Söyüdlü arx
Səhifə 21 / 39 · 51%
– Əziz canım üçün, birisi Allahından dönüb desə ki, Nəriman, evini yığ ver mənə, deyər apar. Amma indi niyə belə eləyir, başa düşmürəm.
– Bilirsən, – deyə Hümmət cavab verdi, – Söyüdlü arx dayımın şöhrəti-şanıdır. O bu şöhrəti heç kəslə bölüşmək istəmir.
– Ancaq sən bir yol tap, dayının könlünü al, Nəriman ağıllı adamdır.
– Mən də bayaqdan fikirləşirəm ki, nə cür eləyək ki, Nəriman əmi bizimlə barışsın, – deyə Murad, Qərənfil bacıya baxdı.
[Mənbənin skanında burada mətn itib.]
– Xoşbəxt olsaydım, o damın altında qulyabanı kimi tək qalmazdım.
– Ərindən nə səbəbə ayrıldığını heç mənə danışmırsan.
– Elə bil, danışdım, nə olsun? Danışmaqla yaralar sağalsaydı, dünyada heç dərdli adam olmazdı.
– Sən onu çox istəyirdin?
– İstəyirdim.
O bu sözü elə pıçıldadı ki, elə bil, gənc və sağlam sinəsindən od qopdu.
– Ancaq yaxşı iş görməyib.
– Neyləyəydi? Atasının yurdunu kor qoya bilməzdi ki.
– Nə çox dünyada sonsuz adam. Məsələn, odur, Nəriman əmigil...
– Nə isə. Keçdi-getdi. Canı sağ olsun. Mən ondan incimirəm. Müqəssir öz bəxtimdir, yoxsa, o məni istəyib almışdı.
– Təzə arvaddan uşağı var?
– Bir oğlu olub. Deyirlər, maşallah, lap top kimi uşaqdır.
Ayın yanındakı ağ bulud parçası yavaş-yavaş uzaqlaşıb, mavi ümman içində ağaran tənha bir yelkəni xatırladırdı. Söyüdlərin arasında su səthinin kiçik bir parçası qara şüşə kimi parıldayırdı.
– Ərə getmək fikrin yoxdur?
– Nə bilim? Sən heç ərə getməmisən?
– Yox.
– Bir söz soruşsam, acığın tutmaz ki?
– Qətiyyən.
– Sən Muradı çoxdan tanıyırsan?
– Yox. Ancaq bir dəfə ona oxşayan bir gənc leytenant görmüşdüm. Necə məgər?
– Heç. Elə-belə. Çox gözəl oğlandır, elə deyil?
– Allah yiyəsinə qismət eləsin.
– Sən onun baxışlarından bir şey başa düşmürsən?
– Yox, nə cür baxır ki? – deyə çox təəccüblə soruşdum.
– Mənə elə gəlir ki, Murad sənə aşiq olub.
– Dəlisən, nədir? Bax, bir də mənimlə belə zarafat eləsən, bərk inciyərəm. Muradın o cür gözəl arvadı ola-ola, durub mənə aşiq olacaq?
– Eh, sən də! Elə arvadı deyilmi yazığın gününü göy əsgiyə düyünləyən.
– Özləri bilərlər. Ancaq xahiş edirəm o sözü bir dedin, bir də deməyəsən. İndi də arvadlı kişilərimiz qalmışdı. Niyə, dünyada bir subay oğlan tapılmırdı ki, mənə aşiq olaydı?! Çox sağ ol, Nazxanım, heç səndən gözləməzdim.
Öz rolumu elə məharətlə oynadım ki, yazıq gəlin dediyinə də peşman oldu.
– Bilsəydim xətrinə dəyəcək, deməzdim. Sən Allah, bağışla.
– Yaxşı, yaxşı. Ancaq bir də desən, bağışlamayacağam. Dur gedək, sənin üçün piano çalım.
Qoy oxucu Nazxanım kimi təmiz qəlbli bir dostuma qarşı göstərdiyim bu saxta hərəkətləri mənim günahıma yazmasın. Məni ikiüzlülükdə təqsirləndirməsin. And içirəm ki, mən həyatımda heç kimə yalan deməmişəm. Ancaq dünyada bir sirr var ki, o mənimlə qəbrə gedəcəkdir...
Pəncərədən düşən Ay işığı səhnəni işıqlandırdığı üçün çıraqları yandırmadıq: mən pianonun arxasında oturub, yenə də “Segah” çalmağa başladım. Lakin bu dəfə o, tamamilə ayrı şeylər hekayə edirdi. Mən, yaxından keçən Söyüdlü arxa baxaraq çalırdım və çaldıqca sanki Ay işığında mürgüyə dalmış söyüdlər diksinib ayılırdı.
Söyüdlər ahəstə-ahəstə yırğalanaraq “Segah”ı dinləyirdi. “Segah” isə, onlara deyirdi ki, sizin sıralarınız Quzey qışlağa qədər uzanacaq, kəndi dövrə vurub su kənarında bitən yaşıl yarpızların üzərinə sərin kölgə salacaq. Quzey qışlağa uçub gələn quşlar sizin salxım-salxım sallanan yarpaqlarınız arasında yuva qurub şən mahnılar oxuyacaq. Saçlarına dən düşmüş ucaboylu bir adam hərdən sizə baxıb, bəlkə də, keçmişləri xatırlayacaq. Kim bilir, o zaman bu qız harada olacaq. “Segah” gələcək ayrılığın hicranı ilə titrəyib üzülürdü. Sonra Söyüdlü arx kimi yavaş-yavaş axıb gedən zamanın biganəliyindən danışırdı. Ah, mənim əzizim! Mənim iki gözüm. Cavan leytenant! Nə üçün sən o gecənin səhəri qayıtmadın? Nə üçün sonralar məni axtarıb tapmadın? Sənin yerinə mən olsaydım, dəmir çarıq geyib Yer üzünü dolaşar və səni tapardım. Lakin sən məni axtarıb tapmadın. Vədə verib gəlmədin. O zaman mənimlə tanış olmağın səndə, bəlkə də, sadəcə bir maraq, bir gənclik həvəsi idi. Bəlkə də, ötəri bir ehtiras idi... Mən isə, səni bütün ali duyğuların yaratdığı bir şah əsər, qızların xəyallarını narahat edən bir qəhrəman sanmışdım. Sən görüş vəd edib gəlmədin. Eybi yoxdur. Mən bunun üçün taleyimdən narazı deyiləm. Çünki sən öz səadətini tapmısan. Onun gözləri yaz səmasıtək dərin və mavidir. O səni sevir! Səni ayağın dəyən daşa, torpağa belə qısqanır. O məni nifrətlə qarşıladı. Lakin mən incimədim. O səni sevdiyi üçün mənə nifrət edir. O istəyir ki, sən yalnız onun olasan. Sənin gözlərin yalnız ona baxsın. Qulugildə o sənin ötəri bir nəzərini belə mənə çox görürdü. Mən isə, bundan incimirəm. Bu dünyada hər kəsin xoşbəxt olmağa, həyatdan daha çox şey götürməyə can atması tamamilə qanunidir. Lakin bu xoşbəxtliyi mən daha səndən istəyə bilmərəm. Buna mənim haqqım yoxdur.
Çünki sən onunkusan! Siz bir-birinizinsiniz. Mən isə, uzaqdan gəlmiş bir quşam. Bu quşun uçub getməsi ilə Səadətin qəzəbi də yaz tufanı kimi sovuşub keçəcək. Söyüdlü arx kəndinizi dövrə vuracaq... Ay işığında dayanmış o qədd-qamətli adam kimdir? Nə üçün elə pejmürdədir? Gözlərinin kölgəsi nədən elə qaradır?
“Segah” həyəcanla titrədi, çırpındı. Mən bir anlığa gözlərimi qapayıb-açdığım zaman o, artıq yox idi. Mən qorxmadan, titrəmədən qalxıb, pəncərənin qabağına yüyürdüm. Heç kəs yox idi. Bəlkə bu mənim iztirablı xəyallarımın bir aldanışı idi.
Nazxanım yanıma gəlib soruşdu:
– Nə olub, nəyə baxırsan?
– Heç nə. Pəncərənin qabağından kim isə keçdi. Gedək.
– Gedək. Sən həmişə dərdli adamlar kimi çalırsan.
– Sən Allah, elə demə. Mən yazıq hələ nə görmüşəm ki, nə dərd çəkim, – deyə zarafata saldım.
Belə anlarda o mənə qəribə bir şübhə ilə baxırdı. Bir qədər yanımda qalandan sonra ayağa qalxdı:
– Gecən xeyrə qalsın.
– Xeyirə qarşı get.
O getdi. Mən də öz otağıma gələrək, qapını bağlayıb pəncərəni açdım. Xeyli zaman dayanıb aydınlıq çöllərə baxdım. Heç kəs yox idi.
Qurbağalar hey quruldayırdı. Gecə xoş sükut içindəydi. Mən heç kəsi gözləmirdim. Mənim heç kəsdə gözüm yox idi. Mən yatmaq istəyirdim. Bayır aydınlıq olsa da, otağım qaranlıq idi. Mənim isə, həmişə qaranlıqda ürəyim sıxılır. İşığı yandırıb çarpayıma baxdım. O mənə lal bir yadlıq, bir soyuqluq təlqin etdi. Soyunmaq əvəzinə “Faust”u götürüb oxudum:
Mənə rahatlığımı qaytarmaq üçün, əgər,
Yorğun təbiətdə də yoxdursa əlac, kömək,
Demək ki, çarə yoxdur, bitməyəcək bu kədər,
Heç bir ümid yolu da mənimçin yoxdur, demək!
Sanki birdən-birə bütün vücuduma yorğunluq gəldi və mən taqətsiz halda stula yıxılıb gözlərimi yumdum. Vücudumda hər cür fikirdən, dərddən, qəmdən uzaq elə xoş bir uyuşuqluq var idi ki, qımıldanmaq belə istəmirdim. Eyni ilə körpəlikdə olduğu kimi, mənasız iztirablarla dolu bir yuxunun yavaş-yavaş məni apardığını hiss edirdim. Nə qədər zaman keçmişdi, bilmirəm, birdən qəribə pıçıltı ilə adımın çağırıldığını eşidərək, diksinib gözlərimi açdım, kitab əlimdən düşdü.
O, pəncərənin qabağında dayanıb mənə baxırdı.
– Qorxmadınız ki?
– Yox, qorxmadım. Niyə bayırda dayanıbsınız, gəlin içəri.
– Gecdir. Bəlkə siz yatmaq istəyirsiniz.
– Mən yuxumu aldım.
– Elə şirin yatmışdınız ki...
– Siz məni utandırdınız.
– Nə üçün?
– Deyirlər mən həmişə ağzıaçıq yatıram.
O, gülümsədi. Bir neçə il qabaq məni rəqsə dəvət edən o gənc leytenant kimi gülümsədi.
– Gəlin içəri.
Səsimdəki həyəcan məni qorxudub utandırdı. O, binanı hərlənib gələnə qədər, özümü ələ alaraq, sakit və nəzakətli təbəssümlə qapını açdım.
– Əyləşin. Sizin üçün çay dəmləyim?
– Sağ olun, lazım deyil.
– Nə üçün bikefsiniz?
– Mən həmişə qaraqabağam.
– Düz demirsiniz. Siz o vaxt Gəncədə heç qaraqabaq adama oxşamırdınız.
– Hər yaşın bir xüsusiyyəti var.
Qısa sükut.
Ciddi və nəcib bir görünüşlə soruşdu:
– Siz o gecənin səhəri vədələşdiyimiz yerə gəldinizmi?
– Bəli, gəldim.
– Yəqin ki, hirslənib getdiniz.
– Xeyr, hirslənmədim.
– Sizdən ayrılan gecə məni çox uzaq bir səfərə göndərdilər. Hərbi işdə belə gözlənilməyən hallar olur. Sizin ünvanınızı, familiyanızı bilmədiyimdən, məktub qoya bilmədim. Səkkiz aydan sonra qayıdıb Gəncədəki uşaq evlərinin hamısını gəzdim. Nəhayət, vaxtilə siz olan evi tapdım. Dedilər Leninqradda, dağ mədən institutunda oxuyursunuz. İnstitutun direktorluğuna məktub yazıb, ünvanınızı istədim. Cavab gəldi ki, xəstə olduğunuz üçün institutu tərk edib Azərbaycana qayıtmısınız. Bir neçə günlüyə icazə alıb Bakıya getdim. İnstitutların hamısını gəzdim, ancaq, doğrusu, teatr institutu heç ağlıma gəlməyib...
Kitabxana.az · https://kitabxana.az/works/ilyas-efendiyev-soyudlu-arx
Müəllifin digər əsərləri
Mən görürdüm ki, şəhərimizin cavanlarından bir hissəsi qırmızı komandirlər kimi ot rəngli parçadan köynək-şalvar geyinib, enli kəmər bağlayırlar. Dəstə-dəstə gəzərək bərkdən danışıb-gülürlər. Hələ desən, tüfəng götürüb milislərlə birlikdə dağlara, meşələrə qaçaq-quldur dalınca da gedirlər. İclas eləyib bəylərin, kapitalistlərin əleyhinə qəzəbli nitqlər söyləyirlər. Bu cavanlara «komsomol» deyirdilər. Elə bil ki, mənim özümdə də bəylərə, kapitalistlərə qarşı gizli bir kin varmış və bu kin indi zahirə çıxırdı. Komsomollarda hiss etdiyim mübariz ruh məni həvəsləndirirdi, sanki məni o axına qoşulmağa çağırırdı. Elə bil ki, məndə həyata potensial halında olan fəal müdaxilə qüvvəsi birdən-birə hərəkətə gəlib özünü göstərmək istəyirdi. Bir gün mən də cəsarətlə atama dedim:– Komsomol olmaq istəyirəm.
Gözlənilməyən sevgiDarülfünunda dərslərin başlandığının dördüncü günü idi.Foyedə gənc bir oğlanla yaşlı bir qadın dayanmışdı. Hamı maraqla onlara baxırdı. Uca boyu, enli kürəyi olan bu qadın qara yun parçadan uzun tuman, ətəkli arxalıq geymişdi. Qara, sürməli gözləri sükutla baxır, günəşdən yanmış üzü soyuq bir qayğı ifadə edirdi. O, kimsəyə baxmadan nə haqqında isə düşünür və çubuq çəkirdi. Yanındakı ucaboylu oğlan olduqca şux geyinmişdi, lakin son dərəcə çirkin idi. Üzü çopur, burnunun ortası yəhər kimi yastı idi. Dodaqları qaba surətdə irəliyə doğru uzanmışdı. Cod və bozumtul kimi görünən saçları alnında bir bucaq təşkil edir və az qala burnuna qədər uzanırdı.
Apardı sellər SaranıÖlüm qanadlarını Gülnarın üzərinə gərdiyi zaman o, Soltanını yanına çağırıb, gözlərindən öpdü...– Mən gedirəm, əzizim, – dedi, – günlərinə qəm qatma. Bu qoca dünya əzəldən belədir. Bilirəm, evlənəcəksən, cavansan. Amma Saramdan muğayat ol. Qoyma ögey ana sitəmi çəksin. Əgər xoşbəxt olsa, qəbrimin üstünə gəl... mənə de.
Su dəyirmanıO gecə mən birinci dəfə idi ki, kəndimizin üst tərəfindən keçən dəyirman arxının yanında dayanıb onu gözləyirdim. Göy qübbəsini bəzəyən saysız-hesabsız ulduzlar və onların arasındakı üçgünlük Ay arx boyu düzülmüş söyüdlərin təzə açılan yarpaqlarını zəif-zəif işıqlandırırdı. Aşağı dərənin qaranlığında yalnız taxtapuşu seçilən dəyirmandan işıq gəlirdi. Mənim gözlədiyim qız atasına – dəyirmançı Musa dayıya axşam yeməyi aparmışdı. Mən bunu gündüz özündən öyrənmişdim. Ona görə də, indi burada dayanıb, gözümü dəyirmandan gələn cığıra zilləmişdim. Yarım saatdan bəri idi ki, həyəcan və intizar içindəydim. Əslinə baxsan, yarım saat deyil, düz yarım il idi. Yarım il idi ki, hər gecə mən bu cür həyəcan və intizar içində səhərin açılmasını gözləyirdim. İndi isə burada, ulduzların altında səhəri deyil, onun özünü gözləyirdim. Təzə açılmış söyüd yarpaqlarının xışıltısını, dəyirman çarxının üzərinə tökülən bahar suyunun coşğun şırıltısını dinləyərək onu gözləyirdim.Mən də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik. Biz ikimiz də, mən də, bahar da, mənim arzularım da, baharın açdığı bu söyüd yarpaqları da gənc idik. Bizim üzərimizdən fırtına keçməmişdi. Biz həyəcan və coşğunluq içində irəliyə can atırdıq. Biz arzu və ehtiraslar selinə düşmüşdük! Biz təzə gəldiyimiz bu dünyaya nə isə yeni bir şey, yeni bir gözəllik bəxş etmək həvəsi ilə çırpınırdıq. Biz bu barədə düşünmürdük, lakin bu, belə idi. Bizim fərəhimizdəki sirr bundan ibarət idi. Bu, böyük və əzəmətli həyatın əbədi qanunlarından biri idi!..
Başqa şairlərin şeirləri
Bir solğun çiçəyəm, bir san yarpaq,Candan şikayətkar, canandan iraq.
Aləmdə var aşiqidən bir mənəm sənəAləmdə var aşiqidən bir mənəm sənə,Bil qədrimi ki, bunca mənəm, ey sənəm, sənə.
Genə bicarə könül düşdü bir əyyar əlinəGenə bicarə konul duşdu bir əyyar əlinə,Rəhmi yox, mohnəti cox, şuxi-sitəmkar əlinə.
Pet qəpikFəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik