Söyüdlü arx
Səhifə 24 / 39 · 59%
Kim isə:
– Ə, vallah, kişilərin ruhu var, – dedi.
Digəri soruşdu:
– Bəs, Qulu “Məşədi İbad”da oynamayacaq?
– Qulunun əvəzindən üzr istəyirəm, – dedim. – Vacib işi olduğu üçün gələ bilmədi.
Mazuta batmış kepkasını yan qoyaraq, əlində tüstülənən bahalı papiros tutmuş nazik qarabığlı bir oğlan mənə işarə ilə:
– Bəs, bacı oxumayacaq? – deyə yoldaşına göz vurdu.
Mən onun hərəkətini görməməzliyə vuraraq gülümsəyib:
– O barədə fikirləşərik, – dedim.
Sonra Murada müraciətlə soruşdum:
– Gecə burada ilandan qorxmursunuz?
Gülüşdülər. Murad özü də gülümsəyərək:
– Yorğun olduğumuz üçün yerə uzanan kimi yuxuya gedirik, – dedi, – oyaq qalsaq, bəlkə də, qorxarıq.
Mazutlu kepkasını yan qoyan oğlan yoldaşına xitabən bərkdən:
– Sən ölməyəsən, – dedi, – bayaq aşağı tərəfdə bir gürzə gördüm, uzunluğu, yalan olmasın, düz iki metr olardı.
– Oy! – deyə mən ilandan qorxmuş adam rolunu elə oynadım ki, Murad mənim həqiqətən bərk qorxduğumu zənn edərək oğlana sərt bir nəzər saldı.
Oğlan dərhal ciddi görünüş aldı, lakin Murad üzünü çevirəndə, o yenə də yoldaşına göz vurub, çiyinlərini qısa-qısa güldü. Bu adamların hamısı mənə təəccüblü dərəcədə yaxın və doğma görünürdü. Hamısına qanım qaynayırdı. Hamısının üzünə gülümsəmək, xoş bir söz demək istəyirdim.
– İcazə verirsinizmi konsertimizə başlayaq?
– Buyurun, buyurun, – deyə yerbəyerdən səsləndilər.
– Başladığınız böyük iş üçün sizi təbrik edirəm. Gün o gün olsun ki, Quzey qışlağın Söyüdlü arxı altında yaxşı bir şadyanalıq eləyək.
– Sağ ol, çox sağ ol.
Mən zarafatyana bir ifadə ilə davam etdim:
– Su xoşbəxtlikdir, su aydınlıqdır.
– Düzdür, sağ ol.
– Günlər, illər gəlib keçəcək, Söyüdlü arx həmişə güneylilərlə quzeylilərin ürəkləri arasında yol salacaq.
Arxasını dolu çuvala söykəmiş yaşlı bir kişi:
– O vaxt, – dedi, – Nəriman da indiki əməlindən peşman olacaq.
– Söyüdlü arx bütün acıqları, kədərləri yuyub aparacaq, onun suyu ilə boy atmış ağacların kölgəsində gənc analar uşaqlarına layla deyəcək. Acıqlanmış cavan ərlər arvadlarını əfv edəcək, günlər də Söyüdlü arx kimi sülh ilə, mehribanlıqla axıb gedəcək, çünki su xoşbəxtlikdir, su aydınlıqdır!
– Yaxşı deyirsən, bacıqızı, de gəlsin, – kürəyini dolu çuvala söykəyən kişi dərindən nəfəs aldı.
– Gecələr Söyüdlü arxda ulduzlar çiməcək. Ay işığında yuxulu yarpaqlar suya zərif kölgə salacaq. Quzey qışlaqda qurbağaların şən səsləri eşidiləcək. İndi ürəklərə əzab verən gizli dərdlər də o zaman xoş xatirələrə çevriləcək. Çünki su xoşbəxtlikdir, su aydınlıqdır!
– Vallah, sağ ol!
– O qurbağanı yaxşı dedin.
– İndiyəcən eşitdiyimiz cırcırama səsi olub.
– Qapılarda cavan çinarlar qalxacaq. Alma, armud çiçəkləri arasında quşlar yuva salacaq. Söyüdlü arxın kənarında bitən yarpızlar hər tərəfə ətir saçacaq. Onların üzərində əlvan böcəklər uçuşacaq. O zaman saçları ağarmış atalar bığ yerləri təzəcə tərləyən gənc oğullarına baxıb, iftixarla köks ötürəcəklər. Çünki su xoşbəxtlikdir, su aydınlıqdır.
– Sən ölmüyəsən, ürəyim birtəhər oldu, – deyə arxadan kimsə dilləndi.
Kepkasını yan qoyan oğlan lap qabaqda bardaş qurub oturmuşdu, o daha zarafat etmirdi, ağzını azca ayırıb dərin maraqla qulaq asırdı.
– İndi isə, bizim hörmətli sazəndələrimiz “Bağdaduri” çalacaqlar. Əvvəla, xahiş edirəm, əl vurasınız. İkincisi, kimin sümüyünə düşsə, durub oynasın.
Gülüşüb əl vurdular.
İmi ilə Cimi çalmağa başladılar.
– Ə, cavanlar, niyə ayağa durmursunuz, – deyə arxasını çuvala söykəyən kişi yerindən dilləndi.
Kepkasını yan qoyan oğlan, bunu gözləyirmiş kimi, qalxıb oynamağa başladı.
– Sağ ol, ə, Qaqaş.
– Ay namərd.
– Ayaqlara bax!
– Elə bil, zalımın sümüyü yoxdur.
Qaqaş, həqiqətən, qəşəng oynayırdı. Onun hərəkətləri ahəngdar, gözəl və mərdanə idi. Şit deyildi. Onun oyunu tükənməz həyat qüvvəsi və igidlik ifadə edirdi.
O, hərdən başını qaldırıb yoldaşlarına baxaraq, elə nəcib bir qururla gülümsəyirdi ki, elə bil, heç bayaq məni dolamaq istəyən oğlan deyildi. Murad diqqətlə oğlanın ayaqlarına baxırdı. Sanki onun nə dərəcədə düzgün oynadığını təyin etmək istəyirdi. “Bağdaduri”dən sonra Səriyyənin oxuduğu “Qarabağ maralı”na qulaq asdılar. Sonra Qaqaş ayağa durub, məndən xahiş etdi ki, gülməli bir şey danışım: “O Güney qışlaqdakı kimi...”
– Baş üstə, – dedim, – heç sənin kimi oğlanın sözünü sındırmaq olar?
Hamı gülüşdü. Murad da gülümsəyib Qaqaşa baxdı.
Təbiətimdəki azacıq yumor qabiliyyətinə görə taleyimdən çox razı idim. Bu mənə xeyli kömək edirdi. Yalnız səhnədə deyil, həyatın özündə də...
– Bizim hörmətli klassikimiz Cəlil Məmmədquluzadənin “Quzu” hekayəsini danışmaq istəyirəm.
Qaqaş yoldaşlarına tərəf dönərək:
– Məktəbdə oxumuşam, ləzzətli şeydir, – dedi.
Mən “Quzu” hekayəsini qabaqcadan düşünüb hazırladığım qaydada nağıl etməyə başladım. Məlum olduğu üzrə, bu kiçik hekayədə kələkbaz bir kəndlinin bütün gününü eyş-işrətdə keçirən xanı necə aldatdığı təsvir olunur. Bir gün kəndli görür ki, xanın evində qonaqlıqdır. Buna görə də, bir quzu götürüb aparır ki, bəlkə ağaya satıb bir xərclik alsın. Sərxoş xan quzunun əvəzində çıxarıb kəndliyə üç manat verir. Ancaq kəndli ağanın bərk kefli olmağından istifadə edərək, pul ilə bərabər quzunu da götürüb aparır. Sonra bir gün həmin kəndli eşidir ki, xanın evində yenə də qonaqlıqdır. Durub gəlir xanın qapısına. Keçən dəfə quzunun pulunu vermədiyini söyləyir və xan bərk kefli olduğundan yenə də ona üç manat verir. Beləliklə, bunu bir neçə dəfə təkrar edir.
Mən danışdıqca, həm kəndlinin, həm də xanın roluna girirdim. Ağanın kefli-kefli kəndlinin qabağında dayanaraq: “Nə pul? Nə quzu?” deməyini elə yamsılayırdım ki, hamı, hətta, Muradın özü də gülməkdən uğunub gedirdi.
Mən danışıb qurtarandan sonra xeyli müddət əl vurdular.
– Çox gülsəniz, dadı qaçar, – dedim, – indi də hamınızın dostu Cimi sizin üçün “Segah” oxuyacaq.
Özüm isə, gedib Nazxanımla Səriyyənin yanında oturdum. Fənərlər aralı olduğundan, yerimiz qaranlıq idi. Ona görə də, mənim özümü daim şən göstərməyə çalışmağıma daha ehtiyac yox idi, mən buradan hər bir kəsə istədiyim qədər baxa bilərdim. Yaxındakı fənər Muradın üzünün bir tərəfinə işıq salmışdı. Lakin işıq zəif olduğundan, onun gözləri iri, qara dairə kimi görünürdü. Bayaq mənim hərəkətlərimə onun necə ürəkdən güldüyünü dönə-dönə xəyalımdan keçirir, bir ana, bir bacı riqqəti ilə qaranlıqdan ona tamaşa edirdim.
“Segah” başlanan kimi onun üzü tutuldu. Elə bil ki, bu dəfə ona ağır bir əhvalat söyləyəcəkdilər. Lakin “Segah” həyatımızın bizə təsəlli olan əbədi ahəngindən danışırdı. “Segah” keçən dəfəki hekayətinə davam edərək, deyirdi ki, bütün insanlar kimi, sənin də öz səadətini istəməyə haqqın var. Lakin sən gecikmisən. O, artıq başqasınındır. İndi sənin öz səadətini geri qaytarmağın üçün bir başqasının ağır iztirabları, göz yaşları lazımdır. Lakin, yazıq Nuriyyə, sən bunu istəməzsən. Çünki o, anadır. Ana isə, Yer üzündəki məxluqatın ən əzizi, ən müqəddəsidir. Sən onun əzablarına dözməzsən, çünki o, anadır! Sənin bədənin möhkəmdir. Sən uşaqlıqdan qəm-qüssənin ağır yükünü daşımağa öyrənmisən, həyatının ağır günlərində taleyindən şikayət eləməmisən. Sən dözümlüsən. Bu, qaydadır: həyat özü həmişə dözümlülərin yükünü artırır.
Sən öz əzablarınla kimsəni incitməməyi bacarırsan. Sən aktrisasan. Lazım gələndə göz yaşlarını şən qəhqəhələrlə əvəz edə bilərsən. Sən böyük sevgi hicranının nə demək olduğunu duyub hiss etmisən. Sən cəfalar çəkmiş bir qızsan, Nuriyyə!..
“Segah”ın hekayəti bu yerdə sanki başqa bir fəslə keçmək üçün qırıldı, mən sıçrayıb ayağa qalxdım, kətilin üstünə qoyulmuş fənərin işığına gəlib gülə-gülə:
– Görünür, “Segah” o qədər xoşunuza gəlib ki, əl vurmaq da yadınızdan çıxıb.
Sanki yuxudan ayılaraq, bərkdən əl vurdular. Səriyyə də bir mahnı oxuyandan sonra:
– İndisə, – dedim, – sizə şirin yuxu arzu edirəm. Səhər tezdən günəş çıxacaq, siz sevinc içində qalxıb, Söyüdlü arxı qazımağa başlayacaqsınız.
Sonra, məxfi bir şey söyləyirəmmiş kimi, başımı azca qabağa əyərək, əlimi ağzıma qoyub mülayim bir təbəssümlə pıçıldadım:
– Çünki su aydınlıqdır, su xoşbəxtlikdir.
Bərkdən gülüşərək təkrar əl vurdular. Qaqaş ayağa qalxıb dedi:
– Ancaq bir təvəqqəmiz var.
– Buyurun.
– Xahiş edirik, bu axırıncı gəlişiniz olmasın.
– Yəni, konsertimiz xoşunuza gəldi? – mən sadədil, məsum bir qız ədası ilə soruşdum.
– Gəldi, gəldi, – deyə gülüşərək cavab verdilər.
Kitabxana.az · https://kitabxana.az/works/ilyas-efendiyev-soyudlu-arx
Müəllifin digər əsərləri
Mən görürdüm ki, şəhərimizin cavanlarından bir hissəsi qırmızı komandirlər kimi ot rəngli parçadan köynək-şalvar geyinib, enli kəmər bağlayırlar. Dəstə-dəstə gəzərək bərkdən danışıb-gülürlər. Hələ desən, tüfəng götürüb milislərlə birlikdə dağlara, meşələrə qaçaq-quldur dalınca da gedirlər. İclas eləyib bəylərin, kapitalistlərin əleyhinə qəzəbli nitqlər söyləyirlər. Bu cavanlara «komsomol» deyirdilər. Elə bil ki, mənim özümdə də bəylərə, kapitalistlərə qarşı gizli bir kin varmış və bu kin indi zahirə çıxırdı. Komsomollarda hiss etdiyim mübariz ruh məni həvəsləndirirdi, sanki məni o axına qoşulmağa çağırırdı. Elə bil ki, məndə həyata potensial halında olan fəal müdaxilə qüvvəsi birdən-birə hərəkətə gəlib özünü göstərmək istəyirdi. Bir gün mən də cəsarətlə atama dedim:– Komsomol olmaq istəyirəm.
Gözlənilməyən sevgiDarülfünunda dərslərin başlandığının dördüncü günü idi.Foyedə gənc bir oğlanla yaşlı bir qadın dayanmışdı. Hamı maraqla onlara baxırdı. Uca boyu, enli kürəyi olan bu qadın qara yun parçadan uzun tuman, ətəkli arxalıq geymişdi. Qara, sürməli gözləri sükutla baxır, günəşdən yanmış üzü soyuq bir qayğı ifadə edirdi. O, kimsəyə baxmadan nə haqqında isə düşünür və çubuq çəkirdi. Yanındakı ucaboylu oğlan olduqca şux geyinmişdi, lakin son dərəcə çirkin idi. Üzü çopur, burnunun ortası yəhər kimi yastı idi. Dodaqları qaba surətdə irəliyə doğru uzanmışdı. Cod və bozumtul kimi görünən saçları alnında bir bucaq təşkil edir və az qala burnuna qədər uzanırdı.
Apardı sellər SaranıÖlüm qanadlarını Gülnarın üzərinə gərdiyi zaman o, Soltanını yanına çağırıb, gözlərindən öpdü...– Mən gedirəm, əzizim, – dedi, – günlərinə qəm qatma. Bu qoca dünya əzəldən belədir. Bilirəm, evlənəcəksən, cavansan. Amma Saramdan muğayat ol. Qoyma ögey ana sitəmi çəksin. Əgər xoşbəxt olsa, qəbrimin üstünə gəl... mənə de.
Su dəyirmanıO gecə mən birinci dəfə idi ki, kəndimizin üst tərəfindən keçən dəyirman arxının yanında dayanıb onu gözləyirdim. Göy qübbəsini bəzəyən saysız-hesabsız ulduzlar və onların arasındakı üçgünlük Ay arx boyu düzülmüş söyüdlərin təzə açılan yarpaqlarını zəif-zəif işıqlandırırdı. Aşağı dərənin qaranlığında yalnız taxtapuşu seçilən dəyirmandan işıq gəlirdi. Mənim gözlədiyim qız atasına – dəyirmançı Musa dayıya axşam yeməyi aparmışdı. Mən bunu gündüz özündən öyrənmişdim. Ona görə də, indi burada dayanıb, gözümü dəyirmandan gələn cığıra zilləmişdim. Yarım saatdan bəri idi ki, həyəcan və intizar içindəydim. Əslinə baxsan, yarım saat deyil, düz yarım il idi. Yarım il idi ki, hər gecə mən bu cür həyəcan və intizar içində səhərin açılmasını gözləyirdim. İndi isə burada, ulduzların altında səhəri deyil, onun özünü gözləyirdim. Təzə açılmış söyüd yarpaqlarının xışıltısını, dəyirman çarxının üzərinə tökülən bahar suyunun coşğun şırıltısını dinləyərək onu gözləyirdim.Mən də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik. Biz ikimiz də, mən də, bahar da, mənim arzularım da, baharın açdığı bu söyüd yarpaqları da gənc idik. Bizim üzərimizdən fırtına keçməmişdi. Biz həyəcan və coşğunluq içində irəliyə can atırdıq. Biz arzu və ehtiraslar selinə düşmüşdük! Biz təzə gəldiyimiz bu dünyaya nə isə yeni bir şey, yeni bir gözəllik bəxş etmək həvəsi ilə çırpınırdıq. Biz bu barədə düşünmürdük, lakin bu, belə idi. Bizim fərəhimizdəki sirr bundan ibarət idi. Bu, böyük və əzəmətli həyatın əbədi qanunlarından biri idi!..
Başqa şairlərin şeirləri
Bir solğun çiçəyəm, bir san yarpaq,Candan şikayətkar, canandan iraq.
Aləmdə var aşiqidən bir mənəm sənəAləmdə var aşiqidən bir mənəm sənə,Bil qədrimi ki, bunca mənəm, ey sənəm, sənə.
Genə bicarə könül düşdü bir əyyar əlinəGenə bicarə konul duşdu bir əyyar əlinə,Rəhmi yox, mohnəti cox, şuxi-sitəmkar əlinə.
Pet qəpikFəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik