Səhifə 8 / 39 · 18%

Mən mahnını bitirib ayağa qalxdıqda, Nazxanım təəccüblə səsləndi:

– Ay başına dönüm, sən ki, belə sənətin sahibisən, necə olub gəlib buralara çıxmısan?

Səriyyənin Ay işığında parlayan gözləri məhəbbətlə mənə dikilmişdi.

“Görünür, ilk konsertim pis keçmədi” deyə mən ürəyimdə özümlə zarafat elədim.

Biz qabaq eyvana çıxdığımız zaman, biri uzun, o biri qısaboylu iki adamın bərkdən danışa-danışa mədəniyyət evinə tərəf gəldiyini gördük. Qulu altdan yuxarı sədrə nə isə deyir, şəhadət barmağını qaldırıb havada silkələyirdi. Qoltuğundan düşməyən portfelinin dəmiri Ay işığını əks etdirərək parıldayırdı. Sədr başını azca yana əyib, yuxarıdan aşağı ona baxırdı. Hər ikisi eyvana qalxdı. Qulu söhbətini kəsib bizi salamladı:

– Axşamınız xeyir.

– Hə, bacıqızı, nə var, nə yox? – deyə sədr mənə müraciət elədi, – eşitdim kitabxananı bura köçürmüsünüz? Lap yaxşı eləmisiniz. Bu heç bizim ağlımıza gəlmirdi. Ancaq bilmirəm, nə cür eləyək ki, bu Güney qışlaq camaatı da əlinə kitab, qəzet alsın. Oxumurlar. Kitabxanaya gələndə də qəzetləri cırıb tənbəki bükürlər. Bu Kərimin qızı, – o, Səriyyəni göstərdi, – yazıq da gəlib şikayət eləməkdən yorulub. Fikir elədikcə, yanıb-tökülürsən, heç birinin yeməkdən, içməkdən korluğu yox, inişilin buğdası bu ilə qalır. Ancaq di gəl ki, oxumurlar. Birisi əlinə qəzet götürmür ki, görsün dünyada nə var, nə yox. Bax, bu Kərimin qızı bilir, tapşırmışam, rayona nə kitab gəlsə, əvvəlcə bura göndərirlər. Ancaq nə olsun? Deyirəm, ay zalım uşağı, nə vaxtacan dünyadan bixəbər olub qalacağıq? Oxuyun da!

Nazxanım başını tərpətdi:

– Düzdür, əşi...

– Düzdür, düzdür deyirsən, amma bir dəfə görməmişəm ki, əlinə bir kitabdan-zaddan alasan. Heç bilirsən yerin peyki nə deməkdir?

– Niyə bilmirəm? Sağ olsun hökumətimiz. Düşmənlərin acığına ulduz qayırıb buraxıb göyə.

– “Düşmənlərin acığına, düşmənlərin acığına...” Avamsınız, vəssalam.

Əlini havada çırparaq mənə tərəf döndü:

– Yaxşı, indi kitabxananı bura köçürməkdə məqsədin nədir?

– Gərək çalışaq adamlarımızı kitaba, qəzetə alışdıraq.

– Ay sağ ol.

– Mədəniyyət lazımdır, mədəniyyət! Bu saat Güney qışlağın əsas dərdi mədəniyyətsizlikdir, – deyə Qulu Ay işığında civə kimi parlayan bəbəklərini altdan yuxarı sədrə zillədi.

Sədr də yuxarıdan aşağı hesabdara baxaraq başı ilə təsdiq etdi:

– Mədəniyyətsizlik!

Nazxanım etiraz elədi:

– Mədəniyyətimizə nə gəlib, əşi? Biri mən özüm, çəngəl-bıçaq deyirsən, varımdır, stol-kürsü deyirsən, varımdır. Baramanın pulunu alan kimi şəhərdən radioqəbuledici də gətirdəcəyəm. Bizə nə olub, Allaha şükür.

Sədr əlini alnına vurdu:

– Lənət sənə, şeytan. Mədəniyyət gərək burada olsun, bildin?

Qulu şəhadət barmağını ildırım sürətilə yuxarı qaldırıb şax tutdu:

– Ay sağ ol, bax, söz budur.

– Qulu, deməli, bizim başımızdakı samandır? – deyə Nazxanım təhdidlə səsləndi.

– Samandan danışmırıq, a-az.

Sədr əlini havada yellətdi:

– Qulu, fikir vermə, Nazxanım bildiyini babasına verən deyil.

Sonra mənə müraciət etdi:

– Gəl gedək, qızım, gecdir. Qərənfil də səhərdən səni gözləyir.

Nazxanım çəkinə-çəkinə:

– Əşi, qoysana Nuriyyə bacı bizdə qalsın, – dedi, – bir də buradan...

Sədr onun sözünü kəsdi:

– Nazxanım, Qərənfil gözləyir!

Biz Nəriman əmigilin elektriklə işıqlanmış geniş eyvanına çıxanda, Qərənfil bacı gülə-gülə qabağıma yeriyib, əllərimdən tutdu və dedi:

– Səhərdən bəri haradasan? Bayaq kişiyə də deyirəm, necə şeydirsə, sənə yaman qanım qaynayır.

Bir dəfə Güllü nənə mənə demişdi ki, qızım, sənin bu dünyada bir xoşbəxtliyin var ki, ürəyəyatansan.

Qərənfil bacının əynində indi yaşıl parçadan şəhərsayağı tikilmiş tuman-kofta, ayaqlarında ipək corabla yüngül məst var idi. Başı açıq idi. Hətta, Qulunu görəndə də yaylıq örtmədi.

– Sən Allah, bax, buranı öz evin hesab elə.

O, dönüb eyvanın aşağı başına getdi. Mən də dünən gecə yatdığım otağa keçib çəkmələrimi çıxartdım. Sonra açıq pəncərə qabağında dayanıb saçlarımı daradım. Güney qışlağın elektrik çıraqlarından o yanda, yarıqaranlıq içində Quzey qışlağın işıqları güclə seçilirdi.

Biz eyvanda oturub çay içdiyimiz vaxt maşın səsi eşidildi. Hamıdan qabaq Qulu ayağa qalxaraq, küçəyə sarı boylandı.

– Hümmətdir.

Darvazanın balaca qapısı cırıltı ilə açıldı. Yeni gələn adam həyətə girib darvazanın böyük qapılarını taybatay açdı. Maşın içəri girəndən sonra təkrar qapıları bağladı, ağacların kölgəsi ilə irəliləyib eyvana çıxdı. Əvvəlcə mənə iti bir nəzər salaraq, kimsənin təqdim etməsini gözləmədən əl verdi:

– Xoş gəlmisiniz.

Sonra “ya Allah, yoldaş Kəhrizli” – deyə nəşə ilə gülümsəyərək hesabdarla görüşdü.

Sonra Qərənfil bacının qabağına yeridi. O, bir əli ilə qadının əlindən yapışıb, o biri əlini onun çiyninə qoydu:

– Bəh-bəh... Yenə “Ağ yasəmənin” ətri dünyanı bürüyüb. Vallah, səni belə duma kimi qəşəng görəndə, şer yazmaq istəyirəm.

– Ona görə ispalkom olandan bəri Aya-günə dönmüsən, – deyə Qərənfil bacı gileyləndi. – Neçə gündür zəng də eləmirsən.

– Eh, elə şeylərə fikir vermə. Zəng elədim-eləmədim, həmişə buradasan. O, əlini ürəyinin üstünə qoydu.

Sonra üzünü sədrə çevirdi:

– Dayı, nə var, nə yox? Səni indidən təbrik etmək olar, hə? Eşitdim ki, bu il buğdanı on ikidən böləcəksən?

– On iki yarımdan! Qulu şəhadət barmağını yuxarı qaldırdı.

– Qulu, bəsdir. Qulu, indidən dünyaya küy vurma! – deyə sədr onu məzəmmət elədi.

Mühasib sürətlə gah Nəriman əmiyə, gah da Hümmətə baxıb, təqsirkar halda susdu.

Hümmət, Quluya müraciətlə:

– Dayım istəyir ki, hamını birdən təəccübə salsın, – dedi.

Sonra göz vuraraq, əlavə etdi:

– Ancaq, deyəsən, bəhmənlilər on üçdən böləcəklər...

Sədr özündən çıxdı:

– Kim deyir onu? Doqquzdan bölsələr, sevinərsiniz.

(Mən sonradan bildim ki, Güney qışlaq kolxozu ilə Bəhmənli kolxozu arasında yarış müqaviləsi vardır.)

Bu zaman qaraqaş, qarabığ şofer də eyvana çıxıb salam verdi.

Nəriman əmi onun salamını alıb:

– Gəl otur, Kərim, – deyə ehtiramla yer göstərdi.

Qərənfil bacı Hümmətdən soruşdu:

– Yaxşı, əvvəl çörək yeyəcəksiniz, yoxsa çay içəcəksiniz?

– Muradgildə çörək yemişik. Ancaq çay içərik.

O hələ də əlində tutduğu yumşaq günlüklü boz kepkasını təkyənin üstünə qoyaraq, eyvanın aşağı tərəfindəki əlüzyuyana yanaşdı.

Bu, təxminən iyirmi beş yaşında, ortaboylu, möhkəm bədənli, enlikürək bir oğlan idi. Ağ parusin köynəyini, nazik boz parçadan son dəb ilə tikilmiş, aşağısı dar şalvarının içinə salmışdı. Saçları, qaş-gözü qonur idi. Üzünün cizgiləri düzgün və yaraşıqlı idi. Gülərkən ağ, sağlam dişləri görünürdü.

O, rayon icraiyyə komitəsi sədrindən çox, kəndə tətilə gəlmiş tələbəyə oxşayırdı. Əl-üzünü yuyub qurulayandan sonra gəlib şofer Kərimlə yanaşı oturaraq mənə dedi:

– Siz də əyləşin. Nə üçün ayaq üstündə durmusunuz?

Mən səbəbini özüm də bilmədiyim bir fərəhlə keçib əyləşdim. Onun baxışında, səsində təravətli, mehriban bir ifadə var idi. O indicə Muradgildə çörək yemişdi! Yəqin ki, dost idilər. Mən bunu onun “Murad” adını necə söyləməsindən, necə tələffüz eləməsindən duydum, gözlərindəki ani ifadədən hiss etdim.

[Mənbənin skanında burada mətn itib.]

Nəriman əmi başını aşağı salıb dinmədi. Rayon icraiyyə komitəsinin sədri soruşdu:

– Sən nə cür düşünürsən, onlara nə cür kömək eləyə bilərik?

Sədr dərindən nəfəs alaraq, başını qaldırıb bacısı oğluna uzun və yoxlayıcı bir nəzər saldı:

– İsfahan bir şəhərdir, hər kəs öz vəkili. Şükür Allaha, quzeylilərin sədri məndən cavan, məndən yüz dəfə savadlı, niyə onun özündən soruşmursan?

– Dünyagörmüş kişisən.

– Hər şey zəhmətin başındadır.

– Sən bilirsən ki, quzeylilər daşdan çörək çıxaran adamlardır.

– Tutaq ki, bilirəm. Bundan onlara nə isti-soyuq?

– Su dərdindən qalıblar belə, iş görə bilmirlər. Böyük kanallardan da heç birinə əlləri çatmır.

– İyirmi il qabaq biz də əlimizi qoynumuza qoyub aylarla yağış gözləyirdik.

– Bizim kəndin coğrafi vəziyyəti elədir ki, o vaxt siz Köndələnçaydan bura arx çıxara bildiniz. Ancaq Quzey qışlağın yeri...

– İndi dediyin nədir? – sədr bacısı oğlunun sözünü yarımçıq kəsdi.

Lakin Hümmət öz halını pozmadan eyni sakit və mülayim ifadə ilə davam etdi:

– Dediyim odur ki, bəlkə fikirləşək, onlara bir kömək eləyək...

– İnişil taxıl istədilər, verdik. Hələ indi də yarısını borcludurlar. Keçən il qar qapını alanda, alaf istədilər, verdik. Daha mənim əlimdən ayrı bir şey gəlməz, bildin?

Sədr əsəbi halda stəkanını qabağına çəkdi. Hümmət, dayısına işarə ilə Quluya göz vurdu. Lakin Qulunun zarafatlıq halı yox idi. Alt dodağı sallanmış, civə kimi daim hərəkətdə olan bəbəkləri indi sanki yerində mıxlanıb qalmış, üzü yazıq, acınacaqlı bir hal almışdı. Hümmət özünü saxlaya bilməyib bərkdən güldü:

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Mən və yeni həyat

Mən görürdüm ki, şəhərimizin cavanlarından bir hissəsi qırmızı komandirlər kimi ot rəngli parçadan köynək-şalvar geyinib, enli kəmər bağlayırlar. Dəstə-dəstə gəzərək bərkdən danışıb-gülürlər. Hələ desən, tüfəng götürüb milislərlə birlikdə dağlara, meşələrə qaçaq-quldur dalınca da gedirlər. İclas eləyib bəylərin, kapitalistlərin əleyhinə qəzəbli nitqlər söyləyirlər. Bu cavanlara «komsomol» deyirdilər. Elə bil ki, mənim özümdə də bəylərə, kapitalistlərə qarşı gizli bir kin varmış və bu kin indi zahirə çıxırdı. Komsomollarda hiss etdiyim mübariz ruh məni həvəsləndirirdi, sanki məni o axına qoşulmağa çağırırdı. Elə bil ki, məndə həyata potensial halında olan fəal müdaxilə qüvvəsi birdən-birə hərəkətə gəlib özünü göstərmək istəyirdi. Bir gün mən də cəsarətlə atama dedim:– Komsomol olmaq istəyirəm.

12 dəq
Gözlənilməyən sevgi

Darülfünunda dərslərin başlandığının dördüncü günü idi.Foyedə gənc bir oğlanla yaşlı bir qadın dayanmışdı. Hamı maraqla onlara baxırdı. Uca boyu, enli kürəyi olan bu qadın qara yun parçadan uzun tuman, ətəkli arxalıq geymişdi. Qara, sürməli gözləri sükutla baxır, günəşdən yanmış üzü soyuq bir qayğı ifadə edirdi. O, kimsəyə baxmadan nə haqqında isə düşünür və çubuq çəkirdi. Yanındakı ucaboylu oğlan olduqca şux geyinmişdi, lakin son dərəcə çirkin idi. Üzü çopur, burnunun ortası yəhər kimi yastı idi. Dodaqları qaba surətdə irəliyə doğru uzanmışdı. Cod və bozumtul kimi görünən saçları alnında bir bucaq təşkil edir və az qala burnuna qədər uzanırdı.

16 dəq
Apardı sellər Saranı

Ölüm qanadlarını Gülnarın üzərinə gərdiyi zaman o, Soltanını yanına çağırıb, gözlərindən öpdü...– Mən gedirəm, əzizim, – dedi, – günlərinə qəm qatma. Bu qoca dünya əzəldən belədir. Bilirəm, evlənəcəksən, cavansan. Amma Saramdan muğayat ol. Qoyma ögey ana sitəmi çəksin. Əgər xoşbəxt olsa, qəbrimin üstünə gəl... mənə de.

3 dəq
Su dəyirmanı

O gecə mən birinci dəfə idi ki, kəndimizin üst tərəfindən keçən dəyirman arxının yanında dayanıb onu gözləyirdim. Göy qübbəsini bəzəyən saysız-hesabsız ulduzlar və onların arasındakı üçgünlük Ay arx boyu düzülmüş söyüdlərin təzə açılan yarpaqlarını zəif-zəif işıqlandırırdı. Aşağı dərənin qaranlığında yalnız taxtapuşu seçilən dəyirmandan işıq gəlirdi. Mənim gözlədiyim qız atasına – dəyirmançı Musa dayıya axşam yeməyi aparmışdı. Mən bunu gündüz özündən öyrənmişdim. Ona görə də, indi burada dayanıb, gözümü dəyirmandan gələn cığıra zilləmişdim. Yarım saatdan bəri idi ki, həyəcan və intizar içindəydim. Əslinə baxsan, yarım saat deyil, düz yarım il idi. Yarım il idi ki, hər gecə mən bu cür həyəcan və intizar içində səhərin açılmasını gözləyirdim. İndi isə burada, ulduzların altında səhəri deyil, onun özünü gözləyirdim. Təzə açılmış söyüd yarpaqlarının xışıltısını, dəyirman çarxının üzərinə tökülən bahar suyunun coşğun şırıltısını dinləyərək onu gözləyirdim.Mən də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik. Biz ikimiz də, mən də, bahar da, mənim arzularım da, baharın açdığı bu söyüd yarpaqları da gənc idik. Bizim üzərimizdən fırtına keçməmişdi. Biz həyəcan və coşğunluq içində irəliyə can atırdıq. Biz arzu və ehtiraslar selinə düşmüşdük! Biz təzə gəldiyimiz bu dünyaya nə isə yeni bir şey, yeni bir gözəllik bəxş etmək həvəsi ilə çırpınırdıq. Biz bu barədə düşünmürdük, lakin bu, belə idi. Bizim fərəhimizdəki sirr bundan ibarət idi. Bu, böyük və əzəmətli həyatın əbədi qanunlarından biri idi!..

59 dəq

Başqa şairlərin şeirləri