Söyüdlü arx
Səhifə 20 / 39 · 49%
Yerdən bir nəfər soruşdu:
– Deməli, buna görə oranın adı qalıb Eyvaz dərəsi?
– Bəli, ona görə. Bədirxan nənəm deyərdi ki, Eyvaz dərəsinə o qədər qan tökülmüşdü ki, yeddi il orada ot-əncər bitmədi. İndi sizdən soruşuram: çapıq Eyvaz kim idi?
Nəriman əmi yerində qurcalandı.
– Çapıq Eyvaz, bax, həmin o kişinin üçüncü babası idi. – Qoca qəlyanını Murada sarı uzatdı.
Adamlar tərpəşdi. Kimi öskürdü, kimi dərindən nəfəs aldı. Aralıq sakit olandan sonra qoca sözünə davam etdi:
– Bəs necə olur ki, indi çapıq Eyvazın törəmələrinə su vermirsiniz? Yezid imamlara su vermirdi, çünki onlarla düşmən idi, bəs, sizə nə düşüb?
Nəriman əmi yenə qurcalandı. Kərəm gülümsəyib yoldaşına nə isə pıçıldadı. Qoca dedi:
– Gəlin daşı ətəyinizdən tökün, quzeyliləri boş qaytarmayın. Biz bir el, bir obayıq. Ayıbdır.
Qoca dönüb yerinə getdi. Kərəm ayağa qalxaraq, Hümmətə müraciət etdi:
– Mənim təklifim budur ki, quzeylilərin Söyüdlü arxdan istifadə eləmələrinə icazə verək.
– Verək, verək! – deyə yerdən səsləndilər.
Nəriman əmi həyəcanla yerindən qalxdı:
– Dünyamalı kişinin sözü sizi yerinizdən oynatmasın. Yaxşı fikirləşin...
– Əşi, daha bunun nə fikirləşməyi var?
– Canım, bizə ki, bir ziyanı yoxdur.
– Çox ziyanı var.
– Söyüdlü arxın suyu azalmayacaq?
– Heç bir damcısına da söz ola bilməz.
Səslər təkrar bir-birinə qarışdı. Hümmət söz atanları nəzərdən keçirərək, dalbadal zəng çaldı. Birdən Almurad ayağa qalxdı:
– Ay yoldaşlar, – deyə hərarətlə danışmağa başladı. – Əgər biz Söyüdlü arxın Quzey qışlağacan uzadılmasına icazə verməsək, onda heç adam deyilik!
– Adam deyilik? – deyə bir kişi yanındakı cavandan soruşdu.
Yerdən başqa bir kişi söz atdı:
– Ə, adamın bura nə dəxli var?
– Çox dəxli var. Adam heç vaxt közü təkcə öz qabağına eşməz.
– Adam heç vaxt yoldaşı yolda qoymaz. Qərənfil xala çox yaxşı dedi, insafdırmı ki, bizim inişilimizin sarı buğdası bu ilə, gələn ilə qalsın, amma quzeylilər ondan-bundan borc alsın? Mən bütün Güney qışlaq cavanları adından təklif edirəm: quzeylilərin xahişini yerinə yetirək. Necə ola bilər ki, sən, Söyüdlü arxın, Güney qışlaq kəndini suvarandan sonra axıb Eyvaz dərəsində itməsinə razı olasan, amma qonşunun ehtiyacına sərf olunmasına yol verməyəsən? Belə də vicdan olar?
– Çox sağ ol, – Nəriman əmi yanpörtü ona baxdı. – Deməli, biz vicdansızıq, çox sağ ol.
– Əşi, səni demirəm. Mən sən barədə dünyasında elə söz demərəm.
– Almurad, eşitdik. Almurad, çox sağ ol, – deyə sədr küsmüş halda təkrar etdi.
Kərəmin dodağı qaçdı:
– Mən Güney qışlaq cavanları adından bir də xahiş edirəm: Söyüdlü arxın Quzey qışlağacan uzadılmasına razılıq verək.
– Razılıq verək, razılıq verək, – cavanlar oradan-buradan qışqırdılar.
Əvvəlcə biri, sonra da o biriləri əl vurdular.
Kim isə yoğun səslə qışqırırdı:
– Ə, adam uşağısınız, otağı uçurdunuz.
– Sən ölmüyəsən, bunlara bir hay lazımdır.
– Ə, cavan olanda nə olar, gərək dünyanı dağıdasınız?
– Quzeylilərin bizim suyumuzdan istifadə eləmələri başımızın ucalığıdır. – Almurad bunu deyib səhnədən düşdü.
Təkrar səs-küy, mübahisə qalxdı. Hümmət cəld ayağa durub, bir neçə dəfə zəngi çaldı. Səs-küy yatandan sonra aydın və ciddi ifadə ilə:
– İki təklif var, – dedi, – biri budur ki, Söyüdlü arxın Quzey qışlağa qədər çəkilməsinə icazə verilsin.
– İcazə verilməsin! – deyə bir nəfər yerdən qışqırdı.
Bir başqası ayağa qalxaraq əsəbi halda Hümmətə müraciət etdi:
– Yoldaş ispalkom, Söyüdlü arxın sahibi bizik. Birinci təklif də bizimdir. Yox, əgər, zor eləmək istəyirsiniz, o başqa məsələ.
– Zor nədi, ə? – kim isə qışqırdı.
– Sultanəli, xalqın üstünə motal atma.
– Sultanəli doğru deyir, birinci təklif bizimdir.
– Əlbəttə, bizimdir.
Hümmət yenə təmkinlə:
– Yaxşı, – dedi, – mən Sultanəli deyən kimi səsə qoyuram: kim istəyir Söyüdlü arxın Quzey qışlağa qədər uzadılmasına icazə verilməsin, əlini qaldırsın.
Mənə elə gəldi ki, zaldakıların hamısı bir anda əlini qaldırdı.
– Kərəm, xahiş edirəm, say.
Kərəm ayağa qalxıb, barmağı ilə bərkdən saymağa başladı. – ...Yüz otuz beş, yüz otuz altı, yüz otuz yeddi. Nəriman əmi də yüz otuz səkkiz.
– İndi isə, – deyə Hümmət davam etdi, – ikinci təklifi səsə qoyuram: kim istəyir ki, Söyüdlü arxın Quzey qışlağa qədər uzadılmasına icazə verilsin, xahiş edirəm, əlini qaldırsın. Sultanəli ayağa qalxdı.
– Bunu mən sayacağam.
– Deməli, Kərəmə etibar eləmirsən?
– Ə, lap etibar eləmirəm, dediyiniz nədir?
– Əşi, inanmır, qoy özü saysın, – Kərəm oturdu.
Sultanəli saymağa başladı. Mən, qeyri-şüuri olaraq, qalxıb ayaq üstdə dayanmışdım. Hümmətlə dayısının gözləri eyni gərgin diqqətlə zala zillənmişdi. Murada sarı baxmağa ürəyim gəlmirdi.
Sultanəli “yüz otuz səkkiz, yüz otuz doqquz, yüz qırx” dedikdə, səsi yavaşıyaraq, nəhayət, eşidilməz oldu.
– Ə, say, dayna, niyə boğazın qurudu! – deyə kimsə istehza ilə söz atdı.
– Cəhənnəm olsun. Söyüdlü arxın yiyəsi tək mən deyiləm ki... – Sultanəli əlini çırparaq oturdu.
Mən göz yaşları arasından gülümsəyərək, utanıb-çəkinmədən Murada baxdım. Lakin onun gözləri sərt bir ifadə ilə açmaqda olduğu papiros qutusuna dikildiyindən, mənim baxışlarımı görmədi.
– Demək, güneylilər Söyüdlü arxın Quzey qışlağa qədər uzadılmasına icazə verdilər.
Nəriman əmi Hümmətin bu sözlərini eşidəndə ayağa qalxdı. Zala uzun bir nəzər salaraq, təəccüblü dərəcədə sakit və mütəəssir bir ifadə ilə dedi:
– Mənim oğlum yox, qızım yox. Söyüdlü arxı da goruma tökməyəcəyəm. Mən sizin üçün deyirəm. İndi ki, belə elədiniz, özünüz bilərsiniz. Ancaq onu yadınızda saxlayın ki, bu işdə, nə otuz il mənimlə bir yastığa baş qoyan Qərənfilin, nə də həmişə oğul deyib tutduğum Hümmətin hərəkəti məni yandırmadı. Ancaq siz... Nə isə, salamat qalın.
O, həsir şlyapasını götürüb, ağır addımlarla səhnədən çıxdı.
Qərənfil bacının rəngi elə ağarmışdı ki, mən onun ürəyinin xarab olacağından qorxurdum. Murad kimsənin üzünə baxmadan dalbadal papiros çəkirdi.
– Hə, indi dincəldinizmi, – deyə Sultanəli, Nəriman əminin gedişi ilə zalda yaranan sükutu pozdu.
– Dağ boyda kişini bir qara qəpiklik eləyib yola saldılar.
– Mərdimazara lənət!
– Kişinin əməyini vurdular yerə.
– Bu gündən Söyüdlü arx sənin deyil.
Atmacalar bir-birinə qarışdı. Hümmət ayağa qalxaraq, zəngi səsləndirdi, zal sakit olandan sonra sözə başladı:
– Ədalət də, insaf da bizim sədrə etiraz etməyimizin tərəfində idi. Dayım bütün həyatını bizə, biz güneylilərə sərf edib. Onun bizdən başqa heç bir kəsi olmadığını da bilirik. Ancaq unutmamalıyıq ki, təkcə öz kəndinin xeyrini güdüb, başqalarını yaddan çıxarmaq bizim böyük məqsədimizlə düz gələn iş deyil. Bir növ, xüsusiyyətçilikdir.
O, bir an susub, gözünün üstünə tökülmüş yumşaq xurmayı saçlarını əli ilə yana verdi. Sonra yumruğunu düyünləyib sərt səslə əlavə etdi:
– Biz belə hallarla qəti mübarizə aparmalıyıq. Biz ancaq özümüzü düşünə bilmərik.
– Təkcə öz kəndinin mənfəətini güdmək avamlıqdır! – Qabaq cərgədə oturmuş Qulu sıçrayıb ayağa duraraq şəhadət barmağını yuxarı qaldırdı.
Kərəm və onun yan-yörəsində oturmuş gənclər pıqqıldayıb güldülər. Lakin Hümmət:
– Düzdür! – deyə mühasibin sözünü təsdiq etdi. – Biz keçmiş cəmiyyətin zəhərini damarlarımızdan damcı-damcı sıxıb çıxarmalıyıq. Ancaq o zaman azad, rahat nəfəs ala bilərik. Ancaq o zaman qonşumuzu, bütün namuslu vətəndaşlarımızı özümüzdən ayırmarıq.
İndi onun səsində bir qətiyyət və amansızlıq var idi. Elə bil, ayrı vaxt hamı ilə deyib-gülən yumşaq təbiətli, zarafatcıl oğlan deyildi. Mən belə cavan adamın rayon icraiyyə komitəsi sədri kimi məsul bir işə seçilməyinin səbəbini yalnız indi başa düşdüm.
O, nitqini qurtarandan sonra:
– Bir sözün varmı? – deyə Murada müraciət etdi.
Quzeylilərin sədri ayağa qalxaraq, mərdanə bir təmkinlə dedi:
– Mən bütün camaatımız adından sizə təşəkkür edirəm. Vaxt gələr ki, indi bu işə etiraz eləyən adamlar da bizdən razı qalarlar. Mən arxayınam ki, Söyüdlü arx bizi bir ailə kimi birləşdirəcək, dostluğumuzu möhkəmləndirəcək. Sağ olun.
– Sən də sağ ol.
– Ə, siz kimsiniz, biz kimik, – kəndlilər səsləndilər.
...İclasdan sonra Hümmət, Murad, Qulu, Qərənfil bacı, Nazxanım, bir də mən eyvanda dayanıb söhbət edirdik. Qərənfil bacı mənə xitabən “ah” çəkərək deyirdi:
Kitabxana.az · https://kitabxana.az/works/ilyas-efendiyev-soyudlu-arx
Müəllifin digər əsərləri
Mən görürdüm ki, şəhərimizin cavanlarından bir hissəsi qırmızı komandirlər kimi ot rəngli parçadan köynək-şalvar geyinib, enli kəmər bağlayırlar. Dəstə-dəstə gəzərək bərkdən danışıb-gülürlər. Hələ desən, tüfəng götürüb milislərlə birlikdə dağlara, meşələrə qaçaq-quldur dalınca da gedirlər. İclas eləyib bəylərin, kapitalistlərin əleyhinə qəzəbli nitqlər söyləyirlər. Bu cavanlara «komsomol» deyirdilər. Elə bil ki, mənim özümdə də bəylərə, kapitalistlərə qarşı gizli bir kin varmış və bu kin indi zahirə çıxırdı. Komsomollarda hiss etdiyim mübariz ruh məni həvəsləndirirdi, sanki məni o axına qoşulmağa çağırırdı. Elə bil ki, məndə həyata potensial halında olan fəal müdaxilə qüvvəsi birdən-birə hərəkətə gəlib özünü göstərmək istəyirdi. Bir gün mən də cəsarətlə atama dedim:– Komsomol olmaq istəyirəm.
Gözlənilməyən sevgiDarülfünunda dərslərin başlandığının dördüncü günü idi.Foyedə gənc bir oğlanla yaşlı bir qadın dayanmışdı. Hamı maraqla onlara baxırdı. Uca boyu, enli kürəyi olan bu qadın qara yun parçadan uzun tuman, ətəkli arxalıq geymişdi. Qara, sürməli gözləri sükutla baxır, günəşdən yanmış üzü soyuq bir qayğı ifadə edirdi. O, kimsəyə baxmadan nə haqqında isə düşünür və çubuq çəkirdi. Yanındakı ucaboylu oğlan olduqca şux geyinmişdi, lakin son dərəcə çirkin idi. Üzü çopur, burnunun ortası yəhər kimi yastı idi. Dodaqları qaba surətdə irəliyə doğru uzanmışdı. Cod və bozumtul kimi görünən saçları alnında bir bucaq təşkil edir və az qala burnuna qədər uzanırdı.
Apardı sellər SaranıÖlüm qanadlarını Gülnarın üzərinə gərdiyi zaman o, Soltanını yanına çağırıb, gözlərindən öpdü...– Mən gedirəm, əzizim, – dedi, – günlərinə qəm qatma. Bu qoca dünya əzəldən belədir. Bilirəm, evlənəcəksən, cavansan. Amma Saramdan muğayat ol. Qoyma ögey ana sitəmi çəksin. Əgər xoşbəxt olsa, qəbrimin üstünə gəl... mənə de.
Su dəyirmanıO gecə mən birinci dəfə idi ki, kəndimizin üst tərəfindən keçən dəyirman arxının yanında dayanıb onu gözləyirdim. Göy qübbəsini bəzəyən saysız-hesabsız ulduzlar və onların arasındakı üçgünlük Ay arx boyu düzülmüş söyüdlərin təzə açılan yarpaqlarını zəif-zəif işıqlandırırdı. Aşağı dərənin qaranlığında yalnız taxtapuşu seçilən dəyirmandan işıq gəlirdi. Mənim gözlədiyim qız atasına – dəyirmançı Musa dayıya axşam yeməyi aparmışdı. Mən bunu gündüz özündən öyrənmişdim. Ona görə də, indi burada dayanıb, gözümü dəyirmandan gələn cığıra zilləmişdim. Yarım saatdan bəri idi ki, həyəcan və intizar içindəydim. Əslinə baxsan, yarım saat deyil, düz yarım il idi. Yarım il idi ki, hər gecə mən bu cür həyəcan və intizar içində səhərin açılmasını gözləyirdim. İndi isə burada, ulduzların altında səhəri deyil, onun özünü gözləyirdim. Təzə açılmış söyüd yarpaqlarının xışıltısını, dəyirman çarxının üzərinə tökülən bahar suyunun coşğun şırıltısını dinləyərək onu gözləyirdim.Mən də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik. Biz ikimiz də, mən də, bahar da, mənim arzularım da, baharın açdığı bu söyüd yarpaqları da gənc idik. Bizim üzərimizdən fırtına keçməmişdi. Biz həyəcan və coşğunluq içində irəliyə can atırdıq. Biz arzu və ehtiraslar selinə düşmüşdük! Biz təzə gəldiyimiz bu dünyaya nə isə yeni bir şey, yeni bir gözəllik bəxş etmək həvəsi ilə çırpınırdıq. Biz bu barədə düşünmürdük, lakin bu, belə idi. Bizim fərəhimizdəki sirr bundan ibarət idi. Bu, böyük və əzəmətli həyatın əbədi qanunlarından biri idi!..
Başqa şairlərin şeirləri
Bir solğun çiçəyəm, bir san yarpaq,Candan şikayətkar, canandan iraq.
Aləmdə var aşiqidən bir mənəm sənəAləmdə var aşiqidən bir mənəm sənə,Bil qədrimi ki, bunca mənəm, ey sənəm, sənə.
Genə bicarə könül düşdü bir əyyar əlinəGenə bicarə konul duşdu bir əyyar əlinə,Rəhmi yox, mohnəti cox, şuxi-sitəmkar əlinə.
Pet qəpikFəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik