Söyüdlü arx
Səhifə 22 / 39 · 54%
“Eh, Murad, Murad... Siz çox şeylər edə bilərdiniz. Lakin mən sizdən incimirəm.”
– Çox sağ olun. Görünür, yaxşı dost imişsiniz.
– ...
– Niyə söhbət eləmirsiniz?
– Siz o gecədən sonra heç məni yada salırdınız?
– Tələbəlik həyatını bilirsiniz. Adamın başı o qədər qarışır ki, bəzən öz adı da yadından çıxır.
– Tüstüdən acığınız gəlmir ki?
– Xeyr, uşaqlıqda həmişə qoca nənəmin papirosunu mən yandırardım.
– Amma mən sizi çox tez-tez xatırlayırdım. Heç yadımdan çıxmırdınız...
“Mən isə əzab çəkirdim. Uşaq evindəki mürəbbimizdən icazə alıb, kitabxanaya gedərkən, küçələri bir-birinə vurub səni axtarırdım. Bir saatın içində o qədər gəzirdim, o qədər yerə baş vururdum ki, ayaqlarım qabar atırdı.”
– Ola bilər... Bir dəfə mən də Gəncədəki yoldaşlarımdan birigildə bir oğlan görmüşdüm, indinin özündə də gözümün qabağındadır.
– Kim idi o oğlan?
– Leytenant idi. Cavan bir leytenant.
– Adı nə idi?
– Adını unutmuşam.
– Gərək unutmayaydınız.
– Nə üçün?
– Hiss edirəm ki, o gənc leytenant çox xoşunuza gəlirmiş.
– O barədə heç fikirləşməmişdim. Bir dəfə görməklə adam haqqında necə mühakimə yürütmək olar?
– Mühakimə nə üçün? İnsanı hiss etmək, duymaq lazımdır. Mühakimələrsə çox zaman birtərəfli olur. Bəzən sən, nə isə, yaxşı bir iş görmək istəyirsən. Ancaq səni qova-qova namərd edirlər. Ürəyinə tikan batırırlar. Dünya işığını sənə haram edirlər. Heç nədən xəbəri olmayan başqaları isə, qabaqlarında çay, oturub əsnəyə-əsnəyə səni mühakimə edirlər. Qiyabi olaraq sənə pislik damğası vururlar. Dünyada belə mühakimələrdən də ədalətsiz bir iş təsəvvür etmək mümkündürmü?
“O, kimi nəzərdə tuturdu? Özünümü? Mənimi?”
– Doğrudur. Elə hallar olur. Ancaq yenə də hər şey bizdən asılıdır.
– Nə cür?
– Biz ürəyimizin, vicdanımızın səsini eşidib, səbrlə yolumuza davam etməliyik. O zaman gec-tez həqiqət meydana çıxar. Yaxşılıq elə, balığı at dəryaya, balıq bilməsə, xalıq bilər.
“Bu nədir? Mən əməlli-başlı öyüd-nəsihət verirəm. Mənim ki, belə şeylərdən zəhləm gedərdi...”
– Xalıq bilənəcən bizimki də bizə dəyir.
– Nə olar? Qoyun dəysin!
– Başımıza gəlməyib, bilmirsiniz.
– Sizin başınıza gəlib?
– ...
– Deyəsən, mənim sualım bir az yersiz düşdü. Bağışlayın.
– Nə üçün üzr istəyirsiniz, siz məndən hər şeyi soruşa bilərsiniz.
– Təşəkkür edirəm. Bu çox böyük etimaddır.
O, yerində səbrsiz bir hərəkət etdi.
– Sən Allah, mənimlə bu cür rəsmi danışmayın.
– Sizə elə gəlir. Mən rəsmi danışmıram. Əksinə, mən istəyirəm biz səmimi ürək dostları olaq. Mən buradakı adamların hamısından qabaq sizi tanımışam. Ona görə də, sizi özümə bir qardaş kimi yaxın hiss edirəm.
Axırıncı sözləri deyərkən özümdə elə halsızlıq hiss etdim ki, sanki o sözlərlə bərabər, canım da ağzımdan çıxırdı.
O, üzümə ani bir nəzər salaraq, heç nə demədi. O susurdu. Eynilə bayaq aydınlıq içində gördüyüm o adam kimi susurdu. Nəhayət, ayağa qalxaraq:
– Gecəniz xeyrə qalsın, – deyib qapıya sarı yönəldi.
Mən də heç bir söz deməyərək, daha doğrusu, demək iqtidarında olmayaraq, onun ardınca çıxdım. Eyvanda ayaq saxladı:
– Siz gəlməyin, qayıdın, – dedi.
Lakin mən qayıtmadım. Mən onun qarşısında dayanmışdım. Lal, mat dayanmışdım. Kənd yuxudaydı. Qurbağalar susmuşdu. Hərdən xoruz banlayırdı. Düzənlikdən sərin yel əsirdi. Biz iki nəfər, eyvanın yarıqaranlığında qarşı-qarşıya dayanıb susurduq. Biz nə istəyirdik? Nəyi gözləyirdik?
– Gedin, Murad.
Mədəniyyət evinin səssizliyi içində pıçıldadığım bu sözlərdən vücudum titrədi. Sanki bütün qızlıq duyğularım üsyankar bir həyəcanla təlatümə gəldi. Dodaqlarım qurudu.. Yanaqlarım od tutub yandı. Mən iqtidarımın əldən getdiyini hiss edərək:
– Gedin, Murad, – deyə təkrar pıçıldadım.
Lakin o, yerindən tərpənməyərək, qəmli qara gözləri ilə mənə baxırdı.
“Ah, doğrudanmı, mən özümü saxlaya bilməyəcəyəm? Doğrudanmı, mən bu saat onun ağuşuna yıxılacağam? Doğrudanmı, mən bu qədər gücsüzəm? Doğrudanmı, mən məhv oluram? Yox, bu ola bilməz”.
Mən iki əlimlə onun əlindən tutaraq, son gücümü toplayıb təkrar etdim:
– Gedin, Murad.
Nəcib insanlara eşq olsun...
O, iri və qüdrətli əlini mənim əllərimdən yavaşca çəkərək, heç bir söz demədən getdi. O, gözdən itənə qədər bədənim uçuna-uçuna ardınca baxdım. Sonra dönüb otağıma getdim, soyunmadan çarpayıma yıxılıb, əllərimlə gözlərimi qapadım. Mən utanırdım. Özüm-özümdən utanırdım. Mən ancaq yatmaq istəyirdim.
O gecə səhərə qədər Səadəti yuxuda gördüm. Görürdüm ki, biz çayda çimirik. Çay isə, gah dönüb Söyüdlü arx olur, gah da düz-dünya suya çevrilib, gur günəş işığında gözümüzü qamaşdırır. Mən yüzlük elektrik lampasını yana-yana qoyub yatmışdım.
...“Don Kixot”la “Molla Nəsrəddin”in sorağı kəndə yayılmışdı. İşdən sonra adamlar orada-burada toplaşaraq, ya Söyüdlü arxın Quzey qışlağa qədər uzadılması barədə söhbət edir, ya da Kərəmlə onun dostunun Don Kixotdan, “Molla Nəsrəddin”dən danışdıqları əhvalatlara qulaq asıb gülüşürdülər. Şofer Almurad, poçtalyon Pirverdi, İmi ilə Cimi də kitabxanaya gəlib “oxumalı bir şey” istəyirdilər. Səriyyə mənim məsləhət bildiyim kitabları tapıb onlara verirdi. Hətta, qız-gəlinlər də gəlib kitab götürməyə başlamışdılar. Beləliklə, oxucularımızın sayı artırdı. Söyüdlü arx haqqındakı iclasdan qabaq, Nəriman əminin təşəbbüsü ilə artel poçtalyon Pirverdiyə bir motosikl almışdı. İndi o hər gün stansiyadan təzə qəzet və jurnallar gətirirdi. Axşamlar yalnız cavanlar deyil, yaşlı kişilər də axışıb mədəniyyət evinə gəlir, bəziləri tar dərnəyinin məşğələsinə qulaq asır, bəziləri də eyvandakı skamyalarda oturub, papiros çəkə-çəkə, mənim qəzetlərdən oxuduğum xəbərləri dinləyirdilər. Sonra da siyasət aləmindən, dünyanın işlərindən mənə cürbəcür suallar verirdilər. Qəzetin müəyyən bir yerini başa düşmədikdə, təkrar oxudurdular. Mən də onların sadə, mehriban münasibətlərindən ruhlanaraq, bütün suallarına həvəslə cavab verirdim. Mən quru rəsmiyyətçiliyə nifrət elədiyim üçün hər şeyin ailədəki kimi səmimi, təbii olmasına çalışırdım; yeri gəldikdə, onlarla birlikdə zarafat edir, qəhqəhə çəkib gülürdüm. Oxuduğum əsərlərdən məzəli səhnələr danışırdım. Məni öz adamları sandıqlarından, gah soruşur, gah xahiş edirdilər:
– Nuriyyə bacı, bir oxu görək qəzetdə nə yazılıb.
– Nuriyyə bacı, sən Allah, bir az o pianonu dınqıldat.
– Nuriyyə bacı, sən Allah, Don Kixotun yel dəyirmanı ilə davasını danış.
Bütün bunlar, bu münasibət məni sevindirir, mənə təsəlli verirdi. Məni öz-özümlə tək qalmağa qoymurdu.
Mədəniyyət evindəki işlərimdə ən yaxın köməkçim, şübhəsiz, Qulu idi. Bu balacaboylu adamda tükənməz həyat eşqi var idi. Onun civə kimi daim hərəkətdə olan kiçik qara bəbəkləri hey o yan-bu yana qaçaraq, sanki, nə isə, təzə və şən bir şey söyləmək istəyirdi. Qulu gələn kimi məclis canlanır, adamlar gülümsəyirdilər. O da gah sağ, gah da sol ayağını irəli qoyaraq, görüb eşitdiklərini nəşə ilə danışardı. Son zamanlarda yalnız Nəriman əmini soruşanda, mühasibin üzü küt bir kədər və ciddiyyət ifadə edirdi. Elə bil, özünün belə, anlayıb dərk edə bilmədiyi nəyi isə səndən gizləyirdi.
Hər axşam işdən sonra mədəniyyət evinin qabağında yığışan gənclərin deyib-gülmələri, zarafatları mənə xüsusilə xoş gəlirdi. Bu zarafatların mərkəzində həmişə Kərəmlə poçtalyon Pirverdi olurdu. Kərəm ona sataşır, Pirverdi isə, bəzən tutarlı cavablar verir, bəzən də gurultulu qəhqəhələr altında qıpqırmızı pörtərək pərt olub özündən çıxırdı. Bununla bərabər, onların həmişə himi-cimi bir idi.
Şofer Almurad isə, oğrun baxışları, eyhamları ilə bizim Nazxanıma göz verib, işıq vermirdi.
Beləliklə, günlərimiz olduqca şən keçirdi. Lakin Güney qışlaqdakı həyatımda baş verən ilk fırtınalar məni birdən-birə çox çətin vəzifələr qarşısında qoydu. Ələsgər dayı Miçurinin kitabını tapıb göndərmişdi. Mən, səbəbini özüm də bilmədən, onu bir neçə gün evdə, çarpayımın yanındakı stolun üstündə saxladım. Murada göndərəcəyim bu kitab mənim üçün dönüb canlı bir məxluq olmuşdu. Evə girəndə, birinci onu görürdüm. Daha doğrusu, ona baxırdım. Evdən çıxanda, canım onun yanında qalırdı. Gecələr yatağıma uzananda, onu götürüb gah oxuyur, gah da nəzərdən keçirirdim.
Nəhayət, bir gün kitabı səliqə ilə qəzetə büküb Pirverdidən xahiş etdim ki, Murada çatdırsın. Bir saatdan sonra Pirverdi motosiklini tüstülədə-tüstülədə xəbər gətirdi ki, “özü evdə yox idi, verdim Səadətə...”
Bu sözləri deyərkən, poçtalyonun gözlərində, nə isə, ciddi, tutqun bir şey hiss elədim. Təxminən üç-dörd saat sonra bir oğlan uşağı kitabı mənə qaytarıb, bir söz demədən getdi.
Mən təəccüb içində kitaba baxıb, heç bir şey başa düşmürdüm. Nə üçün Murad onu geri qaytarsın? Mən ki, bir pis iş görməmişdim.
Kitabxana.az · https://kitabxana.az/works/ilyas-efendiyev-soyudlu-arx
Müəllifin digər əsərləri
Mən görürdüm ki, şəhərimizin cavanlarından bir hissəsi qırmızı komandirlər kimi ot rəngli parçadan köynək-şalvar geyinib, enli kəmər bağlayırlar. Dəstə-dəstə gəzərək bərkdən danışıb-gülürlər. Hələ desən, tüfəng götürüb milislərlə birlikdə dağlara, meşələrə qaçaq-quldur dalınca da gedirlər. İclas eləyib bəylərin, kapitalistlərin əleyhinə qəzəbli nitqlər söyləyirlər. Bu cavanlara «komsomol» deyirdilər. Elə bil ki, mənim özümdə də bəylərə, kapitalistlərə qarşı gizli bir kin varmış və bu kin indi zahirə çıxırdı. Komsomollarda hiss etdiyim mübariz ruh məni həvəsləndirirdi, sanki məni o axına qoşulmağa çağırırdı. Elə bil ki, məndə həyata potensial halında olan fəal müdaxilə qüvvəsi birdən-birə hərəkətə gəlib özünü göstərmək istəyirdi. Bir gün mən də cəsarətlə atama dedim:– Komsomol olmaq istəyirəm.
Gözlənilməyən sevgiDarülfünunda dərslərin başlandığının dördüncü günü idi.Foyedə gənc bir oğlanla yaşlı bir qadın dayanmışdı. Hamı maraqla onlara baxırdı. Uca boyu, enli kürəyi olan bu qadın qara yun parçadan uzun tuman, ətəkli arxalıq geymişdi. Qara, sürməli gözləri sükutla baxır, günəşdən yanmış üzü soyuq bir qayğı ifadə edirdi. O, kimsəyə baxmadan nə haqqında isə düşünür və çubuq çəkirdi. Yanındakı ucaboylu oğlan olduqca şux geyinmişdi, lakin son dərəcə çirkin idi. Üzü çopur, burnunun ortası yəhər kimi yastı idi. Dodaqları qaba surətdə irəliyə doğru uzanmışdı. Cod və bozumtul kimi görünən saçları alnında bir bucaq təşkil edir və az qala burnuna qədər uzanırdı.
Apardı sellər SaranıÖlüm qanadlarını Gülnarın üzərinə gərdiyi zaman o, Soltanını yanına çağırıb, gözlərindən öpdü...– Mən gedirəm, əzizim, – dedi, – günlərinə qəm qatma. Bu qoca dünya əzəldən belədir. Bilirəm, evlənəcəksən, cavansan. Amma Saramdan muğayat ol. Qoyma ögey ana sitəmi çəksin. Əgər xoşbəxt olsa, qəbrimin üstünə gəl... mənə de.
Su dəyirmanıO gecə mən birinci dəfə idi ki, kəndimizin üst tərəfindən keçən dəyirman arxının yanında dayanıb onu gözləyirdim. Göy qübbəsini bəzəyən saysız-hesabsız ulduzlar və onların arasındakı üçgünlük Ay arx boyu düzülmüş söyüdlərin təzə açılan yarpaqlarını zəif-zəif işıqlandırırdı. Aşağı dərənin qaranlığında yalnız taxtapuşu seçilən dəyirmandan işıq gəlirdi. Mənim gözlədiyim qız atasına – dəyirmançı Musa dayıya axşam yeməyi aparmışdı. Mən bunu gündüz özündən öyrənmişdim. Ona görə də, indi burada dayanıb, gözümü dəyirmandan gələn cığıra zilləmişdim. Yarım saatdan bəri idi ki, həyəcan və intizar içindəydim. Əslinə baxsan, yarım saat deyil, düz yarım il idi. Yarım il idi ki, hər gecə mən bu cür həyəcan və intizar içində səhərin açılmasını gözləyirdim. İndi isə burada, ulduzların altında səhəri deyil, onun özünü gözləyirdim. Təzə açılmış söyüd yarpaqlarının xışıltısını, dəyirman çarxının üzərinə tökülən bahar suyunun coşğun şırıltısını dinləyərək onu gözləyirdim.Mən də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik. Biz ikimiz də, mən də, bahar da, mənim arzularım da, baharın açdığı bu söyüd yarpaqları da gənc idik. Bizim üzərimizdən fırtına keçməmişdi. Biz həyəcan və coşğunluq içində irəliyə can atırdıq. Biz arzu və ehtiraslar selinə düşmüşdük! Biz təzə gəldiyimiz bu dünyaya nə isə yeni bir şey, yeni bir gözəllik bəxş etmək həvəsi ilə çırpınırdıq. Biz bu barədə düşünmürdük, lakin bu, belə idi. Bizim fərəhimizdəki sirr bundan ibarət idi. Bu, böyük və əzəmətli həyatın əbədi qanunlarından biri idi!..
Başqa şairlərin şeirləri
Bir solğun çiçəyəm, bir san yarpaq,Candan şikayətkar, canandan iraq.
Aləmdə var aşiqidən bir mənəm sənəAləmdə var aşiqidən bir mənəm sənə,Bil qədrimi ki, bunca mənəm, ey sənəm, sənə.
Genə bicarə könül düşdü bir əyyar əlinəGenə bicarə konul duşdu bir əyyar əlinə,Rəhmi yox, mohnəti cox, şuxi-sitəmkar əlinə.
Pet qəpikFəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik