Səhifə 31 / 39 · 77%

İnanın, məni özümdən çox onun halı düşündürür. Bu lənətə gəlmiş qısqanclıq onun özünü də məhv edir. O, daim əzab çəkir. Axı, nə üçün belə olsun? Buna birdəfəlik son qoymaq daha yaxşı deyilmi?

Odur ki, bir dost, bir yoldaş kimi sizə müraciət edib soruşuram: mən nə etməliyəm?”

Bu məktubu oxuyandan sonra mən: “Madam ki, – deyə fikirləşdim, – onlar bir-birilə xoşbəxt deyillər, əlbəttə, bu belə davam edə bilməz. Axı, onlar nə qədər dalaşacaqlar? Nə vaxta qədər bir-birilərinə əzab verəcəklər? Belə yaşamaqdansa, əlbəttə, ayrılmaqları yaxşıdır. Səadət gənc, gözəl qadındır. İstədiyi adama ərə gedə bilər. Doğrudur, əvvəllər Muradı unutmaq onun üçün çətin olacaq. Lakin sonra... Bir də, axı, nə etməli, başqa çarə yoxdur...”

Dəhşətli bir sevinc qəlbimi bürüdü, bədənimin uçunduğunu hiss etdim. Nəfəsim təngiyir, hava mənə azlıq edirdi. “Onlar ayrılarlar. Aradan bir müddət keçər, köhnə yaralar sağalar. Sonra biz evlənərik. Mən pərvanə olub onun başına dolanaram. Günlərinin fərəhli keçməsinə çalışaram. Biz əl-ələ verib Quzey qışlağın gələcəyi üçün yeni-yeni işlər görərik. Söyüdlü arxın altında dinc həyat qurarıq. Görünür, tale özü məni gətirib bura çıxarmışdır. Ah, Murad! Mənim əzizim, sənin qadının olmaq, hər gün sənin köynəklərini yuyub ütüləmək, səhər tezdən durub sənə çay-çörək hazırlamaq, nahar vaxtı stolun üstünü düzəldib yolunu gözləmək, gecələr sənin və sənin iş yoldaşların üçün yeni-yeni konsertlər vermək o qədər böyük səadətdir ki, sevincimdən az qalır nəfəsim tutulsun.”

Və mən oturub ona belə bir məktub yazdım:

“Öz böyük sirrinizi mənə açdığınız üçün, mənə bu qədər yüksək etibar göstərdiyiniz üçün sizə təşəkkür edirəm. Siz bir dost kimi mənə müraciət edib soruşursunuz: “Nə etməliyəm?” Mən də bütün biliyimi, bacarığımı, azca həyat təcrübəmi köməyə çağıraraq, sizə cavab yazıram: mən sizin ailə həyatınız haqqında başqalarından da eşitmişdim. Bu, əlbəttə, arzuolunmaz haldır. Məktubunuzda hər şeyin namusla və ürəkdən yazıldığına şübhəm yoxdur. Siz əzab çəkirsiniz. Bunu az-çox müşahidə bacarığına malik olan hər bir kəs sizin üzünüzdən də oxuya bilər. Ancaq siz bunun üçün öz arvadınızı təqsirləndirməyin, çünki o sizi hədsiz və şiddətlə sevir. Özünüz etiraf edirsiniz ki, siz də onu xoşlayaraq, istəyərək evlənmisiniz! Bu elə bir məqamdır ki, Arximed demişkən, siz ona istinad edərək, dünyanı aşıra bilərsiniz! Bundan başqa, sizin o cür oğlunuz var! Xoşbəxtliyiniz ilk meyvəsini vermişdir! Siz məndən soruşursunuz: “Nə etməliyəm?” Mən də sizə deyirəm: “Dözün, çünki o, anadır! Siz öz səbrinizlə ananın qəlbindəki şübhələri məhv edin! Öz mehribanlığınızla onun ürəyinə təsir edin! Əgər, mən sizi sevsəydim belə, ondan ayrılıb mənimlə evlənməyinizə razı olmazdım. Mən oğlunuzun anasının yerində oturub özümü xoşbəxt hesab edə bilməzdim. Dərdinizdən ölsəydim də, belə edə bilməzdim. Bəlkə o sizin işinizə də mane olur. Sizi hədsiz dərəcədə incidir. Ancaq siz onu atsanız, o məhv olar. Halbuki o, anadır. O, müalicə olunub sağala bilər. Siz onun təbibi olun. Dünyada mümkün olmayan işi mümkün eləyin! Çünki o, anadır. Çünki o sizi sevir!”

Bu cümlələri yazdıqca, elə bil, ürəyimə yüzlərlə buz kimi soyuq iynələr sancırdılar. Lakin mən geri çəkilmirdim. Düzmü hərəkət edirdim? Sözlərimdə haqlı idimmi? Bilmirəm. Mən öz mətanətimdən razı idim. Mən, “həqiqi insan ləyaqətinin qarşısında hər şey yalandır” deyə özümü öyürdüm.

Mən öz hərəkətimdən misilsiz bir zövq aldığıma özümü inandırmağa çalışırdım. Mən özümü tilsimli qapılar açan “Min bir gecə” qəhrəmanları yerinə qoyurdum. “Qəhrəman da yazıq olarmı?” Lakin bu nə sözdür? Kim deyir mən yazığam? Kim deyir mən özümü başqaları üçün fəda edirəm? Yox! Mən hər nə edirəmsə, hər nədən binəsib oluramsa, ancaq özüm üçün, öz səadətim üçün edirəm. Siz hələ biz qızları az tanıyırsınız. Mən sübut edəcəyəm ki...

Burada mənim daxili nitqim qırıldı. Nə oldu? Nə baş verdi? Bilmirəm. Lakin üzümə çilənən sudan diksinib gözümü açdığım zaman özümü döşəmənin üstünə yıxılmış gördüm.

Nazxanım yanımda oturub qollarımı ovurdu. Mənim ayıldığımı görüb:

– Ay başına dönüm, – dedi, – sənə nə olmuşdur?

– Heç nə. Tələsik qalxdım, stolun üstündə yarımçıq qalmış məktubu götürüb, kitabın altına qoydum.

– Sənin yanına gəlirdim. Arakəsməyə girəndə gördüm bir şey tappıldadı. Yüyürüb gördüm sənsən. Elə pis oldum ki, elə pis oldum... Bir yerin-zadın əzilməyib ki?

Mən əlimi başımın ardına sürtdüm:

– Heç nə olmayıb, əhəmiyyət vermə, məndə hərdənbir belə hallar olur, yaxşı ki, sən gəlib çıxmısan.

– İndi ki, ürəkkeçmən var, niyə mənə deməmisən?

– Nə bilim... Adam utanır.

– Məndən sənə əmanət, heç vaxt ürəyini qısma.

– Eh, sən də... Ürəyimi niyə qısıram? Canımdan-zadımdan keçməmişəm ki.

– Odur ha...

İravanda xal qalmadı,
O xal nə xaldır,
Ora düzdürmüsən.
De görüm, nə xaldır,
Üzə düzdürmüsən.

Nazxanım qalxıb çırtıq vura-vura süzdü.

Mən onun həssas qəlbi olduğunu bilirdim. Bilirdim ki, ayrı vaxt əri yadına düşəndə “ah” çəkir. Bəlkə də, hansı xoş dəqiqələri isə xatırlayaraq göz yaşı tökür. Ona görə də, indi ona riqqətlə tamaşa edirdim və bu məndə ikinci bir hissin – həyatdakı vəzifələrimi yerinə yetirmək hissinin qüvvətlə baş qaldırmasına səbəb olurdu. Mənim kədərimi unutdurmaq üçün bu sadə, gənc və gözəl gəlinin öz dərdlərini bu cür ayaqlayaraq rəqs etməsi mənə deyirdi ki, nə olur-olsun, yaşamaq və başladığımız işləri axıra çatdırmaq bizim borcumuzdur.

O, oynayıb qurtarandan sonra mən qəribə bir ruh yüksəkliyi ilə yenə də “Əlli yaşında cavan” musiqili komediyasından söz salaraq, onu dilə tutdum. Deyəsən, bir az yumşaldı:

– Yəni, deyirsən bacararam?

– Bacararsan!

Şaqqıldayıb güldü:

– Vallah, elə ürəkdən deyirsən ki, elə bil, məni birdən-ikiyə səhnədə oynayan görmüsən.

Elə bu zaman Qulu gəlib çıxdı. Söhbətin nə yerdə olduğunu bilən kimi ayağının birini irəli, birini geri qoyub Nazxanıma xitabən:

– Sən öz qədrini bilmirsən, – dedi, – səndə istedad var!

– Qulu dayı, məni az təriflə, istedad nədir?

– Bacarıq, istedad!

Qulu şəhadət barmağını yuxarı qaldırdı. Sonra bir addım irəli atıb nitq söyləyirmiş kimi əlavə etdi:

– Onu məhv etmək cinayətdir. Bəli, bəli, cinayətdir!

Nazxanımı yola gətirmək üçün Qulu çox qəribə misallar çəkirdi. Onun deməsinə görə, bir çox böyük artistlərin əvvəli Nazxanım kimi imiş...

O qədər dil tökdük ki, axırda gəlinin saqqızını oğurladıq. Bu, İmi, Cimi və Səriyyədən sonra bizim üçüncü qələbəmiz idi.

...Uzun əsrlərdən bəri suyun həsrətini çəkmiş quzeylilər elə həvəslə işləyirdilər ki, baxanda adamın ürəyi kövrəlirdi. Murad, Hümmətin köməyi ilə rayondan bir ekskavator da gətirmişdi. Söyüdlü arx qara şərid kimi, yavaş-yavaş Quzey qışlağa doğru uzanmaqda idi. Mən, işin bu qızğın vaxtında Muradı pərişan edəcəyimdən qorxaraq, ona yazdığım cavab məktubunu qoynumda gəzdirir, verməyə cəsarət eləmirdim. O kiçik kağız parçası od olub sinəmi yandırırdı. Hər dəfə Muradla qarşılaşanda o, sualedici nəzərlərlə üzümə baxır, mən isə, pərt olub susurdum. Heç bir zaman mən ondakı qədər iztirab çəkməmişdim.

Nəhayət, bir gün kənddən mədəniyyət evinə gəldiyim vaxt onunla rastlaşdım. Salamdan sonra ikimiz də bir neçə saniyə susub danışmadıq. Axırda o gülümsəyərək:

– Nuriyyə xanım, – dedi, – görünür, siz mənə cavab verməyi də lazım bilmədiniz.

Mən bütün gücümü toplayaraq, məktubu qoynumdan çıxarıb ona verdim və kənardan bizi görən ola biləcəyi barədə düşünmədən onun əlindən yapışıb:

– Murad, – deyə titrək səslə pıçıldadım, – məni bağışla. Başqa cür mümkün deyil. Mümkün olsaydı, mən canımı da səndən əsirgəməzdim.

Sonra çevrilib heç bir şey görmədən, duymadan mədəniyyət evinə getdim. Eyvana çıxanda, taqətdən tamam düşərək skamyanın üstündə oturdum. İmi ilə Cimi eyvanın o biri tərəfində uşaqlara tar dərsi keçirdilər. Əlində qəzet tutmuş Almurad nə isə deyir, Nazxanım gülürdü. Qulu bir neçə kəndli ilə bərkdən söhbət edirdi. Mən onların hamısını bir tor arxasından görürdüm. İndi onlar hamısı məndən uzaq, mənə yad idilər. İndi onların üzündə mənə qarşı dözülməz dərəcədə soyuq, biganə bir ifadə hiss edirdim. “Ax, biz insanlar nə üçün beləyik? Nə üçün bir-birimizin qəlbinə girə bilmirik? Birimiz bu qədər dərd içində ikən, nədən digərimiz elə gülür? Ax, biz nə qədər xudpəsəndik! O mənim məktubumu oxuyub nə düşünəcək? Mənim göstərdiyim bu fövqəladə fədakarlıq kimin üçündür? Bunu kim biləcək, kim qiymətləndirəcək? Mən öz səadətimi kimdən ötrü məhv edirəm? Biz insanlar buna dəyərikmi? Mən dünyada misli görünməmiş bir axmaqlıq etmirəmmi? Durub Muradın ardınca yüyürsəm...”

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Mən və yeni həyat

Mən görürdüm ki, şəhərimizin cavanlarından bir hissəsi qırmızı komandirlər kimi ot rəngli parçadan köynək-şalvar geyinib, enli kəmər bağlayırlar. Dəstə-dəstə gəzərək bərkdən danışıb-gülürlər. Hələ desən, tüfəng götürüb milislərlə birlikdə dağlara, meşələrə qaçaq-quldur dalınca da gedirlər. İclas eləyib bəylərin, kapitalistlərin əleyhinə qəzəbli nitqlər söyləyirlər. Bu cavanlara «komsomol» deyirdilər. Elə bil ki, mənim özümdə də bəylərə, kapitalistlərə qarşı gizli bir kin varmış və bu kin indi zahirə çıxırdı. Komsomollarda hiss etdiyim mübariz ruh məni həvəsləndirirdi, sanki məni o axına qoşulmağa çağırırdı. Elə bil ki, məndə həyata potensial halında olan fəal müdaxilə qüvvəsi birdən-birə hərəkətə gəlib özünü göstərmək istəyirdi. Bir gün mən də cəsarətlə atama dedim:– Komsomol olmaq istəyirəm.

12 dəq
Gözlənilməyən sevgi

Darülfünunda dərslərin başlandığının dördüncü günü idi.Foyedə gənc bir oğlanla yaşlı bir qadın dayanmışdı. Hamı maraqla onlara baxırdı. Uca boyu, enli kürəyi olan bu qadın qara yun parçadan uzun tuman, ətəkli arxalıq geymişdi. Qara, sürməli gözləri sükutla baxır, günəşdən yanmış üzü soyuq bir qayğı ifadə edirdi. O, kimsəyə baxmadan nə haqqında isə düşünür və çubuq çəkirdi. Yanındakı ucaboylu oğlan olduqca şux geyinmişdi, lakin son dərəcə çirkin idi. Üzü çopur, burnunun ortası yəhər kimi yastı idi. Dodaqları qaba surətdə irəliyə doğru uzanmışdı. Cod və bozumtul kimi görünən saçları alnında bir bucaq təşkil edir və az qala burnuna qədər uzanırdı.

16 dəq
Apardı sellər Saranı

Ölüm qanadlarını Gülnarın üzərinə gərdiyi zaman o, Soltanını yanına çağırıb, gözlərindən öpdü...– Mən gedirəm, əzizim, – dedi, – günlərinə qəm qatma. Bu qoca dünya əzəldən belədir. Bilirəm, evlənəcəksən, cavansan. Amma Saramdan muğayat ol. Qoyma ögey ana sitəmi çəksin. Əgər xoşbəxt olsa, qəbrimin üstünə gəl... mənə de.

3 dəq
Su dəyirmanı

O gecə mən birinci dəfə idi ki, kəndimizin üst tərəfindən keçən dəyirman arxının yanında dayanıb onu gözləyirdim. Göy qübbəsini bəzəyən saysız-hesabsız ulduzlar və onların arasındakı üçgünlük Ay arx boyu düzülmüş söyüdlərin təzə açılan yarpaqlarını zəif-zəif işıqlandırırdı. Aşağı dərənin qaranlığında yalnız taxtapuşu seçilən dəyirmandan işıq gəlirdi. Mənim gözlədiyim qız atasına – dəyirmançı Musa dayıya axşam yeməyi aparmışdı. Mən bunu gündüz özündən öyrənmişdim. Ona görə də, indi burada dayanıb, gözümü dəyirmandan gələn cığıra zilləmişdim. Yarım saatdan bəri idi ki, həyəcan və intizar içindəydim. Əslinə baxsan, yarım saat deyil, düz yarım il idi. Yarım il idi ki, hər gecə mən bu cür həyəcan və intizar içində səhərin açılmasını gözləyirdim. İndi isə burada, ulduzların altında səhəri deyil, onun özünü gözləyirdim. Təzə açılmış söyüd yarpaqlarının xışıltısını, dəyirman çarxının üzərinə tökülən bahar suyunun coşğun şırıltısını dinləyərək onu gözləyirdim.Mən də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik. Biz ikimiz də, mən də, bahar da, mənim arzularım da, baharın açdığı bu söyüd yarpaqları da gənc idik. Bizim üzərimizdən fırtına keçməmişdi. Biz həyəcan və coşğunluq içində irəliyə can atırdıq. Biz arzu və ehtiraslar selinə düşmüşdük! Biz təzə gəldiyimiz bu dünyaya nə isə yeni bir şey, yeni bir gözəllik bəxş etmək həvəsi ilə çırpınırdıq. Biz bu barədə düşünmürdük, lakin bu, belə idi. Bizim fərəhimizdəki sirr bundan ibarət idi. Bu, böyük və əzəmətli həyatın əbədi qanunlarından biri idi!..

59 dəq

Başqa şairlərin şeirləri