Xatiratım
Məzmun
Səhifə 23 / 26 · 85%
Gürbə şir əst dər kiriftəni-muş.
Leyk muş əst dər məsafi-pələng.
Bunun mənası budur ki, axundlarımız avam camaatın başının sahibidir; amma bir naciz qaradovoyun qabağında bir naciz padşah nişanının xatiri üçün qul kimi dururlar.
Altıncı teleqraf xəbəri Şamaxıdandır; Bir rus aptekçisinə izn verilib qiraətxana açsın. Bu şərtlə orada türkcə bir şey oxunmasın; yəni orada qiraətxana müdirləri aptekçilər idi və qiraətxanada olan mətbuat türkcə yox, yəqin ki, rusca imiş.
Yeddinci teleqraf xəbəri: Naxçıvan rus kazakları generalqubernatora ərizə verib xahiş ediblər ki, onlara patron əvəzinə çoxluca spiçka verilsin. Bunun mənası budur ki, o vədə erməni-müsəlman davasında, iki axmaq qonşu bir-birini qırmaqda ikən rus kazakları da bir tərəfdən şəhəri yandırmağa mubaşir olurmuşlar.
Axırıncı teleqraf xəbəri də Təbrizdən bu məzmunda idi; Hacı Qurbanın şəkər zavodu yandı və iki milyon zərər mülahizə olunur. Burada Təbrizin və ümum İranın fabrika və zavoddan yana kasıblığı və sənaye və istehsalatının yoxluğu istehza olunur.
Həmin bu teleqraf xəbərlərindən sonra “Molla Nəsrəddin” “Bilməli xəbərlər” sərlövhəsi altında bu bir neçə sualları dərc edir:
Birinci sual: O hansı şəhərdir ki, qlava divanxanasının on iki nəfər müsəlman vəkilinin cümləsi bisavaddır və məhz biri ancaq hıqqana-hıqqana adını yaza bilir. “Molla”nın birinci ilinin tarixində də belə sual o əsrdə divanxanalarda xidmətdə olan müsəlman işçilərinin savadsızlığının yadigarıdır.
İkinci sual: Bir qabdan ki sünni məssəb su içə, o qabdan şiə məssəb su içə bilər, ya yox? O qabı yuyub təmizləmək lazımdır, ya yox? Bu sual, haman tarixdə sünnilərlə şiələrin bir-birinə olan nifrətinə işarədir.
Üçüncü sual: Göydə ulduz çoxdur, ya müsəlman bazarında qumarxana? Bu da vazehdir.
Dördüncü və axırıncı sual: Yas evinə plov yemək üçün zorla hücum edən mollaları, ağlamaqdan ötrü cəm olan övrətləri rədd eləməyin çarəsi nədir? Bu hal – necə ki, haman əyyamda, habelə indi də hökmfərmadır və bu barədə təəssüf olsun ki, islam ümməti bir qədəm də dəyişilmək istəməyib.
Beşinci: harada bir elə təlim kitabı ələ gətirmək olar ki, müsəlman uşağına türk dilində savad öyrətmək mümkün ola?
Altıncı: Tənbəllik və qeyrətsizlik hansı məmləkətin karxanalarında çıxır?
Yeddinci: Nə səbəbə İrandan qutu içində gələn ilanlar, İran əhlindən savayı özgələri sancır?
Səkkizinci: Bu nə sirdir ki, erməni-müsəlman vuruşması düşən kimi, hökumət əsgərləri elə şiddətli azara mübtəla olurdular ki, təbibələr onların çölə çıxmağını rəva görmürdülər?
Doqquzuncu: İranda teatr məclisində “Uşu” camaatı üçün cəm olunan dörd yüz manat hara təşrif apardı?
Atalar sözü
Dünyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur. Zira ki mal, mülk tələf olub gedir, amma söz qalır. Belə ki, keçmiş hükəmanın, şüəranın sözləri hələ baqidir. Buna görə türk hükəmalarının təcrübəli və işə yarar zərb-məsələlərindən “atalar sözü” namı ilə bir neçəsini məcmuəmizdə yazdıq ki, qarelərimiz oxuyub lazımi yerində onları dəstürül-əməl etsinlər:
Atı atın yanına bağlasan, xan görüb deyər: birini bağışla mənə.
Ata malı olan yerdə, özün qazandığın haramdır.
Adamın ölümü bekarın bayramıdır.
Ata və arvada etibar etmə, hər ikisini qat tövləyə və qapısını bağla.
Ac toyuq yuxusunda plov görər.
Aclıqdan kimsə ölməz, qələt eləyir, çörək vermə.
Açıq ağız ac qalmaz: küçələrimizin tozuna Allah bərəkət versin.
Axşamın işini sabaha qoy, sabahın işini axşama,
Adam yata-yata alim olur,
Adama sözü min kərə deyərlər, qanmasa eybi yoxdur.
Anlayana da qul ol, anlamayana da.
Olacağa çarə yoxdur, qoy hər nə olacaq, olsun.
Ölüdən şeytan da əl çəkər, əgər arvadlar əl çəksə.
Ölmə eşşəyim ölmə; yaz gələr, hürriyyət bitər.
Uşağın şüurlusu dərsdən qaçar.
Plovun yağlısını yeyən yaxşı fatihə oxuyar.
At at ilə boğuşar, hökumətin işi rast gələr.
Eşşəyə gücü çatmır, müsəlmanı tapdalayır.
İşləmək adamı puça çıxardar.
İşsizlik dövlətlilik açarıdır.
İkiarvadlı ev bərəkətli olar.
Başladığın işi yarıda qoy.
Birinci nömrəmizin məqalələrinin biri də “Lisan bəlası” sərlövhəsi altında yazılmış məqalədir ki, bunun rəvayəti belədir:
Necə ki, qabaq səhifələrdə zikr olundu, haman zamanlarda Bakı axundu Əbutürab Axund oğlunun “Həyat” qəzetində gah-bir yazıları dərc olunurdu. Məcmuəmiz nəşrə başladığı günlər, haman qəzetdə Abutürab Axundun bir məqaləsi də çap olunmuşdu. İndi bu işlərdən iyirmi üç il keçir və məqalənin məzmununun təfsilatı yadımda qalmayıbdır. Ancaq axundun məqaləsinin bizi danışdıran hissəsi belə bir məsələ idi ki, aya dünyada, ümumiyyətlə, insan üçün danışmaq lazımdır, ya danışmamaq? Və axund həzrətləri öz məqaləsində açıqca bu suala belə cavab verirdi ki: “danışmamaq lazımdır və mümkün olan qədər də, az danışmaq lazımdır”. Hətta Axund Abutürab öz sözlərinin təsdiqi üçün İsayi-ruhullahı da şahid çəkirdi ki, guya bu peyğəmbərdən bir gün soruşublar ki, aya çox danışmaq lazımdır, ya az danışmaq lazımdır? Və guya peyğəmbər az danışmağı çox danışmağa tərcih veribdir. Mənim yadımdadır ki, Axund Əbutürab öz məqaləsinin bir yerində deyir ki: “Hər kəs danışsa, özünü xar və naciz edər və insanın heç bir üzvündən ona o qədər zərər yetişməz, nə qədər ki, dilindən yetişər”..
Az danışmaq köhnə tərbiyələrin bir iqtizasıdır. Avam camaat içində qədimdən az danışmaq ədəbin bir şərti hesab olunur. Necə ki, xeyir və şər məclislərində, camaat diz üstə oturub ya ixfadan öz könlündə dua və səna zikr edir, ya da heç danışmır və könlündə xəyalı Allahı yada salmaq olsa, zahirdə sakit və samitdir. Onunçün bizlərə də uşaqlıqdan kişilər məclisinə daxil olmağa icazə verilməzdi. Və daxil olanda da böyüklər yanında danışmağı uşaqlara rəva görməzdilər.
Bu məsələ gərək qadınların “hicab” məsələsinə yapışıqlı ola. Müsəlman arvadı kişiyə görsənə bilməz, kişi yanında danışa bilməz; müsəlman uşağı da danışa bilməz. Əgər müsəlman arvadını kişilərdən kənar tutmaqdan murad [budur ki] arvadları haram işlərdən, yəni yad kişilərlə naməşru əlaqədən məhfuz saxlasınlar, haman səbəbdən də uşaqları da yad kişilərdən Şərq aləmində qorumaq lazım gəlibdir. Bir surətdə ki, qadına olan cinsi şövq bizim Şərq dünyamızda uşaqlara da o dərəcədə ola bilər, uşaqları böyüklər məclislərindən uzaq saxlamağın batini səbəbi həmin bu ola bilər. Və bu növlə uşaqlıqdan kişilər içindən qaçan uşaqlar yekə oğlan olanda da, adət etmədiyi böyüklər məclisinə düşəndə o qədər həya ediblər ki, bir söz danışmağa nə cürət ediblər və nə də danışmağa söz tapıblar. Və əgər danışan da olubsa, məclisin yuxarı başında əyləşən əmmaməli axundlar və varlı və təşəxxüslü əyan və əşraf olubdur. Birincilər, camaata özlərini göstərmək üçün ərəbcə oxuduqları və camaat üçün qaranlıq olan şəriət elmlərini göstərmək istəyiblər və ikinci qismi öz şən və şərəfli dövlət və sərvətindən rəvayət ediblər. Və məclisdə olan camaat huşguş və ehtiramla bunlara “bəli, bəli” deyə-deyə qulaq asıblar.
“Həyat” qəzetində Əbutürab Axund oğlunun dinməmək və danışmamağın fəziləti barəsində vəz və nəsihəti haman tarixi bir əsrdə heç kəsin xəyalına gəlməyən və yersiz nəsihət idi. Elə bir zamanda ki, Rusiya hökuməti yapon davasında sınandan sonra, öz laxlamış məqamında bir qıldan asılı idi və Rusiyanın əsrlərcə əzilmiş tayfaları vaxtdan istifadə edib, üsyana hazırlaşırdılar ki, özlərinə bir gün ağlayalar. Və digər tərəfdən Qafqazda hökumət nümayəndə və tərəfdarları əhalinin başını qatmaq məqsədilə erməni və müsəlmanları bir-birilə tutuşdurub kənardan bu iki tayfanın səfahətinə tamaşa edirdilər.
Bir belə əsrdə müsəlman camaatının ruhani rəhbəri, qəzetlər vasitəsilə camaatı dəvət edirdi nəyə? – Sükuta və danışmamağa. Nədir danışmamaq? Danışmamaq zaviyadə oturub Allahı çağırmaqdır. Nədir danışmamaq? Lal və kar oturub mövtə və fövtə müntəzir olmaqdır. Nə mənə azadlıq lazımdır, nə mənə hüquq lazımdır, nə mənim üçün qabağa çıxıb qonşularla ədavət əvəzinə ülfət və ittihad bağlayıb, ümumi hesab olunan düşməni, müstəbid hökumətini yıxmaq və sonra məmləkətdə qardaşlıq üsuli-idarəsi qurub yaşamaq lazımdır. Və bunların hamısının əvəzində Axund Əbutürabın vəz və nəsihətinə görə dinəməmək və danışmamaq lazımdır.
Və mətbuat vadisinə təzə qədəm qoyan “Molla Nəsrəddin” Axund Əbutürabın bu məqaləsini buraxıb keçə bilməzdi. Xah o səbəbə ki, məqalə sahibinin fəlsəfi nöqteyi-nəzərini ya biz anlamadıq, ya belə bir məqalə ogunkü günlər bir damnan duşmə görsəndi. İkinci səbəbi də bu idi: məqalə sahibi həqiqətdə də bir axund idi. Və xah bu məqaləsindən və xah bir neçə də qeyri məqalələrindən heç bir işarə tapa bilmədik ki, məzur axundun əfkarı sair axundların əfkarına nisbətən bir qədər xilas olunmuş və azaddır.
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-xatiratim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Necə ki, texnika elmində gündə bir Edison çıxır və gündə bir təzə ixtira eləyir və gündə bir təzə üsul tapır, habelə təbabətdə də – necə ki, məlumdur, – hərdən-bir təzə müalicə üsulu qulağımıza çatmaqdadır.Bu təzə müalicə üsullarının birini də bir neçə gün bundan qabaq Saray həkimi ixtira edibdir.
İran işləriGorun çatlasın, ay başıdaşlı, bir gözünü aç, gör, İran Azərbaycanından nə xəbərlər gəlir?.. Gör, zəmanə necə xarab olub? Gör insanlar necə qudurublar?Bu gün teleqraf xəbər verir ki, İran azərbaycanlıları Əhməd şaha məlum ediblər ki, əgər İrana qayıtmalı olsa, İran Azərbaycanı İrandan ayrılıb müstəqil cümhuriyyət əmələ gətirəcəkdir? Eşidin və agah olun, ey şahın gədaları!
AcıqnanProfessor Köprülüzadə danışdıqca mən də danışacağam.Oktyabrın 24-də professor Köprülüzadə ədiblər cəmiyyətində danışırdı. Söhbət Türkiyənin şairlərindən düşmüşdü. Axırda söz gəldi çıxdı Əbdülhəq Hamidə və Tövfiq Fikrətə. Burada əziz qonağın ağzından mən bir qəribə söz eşitdim: guya bu ədiblərin yazıları çətin yazılardır.
Dəxi nə istəyəcəklər?Doğrudan da, birisinin qabağından qaçdıqca daldan səni qovalayacaq.Sözüm İran azərbaycanlılarının barəsindədir.
Başqa şairlərin şeirləri
Ey nəzakət çəməni içrə xüraman, gözəlim!Xubilik kişvərinin təxtinə sultan, gözəlim!
Təcnisİki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,
KəklikAy Salatın, bir bəri bax,Baxım gözəl gözə, kəklik.
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,