Məzmun
  1. Namaz
  2. Meyit büsatı
  3. Şadlıq namazı
  4. Gecə namazları
  5. Sövm – orucluq
  6. “Molla Nəsrəddin”in birinci nömrəsi
  7. Məcmuəmizdə dil məsələsi
  8. Utanmadıq
  9. İstixarə
  10. Atalar sözü

Səhifə 17 / 26 · 62%

Bircə bunu bacara bilmirdik. Onunçün bir övqat teleqrafları çap etməklə, gələcəkdə təzə bir qəzavü-qədərə müntəzir olduq.

Qəzavü-qədər də çox uzaqda deyil idi. Günü-gündən millətlər qımıldaşırdı və özləri üçün hökumətdən növ-növ azadlıq tələb edirdi. Hökumət də nə verə bilirdi, nə verməyə bilirdi. Onunçün də Rusiyada idarələr ümumi tətilə başladılar. Yollar bağlandı, tərəddüdlər kəsildi və Rusiya hökuməti 17 oktyabr manifesti ilə əhaliyə tamam azadlıq bəxş etdi. Həmin bu manifest əhalini bir növ sakit etdi.

Və çün məlumdur ki, həmin bu zamanda Qafqaz türklərinin mətbuatı ölü, bəlkə yox bir halda idi, onunçün biz tək öz dərdlərini qələmlə meydana qoymağa həris olan yazıçılar – xah bizim millətdən, xah qonşu millətlərdən, – hökumətdən qəzet icazəsi istəməyə başladılar. Biz türklərdən bu icazəni istəyən Bakıdan Əhmədbəy Ağayev idi, Tiflisdən belə icazə istəyən Məhəmmədbəy Vəkilov, Rəşidbəy İsmayılov idi və yenə bir Nuxa əhli idi ki, adı gərək Mustafayev ola; Batumidən Məhəmmədbəy Sancaqbəyzadə idi və Tiflisdən də mən idim.

Amma üç yüz illik Romanov hökumətinin istibdadı hələ polad kimi bərk idi. Elə bərk idi ki, dünyanın çalxanmağa hazırlanan belə bir əsrində genə qəzetə icazə vermək üçün o qədər istixarə elədi ki, bu istixarə axırda bəd gəldi. Çünki doğrudur, Bakıda Əlibəy Hüseynzadəyə və Əhmədbəy Ağayevə “Həyat” qəzetini nəşr etməyə icazə verildi, amma mənim və saydığım istidaçıların ərizələrinə hökumət tərəfindən bir xəbər çıxmadı.

Mən həmin min doqquz yüz beşinci ildə icazəni istədiyim qəzetin adını “Novruz” qoymuşdum və ümidim bu idi ki, bir surətdə ki xalqa azadlıq verilibdir və bir surətdə ki təzə bir zamanə ortalığa gəlir, bəlkə bizim üçün də, həqiqətdə, təzə bir gün yazılıbdır. Və bəlkə də, hökumət insafa gəlib bu qəzeti bizə şəfaət eləməklə, bizim də “novruz”umuzun yavıqlaşmağına səbəb oldu.

Bunu da demək istəyirəm ki, hərçənd qəzet çıxarmağa hökumətdən izn istəmişdim, ancaq bir tərəfdən bu icazəni ələ gətirməyə ümidim çox az idi; necə ki, elə də oldu.

Doğrudur, Bakıda həyat qəzeti min doqquz yüz beşinci ilin yay fəslində intişara başladı, amma bu qəzetin icazəsi Qafqaz hökuməti tərəfindən yox, ancaq Peterburqdan verildi. Haman vaxt ki, Qafqazın canişini Vorontsov-Daşkovun Qafqaza təzə təyin olunmağını eşidib, Hacı Zeynalabdin bir baş Peterburqa Vorontsovun yanına məxsusi adamla ərizə göndərmişdi. Onunçün, necə ki yadıma gəlir, “Həyat” qəzetinə canişin Vorontsov-Daşkov sənə min doqquz yüz beşdə, hələ Tiflisə gəlməmiş icazə vermişdi.

Digər tərəfdən həyatın birinci nömrələrini oxuyanda elə yadımdadır ki, mən çox da artıq təəssüf eləmədim, qeyriləri bir belə ruznaməyə sahib olurlar, mən ola bilmirəm. Burada mən qəzet sahibləri Əlibəyi və Əhmədbəyin yazıçılıqda çox məharətli olmaqlarını təsdiq edə-edə onların qəzetlərini o yerdə xoşlamadım ki, birinci nömrənin baş məqaləsində möhtərəm qələm sahibləri çox da islamdan və müsəlmançılıqdan dəm vururdular və elə bilirəm ki, səhv eləmərəm əgər desəm ki, adi bir islam mübəlliği kimi və şəriət vaizi kimi müsəlman qardaşları islam dinində dəxi də sabit-qədəm və bərqərar olmağa dəvət edirdilər.

Mən onu bilirəm ki, o vədələr milli intibah dövrü idi və o vədənin əhli-qələmləri və jurnalistləri “millət, millət” deməyə bir növ haqlı idilər (Söz yox, deməyə də bilərdilər). Ancaq islam tayfalarının uzun əsrlər müddətində fəlakət və cəhalətdən qurtarmamaqlarına, tək bircə islam dinini bais hesab edən bir dinsiz üçün o vaxt həyatın moizələri əlbəttə, genə xoş gələ bilməzdi. O səbəbə xoş gələ bilməzdi ki, qəzetdə bu xətti-hərəkəti tutub getməyə möhtərəm yazıçılarımızı o vaxt vadar edən bilmirdim nə idi. Bə əgər heç bir şey deyil idi, məxsus avam camaatı qəzetə rağib eləmək idi. Mən o vədə burada da qəzet sahiblərini haqlı bilmirdim. Və bu barədə məsləkcə hətta “Şərqi-Rus” və “Həyat” qəzetlərini bir-birinə şərik təbir edirdim. “Şərqi-Rus” qəzeti də tiracın artmağı mülahizəsi ilə ruhanilərlə əlaqəyə girişməyi özünə rəva gördü.

Ax, necə arzu edirdim ki, mən də sahibi-ixtiyar olub, ürəyimin dərdlərini meydana qoyub intişar edə biləm.

Və qələm götürdüm, ərzi-hal yazıb Tiflis qubernatoruna verdim və “Novruz” qəzetini nəşr etməyə içazə istədim. Bilmirdim, veriləcəkmi bu icazə, ya yox. Və lakin ürəyimin dərdi çox idi.

Və Tiflisin Şeytanbazarında rast gəldiyim islam aləmi hər gün və hər saat məni yazmağa vadar edirdi. Material o qədər idi ki, şairlər deyən kimi:

Yaza-yaza dərdimi aləmdə kağız qoymadım,
Axırı bir guşeyi-divara yazdım dərdimi.

Axırda mən də götürdüm, bir hekayə yazdım. Yazdım ki, bir bədbəxt müsəlman zəhmətkeşi – ki, onun adı Usta Zeynaldır, – o qədər dini cəhalətə cumubdur ki, bu cəhalətin bərəkətindən həmişə zəhmətdədir. Görürdüm ki, mollalar bu biçarə Usta Zeynalı başa salıblar ki, dünyada bir təmiz var, bir də murdar. Təmiz odur ki, bitli-sirkəli də olmuş olsa, ancaq etiqadca müsəlman olsun, Əli şiəsi olsun və murdar odur ki, çox pakizə və təmiz də olmuş olsa və bu dəqiqə təmiz bir hamamdan da çıxmış olsa, bir surətdə ki o müsəlman deyil, ermənidir, rus və gürcüdür, o adam murdardır.

Mən də kağız tapa bilməyib divarın səhifələrini qənimət bilirdim ki, orada Usta Zeynalın bədbəxtliyini təsvir edim. Və haman min doqquz yüz beşinçi ilin yay fəslində “Usta Zeynal” hekayəsini yazdım.

Yazmaq istəyirdim! Çox istəyirdim yazmaq! Amma bilmirdim, niyə yazım və kimdən ötrü yazım?! Çünki ümidvar deyildim ki, yazdıqlarımı çap eləməyə və intişara qoymağa hökumət izn verəcək. Və görürdüm ki, necə ki qəzet icazəsini almaq mümkün deyil, habelə də əl yazısını da kitab surətində birdəfəlik çap eləməyə senzor idarəsi mane olur. Və çarə nədir? Yazırdım ki, görək nə vaxt bu yazıları çapa vermək mümkün olacaq.

Kim idi sansorlar? Elə bədbəxtliyin bir böyüyü də bu idi ki, bizim o vaxtın mətbuatının bir düşməni hökumət qanun və qərardadları ola-ola, o biri düşmənləri də Kişmişov kimi senzorlar idi.

Bir vaxt Tiflis sansor komitəsinin həmin iki nəfər sansorları – ki, ikisi də erməni idilər, – Tiflisdə rus dilində nəşr olunan “Tiflisski listok” adlı bir qəzetdə türk mətbuatının ziddinə bir böyük kampaniya açmışdılar. Bu qəzet sahibi də Xaçaturov adlı bir erməni idi. Qəzet hərçənd rus dilində nəşr olunurdu, amma onun ikicə məsləki var idi: biri öz cibinə qulluq eləmək idi; digəri də erməni millətinin mənafeyini müdafiə etmək idi.

Və insafla danışsaq, qəzetin sahibi bu iki məqsədin ikisinə də candildən qulluq edirdi. Qəzet gündəlik idi və rəsmi “Qafqaz” qəzetindən sonra şöhrətdə ikinci qəzet idi. Amma şəhər içində o qədər böyük tiraja sahib olmuşdu ki, qəzetin iki axırıncı səhifələri kiçik və böyük elanlarla dolu olardı. Və bu elanlardan qəzet sahibi o qədər pul qazandı ki, Tiflisin mərkəzində ali bir binanı satın aldı. Və qəzetin mətbəəsini, idarə və kantorasını və öz mənzilini orada yerləşdirdi. Necə ki, birinci məqsədi belə bir müvəffəqiyyətlə ələ gəlmişdi, erməni millətinin yolunda da can-dildən işləməkdə idi və erməni-müsəlman ədavəti ortalığa düşəndən sonra qəzet bu yolda çox həvəslə meydan sulamağa başladı.

Yuxarıda adları zikr olunan Kişmişov və Qaraxanov sansorlar “Tiflisski listok” qəzetində türk mətbuatı əleyhinə həmişə kampaniya aparırdılar. Və həmişə Rusiya hökumətinin nəzərinə bunu yetirmək istəyirdilər ki, Qafqazda cəmi türk ədib və jurnalistləri “panislamistdirlər” və türk jurnalistləri Qafqaz camaatını islam bayrağının altına çəkmək istəyirlər və bu ittihadi-islam bayrağının da osmanlı sultanının əlində olmasını arzu edirlər və buna da çalışırlar.

Xah “Tiflisski listok” qəzetinin bu kimi yazıçılarının məqalələrinin və xah qeyri bir yol ilə bu yolda təlaş edənlərin cidd-cəhdinin nəticəsi o oldu ki, axırda Bakıda “Həyat” qəzeti hökumət tərəfindən bağlandı.

Bununla bərabər, Rusiya hökumətinin başı qarışdıqca, azadlıq axtaran millətlər və hökumətin zavalını arzu edən ünsürlər qəflətdə deyildilər. Bunlar cümləsi başlarını qalxızıb üsyana hazırlaşırdılar. Əmələlərin və idarələrin ümumi tətillərinin və hökumət məmurlarına qarşı başlanan sui-qəsdin arası kəsilmirdi. Və bu hal getdikcə o qədər şiddət elədi ki, Peterburq hökuməti məşhur “On yeddi oktyabr manifesti”ni elan etməyə məcbur oldu. Hərçənd bu manifestlə Rusiya təbəələrinə növ-növ azadlıq əta olunurdu, ancaq bu boş vədələrə camaatın o qədər də etimadı yox idi; necə ki, arasından bir az vaxt keçəndən sonra manifest mürurla ləğv oldu getdi və çar istibdadı genə qabaqkı kimi öz dövranını sürməyə başladı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri