görək, – deyə Qulu fikirli halda təkrar etdi.

Nazxanımı çağırıb zalı iclas üçün hazırlamağı tapşırdım.

Bilirdim ki, bugecəki yığıncaqda mütləq o da olacaq. Ona görə də, bütün günü həyəcan keçirir, bir yerdə dayana bilmirdim. Özüm özümü məzəmmət edirdim. Öz zəifliyimi lağa qoyub gülürdüm. Nazxanımla, Səriyyə ilə, hətta İmi və Cimi ilə mənasız zarafatlar edirdim. Lakin onun bu gecə gələcəyini xatırlayanda, ürəyim qırılıb ayağımın altına düşür, ixtiyarım özümdə olmurdu.

Bu gecə o, ya qalib gələcək, ya məğlub olacaqdı. Mən qarşıma çıxan güneylilərin üzünə qorxu və diqqətlə baxaraq, onların nə fikirdə olduqlarını duymaq istəyirdim.

Axşamçağı kəndlilər bərkdən söhbət eləyə-eləyə axışıb gəldilər. Onlar mədəniyyət evinin qabağında, eyvanında topa-topa dayanıb quzeylilərdən, Söyüdlü arxdan söhbət edirdilər. Görünür, bugecəki yığıncağın nə üçün çağırıldığını bilirdilər.

Mən onların nə danışdıqlarını bilmək üçün diqqətlə qulaq asır, lakin heç nə dərk etmirdim. Mən qorxu və narahatlıq içindəydim. Nəhayət, hər iki artelin sədrləri, Hümmət və Qulu da gəlib çıxdılar. Nəriman əmi bütün ordenlərini taxmışdı. Üzünü tərtəmiz təraş etdirərək, həsir şlyapa qoymuşdu. Görünüşü ciddi və təntənəli idi. Kimsənin üzünə baxmırdı.

Mən öz qəhrəmanımı, keçmiş romantik qızlar demişkən, “döyüş” qabağı təmkinli və məğrur görəcəyimi zənn etmişdim. Lakin o, adamlarla görüşür, gülür, zarafat edir, həmişəkindən şən görünürdü. O, iri qara gözlərini dolandırıb kimi isə axtarırdı. Biz qızlar nə yaman xudpəsəndik... Ürəyim fərəh və səadət içində döyündü, biz bir-birimizə xəfifcə baş əyərək sözsüz salamlaşdıq.

Hümmət onun qoluna girib mənə yaxınlaşdı:

– Nuriyyə xanım, xahiş edirəm, nə vaxt konsertiniz olsa, zəng edib mənə xəbər verəsiniz.

– Nə üçün?

– Necə nə üçün? Yoxsa, mənim tamaşa eləməyimi istəmirsiniz?

– Niyə istəmirik? Artistlər həmişə arzu edərlər ki, tamaşaçıları çox olsun, – deyə zarafatyana cavab verdim.

Onun məhz bu axşam Güney qışlaq camaatının gözü qabağında Muradın qoluna girməyi o qədər xoşuma gəlmişdi ki, uçmağa qanadım yox idi.

Odur ki, dedim:

– Biz hətta, quzeyliləri də şefliyə götürmək istəyirik

[Mənbənin skanında burada mətn itib.]

Nəriman əmi, Hümmət və Murad səhnəyə qoyulmuş yaşıl örtüklü stolun arxasında oturmuşdular. Adamlar əyləşəndən sonra Hümmət ayağa qalxdı, sakit və ciddi ifadə ilə sözə başladı:

– Çox mühüm bir məsələ barədə sizin rəyinizi bilmək istəyirik...

Zalda bir tərpəniş əmələ gəldi. Nəriman əmi qəddini düz tutaraq gözlərini adamların üstündən elə bir nöqtəyə elə zilləmişdi ki, elə bil, bu dəqiqə həmin nöqtəyə atılacaq gülləni gözləyirdi.

Hümmət sözünə davam etdi:

– Özünüz bilirsiniz ki, biz ata-babalarımızın yadına gələn zamandan bəri aranda, yaylaqda həmişə quzeylilərlə qonşu olmuşuq. Bərkdəboşda həmişə bir-birimizə əl tutmuşuq.

Rayon icraiyyə komitəsinin sədri bir an susub, zalı diqqətlə nəzərdən keçirdi:

– Onu da bilirsiniz ki, Quzey qışlaq camaatı daşdan çörək çıxarandır! Ancaq oturaq hala keçəndən bəri həmişə yoxsulluq içindədir. Səbəbi isə, sizə məlumdur: suları yoxdur. Respublikamızda olan böyük suvarma kanallarından heç birinin suyu gəlib buralara çıxmır. Siz vaxtilə çox ağıllı hərəkət eləyib, Köndələnçaydan kəndinizə arx çəkmisiniz. Ancaq quzeylilərin yeri elədir ki, onlar Köndələnçaydan birbaş özlərinə arx apara bilmirlər. Buna görə də, nə qədər fikirləşdik, mühəndislərlə məsləhətləşdiksə, sizin Söyüdlü arxı Güney qışlaqdan Quzey qışlağa qədər uzatmaqdan savayı əlverişli çarə tapa bilmədik.

Zalda yenə tərpəniş əmələ gəldi. Kim isə öskürdü. Rayon icraiyyə komitəsinin sədri tələsik əsl mətləbə keçdi:

– Buna görə də, quzeylilər sizə üz tutub təvəqqe edirlər ki, Söyüdlü arxın Quzey qışlağa qədər uzadılmasına izn verəsiniz. Mən də öz tərəfimdən sizi əmin edirəm ki, əgər, Söyüdlü arx Quzey qışlağa qədər uzadılarsa, bundan sizin təsərrüfatınıza zərrə qədər ziyan dəyməyəcək, əksinə, xeyri olacaq.

– Nə xeyri olacaq? – orta cərgədən bir kişi acıqla soruşdu.

– O barədə biz Muradla söhbət eləmişik. Belə xeyri olacaq ki, iki artel köməkləşib HES-i böyüdərsiniz. Bu da təsərrüfat işlərinin sürətlə elektrikləşməsinə kömək edər.

Aradan qısa bir sükut keçdi. Birdən həmin sualı verən kişi ayağa qalxaraq:

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Mən və yeni həyat

Mən görürdüm ki, şəhərimizin cavanlarından bir hissəsi qırmızı komandirlər kimi ot rəngli parçadan köynək-şalvar geyinib, enli kəmər bağlayırlar. Dəstə-dəstə gəzərək bərkdən danışıb-gülürlər. Hələ desən, tüfəng götürüb milislərlə birlikdə dağlara, meşələrə qaçaq-quldur dalınca da gedirlər. İclas eləyib bəylərin, kapitalistlərin əleyhinə qəzəbli nitqlər söyləyirlər. Bu cavanlara «komsomol» deyirdilər. Elə bil ki, mənim özümdə də bəylərə, kapitalistlərə qarşı gizli bir kin varmış və bu kin indi zahirə çıxırdı. Komsomollarda hiss etdiyim mübariz ruh məni həvəsləndirirdi, sanki məni o axına qoşulmağa çağırırdı. Elə bil ki, məndə həyata potensial halında olan fəal müdaxilə qüvvəsi birdən-birə hərəkətə gəlib özünü göstərmək istəyirdi. Bir gün mən də cəsarətlə atama dedim:– Komsomol olmaq istəyirəm.

12 dəq
Gözlənilməyən sevgi

Darülfünunda dərslərin başlandığının dördüncü günü idi.Foyedə gənc bir oğlanla yaşlı bir qadın dayanmışdı. Hamı maraqla onlara baxırdı. Uca boyu, enli kürəyi olan bu qadın qara yun parçadan uzun tuman, ətəkli arxalıq geymişdi. Qara, sürməli gözləri sükutla baxır, günəşdən yanmış üzü soyuq bir qayğı ifadə edirdi. O, kimsəyə baxmadan nə haqqında isə düşünür və çubuq çəkirdi. Yanındakı ucaboylu oğlan olduqca şux geyinmişdi, lakin son dərəcə çirkin idi. Üzü çopur, burnunun ortası yəhər kimi yastı idi. Dodaqları qaba surətdə irəliyə doğru uzanmışdı. Cod və bozumtul kimi görünən saçları alnında bir bucaq təşkil edir və az qala burnuna qədər uzanırdı.

16 dəq
Apardı sellər Saranı

Ölüm qanadlarını Gülnarın üzərinə gərdiyi zaman o, Soltanını yanına çağırıb, gözlərindən öpdü...– Mən gedirəm, əzizim, – dedi, – günlərinə qəm qatma. Bu qoca dünya əzəldən belədir. Bilirəm, evlənəcəksən, cavansan. Amma Saramdan muğayat ol. Qoyma ögey ana sitəmi çəksin. Əgər xoşbəxt olsa, qəbrimin üstünə gəl... mənə de.

3 dəq
Su dəyirmanı

O gecə mən birinci dəfə idi ki, kəndimizin üst tərəfindən keçən dəyirman arxının yanında dayanıb onu gözləyirdim. Göy qübbəsini bəzəyən saysız-hesabsız ulduzlar və onların arasındakı üçgünlük Ay arx boyu düzülmüş söyüdlərin təzə açılan yarpaqlarını zəif-zəif işıqlandırırdı. Aşağı dərənin qaranlığında yalnız taxtapuşu seçilən dəyirmandan işıq gəlirdi. Mənim gözlədiyim qız atasına – dəyirmançı Musa dayıya axşam yeməyi aparmışdı. Mən bunu gündüz özündən öyrənmişdim. Ona görə də, indi burada dayanıb, gözümü dəyirmandan gələn cığıra zilləmişdim. Yarım saatdan bəri idi ki, həyəcan və intizar içindəydim. Əslinə baxsan, yarım saat deyil, düz yarım il idi. Yarım il idi ki, hər gecə mən bu cür həyəcan və intizar içində səhərin açılmasını gözləyirdim. İndi isə burada, ulduzların altında səhəri deyil, onun özünü gözləyirdim. Təzə açılmış söyüd yarpaqlarının xışıltısını, dəyirman çarxının üzərinə tökülən bahar suyunun coşğun şırıltısını dinləyərək onu gözləyirdim.Mən də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik. Biz ikimiz də, mən də, bahar da, mənim arzularım da, baharın açdığı bu söyüd yarpaqları da gənc idik. Bizim üzərimizdən fırtına keçməmişdi. Biz həyəcan və coşğunluq içində irəliyə can atırdıq. Biz arzu və ehtiraslar selinə düşmüşdük! Biz təzə gəldiyimiz bu dünyaya nə isə yeni bir şey, yeni bir gözəllik bəxş etmək həvəsi ilə çırpınırdıq. Biz bu barədə düşünmürdük, lakin bu, belə idi. Bizim fərəhimizdəki sirr bundan ibarət idi. Bu, böyük və əzəmətli həyatın əbədi qanunlarından biri idi!..

59 dəq

Başqa şairlərin şeirləri