Səhifə 6 / 39 · 13%

– İminin indiyə qədər mətbuatda-zadda bir yazısı çıxıb?

– Qabaq, kənddə maliyyə işçisi olanda, hərdən qəzetdə xırda məqalələri çıxırdı. Ona görə də, Nəriman əmi elə bilir ki, bu, böyük yazıçıdır.

Qulu yenə də pıqqıldayıb güldü:

– Nuriyyə xanım, canınız üçün uzun dəsgahdır. Bir də görürsən Nəriman əmi ilə İmi evə girib, qapı-bacanı da bərk-bərk basdırıblar. Nə var? İmi sədrə əsər oxuyur.

Mədəniyyət evinə çatdıq.

– Bəs, deyirsiniz tikinti briqadiri işləmir? Bu cür gözəl bina tikiblər.

– İnsafla desək, gecə-gündüz bunun üstündə durub tikdirən sədrin özü olub...

Sonra o, üzünü yaxındakı evə sarı tutdu:

– Ay Nazxanım xala, ay Nazxanım xala!

Qapıya cavan bir gəlin çıxdı:

– Nə var, ay Qulu dayı! – dedi.

– Əşi, o açarları bir bəri gətir.

Nazxanım mənə baxıb, tez içəri getdi. Qulu çiyinlərini qısıb xısın-xısın gülərək dedi:

– Buranın xidmətçisidir. Xala deyəndə dəli olur.

Nazxanım açarları gətirdi. Mənə əl verib:

– Xoş gəlmisiniz, bacı, – dedi.

Bu, iyirmi altı-iyirmi yeddi yaşlarında qırmızı güllü ağ çitdən qırçınlı tuman, qoluqısa kofta geyib, qara saçlarına sığal verərək tən ortadan ayırmış, dikdaban çəkməli, ətli-canlı, “gəl məni gör, dərdimdən öl” bir gəlin idi. Rəhmətlik nənəm demişkən, tərpənib yeriyəndə elə bilərdin o yandan bəri bir ağ maya gəlir.

Mədəniyyət evi kəndin cənub qurtaracağında tikilmişdi. Qabaq tərəfdən Güney qışlağın bağ-bağat içində olan evləri görünürdü. Arxa tərəfdən ucsuz-bucaqsız geniş düzənlik uzanıb gedirdi. Bina böyük tamaşa zalı ilə bir neçə otaqdan ibarət idi. Zala şəhərdən gətirilmiş yumşaq stullar düzülmüşdü. Səhnəyə təzə bir piano qoyulmuşdu. Bu məni çox sevindirdi. Biz bütün otaqları gəzəndən sonra:

– Demək, hələlik, bir mədəniyyət evidi, bir də Nazxanım bacıyla mən, – deyə zarafat elədim.

Və bir qədər fikirləşəndən sonra soruşdum:

– Kənddə kitabxana varmı?

– Var, ancaq gələn-zad olmadığından, həftələrlə ağzıbağlı qalır.

– Gedib baxmaq olarmı?

– Niyə olmur, gedək.

Biz, yerdən tikilmiş böyük kolxoz anbarının bir gözündə yerləşən kitabxanaya çatdıq. Qulu qapının açıq olub-olmadığını yoxlamadan iri söyüd ağacının kölgəsində oynayan uşaqlardan birini səslədi:

– Ə, Popuş! Popuş, yüyür, o Səriyyəni çağır, deynən adam gəlib.

Kök, qırmızıyanaq Popuş, yanlarında qatıq quruyub qalmış ağzını açıb, əvvəlcə mənə baxdı, sonra:

– Qulu dayı, – dedi, – mən Səriyyəni haradan tapım?

– Ə, yüyür...

Qulu sözünün dalını yəqin ki, mənə görə kəsib, məzəli bir hərəkətlə uşağa sarı cumanda, Popuş götürüldü.

Bir azdan on yeddi yaşlı, xurmayısaçlı, incəbel, yaraşıqlı bir qız olan Səriyyə, əlində açar, tələsik addımlarla gəlib çıxdı. Əvvəlcə məni mərkəzdən gəlmiş təhkimçi hesab etdi. Tanış olandan sonra, gülümsəyib, kitabxananın ağzına vurulmuş iri, qara qıfılı açdı. Otaqdan bizi boğuq rütubət və kif qoxusu vurdu. Mən irəliləyib kitabxananın yeganə pəncərəsini açmaq istədim.

– Mismarlıdır, – deyə Səriyyə səsləndi.

Gözüm otağın yarıqaranlığına alışandan sonra adi taxtalardan düzəlmiş rəflərdəki kitabları gözdən keçirdim. Burada müasir Azərbaycan və rus yazıçılarının, Balzakın, Defonun, Mayn Ridin, Jül Vernin və başqalarının əsərləri, kənd təsərrüfatına, siyasi məsələlərə aid çoxlu kitabça var idi. Lakin hiss olunurdu ki, heç birinin qatı açılmamışdır. Stolların üstünə yığılmış qəzet və jurnallar rütubətdən saralmışdı. Yazı stolundakı mürəkkəbqabları qupquru idi.

– Kitab götürüb oxuyan olurmu? – deyə mehriban səslə Səriyyədən soruşdum.

– Kitab oxuyan kimdir? Gəlib oturursan, oturursan, bir adam da qapını açmır. Düzü, mən də havayı yerə maaş alıram. Neçə dəfə ərizə vermişəm, azad eləmirlər.

Üçümüz də sükut içində dayanıb rəflərə baxırdıq. Qulu darıxdığı üçün tez-tez ayağının birini götürüb, o birini qoyurdu. Birdən məni qüssə bürüdü. Rütubətdən saralmış bu köhnə qəzetlər, toz basmış kitablar, mürəkkəbi qurumuş qara şüşələr mənə dözülməz dərəcədə cansıxıcı göründü. Çevrilib ağır addımlarla otaqdan çıxdım. İndi xeyli qalxmış günəş od tökürdü. Cırcıramalar eyni yeknəsəq ahənglə səslənirdi. Güney qışlağın bağlarından o yana, düzənlikdə hava ilğım çalır, Quzey qışlağın səhər ağaran evləri daha görünmürdü. Hər şey dəniz kimi bərq vuran bir sərab içində itib gedirdi. Bir an mənə elə gəldi ki, dünən tərk edib gəldiyim Bakı çox uzaqlarda qalmışdır və mən oradan min ildir ki, ayrılmışam. Qəlbimdə baş qaldıran qərib hisslər məni sıxır, toz basmış kitablar, rütubətdən saralmış qəzet və jurnallar gözümün qabağından getmirdi. Kəndin qurtaracağında, gur günəş işığı içində sükuta dalmış mədəniyyət evi sanki mükəddər, canlı bir məxluq kimi mənə baxırdı. Dünən səhər məni yola salan Ələsgər dayının “get, qızım, işin avand olsun” sözləri çox uzaq bir səda kimi qulağımda səslənirdi. Birdən, istidən zəbanə çəkən kəndi sərin kölgə ilə dolanan Söyüdlü arxda qurbağalar ağız-ağıza verib nəşə ilə səsləndilər. O tay-bu tay arx boyu düzülmüş cavan söyüdlərin zərif yarpaqları xəfif mehdən titrəşdi. Mən ruhi yüngüllüklə:

– Kitabxananı mədəniyyət evinə köçürmək olmazmı? – deyə içəridən çıxıb yanıma gələn Qulu ilə Səriyyəyə müraciət etdim.

Qulu gözlərini oynadaraq üzümə baxdı:

– Olar, niyə olmur?!

– Siz necə, etiraz eləmirsiniz ki, Səriyyə?

– Etiraz eləmirəm. Ancaq, gələn olacaqmı?

– Hər halda, ora köçürməyimiz yaxşıdır, – dedim, – ancaq kitabları yığmaq üçün, hələlik, heç olmasa, üç şkaf lazımdır.

– Asandır, taparıq, – deyə Qulu cavab verdi.

Sonra şəhadət barmağını alnına qoyaraq əlavə etdi:

– Birini kənd sovetliyindən, birini kolxoz idarəsindən, birini də... hə, tapdım, birini də məktəbdən.

– Nə vaxt köçürə bilərik?

– Siz nə vaxt istəsəniz.

– Lap bu saat!

– Oldu! Lap bu saat! Siz dayanın, mən gedim maşın gətirim.

O, portfelini qoltuğuna vurub yel kimi getdi. Gün düz adamın təpəsindən şaxıdığından, biz qayıdıb otağa girdik. Yazı stolunun üstündə balaca köhnə bir radioqəbuledici var idi. Mən bekarçılıqdan onu qurdalayıb açdım. Kim isə oxuyurdu. Lakin aparat xarab olduğundan, səsini aydın seçmək olmurdu.

Səriyyə balaca qol saatına baxdı:

– İndi Bakıdan yaxşı konsert verilir, – dedi. – İstəyirsiniz gedək bizdə qulaq asaq, yaxşı radiomuz var.

– Qulu gələr, bizi tapmaz, – dedim.

Sonra əlavə etdim:

– Görünür, musiqi ilə aranız sazdır...

– Yəni, musiqidən xoşu gəlməyən olar?! Ağlım kəsmir...

O, başını aşağı saldı, üzündə utancaq bir ifadə yarandı:

– Mən özüm də bir az oxuya bilirəm...

– Doğrudanmı?! Nə oxuyursunuz? Muğamat, yoxsa...

– Meylimə nə düşdü. Müəllim yox, məktəb yox. Bildiklərimi də radiodan-zaddan götürmüşəm.

– Bir şey oxuyun görüm, – deyə maraqla xahiş etdim.

Əvvəlcə gözlərini yerə dikib dinmədi. Sonra qalxıb pəncərəyə yanaşdı:

– Görüm gəlib-eləyən yoxdur ki...

– Gələn olsa, nə olar ki? Məgər, oxumaq ayıb işdir?

– Ayıb iş deyil. Ancaq şəhərə ağlınız getməsin. Burada qız xeylağının oxumağını söz elərlər.

Mənim təkidimi gözləmədən nəzərlərini balaca pəncərədən görünən Söyüdlü arxa dikərək, “Qarabağ maralı”nı oxudu. O zaman dəbdə olan bu mahnını mən çox xanəndələrdən eşitmişdim. Lakin onların heç biri mənə bu qədər təsir etməmişdi. Bəlkə bu mənim indiki vəziyyətim, indiki əhvali-ruhiyyəmlə əlaqədar idi. Bilmirəm. Onun səsində, nə isə, qəlbin dərinliklərinə işləyən təzə, bakirə bir şey var idi. Elə bil, mən günəşin altında zəbanə çəkən qumlu səhrada qəflətən qarşıma çıxan göz yaşı kimi dumduru, sərin bir bulağın incə şırıltısını eşidirdim və sanki bu şırıltının təranəsi altında körpə otlar göyərib qalxır, bənövşələr çiçək açırdı.

Gedək Qırxqız bulağına,
Çıxaq Şuşa yaylağına...

Qız bu sözləri deyərkən, güclə seçilən bir təbəssümlə gözlərini yarı yumur, qaşlarını çatır, başını xəfifcə tərpədir və elə bayğın bir görünüşlə oxuyurdu ki, elə bil, bütün ruhu, bütün varlığı o mahnı ilə qanadlanıb uçurdu. Elə bil, o, indi tamam başqa bir aləmdə idi.

Mahnını bitirdikdə ürkək ifadə ilə üzümə baxdı. Mən onu özümə tərəf çəkib qolumu boynuna doladım və birdən isti göz yaşlarının əlimə töküldüyünü hiss edərək əyilib üzünə baxdım. O gülümsünərək:

– Eh, – dedi, – ürəyim birtəhər oldu.

Sonrakı söhbətimizdən məlum oldu ki, Səriyyə dəyirmançı Kərim dayının qızıdır. Keçən il onilliyi bitirmiş, indi də universitetə qiyabi

[Mənbənin skanında burada mətn itib.]

– Neyləyim, – dedi, – mənimki də bunlardır. Adam tək olanda mehrini bir şeyə salır...

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Mən və yeni həyat

Mən görürdüm ki, şəhərimizin cavanlarından bir hissəsi qırmızı komandirlər kimi ot rəngli parçadan köynək-şalvar geyinib, enli kəmər bağlayırlar. Dəstə-dəstə gəzərək bərkdən danışıb-gülürlər. Hələ desən, tüfəng götürüb milislərlə birlikdə dağlara, meşələrə qaçaq-quldur dalınca da gedirlər. İclas eləyib bəylərin, kapitalistlərin əleyhinə qəzəbli nitqlər söyləyirlər. Bu cavanlara «komsomol» deyirdilər. Elə bil ki, mənim özümdə də bəylərə, kapitalistlərə qarşı gizli bir kin varmış və bu kin indi zahirə çıxırdı. Komsomollarda hiss etdiyim mübariz ruh məni həvəsləndirirdi, sanki məni o axına qoşulmağa çağırırdı. Elə bil ki, məndə həyata potensial halında olan fəal müdaxilə qüvvəsi birdən-birə hərəkətə gəlib özünü göstərmək istəyirdi. Bir gün mən də cəsarətlə atama dedim:– Komsomol olmaq istəyirəm.

12 dəq
Gözlənilməyən sevgi

Darülfünunda dərslərin başlandığının dördüncü günü idi.Foyedə gənc bir oğlanla yaşlı bir qadın dayanmışdı. Hamı maraqla onlara baxırdı. Uca boyu, enli kürəyi olan bu qadın qara yun parçadan uzun tuman, ətəkli arxalıq geymişdi. Qara, sürməli gözləri sükutla baxır, günəşdən yanmış üzü soyuq bir qayğı ifadə edirdi. O, kimsəyə baxmadan nə haqqında isə düşünür və çubuq çəkirdi. Yanındakı ucaboylu oğlan olduqca şux geyinmişdi, lakin son dərəcə çirkin idi. Üzü çopur, burnunun ortası yəhər kimi yastı idi. Dodaqları qaba surətdə irəliyə doğru uzanmışdı. Cod və bozumtul kimi görünən saçları alnında bir bucaq təşkil edir və az qala burnuna qədər uzanırdı.

16 dəq
Apardı sellər Saranı

Ölüm qanadlarını Gülnarın üzərinə gərdiyi zaman o, Soltanını yanına çağırıb, gözlərindən öpdü...– Mən gedirəm, əzizim, – dedi, – günlərinə qəm qatma. Bu qoca dünya əzəldən belədir. Bilirəm, evlənəcəksən, cavansan. Amma Saramdan muğayat ol. Qoyma ögey ana sitəmi çəksin. Əgər xoşbəxt olsa, qəbrimin üstünə gəl... mənə de.

3 dəq
Su dəyirmanı

O gecə mən birinci dəfə idi ki, kəndimizin üst tərəfindən keçən dəyirman arxının yanında dayanıb onu gözləyirdim. Göy qübbəsini bəzəyən saysız-hesabsız ulduzlar və onların arasındakı üçgünlük Ay arx boyu düzülmüş söyüdlərin təzə açılan yarpaqlarını zəif-zəif işıqlandırırdı. Aşağı dərənin qaranlığında yalnız taxtapuşu seçilən dəyirmandan işıq gəlirdi. Mənim gözlədiyim qız atasına – dəyirmançı Musa dayıya axşam yeməyi aparmışdı. Mən bunu gündüz özündən öyrənmişdim. Ona görə də, indi burada dayanıb, gözümü dəyirmandan gələn cığıra zilləmişdim. Yarım saatdan bəri idi ki, həyəcan və intizar içindəydim. Əslinə baxsan, yarım saat deyil, düz yarım il idi. Yarım il idi ki, hər gecə mən bu cür həyəcan və intizar içində səhərin açılmasını gözləyirdim. İndi isə burada, ulduzların altında səhəri deyil, onun özünü gözləyirdim. Təzə açılmış söyüd yarpaqlarının xışıltısını, dəyirman çarxının üzərinə tökülən bahar suyunun coşğun şırıltısını dinləyərək onu gözləyirdim.Mən də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik. Biz ikimiz də, mən də, bahar da, mənim arzularım da, baharın açdığı bu söyüd yarpaqları da gənc idik. Bizim üzərimizdən fırtına keçməmişdi. Biz həyəcan və coşğunluq içində irəliyə can atırdıq. Biz arzu və ehtiraslar selinə düşmüşdük! Biz təzə gəldiyimiz bu dünyaya nə isə yeni bir şey, yeni bir gözəllik bəxş etmək həvəsi ilə çırpınırdıq. Biz bu barədə düşünmürdük, lakin bu, belə idi. Bizim fərəhimizdəki sirr bundan ibarət idi. Bu, böyük və əzəmətli həyatın əbədi qanunlarından biri idi!..

59 dəq

Başqa şairlərin şeirləri