Söyüdlü arx
Səhifə 34 / 39 · 85%
– Bu barədə mən sizin fəaliyyətinizi qiymətləndirirəm.
– Təşəkkür edirəm. Ancaq təkcə mənim və ya bir-iki mənim kimi mədəniyyət evi işçisinin fəaliyyətindən bir şey çıxmaz. Bu işdən hamımız, kənddə olan bütün ziyalılar yapışmalıdırlar. Əriniz gecə-gündüz Söyüdlü arxın üstündə əlləşir. Zəhmət çəkir. Kəndinizi yoxsul vəziyyətdən qurtarmağa can atır. Siz isə, ancaq özünüzü düşünürsünüz. Əgər, siz öz həyat yoldaşınıza bir kömək edə bilmirsinizsə, heç olmasa, ona mane olmayın.
O diqqətlə qulaq asaraq susurdu. Mən daha danışmaq iqtidarında olmadığımı hiss edərək:
– Səadət xanım, – dedim, – ürəyimdə sizə və sizin ərinizə aid hər nə var idisə, hamısını bildiniz. Bundan sonra mən sizə daha bir kəlmə söz deməyəcəyəm. Nə cür istəyirsiniz o cür də hərəkət edin. Qaldı mənim buradan çıxıb getmək məsələm. Onun sizə qətiyyən dəxli yoxdur. Gedərəm, getmərəm, özüm bilərəm. Rica edirəm bir də bu barədə mənə əmr vermək fikrinə düşməyəsiniz. Çay içmək istəyirsinizmi?
– Çox sağ olun. Mümkünsə bir stəkan su verin...
Qalxıb su verdim. Aradan qısa və gərgin bir sükut keçdi. Mən onun üzünə baxmamağa çalışaraq, saçlarımı düzəldirdim. Nəhayət, o, müqəssir kimi:
– Nuriyyə xanım, – dedi, – sizdən bir şey xahiş etmək istəyirəm.
– Buyurun.
– Sabah bizə gəlin. Evdə tək olacağam.
Mən onun təklifinə qətiyyən təəccüb etmədim.
– Baş üstə, əgər, vaxtım olarsa, gələrəm.
– Xahiş edirəm, vaxt tapasınız, Almurada deyərsiniz maşınında gətirər, söz verirsinizmi?
– Yaxşı.
– Hələlik. Gözləyəcəyəm.
Mən onun arakəsmədən eşidilən yüngül ayaq səslərini dinləyərək, bitab halda stolun arxasına söykənib gözlərimi yumdum.
Səhəri məşqdən sonra, kimsəyə demədən, piyada yola düşüb Quzey qışlağa getdim. Mən Güney qışlaqdan çıxanda Muradgilin dəstəsi Söyüdlü arxın üstündə qızğın işləməkdəydi. Murad ekskavatorun yanındakılara nə isə deyirdi. Məni görməsin deyə, şose yoldan burulub, aşağı tərəfdən keçən balaca cığıra düşdüm.
Mən onlara gedirdim. Onun doğulub böyüdüyü, evlənib ailə qurduğu evə gedirdim. Mənə elə gəlirdi ki, xırdaca boz təpələrin arası ilə qıvrıla-qıvrıla uzanan bu cığır qurtarmayacaq. Elə bil, mən yada gəlməyən uzaq zamandan bəri bu yolla addımlayıram. Şüurumdakı keylik, tutqunluq məni heyrətə salırdı. Mən heç nə düşünmürdüm. Mən hər şeydə yalnız bir intəhasızlıq, əbədi bir lallıq hiss edirdim. Qeyri-iradi tez-tez dönüb geriyə, Muradgil işləyən tərəfə baxırdım. Mən ondan uzaqlaşıb, onun evinə yaxınlaşdıqca, ürəyimdəki boşluq da artırdı. Bu mənim həyatımda qəti bir gün idi. Bu gedişlə mən öz eşqimə, öz böyük səadətimə əbədi “Əlvida” deyirdim.
Mən onun özü və oğlu doğulan evdə onun arvadı ilə qabaq-qabağa oturub duz-çörək kəsəcəkdim. Mən öz sevgimi ona və onun oğluna hədiyyə aparırdım. Çünki mənim bu sevgidən qiymətli bir şeyim yox idi.
Onların eyvanında məni ilk qarşılayan Əlimərdan oldu. O yan-bu yana qaçaraq, səs-küylə oynayırdı. O qədər şən, o qədər dərdsiz idi ki... Mən onu qucağıma götürüb üzündən öpdüm. Elə şirin uşaq idi ki, adam əlindən yerə qoymaq istəmirdi.
Birdən o, sevimli uşaq dili ilə:
– Murad yoxdur, – dedi (o, atasını adı ilə çağırırdı).
Təəccüb etdim. Mən ki, onun atasını soruşmurdum.
– Bəs, anan hardadır?
Cavab vermədən başını tərpətdi.
Bu zaman Səadət qaçaraq otaqdan çıxdı.
– Xoş gördük, Nuriyyə xanım, xoş gördük. Sən Allah, bu gombuşu qoyun yerə, qolunuzu qırar.
– Maşallah! – Mən təkrar uşağın üzündən öpdüm.
Sonra qadına sürəkli bir nəzər salaraq zarafatyana:
– Şadlıq sizə o qədər yaraşır ki, – dedim, – adam, baxdıqca, baxmaq istəyir.
– Doğrudanmı, – deyə gülümsəyib qızardı.
Mən kompliment demirdim. O, həqiqətən indi o qədər gözəl, o qədər lətafətli görünürdü ki, elə bil, tamamilə başqa adam, başqa bir gözəl idi. Əynində qolları çiyninə qədər açıq uzun ev paltarı, ayaqlarında yüngül çust vardı. Saçını başına dolayıb sancaqladığından, durna boyu kimi uzun qəşəng boynu çılpaq qalmışdı.
– Əli, düş yerə, xalanı incitmə.
– Düşmürəm, – deyə oğlan inadla başını buladı.
İkimiz də güldük.
– Yadınızdadırmı, o dəfə Qulugildə də sizə yaman qanı qaynayırdı.
– Bilir ki, xalası onu çox istəyir.
– Amma mənimlə arası yoxdur. Bununku atasıdır. Görəndə uçmağa qanadı olmur. Keçin içəri.
Biz iki pəncərəsi küçəyə, ikisi həyətə baxan böyük otağa girdik.
Yalnız bu zaman Əlimərdan qucağımdan düşdü və məni incitmək istəmirmiş kimi, “bu saat gəlirəm” deyib bayıra yüyürdü.
Otağın içi elə təmiz, sadə və gözəl bəzənmişdi ki, bilaixtiyar ürəyimdə ev sahibinə “afərin” dedim. Açıq mavi kağızla örtülmüş divarlardan zərif çərçivəli portretlər asılmışdı. Ortadakı iri, dəyirmi stolun üstünə incə naxışlı məxmər süfrə salınmışdı. Arxa divarın qabağında o zaman çox dəbdə olan və üstünə Çin ipəyi çəkilmiş taxt qoyulub, arxasına ipək kimi nazik, əlvan xalça vurulmuşdu. Taxtın üstündə qədim Şərq üslubunda düzəldilmiş mütəkkə və yastıqlar var idi. Yuxarı tərəfdə qəhvəyi rəngli stolun üstündə radioqəbuledici qoyulmuşdu. Hər şey yerində, gözəl və səliqəli idi.
Mən, qızıl naxışları olan firuzə rəngli güldandakı təzə qərənfillərə işarə ilə:
– Bunlar haradandır?! Quzey qışlaqda gözümə göyərti dəymir, – dedim.
– Mənim balaca bir bağçam var, gəlin baxın.
Həyətə açılan pəncərələrin qabağına getdik. Aşağıda təxminən on kvadrat metr sahədə körpə ağaclar, qızılgül kolları, rəngbərəng qərənfillər adamın üzünə gülürdü. Onların arasında balaca nanə, keşniş, şüyüd, vəzəri ləkləri var idi. Təzəcə suvarıldıqlarından dibləri hələ yaş idi.
– Bilirsinizmi, Murad göy-göyərtini, dovğanı çox xoşlayır.
– Bəs, bunları necə suvarırsınız? – deyə mən sözü dəyişdim.
– Əl ilə suvarıram, hamısını özüm əkib-becərmişəm.
“Məlumdur. Ərinizin xoşuna gəldiyi üçün” deyə mən düşündüm. Pəncərədən aralanıb evin ortasına qayıtdıq. O, yüz ilin dostu, yoldaşıymış kimi, səmimiyyətlə:
– Bircə deyin görüm sizi nəyə qonaq eləyim? – dedi. – Sizin üçün nə bişirim?
– Məgər, mən qonaq gəlmişəm?
– Yox, deyin!
Mən yeməklərin hamısından çox dovğanı xoşlayıram. Lakin demədim. Ayrı şey olsaydı, deyərdim. Ancaq dovğanı demədim.
– Mənim üçün hamısı birdir. Nə istəyirsiniz bişirək.
Mənim “bişirək” deməyim xoşuna gəldi.
– Elə isə, mən deyim: əvvəlcə dovğa bişirək, qoyaq soyusun. Sonra da şüyüdlü plov, necədir?
– Əla.
– Onda iş başına!
Oradan-buradan, yeni tamaşalardan, kinofilmlərdən, son vaxtlar çıxan romanlardan söhbət eləyə-eləyə dovğanı bişirib qoyduq soyusun.
Mənim anası ilə birlikdə işləməyim Əlimərdana çox maraqlı görünürdü. Tez-tez gəlib qabağımızda dayanır, mənə diqqətlə tamaşa edirdi.
– Bu da atası kimi dovğa xoşlayandır, – deyə Səadət oğluna baxaraq gülümsədi.
Biz insanların, xüsusən qadınların təbiətində hələ kəşf edilməmiş nə qədər qəribə hallar var! Bir-birimizlə elə danışırdıq ki, elə bil, aramızda heç nə olmamışdı. Şəxsən mənim öz hərəkətim özümə aydın idi. Lakin o... Mənə elə gəlirdi ki, o mənim öz sevgimi qəlbimdə dəfn etməyimə əmin olduğu üçün bu cür şadlıq içindədir. Belə anlarda mən dişlərimi bir-birinə sıxaraq, öz qadınlıq qürurumu zorla boğurdum. Birdən o, saata baxaraq uşaq səmimiyyəti ilə:
– Muradın gələn vaxtıdır, – dedi, – sizin burada olmağınızdan xəbəri yoxdur. Görəndə qiyamət olacaq.
– Bəs, siz dünən deyirdiniz evdə tək olacaqsınız? – Mən soyuq və ciddi ifadə ilə düz onun gözlərinə baxdım.
Sanki diksinib şirin yuxudan ayılaraq, müqəssir halda çaşıb qaldı. Elə bu zaman bayırda motosikl səsi eşidildi. Ürəyim elə şiddətlə döyünürdü ki, bir an qabaqkı söhbətimizin nə haqqında olduğunu da yadımdan çıxartdım. Əlimərdan:
– Murad gəldi, Murad gəldi, – deyə gurultu ilə bayıra qaçdı.
Səadət özünü itirərək, gah mənə baxdı, gah da qapıya.
Mən sərbəst və şən bir görkəm alaraq:
– Siz ərinizin gəlmək vaxtını nə düz bilirsiniz, – deyə gülümsədim.
Mənim bu hərəkətim ona cəsarət verdi. Yenidən hər şeyi unudaraq gülə-gülə:
– Siz oturun, yerinizdən tərpənməyin... – dedi.
Murad, qucağında oğlu, içəri girərkən bizi yanaşı oturmuş görüb yerində qurudu. Səadət isə, ona baxaraq, elə ürəkdən şaqqıldayıb güldü ki, bayaqdan bəri mənə əzab verən kin və qəzəbim yox olub getdi. Murad heç bir şey anlamayaraq, çaşqın halda dayanmışdı. Birdən Səadət ayağa qalxıb, əlini ərinin əlinin üstünə qoydu.
– Murad, – dedi, – mən Nuriyyə xanımın yanında səndən üzr istəyirəm. O məni bağışlayıb, sən də bağışla.
Kitabxana.az · https://kitabxana.az/works/ilyas-efendiyev-soyudlu-arx
Müəllifin digər əsərləri
Mən görürdüm ki, şəhərimizin cavanlarından bir hissəsi qırmızı komandirlər kimi ot rəngli parçadan köynək-şalvar geyinib, enli kəmər bağlayırlar. Dəstə-dəstə gəzərək bərkdən danışıb-gülürlər. Hələ desən, tüfəng götürüb milislərlə birlikdə dağlara, meşələrə qaçaq-quldur dalınca da gedirlər. İclas eləyib bəylərin, kapitalistlərin əleyhinə qəzəbli nitqlər söyləyirlər. Bu cavanlara «komsomol» deyirdilər. Elə bil ki, mənim özümdə də bəylərə, kapitalistlərə qarşı gizli bir kin varmış və bu kin indi zahirə çıxırdı. Komsomollarda hiss etdiyim mübariz ruh məni həvəsləndirirdi, sanki məni o axına qoşulmağa çağırırdı. Elə bil ki, məndə həyata potensial halında olan fəal müdaxilə qüvvəsi birdən-birə hərəkətə gəlib özünü göstərmək istəyirdi. Bir gün mən də cəsarətlə atama dedim:– Komsomol olmaq istəyirəm.
Gözlənilməyən sevgiDarülfünunda dərslərin başlandığının dördüncü günü idi.Foyedə gənc bir oğlanla yaşlı bir qadın dayanmışdı. Hamı maraqla onlara baxırdı. Uca boyu, enli kürəyi olan bu qadın qara yun parçadan uzun tuman, ətəkli arxalıq geymişdi. Qara, sürməli gözləri sükutla baxır, günəşdən yanmış üzü soyuq bir qayğı ifadə edirdi. O, kimsəyə baxmadan nə haqqında isə düşünür və çubuq çəkirdi. Yanındakı ucaboylu oğlan olduqca şux geyinmişdi, lakin son dərəcə çirkin idi. Üzü çopur, burnunun ortası yəhər kimi yastı idi. Dodaqları qaba surətdə irəliyə doğru uzanmışdı. Cod və bozumtul kimi görünən saçları alnında bir bucaq təşkil edir və az qala burnuna qədər uzanırdı.
Apardı sellər SaranıÖlüm qanadlarını Gülnarın üzərinə gərdiyi zaman o, Soltanını yanına çağırıb, gözlərindən öpdü...– Mən gedirəm, əzizim, – dedi, – günlərinə qəm qatma. Bu qoca dünya əzəldən belədir. Bilirəm, evlənəcəksən, cavansan. Amma Saramdan muğayat ol. Qoyma ögey ana sitəmi çəksin. Əgər xoşbəxt olsa, qəbrimin üstünə gəl... mənə de.
Su dəyirmanıO gecə mən birinci dəfə idi ki, kəndimizin üst tərəfindən keçən dəyirman arxının yanında dayanıb onu gözləyirdim. Göy qübbəsini bəzəyən saysız-hesabsız ulduzlar və onların arasındakı üçgünlük Ay arx boyu düzülmüş söyüdlərin təzə açılan yarpaqlarını zəif-zəif işıqlandırırdı. Aşağı dərənin qaranlığında yalnız taxtapuşu seçilən dəyirmandan işıq gəlirdi. Mənim gözlədiyim qız atasına – dəyirmançı Musa dayıya axşam yeməyi aparmışdı. Mən bunu gündüz özündən öyrənmişdim. Ona görə də, indi burada dayanıb, gözümü dəyirmandan gələn cığıra zilləmişdim. Yarım saatdan bəri idi ki, həyəcan və intizar içindəydim. Əslinə baxsan, yarım saat deyil, düz yarım il idi. Yarım il idi ki, hər gecə mən bu cür həyəcan və intizar içində səhərin açılmasını gözləyirdim. İndi isə burada, ulduzların altında səhəri deyil, onun özünü gözləyirdim. Təzə açılmış söyüd yarpaqlarının xışıltısını, dəyirman çarxının üzərinə tökülən bahar suyunun coşğun şırıltısını dinləyərək onu gözləyirdim.Mən də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik. Biz ikimiz də, mən də, bahar da, mənim arzularım da, baharın açdığı bu söyüd yarpaqları da gənc idik. Bizim üzərimizdən fırtına keçməmişdi. Biz həyəcan və coşğunluq içində irəliyə can atırdıq. Biz arzu və ehtiraslar selinə düşmüşdük! Biz təzə gəldiyimiz bu dünyaya nə isə yeni bir şey, yeni bir gözəllik bəxş etmək həvəsi ilə çırpınırdıq. Biz bu barədə düşünmürdük, lakin bu, belə idi. Bizim fərəhimizdəki sirr bundan ibarət idi. Bu, böyük və əzəmətli həyatın əbədi qanunlarından biri idi!..
Başqa şairlərin şeirləri
Bir solğun çiçəyəm, bir san yarpaq,Candan şikayətkar, canandan iraq.
Aləmdə var aşiqidən bir mənəm sənəAləmdə var aşiqidən bir mənəm sənə,Bil qədrimi ki, bunca mənəm, ey sənəm, sənə.
Genə bicarə könül düşdü bir əyyar əlinəGenə bicarə konul duşdu bir əyyar əlinə,Rəhmi yox, mohnəti cox, şuxi-sitəmkar əlinə.
Pet qəpikFəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik