Söyüdlü arx
Səhifə 9 / 39 · 21%
– Bütün təqsirlər Quludadır. Öz kəndi kasıb olduğu üçün buraxıb, gəlib oturub dövlətlilərin içində.
Mühasib sanki diksindi. Bəbəkləri tərpənib sürətlə o yan-bu yana qaçdı.
Mən soruşdum:
– Məgər, Qulu Quzey qışlaqlıdır?
– Bəli, ancaq quzeylilər daha bunu özlərindən hesab eləmirlər.
Lakin, görünür, Hümmətin sözləri zarafat da olsa, Quluya təsir etmişdi. “Ah” çəkərək gümüş kimi parıldayan papiros qutusunu çıxarıb açdı. Bir papiros götürüb gilizini tez-tez qutunun qapağına döyərək, ağzına qoydu. Sonra kibrit qutusunu çıxararaq, papirosunu yandırıb dalbadal çəkməyə başladı.
Hümmətin üzü birdən-birə ciddi ifadə aldı. Nəzərlərini mühasibdən çəkib bağçaya baxdı. Bu an onun ağıllı qonur gözləri mənə təəccüblü dərəcədə qayğılı göründü.
Hümmətin quzeylilərə kömək etmək haqqındakı sözlərindən Nəriman əminin bu cür əsəbiləşməsinin səbəbi o gecə mənim üçün anlaşılmaz qalmışdı. Bununla belə, mən ona sarı baxmaq istəmirdim. Mənə elə gəlirdi ki, kişinin üzü həddindən artıq qızarıb pörtmüş, xoşa gəlməyən bir ifadə almışdır. Qərənfil bacı da tutqun idi. Rayon icraiyyə komitəsinin sədri gözlərini bağdan çəkib mənə tərəf döndü:
– Nuriyyə xanım, bizim mədəniyyət evimiz xoşunuza gəlirmi?
– Kənd üçün çox yaxşıdır.
– Ağlınız nə kəsir, camaata bir xeyri dəyəcək?
– Çalışarıq dəysin.
– Mənim sualım qəribə görünə bilər. Ancaq rayonlarımızın, kəndlərimizin çoxunda bu mədəniyyət evlərini ancaq görk üçün tikirlər. Desinlər filan kolxozun mədəniyyət evi var.
– Hər halda, biz “malades” almaq üçün tikməmişik, – deyə hələ də acıqlı olan Nəriman əmi dilləndi.
Qərənfil bacı məzəmmətlə ərinə baxdı:
– Bu gecə sənə nə olub, Nəriman?
Hümmət gülümsəyərək:
– Səni nəzərdə tutmuram, dayı, – dedi. Mən bilirəm ki, sən camaata xeyir verməyən işə qol qoymazsan.
Nəriman əminin sifəti dərhal açıldı, qəddini düzəldərək:
– Qərənfil, – deyə mehribanlıqla səsləndi, – niyə yemişdən-zaddan gətirib kəsmirsən?
– Bıy, gör heç yadıma düşürmü, – Nəriman əmiyə görə Qərənfil bacının da kefi açıldı, ayağa qalxıb eyvanın aşağı başına getdi.
– Məgər, yemiş çıxıb?! – Hümmət təəccüblə soruşdu.
– Az qala, on gündür yeyilir. İki dəfə yığıb camaata paylamışıq. – Sədrin səsində gizli bir təşəxxüs duyulurdu.
O, ayağa qalxdı. Qərənfil bacının ardınca gedərək, təxminən səkkiz kiloqram ağırlığında bir yemiş gətirib Hümmətə uzatdı:
– Ətrinə fikir verirsən?
Hümmət yemişi alıb burnuna tutaraq yerə qoydu:
– Bizim yerdə bu boyda yemiş?
Sədr iftixarla cavab verdi:
– Hamısı becərməkdən asılıdır.
– Şirin olurmu?
– Bal kimi, – deyə Qulu birdən-birə canlanaraq, çoxağızlı cib bıçağını çıxarıb açdı və yemişi səliqə ilə dilimləyərək, Qərənfil bacının gətirdiyi boşqablara düzdü.
Elə bu zaman İmi ilə Cimi, lap göydən düşmüş kimi, eyni geyimdə, eyni görünüşdə eyvana çıxdılar.
– Hümmət qağa, xoş gəlmisən, – Cimi özünü icraiyyə komitəsi sədrinin üstünə salaraq, onun əlini iki əli ilə bərk-bərk sıxdı.
– Xoş gəlmisən, – deyə İmi xəfifcə baş əydi.
Sonra irəliləyib nəzakət qaydalarından başı çıxan adam ləyaqəti ilə əl tutuşdu və yalnız bu zaman göz qapaqlarını qaldırıb Hümmətə baxaraq gülümsədi. Sonra Cimiyə ciddi və mənalı bir nəzər saldı. Sanki bu baxışla demək istəyirdi: “Gördünmü rayon icraiyyə komitəsinin sədri ilə necə görüşmək lazımdır”.
Lalın dilini anası bilər. Cimi yoldaşının məzəmmətini başa düşüb özünü itirdi. Gah əzilib-büzüldü, gah gülümsədi, gah məlul-məlul onun-bunun üzünə baxdı, gah da ciddi görünüş aldı. Doğrusu, mənim ona yazığım gəldi. “Bu nədir? Bütün əzası təndürüst olan, zövqlə geyinməyi bacaran bu yaraşıqlı, sağlam oğlanı kim belə iyrənc hala salmışdır? O birisinin üzündəki bu mənfur saxta ciddiyyət niqabı haradandır? Bunları kim şikəst etmişdir? Axı, deyirlər, xasiyyət insanla birlikdə doğulmur.”
Mən əsl həyata yenicə qədəm qoyduğum üçün bu ürəksıxan suallara cavab tapa bilmirdim. Ona görə də, qeyri-ixtiyari olaraq, rayon icraiyyə komitəsi sədrinin üzünə baxdım. Lakin o, gözlərini yerə dikərək fikrə getmişdi, üzü nə üçünsə qüssəliydi. Qərənfil bacı sap əyirirdi. Qulu şofer Kərimə tərəf əyilərək hərarətlə nə isə deyirdi. Nəriman əmi radioqəbuledicini qurdalayırdı. Yalnız İmi ilə Ciminin gözləri rayon icraiyyə komitəsinin sədrində idi. Elə bil, onlar bizim orada olduğumuzu belə unutmuşdular. Elə bil, rayon icraiyyə komitəsi sədrinin sükutu onların ürəyini əzirdi. Elə bil, onlar bu sükutun səbəbini öyrənmək üçün hər şeyə hazır idilər.
Hümmət başını qaldıraraq:
– İmi, – dedi, – nə var, nə yox? Əsər nə haldadır?
İmi nəvazişlə gülümsədi, bir dəfə burnunu çəkdi, sonra kirpiklərini tez-tez qırparaq:
– İşləyirik, – deyə təvazökarlıqla cavab verdi. – Ancaq, doğrusu, yenilik o qədərdir ki, birini yazıb qurtarmamış, görürsən, təzəsi meydana çıxdı. Amma çox gözəl əsər olacaq, Hümmət qağa. Biz mətbuatda təşəbbüs qaldırmaq istəyirik ki, respublikamızda olan hər bir qabaqcıl kolxozun bu cür tarixi yazılsın. Zarafat deyil, xalq bu qədər iş görür, fədakarlıq göstərir.
Qərənfil bacı gözünü əlindəki iydən çəkib hirsli-hirsli Cimiyə baxdı:
– Xalq iş görür. Siz isə, təşəbbüs qaldırırsınız...
Cimi özünü onda qoymadı.
– Necə təşəbbüsdür, yoldaş Hümmət?
– Yaxşı təşəbbüsdür. Ancaq, axı, qabaqcıl kolxozların hamısında İmi kimi yazan tapmaq çətindir.
İmi gözlərini tez-tez qırparaq ciddi əda ilə dedi:
– Tapmaq olar...
Lakin mənə elə gəldi ki, o, Hümmətin sözlərindəki istehzanı hiss elədi, ancaq üzə vurmadı. Mən sonralar anladım ki, İmi-Cimi kimi adamlar həyatda heç bir zaman nəinki hücum, hətta, açıq müdafiə mövqeyi də tutmurlar. Çünki bunların hər birisində iki cəhət ola bilər: ya qalibiyyət, ya da məğlubiyyət. İmi ilə Cimi üçün isə, bu cür cəsarət göstərmək heç bir vəchlə əlverişli deyildir. Ona görə də, belə adamlar kərtənkələ kimi mühitin rənginə uyğunlaşaraq, gizlənməyi hər cür qabaqlaşmaya, açıq mübarizəyə tərcih edirlər.
Görünür, İmi söhbəti dəyişməyi lazım bildi:
– Bizim bu Cimidə qəribə bir hiss var. Gündüz mənə deyirdi, İmi, ürəyimə damıb ki, bu gün Hümmət qağa kəndə gələcək.
Cimi riqqətlə irişdi:
– İmi də dedi ki, gəlsəydi nə yaxşı olardı, çoxdan görüşmürük.
Qərənfil bacı:
– Pah-pah, – deyə hövsələdən çıxdı. – Gün axşamacan İmi Cimidən deyəcək, Cimi də İmidən.
Cimi daha mehriban bir əda ilə:
– Ay Qərənfil xala, – dedi, – vallah, neyləsən, pərt olmuyacağıq.
Qərənfil bacı iyi yerə qoydu, qab-qacağı götürərək, əsəbi addımlarla uzaqlaşdı. Nəriman əmi:
– Asta yeri, Qərənfil, – deyə onun ardınca səsləndi.
Hümmət gülümsəyərək yenə də dayısına işarə ilə Quluya göz vurdu. Sonra məndən Bakıdakı son teatr tamaşaları haqqında soruşdu. Lap uşaqlıqdan mən həyatın əzab və məşəqqətləri içində daha canlı, daha ləyaqətli görünən qəhrəmanları sevərdim. Mən istəyərdim oxuduğum əsərin qəhrəmanı sehrkar bir cazibədarlıqla məni çəkib ardınca aparsın. Qorxulu uçurumlardan, alovlardan keçirsin. Mənə yalnız gül ləçəklərinin naxışlarındakı heyrətli ahəngi deyil, eyni zamanda, həyatın boz üzünü göstərsin, amansız sitəmlərini hiss etdirsin. Mən yalqızlığı sevmirəm. Mən həyatda da bütün düymələri öz yerində olan, plakat kimi cansıxıcı adamlara nifrət edirəm. Bu nöqteyi-nəzərdən mən o zaman mətbuat tərəfindən təriflənən bir pyesi tənqid etdikdə, icraiyyə komitəsi sədri sakit və ağıllı gözlərini bağçaya dikərək xeyli susdu. Sonra dərindən nəfəs aldı.
– Təəssüf ki, – dedi, – indiki əsərlərdə siz deyən plakatlara tez-tez rast gəlmək olur. Bunları haradan uydururlar? Doğrudur, bizdə evinə şüarlar yazıb yapışdıran tiplər var. Lakin, axı, hamı belə deyil.
O yenə də gözlərini bağçaya zilləyərək susdu. Ay doğub, ağacların baş tərəfini işıqlandırmışdı. Hava sərin idi. İydənin ətri indi daha kəskin duyulurdu. Hümmət təkrar mənə sarı dönərək:
– Bilirsinizmi, Nuriyyə xanım, – dedi, – məncə həqiqi sənətkarın fırçasından heç bir zaman quru müqəvva çıxmaz. Həqiqi istedad, daşa, torpağa da ruh vermək kimi ecazkar bir qüvvəyə malikdir. Taxta kimi quru, hissiz, zövqsüz qəhrəmanları bizim ədəbiyyatımıza ideyalılıq pərdəsi altında gizlənən istedadsız demaqoqlar gətirir. Mən dövlətin yerində olsaydım, belələrinə yazmağı qadağan edərdim! Bəsdir, deyərdim, bu protokollara roman adı qoyub dünyanı doldurdunuz. Siz hissiz, duyğusuz, buz kimi soyuq qəlbinizi yazırsınız. Mərhum Qoqol demişkən, siz özünüzə gülürsünüz. Qələmi qoyun, çıxın gedin işinizə, ola bilər ki, başqa sahələrdə siz cəmiyyət üçün, özünüz üçün daha xeyirli adamlar olarsınız.
Bütün bu müddətdə Cimi “düzdür, düzdür” deyə dalbadal təsdiq edir, İmi isə, kimsənin üzünə baxmadan tez-tez kirpiklərini qırpırdı.
Kitabxana.az · https://kitabxana.az/works/ilyas-efendiyev-soyudlu-arx
Müəllifin digər əsərləri
Mən görürdüm ki, şəhərimizin cavanlarından bir hissəsi qırmızı komandirlər kimi ot rəngli parçadan köynək-şalvar geyinib, enli kəmər bağlayırlar. Dəstə-dəstə gəzərək bərkdən danışıb-gülürlər. Hələ desən, tüfəng götürüb milislərlə birlikdə dağlara, meşələrə qaçaq-quldur dalınca da gedirlər. İclas eləyib bəylərin, kapitalistlərin əleyhinə qəzəbli nitqlər söyləyirlər. Bu cavanlara «komsomol» deyirdilər. Elə bil ki, mənim özümdə də bəylərə, kapitalistlərə qarşı gizli bir kin varmış və bu kin indi zahirə çıxırdı. Komsomollarda hiss etdiyim mübariz ruh məni həvəsləndirirdi, sanki məni o axına qoşulmağa çağırırdı. Elə bil ki, məndə həyata potensial halında olan fəal müdaxilə qüvvəsi birdən-birə hərəkətə gəlib özünü göstərmək istəyirdi. Bir gün mən də cəsarətlə atama dedim:– Komsomol olmaq istəyirəm.
Gözlənilməyən sevgiDarülfünunda dərslərin başlandığının dördüncü günü idi.Foyedə gənc bir oğlanla yaşlı bir qadın dayanmışdı. Hamı maraqla onlara baxırdı. Uca boyu, enli kürəyi olan bu qadın qara yun parçadan uzun tuman, ətəkli arxalıq geymişdi. Qara, sürməli gözləri sükutla baxır, günəşdən yanmış üzü soyuq bir qayğı ifadə edirdi. O, kimsəyə baxmadan nə haqqında isə düşünür və çubuq çəkirdi. Yanındakı ucaboylu oğlan olduqca şux geyinmişdi, lakin son dərəcə çirkin idi. Üzü çopur, burnunun ortası yəhər kimi yastı idi. Dodaqları qaba surətdə irəliyə doğru uzanmışdı. Cod və bozumtul kimi görünən saçları alnında bir bucaq təşkil edir və az qala burnuna qədər uzanırdı.
Apardı sellər SaranıÖlüm qanadlarını Gülnarın üzərinə gərdiyi zaman o, Soltanını yanına çağırıb, gözlərindən öpdü...– Mən gedirəm, əzizim, – dedi, – günlərinə qəm qatma. Bu qoca dünya əzəldən belədir. Bilirəm, evlənəcəksən, cavansan. Amma Saramdan muğayat ol. Qoyma ögey ana sitəmi çəksin. Əgər xoşbəxt olsa, qəbrimin üstünə gəl... mənə de.
Su dəyirmanıO gecə mən birinci dəfə idi ki, kəndimizin üst tərəfindən keçən dəyirman arxının yanında dayanıb onu gözləyirdim. Göy qübbəsini bəzəyən saysız-hesabsız ulduzlar və onların arasındakı üçgünlük Ay arx boyu düzülmüş söyüdlərin təzə açılan yarpaqlarını zəif-zəif işıqlandırırdı. Aşağı dərənin qaranlığında yalnız taxtapuşu seçilən dəyirmandan işıq gəlirdi. Mənim gözlədiyim qız atasına – dəyirmançı Musa dayıya axşam yeməyi aparmışdı. Mən bunu gündüz özündən öyrənmişdim. Ona görə də, indi burada dayanıb, gözümü dəyirmandan gələn cığıra zilləmişdim. Yarım saatdan bəri idi ki, həyəcan və intizar içindəydim. Əslinə baxsan, yarım saat deyil, düz yarım il idi. Yarım il idi ki, hər gecə mən bu cür həyəcan və intizar içində səhərin açılmasını gözləyirdim. İndi isə burada, ulduzların altında səhəri deyil, onun özünü gözləyirdim. Təzə açılmış söyüd yarpaqlarının xışıltısını, dəyirman çarxının üzərinə tökülən bahar suyunun coşğun şırıltısını dinləyərək onu gözləyirdim.Mən də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik. Biz ikimiz də, mən də, bahar da, mənim arzularım da, baharın açdığı bu söyüd yarpaqları da gənc idik. Bizim üzərimizdən fırtına keçməmişdi. Biz həyəcan və coşğunluq içində irəliyə can atırdıq. Biz arzu və ehtiraslar selinə düşmüşdük! Biz təzə gəldiyimiz bu dünyaya nə isə yeni bir şey, yeni bir gözəllik bəxş etmək həvəsi ilə çırpınırdıq. Biz bu barədə düşünmürdük, lakin bu, belə idi. Bizim fərəhimizdəki sirr bundan ibarət idi. Bu, böyük və əzəmətli həyatın əbədi qanunlarından biri idi!..
Başqa şairlərin şeirləri
Bir solğun çiçəyəm, bir san yarpaq,Candan şikayətkar, canandan iraq.
Aləmdə var aşiqidən bir mənəm sənəAləmdə var aşiqidən bir mənəm sənə,Bil qədrimi ki, bunca mənəm, ey sənəm, sənə.
Genə bicarə könül düşdü bir əyyar əlinəGenə bicarə konul duşdu bir əyyar əlinə,Rəhmi yox, mohnəti cox, şuxi-sitəmkar əlinə.
Pet qəpikFəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik