Söyüdlü arx
Səhifə 23 / 39 · 56%
Axşamçağı Qulu mədəniyyət evinə gəldi. O, məzəli bir kədərlə üzümə baxır, nə isə demək istəyir, lakin susurdu. Bir sövqi-təbii ilə ondakı bu halın mənimlə əlaqədar olduğunu duyaraq:
– Niyə bikefsən, Qulu? – deyə soruşdum.
O, tələsik cavab verdi:
– Heç...
– Yenə...
Bu dəfə “ah” çəkdi:
– Heç..
– Deməsən, inciyərəm. Sözlü adama oxşayırsan.
– Eh, bu burjuaziya qalıqlarını məhv edənəcən bizimki bizə dəyəcək.
Ürəyimin döyünməsinə baxmayaraq güldüm:
– Burjuaziya qalıqları yenə nə eləyib?
– Əşi, heç nə.
– Demək, mənə etibar eləmirsən, çox sağ ol...
– Axı, deməli sözdür ki, deyəsən.
– Hər nə olursa-olsun, biz dostuq. Dost dostdan heç bir şey gizlətməməlidir.
– Elədir.
O, sanki cəsarətə gəlib döşünü qabartdı:
– Ancaq, Nuriyyə xanım, sən mənim ölmüşüm, gərək ürəyinə salmayasan.
– Dərdimin odu yox idi ürəyimə salım. De görüm, nə olub?
– Bilirsiniz, sizin o kitabı göndərməyiniz böyük qalmaqala səbəb olub.
Rəngimin ağardığını hiss etdim, lakin yenə də qayğısız ifadə ilə soruşdum:
– Nə qalmaqala?
– Səadət evdə qab-qacaq qoymayıb, hamısını vurub sındırıb. Ağabəyimlə gedib çıxmasaydıq, Allah bilir, neyləyəcəkdi.
– Axı, nə üçün? Kitabın təqsiri nədir?
– Heç nə. Burjuaziya qalığıdır da... Deyir niyə o kitabı sənə Nuriyyə göndərib.
– Bəs, Murad nə dedi?
– Nə desin, yuxarı baxır, bığ, aşağı baxır, saqqal, qalıb məəttəl. Ayrılsın, nə cür ayrılsın, uşağı var, camaat var, ayrılmasın, neyləsin?
– Eybi yoxdur, Qulu. Səninlə mən filosofuq, – deyə həmişəki zarafatımı təkrar etdim. – Filosof gərək belə şeylərə dərindən baxsın.
– Elədir, – deyə ciddiyyətlə təsdiq etdi.
Mühasib çönüb idarəyə yollandı. Mən heç bir şey düşünməmək üçün tar dərnəyinin məşğələsi gedən otağa keçdim. İmi uşaqlara azərbaycanlılarda ən şən oyun havası olan “Bağdaduri” öyrədirdi.
...Həmin axşam isə belə bir məktub aldım:
“Nuriyyə xanım!
Sizdən min dəfə üzr istəyirəm. Mən həyatımın necə bir faciə olduğunu sizə demişdim. İndi görün ki, bəzən adamlar uğursuz bir səhv ucundan nələr çəkirlər. Başqa nə deyə bilərəm?! Sağ olun. Zəhmətinizə qarşı təşəkkür edirəm.
Hörmətlə: Murad”.
Bu sətirləri oxuyub qurtarandan sonra özümü o qədər pərişan və ümidsiz hiss elədim ki, elə bil, birdən-birə dünya gözlərimdə sarı rəngə boyandı. Elə bil, məni həyata bağlayan iplər bir anda boşaldı. Çünki nə mən xoşbəxt idim, nə o, nə özümə bir gün ağlamaq iqtidarındaydım, nə ona. Nə özümə bir təsəlli tapırdım, nə də ona.
...Nəriman əmi Söyüdlü arx haqqındakı yığıncaqdan sonra evdən çıxmırdı. Axşamçağılar mədəniyyət evinin qabağında bu barədə qızğın mübahisələr gedirdi.
– Kişinin inciməyə haqqı var. Quzeylilər başımızı tovlayıb istədiklərini elədilər.
– Biz paxıl camaat deyilik. Qoy onların da əli çörəyə çatsın. Yazıqların ayrı yerdən su gətirməyə imkanları yox adi. Nəriman düz eləmirdi. Bu iş gərək çoxdan olaydı.
– Ə, Nəriman hər nə eləyib bizimçün eləyib. Niyə indi tanrınıza təpik atırsınız?
Kərəmlə Pirverdi də ağız-ağıza verib deyirdilər:
– Heç kəs Nərimanın haqq-sayını itirmir. Ancaq, əgər, sən-mən istəyiriksə, iş ədalətlə getsin, onda gərək atamızın da səhvini qulaq ardına vurmayaq.
– Ay sağ ol! Bax, əsl söz budur.
...Bir axşam eyvanda dayandığımız zaman kənddən aralı bir neçə yerdə ocaq yandığını görüb, onların nə olduğunu Nazxanımdan soruşdum.
– Quzeylilərdir, – dedi, – yəqin özlərinə çay-çörək hazırlayırlar. Söyüdlü arxın gerisini qazmağa gəliblər.
Mən anlaşılmaz həyəcan və sevinc içində:
– Bu lap əsgər düşərgəsinə bənzəyir, – dedim. – Gəlsənə gedək tamaşa eləyək.
– Nə olar, gedək.
Eyvandan düşüb işıqlar gələn tərəfə üz tutduq. Söyüdlü arxın Güney qışlağa burulduğu yerdə mən Nazxanımın əlindən tutaraq:
– Dayan, – dedim, – o yana getmək lazım deyil.
– Nədən çəkinirsən, hamısı tanış adamlardır.
– Yox, onsuz da buradan görürük.
Biz arxın yanında dayanıb söyüd budaqları arasından quzeylilərin düşərgəsinə tamaşa edirdik. Yüzlərlə adam üç-bir, dörd-bir əyləşib ocaqların işığında kimi çörək yeyir, kimi çay içir, kimi danışıb-gülür, kimi çəkici dəmirə döyəcləyərək nə isə düzəldirdi. Nazxanım dedi:
– Yazıqlar sevinirlər. Ancaq sədrləri yaman bikefdir.
Murad balaca bir yamacda arxası üstə uzanaraq, əllərini başının altında çarpazlamışdı. Yaxındakı ocaqdan düşən işıq onun səmaya zillənmiş fikirli gözlərini, solğun çöhrəsini işıqlandırmışdı.
– Ə, Murad, durub çaydan-zaddan içsənə! Səhərdən nə dünyanın haqq-hesabını çəkirsən! – deyə bir kişi mis çaydanı ocaqdan götürüb, onu səslədi.
Sədr dinmədi.
– Yazıq yaman bikefdir, – deyə Nazxanım təkrar etdi.
– Yazıq niyə olur?
– Evdə günü qaradır.
– Eybi yoxdur. Ər-arvad arasında söz-söhbət olar.
– İnsafən, Səadət heç qızlığında belə deyildi.
– Nə cür idi?
– Deyib-gülən, sənin, mənim kimi zarafatcıl. Özünü də neçə yerdən istəyirdilər. Deyirdilər Bakıda bir nazir müavini onun dərdindən dəli-divanəymiş, heç kəsi bəyənmədi, Muradı seçdi. İndi də belə eləyir.
– Bəlkə Səadətin qısqanmağına bir səbəb var?
– Nə səbəb olacaq, bəyəm, yazıq Muradın aşnası-zadı var?
Kürəklərimin arasından soyuq bir gizilti keçdi. Mən “aşna” sözünə nifrət edirəm.
Xəfif yel söyüdlərin yarpaqlarını üzümüzə toxundururdu. Qurbağalar səslənirdilər.
O isə, səmada uçuşan ulduzlara baxırdı. Onun gözləri qapqara və kədərli idi.
– Gedək, Nazxanım.
– Gedək.
...Mən o səhər həmişəkindən tez qalxdım. Quzeylilərin düşərgəsindən səslər gəlirdi. Bəzən maşın fiti eşidilirdi. Bəzən də motosikl səslənirdi; onun gurultusu uzaqlaşanda, mən otaqda dərin bir yalqızlıq hiss edərək, yoldaşlarımın gəlmələrini səbrsizliklə gözləyirdim. Qulu, adəti üzrə, hər səhər işə gedərkən mədəniyyət evinə baş çəkərdi. Bu gün də, qoltuğunda portfel, gəlib Söyüdlü arxa tərəf başı ilə işarə edərək:
– Bizimkilər başlayıblar, – dedi.
– Bilirəm.
– Hümmət söz verib ki, rayondan ekskavator da göndərsin.
Azca sonra İmi ilə Cimi də gəlib çıxdı.
Cimi:
– Nuriyyə xanım, – dedi, – biz bir təşəbbüs qaldırmaq istəyirik...
Qulu pıqqıldayıb əli ilə ağzını tutdu.
– Nə təşəbbüsdür? – deyə mən də bilaixtiyar gülümsədim. İmi nəzərlərini yerə dikərək, kirpiklərini tez-tez qırpmaqdaydı. Cimi, Qulunun gülməyinə əhəmiyyət verməyərək davam etdi:
– Bilirsiniz ki, biz güneylilər böyük vətənpərvərlik edərək, Söyüdlü arxın Quzey qışlağa qədər uzadılmasına icazə vermişik.
İmi ləyaqətli bir əda ilə dostunun sözünü kəsdi:
– Ay Cimi, onlar hamısı məlumdur, müxtəsər elə.
– Müxtəsəri odur ki, bu gün böyük tarixi bir işə başlayan quzeylilərə mədəni xidmət eləyək.
– Nə cür?
– Elə lap işin üstündəcə onlara bir konsert verək.
– Ay sağ ol, – Qulu şəhadət barmağını yuxarı qaldırdı. – Bax, bu təşəbbüsünüzə varam.
İmi yalnız indi gözlərini qaldırıb mənə baxaraq izah etdi:
– Bilirsinizmi, Nuriyyə xanım, deyirik qoy rayon təşkilatları da, mərkəz də görsün ki, Güney camaatı öz qonşularına su da verir, mədəni xidmət də göstərir.
– Qoy görsünlər ki...
– Cimi, məlumdur, – İmi burnunu qırışdırdı.
– Nə olar, pis təşəbbüs deyil, – deyə mən laqeyd ifadə ilə cavab verdim. – Onsuz da, biz onları mədəni şefliyə götürmək istəyirik.
– Şeflik ayrı, bu ayrı. Biz arxımızın suyunu çəkib aparanlara, üstəlik, konsert də veririk. Heç bilirsinizmi bu nə deməkdir?
İmi əlini yellədi:
– Cimi, məlumdur.
Lakin Cimi davam edirdi:
– İmi bizim bu təşəbbüsümüzü mərkəzi mətbuata da yazacaq...
Biz elə oradaca quzeylilər üçün verəcəyimiz konsertin proqramını tutduq.
İki gün məşq eləyəndən sonra İmi alabəzək hərflərlə böyük bir afişa yazdı, onu səliqə ilə taxtaya yapışdırandan sonra aparıb quzeylilər işləyən yerdə söyüd ağacına vurdu. Afişanın lap baş tərəfində “Dostlara alovlu salam!” sözləri yazılmışdı.
Axşam sərin düşəndə İmi, Cimi, Səriyyə, mən, bir də Nazxanım yığışıb, tarlı-qavallı, getdik quzeylilərin düşərgəsinə.
Kəndlilər işdən sonra dincəlirdilər.
Artel sədri üzünü taraş etdirmiş və boynu nişastalı ağ köynək geyinmişdi. Mən onunla, aramızda heç bir şey olmayıbmış kimi, şən və sərbəst görüşdüm. O bərkdən:
– Nuriyyə xanım, – dedi, – nə yaxşı gəlmisiniz! Sizin konsertinizə qulaq asmaq hamımızın ürəyindən keçirdi.
Sonra zarafatla əlavə etdi:
– O gecəki konsertinizdən sonra əməlli-başlı şöhrət qazanmısınız.
Mən də eyni zarafatla cavab verdim:
– Belə gözəl kompliment üçün sizə təşəkkür edirəm. Bizim bura gəlməyimizin təşəbbüskarı İmi ilə Cimidir.
Kitabxana.az · https://kitabxana.az/works/ilyas-efendiyev-soyudlu-arx
Müəllifin digər əsərləri
Mən görürdüm ki, şəhərimizin cavanlarından bir hissəsi qırmızı komandirlər kimi ot rəngli parçadan köynək-şalvar geyinib, enli kəmər bağlayırlar. Dəstə-dəstə gəzərək bərkdən danışıb-gülürlər. Hələ desən, tüfəng götürüb milislərlə birlikdə dağlara, meşələrə qaçaq-quldur dalınca da gedirlər. İclas eləyib bəylərin, kapitalistlərin əleyhinə qəzəbli nitqlər söyləyirlər. Bu cavanlara «komsomol» deyirdilər. Elə bil ki, mənim özümdə də bəylərə, kapitalistlərə qarşı gizli bir kin varmış və bu kin indi zahirə çıxırdı. Komsomollarda hiss etdiyim mübariz ruh məni həvəsləndirirdi, sanki məni o axına qoşulmağa çağırırdı. Elə bil ki, məndə həyata potensial halında olan fəal müdaxilə qüvvəsi birdən-birə hərəkətə gəlib özünü göstərmək istəyirdi. Bir gün mən də cəsarətlə atama dedim:– Komsomol olmaq istəyirəm.
Gözlənilməyən sevgiDarülfünunda dərslərin başlandığının dördüncü günü idi.Foyedə gənc bir oğlanla yaşlı bir qadın dayanmışdı. Hamı maraqla onlara baxırdı. Uca boyu, enli kürəyi olan bu qadın qara yun parçadan uzun tuman, ətəkli arxalıq geymişdi. Qara, sürməli gözləri sükutla baxır, günəşdən yanmış üzü soyuq bir qayğı ifadə edirdi. O, kimsəyə baxmadan nə haqqında isə düşünür və çubuq çəkirdi. Yanındakı ucaboylu oğlan olduqca şux geyinmişdi, lakin son dərəcə çirkin idi. Üzü çopur, burnunun ortası yəhər kimi yastı idi. Dodaqları qaba surətdə irəliyə doğru uzanmışdı. Cod və bozumtul kimi görünən saçları alnında bir bucaq təşkil edir və az qala burnuna qədər uzanırdı.
Apardı sellər SaranıÖlüm qanadlarını Gülnarın üzərinə gərdiyi zaman o, Soltanını yanına çağırıb, gözlərindən öpdü...– Mən gedirəm, əzizim, – dedi, – günlərinə qəm qatma. Bu qoca dünya əzəldən belədir. Bilirəm, evlənəcəksən, cavansan. Amma Saramdan muğayat ol. Qoyma ögey ana sitəmi çəksin. Əgər xoşbəxt olsa, qəbrimin üstünə gəl... mənə de.
Su dəyirmanıO gecə mən birinci dəfə idi ki, kəndimizin üst tərəfindən keçən dəyirman arxının yanında dayanıb onu gözləyirdim. Göy qübbəsini bəzəyən saysız-hesabsız ulduzlar və onların arasındakı üçgünlük Ay arx boyu düzülmüş söyüdlərin təzə açılan yarpaqlarını zəif-zəif işıqlandırırdı. Aşağı dərənin qaranlığında yalnız taxtapuşu seçilən dəyirmandan işıq gəlirdi. Mənim gözlədiyim qız atasına – dəyirmançı Musa dayıya axşam yeməyi aparmışdı. Mən bunu gündüz özündən öyrənmişdim. Ona görə də, indi burada dayanıb, gözümü dəyirmandan gələn cığıra zilləmişdim. Yarım saatdan bəri idi ki, həyəcan və intizar içindəydim. Əslinə baxsan, yarım saat deyil, düz yarım il idi. Yarım il idi ki, hər gecə mən bu cür həyəcan və intizar içində səhərin açılmasını gözləyirdim. İndi isə burada, ulduzların altında səhəri deyil, onun özünü gözləyirdim. Təzə açılmış söyüd yarpaqlarının xışıltısını, dəyirman çarxının üzərinə tökülən bahar suyunun coşğun şırıltısını dinləyərək onu gözləyirdim.Mən də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik. Biz ikimiz də, mən də, bahar da, mənim arzularım da, baharın açdığı bu söyüd yarpaqları da gənc idik. Bizim üzərimizdən fırtına keçməmişdi. Biz həyəcan və coşğunluq içində irəliyə can atırdıq. Biz arzu və ehtiraslar selinə düşmüşdük! Biz təzə gəldiyimiz bu dünyaya nə isə yeni bir şey, yeni bir gözəllik bəxş etmək həvəsi ilə çırpınırdıq. Biz bu barədə düşünmürdük, lakin bu, belə idi. Bizim fərəhimizdəki sirr bundan ibarət idi. Bu, böyük və əzəmətli həyatın əbədi qanunlarından biri idi!..
Başqa şairlərin şeirləri
Bir solğun çiçəyəm, bir san yarpaq,Candan şikayətkar, canandan iraq.
Aləmdə var aşiqidən bir mənəm sənəAləmdə var aşiqidən bir mənəm sənə,Bil qədrimi ki, bunca mənəm, ey sənəm, sənə.
Genə bicarə könül düşdü bir əyyar əlinəGenə bicarə konul duşdu bir əyyar əlinə,Rəhmi yox, mohnəti cox, şuxi-sitəmkar əlinə.
Pet qəpikFəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik