İki il bundan qabaq Pirsaqqız kəndinə, Həsənbəygilə qonaq getmişdim. Yazın axır ayı idi. Havalar gözəl keçirdi, tez-tez yağış yağırdı və göy ot dizdən yuxarı qalxmışdı. Taxıllar da çox yaxşı idi. Və hamısından da xoşbəxtlik bu idi ki, Pirsaqqız kəndinin ətrafında çəyirtkə görsənmirdi.

Amma, – necə ki məlumdur, – əkinçi həmişə başıbəlalı olur və az-az ittifaq düşür ki, onun əkin-tikininə bir yandan bir afət və bir bəla toxunmaya.

Mən Həsənbəygildə iki həftə qonaq qaldım və orada eşitdim ki, bu il taxılın başında bir əngəl var; belə ki, taxılın sünbülləri ayaq üstə durduğu yerdə bilmirsən nədənsə qırılıb düşür yerə və əkinçilər nə qədər bu işə diqqət yetirirlərsə, bunun sirrini və səbəbini duya bilmirlər. Əkinçilər rəvayət edirlər ki, taxılın sünbülləri o yerdə ki, bu gün salamatca durub hazırlaşırlar bir-iki həftəyə saralıb biçilməli olsunlar, səhər gedib görürsən ki, biçarə taxılın baldırını guya qayçı ilə kəsiblər. Və təəccüb də burasıdır ki, zəmilərdə nə çəyirtkə görsənirdi, nə qeyri bir qurt-quş. Siçanın da söhbəti ola bilməzdi; çünki Pirsaqqız kəndinin əkinləri suvarılan əkinlərdir, onunçun da bu cür əkinlərə siçanlar asanlıqla yavıq düşə bilmirlər (boğulurlar).


Bu əhvalatı kəndlilər şəhərə xəbər vermişdilər və mən kəndə yetişən günün sabahısı günü dedilər ki, taxıl həkimi gəlir.

Və çünki həkimi rahat eləmək üçün kənddə elə bir müvafiq mənzil yox idi, onunçün taxıl həkimi Həsənbəygilə düşməli oldu.

Həkim sarısaçlı və sarısaqqal bir kişi idi ki, avtomobildə iki nəfər qeyri qulluqçu ilə gəlib düşdülər və ev sahibi ilə və mənlə tanış oldular və bir müxtəsər çay-çörəkdən sonra kəndliləri də götürüb getdilər əkinlərə baxmağa.

Onlar getdilər və Həsənbəy məşğul oldu qonaqlara çörək hazırlamağa. Əvvələn bir erkək kəsdilər. Amma mən görmədim bu heyvanı haradan gətirdilər və kim gətirdi. Sonra məlum oldu ki, qonşuluqda olan erməni kəndinə adam gedib şərab da gətirsin. Mən də kənardan durub baxırdım və həkimin yolunda çəkilən bu zəhmətləri ürəkdən çox da təsdiq edirdim və çox da xoşlayırdım. O səbəbə ki, elm və bilik sahibinin yolunda çəkilən zəhmətlər həmişə vacib və müstəhəqdir; xüsusən elə bir alim ola ki, onun elm və biliyindən kənd camaatı mənfəətbərdar ola bilə.


İki saat və bir qədər də artıq keçəndən sonra Həsənbəyin balkonunda açılan nahar stolu əziz qonaqları gözləyirdi.

Avtomobilin səsini uzaqdan eşitdik və bildik ki, qonaqlar gəlirlər. Bir neçə dəqiqədən sonra atsız araba əjdaha kimi özünü soxdu həyətə. Taxıl həkimi avtomobilin içində ayaq üstə durmuşdu və əllərini bizə tərəf tutub “Urra! Urra!” deyə-deyə qışqırırdı. Miniklər sevincək özlərini saldılar yerə və gəldilər yanımıza. Kəndlilər də başladılar həyətə cəm olmağa. Həkim əlində kağız bükülmüş bir şey tutub “spirt, spirt” deyirdi. Yavıq gəlib gördük ki, kağızın içindəki Allahın bir heyvanıdır, bir az əqrəbə oxşayır, bir az qırxayağa oxşayır, bir az da danadişiyə oxşayır, bir az da astaqoza oxşayır; ancaq bunların heç biri deyil.

Həsənbəyin evində spirt tapılmadı. Kənddə qeyri yerdə ola bilməzdi. Və həkim spirt əvəzinə bir stəkana bir az araq tökdü ki, erməni kəndindən bu gün içmək üçün gətirmişdilər və kağızın içindəki böcəyi saldı arağın içinə. Yazıq heyvan bir qədər arağın içində çapalayandan sonra arxası üstə düşdü, qılçalarını yuxarı qalxızdı və dəxi cansız və hərəkətsiz başladı arağın içində üzməyə.


Həkimin bəyanatına görə, taxıl çöplərini qırıb yerə tökən həmin bu qurt imiş.

Ay zalım oğlu!!!

Hamı acmışdı; xüsusən çöldən gələnlər. Çörəyi gətirdilər və Həsənbəy qabaqca şərab istəkanını qalxızıb həkimin sağlığına içdi. Həsənbəydən sonra qulluqçuların biri də nitq başladı və elm və bilik ərbabının sağlığına içdi və biz də hamımız içdik. Sonra həkim durdu ayağa və qurtu içinə saldığı istəkanı yuxarı qalxızıb, elmi-heyvanatdan bir neçə söz söylədi. Sonra heyvanları əvvəl şöbələrə qismət elədi, şöbələri siniflərə qismət elədi. Əvvəl məməli heyvanlardan danışdı, sonra quşlardan danışdı, dördüncü sinifdə iki həyatlılardan danışdı, sonra məfsəlli heyvanlardan da bir az məlumat verib keçdi qurtların və böcəklərin şöbəsinə və arağın içindəki qurtu nişan verib, başladı onun vücudunun yapılışından şərh verməyə.

– Ağalar, bir baxın. Bu heyvanın vücudu örümçək kimi iki qisimdən mütəşəkkildir. Əksəriyyən taxılların içində yaşayır. Başla köküs üzərində altı cüt buynuzları, altı cüt ağız əqsamı və beş cüt bacaq vardır. Qarnı uzun və üzərindəki bacaqlar qayət ufaq və zəifdir.

Qurdun qabığından, hiss cihazlarından, yemək cihazlarından, tənəffüs cihazlarından da danışandan sonra qurdun ağzına bir çöp uzatdı və bu mərdümazar heyvanı çəyirtkədən sonra taxılın ən qəddar düşmənləri cərgəsində qoydu. Və bəyanatını tamam edəndən sonra şüşənin ağzını bərk bağladı və durdu səliqə ilə və ehtiyatla şüşəni qoydu yavıqdakı taxçaya və məlum etdi ki, onun qəsdi bu nadirül-vücud heyanı mərkəzə aparmaq və orada onu əkin fənni laboratoriyasına nişan vermək və onunla lazımi mübarizənin təşkili yolunda çalışmaqdır.

Bunu da lazım bilirəm qeyd edəm ki, həkim nitqini söyləyən zaman əlindəki heyvanı gah Həsənbəyin qabağına tuturdu, gah da mənim qabağıma tuturdu və gah qulluqçuların qabağına tuturdu. Və şüşənin içindəki heyvanın cəmdəyi arağın içində arxası üstə və qılçaları yuxarı üzməkdə idi.


Bizim bu ziyafət məclisimizin ətrafında kəndlilər doluşub tamaşa edirdilər. Onların bəzisi dinməz-söyləməz qulaq asırdı; amma bir neçəsi gülürdülər. Ancaq mən bircə şeyi başa düşmədim ki, aya, onların bu zahiri gülməkləri ürəklərinin şadlığının əlaməti idi, ya qeyri bir şeyin, qeyri bir hissin əlaməti idi. O ki, mənim özümə gəldikdə, doğrusu, mənim əhvalım çox xoş idi. Nə eybi var? Həsənbəyin evində kababı doğrudan da yaxşı pişirmişlər; bir surətdə ki, Qarakənd şərabı da burada mühəyya idi. Qaldı ki, bu evi xaraba böcəkdi-nədi, – ki bu saat arağın içində mayallaq aşır və dilsiz-ağızsız əkinçilərin çörəyini zay edir, – əlbəttə, bunları bir vasitə ilə qırıb yox eləmək savab işlərin ən savabıdır. Ancaq indiki ziyafət məclisindən bu müqəddəs nəticə hasil ola biləcəkmi, ya olmayacaq, bunu da bircə misal və manəndi olmayan həqqi-təbarək və taala bilə bilər və xülaseyi-kəlam, nəticədə nə olacaq olsun, indi bu saat stolun üstündəki erkək ətin kababı və Qarakənd şərabı – hələ ki, əldə nəqd qazanc bunlardır.

Bu mənim öz əhvalım.

Qalan ziyafət yoldaşlarım bu saat nə hiss edirdilər, onunla işim yoxdur.


Avtomobil nərə təpə-təpə gəldi durdu balkonun qabağında. Taxıl həkimi durdu ayağa və başladı yola hazırlanmağa.

– Xudahafiz. Salamat qalınız.

– Sağ olunuz.

– Allah ömür versin.

– Salamat qalınız.

– Xudahafiz.

– Xudanasir…

Avtomobil nərə təpə-təpə həyətdən qaçdı küçəyə və yox oldu.

Amma burada, Həsənbəyin balkonunda bir qışqırıq düşdü:

– A gədə! A gədə! Həkimin qurtu qaldı!.. Taxıl qurtu qaldı!.. A gədə! Ay haray, qaçın həkimin dalıyca!.. Qaçın aftamabilin dalıyca!..

Demək, avtomobil həyətdən çıxan kimi baxıb gördük ki, taxıl qurtunun şüşəsi, qurt da içində üzə-üzə, yaddan çıxıb, qalıb haman balkonun taxçasında.

İki nəfər cavan sıçradı atın üstünə və çapdılar avtomobilin dalıyca. Amma avtomobil icad edənin anası ölsün ki, atlı onu qovalayıb tuta bilə.

Xah Həsənbəy, xah mən özüm və xah kənd camaatı və qeyri qulluqçular gərək bu etiqadda olaydıq və həqiqətdə də bu etiqadda var idik ki, taxıl qurtunu araq şüşəsində saxlayan və onun qədrini bilən taxıl həkimi və heyvanat mütəxəssisi yolun hansı bir yerində şüşənin burada yaddan çıxıb qalmağı yadına düşsə, haman yerdən avtomobili gərək geri qaytara, ya heç olmasa adam göndərə.


Mən ondan sonra üç gün də qaldım Pirsaqqız kəndində, Həsənbəygildə. Və həkimin haman əziz və nadirül-vücud heyvanı Həsənbəyin balkonunun taxçasında, araq şüşəsinin içində kəllə mayallaq üzməkdə idi.


Keçən il Həsənbəy özü Bakıya bizə qonaq gəlmişdi və rəvayət edirdi ki, bir-iki ayın içində haman taxıl qurtu arağın içində başladı xarab olmağa və dağılmağa. Və axırda Həsənbəy məcbur olub haman şüşəni içindəki arağı ilə və qurtu ilə götürüb tullasın çölə və belə də eləyir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Üzr istəyirəm

Sənayeləşmə istiqrazı barəsində mən keçən həftə üzümü müsəlman qardaşlara tutub təklifdə bulunmuşdum. Yazmışdım ki, hər bir vətən evladının borcudur öz hökumətinin məmləkətinin təmiri yolunda ona əl uzatsın və hal-hazırda da hər bir şuralar vətəndaşının borcudur ki, sənaye istiqrazına yazılmaqla Şuralar hökumətinin səsinə səs versin.Bu xüsusda idarəmizə bir çox yerdən cavablar gəldi. Bu cavablar iki qisimdir: bir qismi zəhmətkeşlər tərəfindən gələn cavablardır. Bir qismi də iman əhllərindən gələn cavablardır.

2 dəq
Din söhbətləri

Keçən vaxtlar Molla əminin səhifələrində bəndəyi-həqir hərdən bir din və etiqad dairəsində söhbət elərdim ki, bəlkə bir para cahillər və əvamünnas mütənəbbeh ola və bir para siratülmüstəqimi azanlar rahirasti tapalar, ta ki, xəllaqül-aləmin yanında ruzi-qiyamətdə xəcil olmayalar.Amma mən bunu görürəm və eşidirəm, yəni qəzetlərdən xeyr, ağızdan eşidirəm ki, axır vaxtlarda yenə islam dininə özlərini mənsub qılanlardan elə bir hərəkət baş verir ki, mən bunun müqabilində məəttələm və bilmirəm ki, Allahın haman bədbəxt bəndələri heç gördükləri işlərin dal və qabağını yoxlayırlar?

3 dəq
Qəzalarda yol məsələsi

“Kəndli qəzeti” axır nömrəsində qəzada olan yollardan söhbət açmışdı.Yol məsələsi əhəmiyyətli məsələlərin biridir və bu barədə mərkəzi icraiyyə komitəsinin Lənkəranda olan iclasında çox danışıq oldu və xeyli mübahisə üz verdi.

2 dəq
Əsatiri-əvvəlin

starıe skazki*Dili qurusun mədinəlilərin!

1 dəq

Başqa şairlərin şeirləri