Məzmun
  1. Namaz
  2. Meyit büsatı
  3. Şadlıq namazı
  4. Gecə namazları
  5. Sövm – orucluq
  6. “Molla Nəsrəddin”in birinci nömrəsi
  7. Məcmuəmizdə dil məsələsi
  8. Utanmadıq
  9. İstixarə
  10. Atalar sözü

Səhifə 19 / 26 · 69%

“Molla Nəsrəddin”in birinci nömrəsi

Və elə ki fürsət ələ düşdü, o zamankı azadi-tələb firqələr müharibədən zəif düşmüş Nikolay hökumətinin üstünə hücuma başladılar. O vaxt biz də vaxtdan istifadə edib özümüz üçün bir zəminə axtardıq ki, orada biz də öz dərdi-dilimizi deyə bilək.

Və lakin çar hökuməti ilə mübarizəni hələ ikinci növbəyə buraxdıq. Bizim birinci işimiz, birinci vəzifəmiz gözümüzün qabağında dərin yuxuda olan islam milləti idi. Və birinci növbədə əziz və nadirülvücud olan Şmerlinq nəqqaşımızdan iltimas etdik ki, bizim bəxti-qara Şərqin yatmış millətlərinin qəflət yuxusunu öz ustadanə fırçası ilə təsvir etsin. Və isəvi tarixinin min doqquz yüz altıncı ilində aprel ayının yeddisində səhneyi-intişara qoyulan birinci “Molla Nəsrəddin”in baş səhifəsində, şirin yuxuda yatan millətlərin təsviri haman təsvirdir ki, vücudu bizim üçün çox qiymətli olan Şmerlinq nəqqaşımız öz məharətli qələmi ilə onu haman tarixdə yaratdı.

Burada yatanlar haman bizim bədbəxt millətimizdir; hərçənd dünyada bədbəxt və lakin axirətdə cənnət sahibi müsəlmanlardır.

Həmin xoşbəxt Allahın bəndələri bərk yatıbdır. Hərçənd Nikolay, müharibədən sınmış və yorulmuş Nikolay, inqilab ehtiyatı təsiri altında müvəqqəti olaraq camaata azadlıqlar elan edibdir, xoşbəxt müsəlmanlar yatıblar. Hərçənd Nikolay padşah bu manifesti min cür bəhanə ilə geri almaq istəyir, behiştliklər hələ yatıblar.

Gürcülərin hökumətə qarşı tulladıqları bombaların gurultusu hərdən bir yatmışları, deyəsən, yuxudan dəbərdir. Amma genə yatıblar, çünki yuxu çox şirindir. Bu yuxuda yatmış xoşbəxtlər gecə şirin-şirin yuxular görürlər: budur, cənnətin qapısı açılıbdır və cənnətin sahibləri peyğəmbərlər və imamlar özləri də orada səadətin içinə cummaqdadırlar və həmin mömin ümmətlərini də uzaqdan görüb öz yanlarına dəvət edirlər. Burada hər bir nemət mühəyyadır. Haman nemətlər ki, əvvəl Quran və sonra müctəhidlərin və fazillərin kitablarında bəyan olunubdur. Necə cənnət! “Tücri min təhtihəl-ənhar”, orada ağacların altında nəhrlər axacaqdır, “xalidinə fiha”. Bu nemətlər və bu səadət cənnətdə daimidir və heç bir vaxt olmayacaq ki, bu səadətin intəhası olsun...

Amma hamısı da yatmayıb: gərnəşənlər də vardır, oyanmaq istəyənlər də vardır.

Bu mənzərəni gördükdə Molla Nəsrəddin birinci nömrəsinin baş məqaləsində üzünü tutur həmin yarıyuxulu, yarıoyaq müsəlman qardaşlara və deyir:

– Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!

Molla Nəsrəddin bunu bilir ki, müsəlman qardaşlar çox da qəzet və jurnal oxumağa həvəsli deyillər. Və Molla Nəsrəddin bilir ki, onun müsəlman qardaşları Molla Nəsrəddin əminin qəzetinə etina eləməyəcəklər, necə qeyri qəzet və jurnalları oxumağa da etina eləmirlər. Və həmin mömin müsəlman qardaşlar qəzet oxumaq əvəzində, gedəcəklər fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ əməllərə. Hərçənd Molla Nəsrəddinin müsəlman qardaşları onun qəzetini oxumaqdan qaçandırlar, bununla bərabər, Molla Nəsrəddin üzünü dindar qardaşlarına tutub deyir:

– Sizdən ötrü gəlmişəm, qeyrilərindən ötrü gəlməmişəm.

Yəni qəzet və jurnala həris olanlar üçün gəlməmişəm, maarif dostları üçün gəlməmişəm, mədəni və elmli müsəlman qardaşlar üçün gəlməmişəm, fala baxdırmağı lazım bilməyənlər üçün gəlməmişəm.

Əlbəttə, elədir, əgər dünyada fala baxdıran və dərviş nağılına qulaq asan adam olmasa və əgər dünyada qəzet oxumağı it boğuşdurmağa tərcih verən adam olmasa idi, əgər yerin üzü mədəni və əhli-irfanla dolu olsa idi, o vədə dünyada heç “Molla Nəsrəddin”in özünə də lüzum görsənməzdi; çünki hükəma deyiblər: “Sözünü o kəslərə de ki, sənə qulaq asmırlar”.

Bu bir neçə söz birinci nömrənin baş məqaləsində dərc olunubdur. Çünki “Molla Nəsrəddin” məcmuəsi o vaxt birinci nömrədən başlayıb baltanı islam mövhumatının başından elə bərk yendirdi ki, adını müsəlman qoyan bəndə, barmaqları ilə qulaqlarını tutub Molladan qaçmağa və bu mürtədin sözlərini eşitməməyə üz qoydular.

Vaqeən, elə də oldu: “Molla Nəsrəddin”in birinci nömrəsinə nəzəri çatan əhli-iman müsəlman qardaşlar bu “dinsiz” məcmuədən qaçmağa başladılar. Ta o dərəcəyə ki, aradan bir-iki il keçəndən sonra məcmuənin tiracı əksilməyə başladı. Dini mövhumatla mübarizəyə çıxan bir cəridə, ətəbat müctəhidlərinin təkfir çomağına düçar olan bir cəridə, digər tərəfdən o zaman böyük hörmət və nüfuz sahibi olan bəy və xanların nifrətini qazanmış bir cəridə və bunlardan başqa, hər küçə və bazarda dərviş, seyid və Hacı-məşədinin düşməni olan bir cəridə, dəxi ümum kütlələr və hizblər içində rövnəq tapa bilməzdi. Zira ki o vədə bir tərəfdən qaranlıqda, savadsızlıqda qara ömürlərini sürən zəhmətkeş tayfaları maarifdən və qəzet-jurnala yavıq düşməkdən xeyli uzaq idi və digər tərəfdən də, bu nüfuzsuz zəhmətkeşləri çıxandan sonra, camaatın yerdə qalan ünsürləri haman Əli şiəsindən və sonra da bəy və xandan və bunların tərəfdarlarından ibarət idi.

Bununla bərabər, qulaqlarını tutub qaçanlar, qaçdığı yerdə uzaqdan durub məcmuəmizə hərdən bir baxırdılar da və orada yazılanları və orada karikatur surətində çəkilmiş öz şəkillərini görəndə qah-qah çəkib gülürdülər də. Hərçənd güləndən sonra lənət də oxuyurdular və hərçənd nifrət də eləyirdilər və bu lənət və bu nifrətdən sonra genə gülürdülər, amma nəyə gülürdülər və kimə gülürdülər? Bu barədə həmin baş məqalənin bir yerində o vədə yazmışdıq:

– Ey mənim müsəlman qardaşlarım! Zəmani ki, məndən bir gülməli söz eşidib, başladınız gülməyə, o vədə elə güman etmiyəsiniz ki, Molla Nəsrəddinə gülürsünüz. Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı və baxınız cəmalınıza...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri