Səhifə 30 / 39 · 74%

Biz üfüqdən-üfüqə uzanan çöllərin sükutu içində yanaşı yeriyirdik. Bu sükut məxmər kimi yumşaq idi. Bu sükut birgə nəfəs aldığımız indiki anların əbədiyyəti idi. Bu sükutda nəhayətsiz bir mehribanlıq var idi.

Mən, tez-tez əyilib kollardan böyürtkən dərərək ağzıma atırdım. Mən, bu dəqiqələrin bir də heç zaman qayıtmayacaq xatirələri ilə xoşbəxt idim. Mən, yarpaqların içində gizlənərək, yetişib qapqara qaralan, şəvə boyunbağı kimi bir budağa düzülmüş böyürtkənləri yığıb ona vermək istəyirdim. Lakin...

– Siz də böyürtkən xoşlayırsınızmı? – deyə qayğısız halda soruşdum.

Ancaq mən bu dəfə öz rolumu yaxşı ifa edə bilmədim. Bütün cidd-cəhdimə baxmayaraq, səsim titrəyirdi.

O, başını aşağı salaraq susurdu. Birdən darıxırmış kimi:

– Gəlin, – dedi, – bu kolluqdan çıxaq.

Mən də zarafata salaraq:

– Neyləyək, – dedim, – vaxta ki, siz bu gözəl böyürtkənləri xoşlamırsınız, gəlin çıxaq.

Xeyli aralıda, çöllərin sonsuzluğu içində iri, qollu-budaqlı tək bir ağac görünürdü. Hələ işıq olan ləkəsiz, mavi səmanın altında o, yavaş-yavaş qaralmaqda idi. Biz böyürtkənlikdən bir qədər aralanandan sonra:

– Görəsən, necə olub ki, o ağac bu düzün ortasında bitib? – deyə soruşdum.

– Kim bilir, dünyada o qədər qəribə işlər olur ki.

“Doğrudur, əzizim, dünyada çox qəribə işlər olur.”

– Eh, – dedim, – siz lap filosof kimi cavab verdiniz. Məncə, dünyada hər şey o qədər aydındır ki, heç o barədə düşünməyə dəyməz. Məsələn, götürək o ağacı, yəqin ki, quş-zad toxumunu aparıb salıb ora və yaxud vaxtilə buralar meşə olub.

Əvvəl o mənə cavab vermədi. Sonra birdən dayanıb, mənə baxdı.

– Yox, bu belə davam edə bilməz. Biz nə vaxta qədər bir-birimizi aldadacağıq?..

Bədənim uyuşub açıldı, dizlərim titrədi.

– Nə olub? – deyə laqeyd-laqeyd gülümsəməyə çalışdım.

Lakin onun iri qara gözlərində elə mükəddər, elə məzəmmətli ifadə gördüm ki, davam gətirə bilmədim:

– Murad, – dedim. – Sizin o cür oğlunuz var...

– Günü-dirliyi cəhənnəm əzabı içində keçən bir ata mənim oğlumun nəyinə lazımdır?

– Elə deməyin. Nə üçün elə deyirsiniz?

– Çünki elədir.

– Hər dərdin bir çarəsi var.

– Yalan sözdür. Bu dünyada insanların həyatını zəhərləyib məhv edən, onların səbrindən, iradəsindən asılı olmayan o qədər çarəsiz dərdlər var ki!

– Hər halda, siz bir yol tapa bilərdiniz.

– Tapa bilmirəm. Ayrılmaqdan başqa çarəm yoxdur. O heç bir şey itirməyəcək. Ali təhsilli, gənc, gözəl qadındır.

– Bəs oğlunuz?

– Ya özü saxlayar, ya da verər mənə.

– Siz ki, bir-birinizi istəyib evlənmisiniz, Murad...

– Doğrudur. Ancaq mən ondan qabaq sizi görmüşdüm.

– Mən o zaman da, indi də sizə bir qardaş gözüylə baxmışam.

– Düz demirsiniz.

– Bəlkə siz məni səhv başa düşmüsünüz? Bizim aramızda heç bir şey olmayıb, ola da bilməz.

– Bu sizin qəti cavabınızdır?

– Qəti!

Artıq enməkdə olan axşam qaranlığında o, əlimdən tutaraq həyəcanla:

– Nuriyyə, – dedi, – doğrudanmı, mən bu qədər aldanmışam?

Mən tamamilə qeyri-şüuri bir hərəkətlə onun əlini sıxdığım üçün diksinib dərhal əlimi geri çəkdim.

– Siz yanılmısınız, Murad.

Sonra saçlarımı düzəldərək onun üzünə baxmadan soyuq və biganə bir ifadə ilə:

– Gedək, – dedim, – gecdir.

Biz geri qayıdıb Söyüdlü arxa qədər dinməz getdik. Arxa çatanda o, “sağ olun” deyib sürətlə uzaqlaşdı. Mən dərindən nəfəs alıb, seyrək ulduzlar çıxmış göyün altında qaralan o tək ağaca baxdım. İndi onun sükutu ağır və soyuq qurğuşun kimi ürəyimi əzirdi. Mən qaranlıqda, yarpızların arasında yerə çökərək ovuclarımı su ilə doldurub üzümə vurdum. Vücudumu tərk etməkdə olan huşumu geri qaytarmalı idim.

Söyüdlü arxın suyu ilıq və mehriban idi.

Söyüdlü arx yarpaqların incə xışıltısı altında səssizcə axıb gedirdi. Birdən lap ayağımın ucundan suya şappıltı ilə bir qurbağa atılıb, həyəcanla səsləndi, başqaları da ona qoşulub çölün qaranlıq sükutunu pozdular. Mən tamamilə sakit halda ayağa qalxıb, gur elektrik işığına qərq olmuş mədəniyyət evinə doğru addımladım.

...İşlərimiz pis getmirdi. Son günlərdə xeyli şeyə nail olmuşduq. Yeri gəlmişkən deyim ki, traktorçu Qaqaş da indi bizim dəstəmizin məşqlərində iştirak edirdi. Mən onun köməyi ilə mədəniyyət evinə Güney və Quzey qışlaqdan altı gənc oğlan cəlb edərək, balaca rəqs ansamblı düzəltmişdim. Həmin gənclərin içində bizim şofer Almurad da var idi. Bu, Nazxanıma çox maraqlı görünürdü. Biz Qulu ilə köməkləşib, idarə heyətini oyunçularımız üçün paltar tikdirməyə razı salmışdıq.

Paltarlar hazır olana qədər qədim Azərbaycan rəqslərindən “Yallı”, “Uzundərə” və “Mirzəyi” havalarını hazırladıq. Lakin İmi ilə Cimi yalnız bunlarla kifayətlənməyərək, proqrama iki yeni hava salmağı təklif edirdi.

– Biz, birinci növbədə, müasir şeyləri göstərməliyik, – deyə İmi izah edirdi.

Mən onunla ciddi mübahisəyə girərək cavab verirdim:

– Biz müasir həyatla bərabər, keçmişimizi də yaddan çıxartmamalıyıq. Gözəl ənənələrimizi həmişə yaşatmalıyıq.

Cimi isə, “düzdür, düzdür” deyə hər ikimizin fikrini təsdiqləyirdi.

Rəqs ansamblımızda iştirak edənlərdən dördünün Quzey qışlaqdan olması mənə xüsusilə xoş gəlirdi. Orası da çox maraqlı idi ki, Nəriman əmi bu məsələnin üzərindən sükutla keçir, bizim ansamblda quzeylilərə bu qədər yer verməyimizə heç nə demirdi. Lakin, bu barədə söz düşəndə, kimdən isə küsmüş kimi üzünü yana çevirirdi.

...Paltarlar hazır olandan sonra yeni ansamblın iştirakı ilə böyük bir konsert düzəldib, quzeyliləri də dəvət elədik.

Bir neçə nömrədən sonra növbə oyunçulara gəldi. Əvvəlcə “Yallı” rəqsindən başladıq. Ayaqlarında yüngül məs, başlarında qıyqacı qoyulmuş gümüşü papaq, əyinlərində uzun atlas arxalıq, vəznəli çuxa, bellərində kiçik xəncər olan səkkiz

[Mənbənin skanında burada mətn itib.]

“Səkkiz nəfərin səkkizini də, demək, sədrimiz Quzey gənclərini bizimkilərdən ayırmır.”

O gecə Səriyyə ilə Cimi də yeni mahnılar oxudular. Konsertdən sonra Murad bir neçə kəndlisi ilə yanımıza gələrək mənə təşəkkür etdi.

...Səhər işdən sonra, otağımda əyləşib radioda “Otello”ya qulaq asırdım. Mənə elə gəlirdi ki, Dezdemonanın danışığında, nidalarında, nə isə, yalnız səhnəyə məxsus bir şey vardır. Bu “bir şey” məni incidirdi, əzab verirdi. Mən bir yerdə qərar tapmır, tez-tez yerimi dəyişir və əsəbiləşirdim. Mən aktrisadan nə tələb edirdim? Bilmirdim. Ancaq onun duyğularında nəyinsə çatmadığını hiss edirdim. Hiss edirdim ki, o, məhz “təsir etməyə” can atır. Halbuki Dezdemona günahsız olduğunu söyləyərkən, ərinin ürəyini yumşaltmaq, ona “təsir etmək” xəyalından çox uzaq idi. Bu məsumluq onun qanında idi. O, ərinə xəyanət edə biləcəyini təsəvvürünə belə gətirmirdi.

Lakin bütün bunların mənə nə dəxli var idi? Əgər, bu hisslərimi o məşhur aktrisaya söyləsəydim, bəlkə də, mənə gülərdi. Mən kimsənin tanımadığı adi bir adam idim. Səhnə, Dezdemona, Ofelya mənim üçün məhv olub getmiş uzaq arzular idi. Mən böyük sənətə “Əlvida!” demişdim.

Birdən qapımın döyüldüyünü eşidərək, qalxıb açdım. Qonşuluğumuzdakı oğlan uşağı mənə mavi bir zərf uzatdı:

– Nuriyyə xala, bunu Murad əmi verdi, deyir rayondan göndəriblər.

– Murad əmin haradaydı?

– İndi buradan keçirdi.

Mən uşağa konfet verib, yola salandan sonra otağıma girib qapımı bağladım və pəncərənin qabağına gələrək xeyli hərəkətsiz dayandım. Ürəyimin döyüntüsü sakit olandan sonra zərfi cırıb məktubu oxumağa başladım. O, adımı çəkmədən birbaş mətləbə keçərək yazırdı:

“Mən sizi tamamilə başa düşürəm. O axşam siz nəcib, namuslu bir insan kimi hərəkət elədiniz. Ancaq istəyirəm ki, siz də məni olduğum kimi başa düşəsiniz. Məni namərd hesab eləməyəsiniz. Birinci dəfə sizi görərkən, nə üçünsə, mənə elə gəlmişdi ki, biz heç bir zaman bir-birimizdən ayrılmayacağıq. Ancaq biz ayrıldıq. Mən uzun zaman sizi yaddan çıxara bilmədim. Lakin günlər gəlib keçdi. Ordudan təxris olunub kəndə qayıtdım, evləndim. Əgər, desəm ki, özümə həyat yoldaşı seçdiyim adamı əzəldən istəməmişəm, bu, namuslu hərəkət olmaz. Mən onu istəyib, xoşlayıb evlənmişdim. İlk zamanlar xoşbəxt yaşayırdıq. Lakin sonralar heç bir əsas olmadan o məni qısqanmağa başladı. Əvvəllər buna o qədər də əhəmiyyət vermirdim. Fikir edirdim ki, uşağımız olar, başı qarışar, elə şeylər də yadından çıxıb gedər. Ancaq təəssüf ki, belə olmadı. Qısqanclıq getdikcə şiddətləndi. Kəndə təzə bir müəllimə gəldimi, mən təsadüfən bir qadınla danışdımmı həftələrlə evimizdən dava-şava qurtarmır. Nə qədər çalışdım, nə qədər and-aman elədim, bir şey çıxmadı. Bu nə qədər belə davam etməlidir?

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Mən və yeni həyat

Mən görürdüm ki, şəhərimizin cavanlarından bir hissəsi qırmızı komandirlər kimi ot rəngli parçadan köynək-şalvar geyinib, enli kəmər bağlayırlar. Dəstə-dəstə gəzərək bərkdən danışıb-gülürlər. Hələ desən, tüfəng götürüb milislərlə birlikdə dağlara, meşələrə qaçaq-quldur dalınca da gedirlər. İclas eləyib bəylərin, kapitalistlərin əleyhinə qəzəbli nitqlər söyləyirlər. Bu cavanlara «komsomol» deyirdilər. Elə bil ki, mənim özümdə də bəylərə, kapitalistlərə qarşı gizli bir kin varmış və bu kin indi zahirə çıxırdı. Komsomollarda hiss etdiyim mübariz ruh məni həvəsləndirirdi, sanki məni o axına qoşulmağa çağırırdı. Elə bil ki, məndə həyata potensial halında olan fəal müdaxilə qüvvəsi birdən-birə hərəkətə gəlib özünü göstərmək istəyirdi. Bir gün mən də cəsarətlə atama dedim:– Komsomol olmaq istəyirəm.

12 dəq
Gözlənilməyən sevgi

Darülfünunda dərslərin başlandığının dördüncü günü idi.Foyedə gənc bir oğlanla yaşlı bir qadın dayanmışdı. Hamı maraqla onlara baxırdı. Uca boyu, enli kürəyi olan bu qadın qara yun parçadan uzun tuman, ətəkli arxalıq geymişdi. Qara, sürməli gözləri sükutla baxır, günəşdən yanmış üzü soyuq bir qayğı ifadə edirdi. O, kimsəyə baxmadan nə haqqında isə düşünür və çubuq çəkirdi. Yanındakı ucaboylu oğlan olduqca şux geyinmişdi, lakin son dərəcə çirkin idi. Üzü çopur, burnunun ortası yəhər kimi yastı idi. Dodaqları qaba surətdə irəliyə doğru uzanmışdı. Cod və bozumtul kimi görünən saçları alnında bir bucaq təşkil edir və az qala burnuna qədər uzanırdı.

16 dəq
Apardı sellər Saranı

Ölüm qanadlarını Gülnarın üzərinə gərdiyi zaman o, Soltanını yanına çağırıb, gözlərindən öpdü...– Mən gedirəm, əzizim, – dedi, – günlərinə qəm qatma. Bu qoca dünya əzəldən belədir. Bilirəm, evlənəcəksən, cavansan. Amma Saramdan muğayat ol. Qoyma ögey ana sitəmi çəksin. Əgər xoşbəxt olsa, qəbrimin üstünə gəl... mənə de.

3 dəq
Su dəyirmanı

O gecə mən birinci dəfə idi ki, kəndimizin üst tərəfindən keçən dəyirman arxının yanında dayanıb onu gözləyirdim. Göy qübbəsini bəzəyən saysız-hesabsız ulduzlar və onların arasındakı üçgünlük Ay arx boyu düzülmüş söyüdlərin təzə açılan yarpaqlarını zəif-zəif işıqlandırırdı. Aşağı dərənin qaranlığında yalnız taxtapuşu seçilən dəyirmandan işıq gəlirdi. Mənim gözlədiyim qız atasına – dəyirmançı Musa dayıya axşam yeməyi aparmışdı. Mən bunu gündüz özündən öyrənmişdim. Ona görə də, indi burada dayanıb, gözümü dəyirmandan gələn cığıra zilləmişdim. Yarım saatdan bəri idi ki, həyəcan və intizar içindəydim. Əslinə baxsan, yarım saat deyil, düz yarım il idi. Yarım il idi ki, hər gecə mən bu cür həyəcan və intizar içində səhərin açılmasını gözləyirdim. İndi isə burada, ulduzların altında səhəri deyil, onun özünü gözləyirdim. Təzə açılmış söyüd yarpaqlarının xışıltısını, dəyirman çarxının üzərinə tökülən bahar suyunun coşğun şırıltısını dinləyərək onu gözləyirdim.Mən də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik. Biz ikimiz də, mən də, bahar da, mənim arzularım da, baharın açdığı bu söyüd yarpaqları da gənc idik. Bizim üzərimizdən fırtına keçməmişdi. Biz həyəcan və coşğunluq içində irəliyə can atırdıq. Biz arzu və ehtiraslar selinə düşmüşdük! Biz təzə gəldiyimiz bu dünyaya nə isə yeni bir şey, yeni bir gözəllik bəxş etmək həvəsi ilə çırpınırdıq. Biz bu barədə düşünmürdük, lakin bu, belə idi. Bizim fərəhimizdəki sirr bundan ibarət idi. Bu, böyük və əzəmətli həyatın əbədi qanunlarından biri idi!..

59 dəq

Başqa şairlərin şeirləri