Məzmun
  1. Namaz
  2. Meyit büsatı
  3. Şadlıq namazı
  4. Gecə namazları
  5. Sövm – orucluq
  6. “Molla Nəsrəddin”in birinci nömrəsi
  7. Məcmuəmizdə dil məsələsi
  8. Utanmadıq
  9. İstixarə
  10. Atalar sözü

Səhifə 22 / 26 · 81%

Burada oxuculardan üzr istəyib öz qabağıma çıxandan bir şəmmə nağıl eləməyə icazə istəyirəm.

Miladi tarixinin min səkkiz yüz həştad səkkizində, avqust ayında Qafqaz maarif rəisinin qərardadı mocibincə, mən on doqquz yaşında bir cavan İrəvan qəzasında Uluxanlı qəsəbəsində birinci dərəcəli məktəbə müəllim təyin olundum. Mən o vaxt vətənim olan Naxçıvanda yaşayırdım. Üç ay ondan müqəddəm Qori darülmüəlliminini bitirmişdim və belə bir vəzifəni almağa müntəzir idim. Məlumdur ki, bu qərardad, mənim təzə müəllimlik mənsəbinə sahib olmağım xəbəri, məni xeyli həvəsləndirdi və cavanlıq şövqü ilə İrəvan səfərinə hazır olmağa başladım; bir surətdə ki, rəisin hökmünün məzmunundan belə məlum olurdu ki, bir həftəyədək özümü məktəbə yetirim.

Bu söhbət, təqribən, avqust ayının ortalarında olardı və üç günün ərzində paltar-boxçamı bağlayıb istədim fayton danışam və yol yoldaşı axtaram.

Bunu da deyim ki, xeyli dindar ata və anam məndən bixəbər yola çıxmaq vaxtını xoşlamışdılar və Molla Əlinin göstərməsi ilə və istixarəsi ilə yola çıxmağımı bilmirəm, o ayın neçəsinə təyin etmişdilər. Amma dayım haman günə qail olmadı. Çünki hərçənd elm və savadda dayım Molla Əliyə çata bilməzdi, amma fəzilətdə və dindarlıqda Molla Əliyə “peryod” verə bilərdi.

Faytonçu Mürsələ üç yoldaş hər birimiz bir manat beh vermişdik ki, filan günü atları qoşub gəlsin bizi aparsın, amma dayım sifariş elədi ki, ayın iyirmi doqquzu “təhtəş-şüa”dır, o günü səfərə çıxmaq olmaz.

Haman günü getməyimiz baş tutmadı və faytonçunun haqqını hərəmiz on şahı artırdıq və binanı qoyduq ki, filan gün gedək. O günü valideynimiz də xoşlamışdı, qonşumuz Məşədi Məhəmməd də xoşlamışdı və hətta dayım da təsdiq eləmişdi. Və lakin yoldaşlarımızın birisinin atası gedib Hacı Molla Tağıya haman günü istixarə elətdirmişdi. Hacı Molla Tağı istixarə ilə yox, Hacı Nəcmüddövlənin təqvimindən bunu istinbat eləmişdi ki, o günü yola çıxmaq yaxşı deyil; çünki hər ayın üçüncü günü nəhsdir və hər bir iş başlamaq kimi, yola çıxmaq da məsləhət deyil. Bu xəbəri anam da eşidən kimi, dinməz-söyləməz, marfacımı açdı və şeyləri bükdü qoydu yerinə.

Faytonçunu bu dəfə dilə tutduq və haqqının üstünə genə beş şahı-üç şahı qoymaqla razı elədik ki, iki gün də gözləsin.

Və üçüncü günü qonşularımız və cəmi dünyagörmüş hacı və məşədilərin məsləhəti ilə genə bir günü seçdik və faytonçuya xəbər elədik ki, ta “bu xına o xınalardan deyil”. Vaxt keçdi, sentyabr ayı gəldi yetişdi və mənə vüsul olan təyinnamədə göstərilən müddət gəldi çatdı.

Haman gun ki sübh tezdən yola düşəcəkdik, atam gəldi evə və xəbər verdi ki, “sabah yola çıxmaq olmaz: çünki sabah qəmər əqrəbdədir”.

Xülasə, sabahı da qaldıq. Amma eşitdik ki, faytonçumuz üç nəfər erməni tələbəsini götürüb İrəvana gedibdir.

Sentyabrın səkkizində faytonçu Qulamhüseyn atları qoşdu, gəldi durdu qapımızda, Faytonda Məşədi Cəfər də əyləşmişdi. Bu da Şərur qəzasına Baş Noraşen qəsəbəsində alverə gedirdi. Şeylərimi də qardaşlarım bir-bir gətirib yığırdılar faytona. Mən anamla qucaqlaşıb çıxdım küçəyə. Bu heyndə Axund Molla Tarıverdi evlərinin tərəfindən çıxıb gəldi, bizlə bərabər oldu və bizi yol üstə görüb çox təəccüb elədi və üzünü atama tutub dedi:

– Məşədi Məhəmmədqulu dadaş, mən sənə təəccüb edirəm ki, sən nə səbəbə bugünkü gündə bu tifil uşağı (yəni məni) yola salırsan? Məgər bilmirsən ki, bu gün “əyyami-səkkiz ulduz” günlər qəbilindəndir? Məgər qorxmursanmı ki, yolda ya at götürüb qaça, uşaqlar qala təkərin altında, ya tifil uşaq Şərurun şərir quldurlarına rast gələ?

Burada örtülü darvazamızın dalından anamın ağlar səsini eşidib girdim dalana. Yazıq arvad göz yaşını sel kimi axıdırdı.

Və hərçənd o günü mən getdim və hərçənd yolda nə təkər sındı və nə “Şərurun şərir quldurlarına” rast gəldik, ancaq Uluxanlıda məktəb müdirini məndən rəncidə gördüm. Amma yubanmağımın səbəbini ona rəvayət eləməkdən çəkindim. Müdir xaçpərəst və ziyalı bir şəxs idi. İstəmədim biçarə vətənimin kərbəlayı və məşədilərini və hacı ilə mollalarını onun nəzərində gülüncə qoyam.

Hərçənd mən yenə gec də olsa, çıxdım getdim, amma çoxlarını yadıma salıram ki, belə bir vacib müsafirəti ya “təhtəş-şüa” bəhanəsilə təxirə salıblar, ya “ehkami səkkiz ulduz” günləri mane olub, ya “qəmər əqrəb”də olub, ya da ki, ayın nəhs olan günlərinə rast gəliblər ki, ibarətdir ayın üçündən, beşindən, on üçündən, on altısından, iyirmi birindən, iyirmi dördündən və iyirmi beşindən.

Amma elə də ittifaq düşüb ki, Əli şiələri bir yerə səfər etməyi əzm edib və lakin elə bir xoş gün tapa bilməyiblər ki, yola çıxa bilsinlər. Və çün tapa bilməyiblər, əzmlərinə əməl edə bilməyib müsafirət xəyalından bilmərrə düşüblər.

Məcmuəmizin birinci nömrəsində müştərilərə bu növ nəsihətləri verəndən sonra keçirik teleqraf xəbərlərinə.

Birinci xəbər Peterburqdandır. Guya müxbirimiz oradan yazır ki: “Sakitlikdir, qurd quzu ilə otluyur”.

Bunun mənası budur ki, haman doqquz yüz altıncı ildə, ümumən bütün Rusiyada, xüsusən o vaxt imperatorun paytaxtı olan Peterburqda böyük rahatsızlıqlar və bəlkə, ixtişaşlar vaqe olurdu. Azadixahlar və firqələr – necə ki, ərz olunubdur – başlarını qalxızıb üsyan edirdilər. Qurda oxşayan padşah hökuməti əhalini həmişəki kimi boğub yemək xəyalından düşmək istəmirdi. Və hər gün oradan Tiflisə növ-növ əmələlər tətili, sui-qəsd və bu qism təzə xəbərlər gəlməkdə idi.

İkinci teleqraf xəbəri Tehrandan idi. Oradan guya müxbirimiz teleqraf vasitəsilə xəbər verir ki, “şah həzrətləri Avropa səfərinə hazırlaşır”.

Bunun mənası bu idi ki, Qacar nəslinin şahları sair cürbəcür xəstəliklərdən savayı – necə ki, məlumdur – bir də Avropa səfərini dost tutardılar. Şübhə yox ki, bir padşahın öz məmləkətindən qeyri bir məmləkətə müsafirət etməyi öz məmləkəti üçün elə bir əskiklik deyil və bəlkə də, demək olar ki, məmləkətin səlahıdır. Bu şərtlə ki, hökmdar qeyri məmləkətlərə etdiyi müsafirətdən vətənə bir xidmət və mənfəət hasil ola; orada gördükləri və öyrəndikləri təcrübədən vətənə də bir mənfəət hasil ola. Amma İran şahlarını Firəngistana çəkən əsla belə-belə fikirlər olmayıbdır. Nəsrəddin şahdan başlayıb, ta o Müzəffərəddin və sonra Məhəmmədəli Mirzə Avropanı ziyarətdən məqsədləri tək bircə idi: zövq-səfa və firəng qızları məclisində eyşü-işrət. Heç bir dəfə də olmayıb ki, bu nainsaflar, heç olmasa, tək bircə dəfə bu xəstəlikdən şəfa tapmış olalar. Amma təbiət öz qanununu əvvəl-axır yeritdi. Belə ki, Qacar şahlarında qədimül-əyyamdan müşahidə olunan bu mərəz o qədər bu “taclı” lotuların bədənində yer elədi ki, axırda axırıncı Əhmədi səltənət taxtından salıb, həmişəlik onu Firəngistan fahişələrinə bağışladı.

Üçüncü xəbər İstanbuldandır. Yazılmışdı ki, “Osmanlı hökuməti küçə ilə gedən vaxt öskürməyi əhaliyə qədəğən edibdir”.

Həmin məzah teleqraf xəbəri Sultan Əbdülhəmidin o vaxtlar şiddət etmiş olan istibdadını istehza edir. Məlumdur ki, Sultan inqilabın yavıqlaşmasını hiss etdikdə əhalinin azadlığının qabağını almaq üçün elə səxt qanun və qərardadlar çıxarmaqda idi ki, onun istibdadı bir zərbül-məsəl olmuşdu. Ta o dərəcəyə kimi ki, hətta İstanbul kimi bir əzəmətli paytaxtda telefon çəkməyi Sultan Əbdülhəmid qədəğən etmişdi.

Dördüncü teleqraf xəbəri Təbrizdəndir. Yazılmışdı ki, Təbriz camaatına hürriyyət mücdəsi verildi. Belə ki, sərbazların cigərçilik, qəssablıq və dilənçilik etməklərinə dövlət tərəfindən maneçilik yoxdur; yəni “Molla Nəsrəddin” dilini ciddi mənaya çöndərsək, belə məlum olar ki, əvvəla, Təbriz camaatına hürriyyət verilmək ehtimalı çox uzaq imiş və ikinci, İran sərbazları genə köhnə peşələrində imişlər: cigərçilik, qəssablıq və dilənçilikdə.

Beşinci teleqraf xəbəri Peterburqdandır. Orenburq müftiliyinə senator Çerevanski təyin olunur və Orenburq müftisi cənab Sultanov jandarma qulluğuna keçir.

Bu məzhək teleqraf xəbəri az qalırdı ciddi qəzet xəbərinə oxşasın. O vaxt idareyi-ruhaniyyələrimizin işlərini senator Çerevanski idarə edirdi və Orenburq müftisi Sultanov Peterburq hökumətinin misyonerlik əmrlərinə və qərarlarına o qədər müti idi ki, şübhə yoxdur ki, ona jandarmalıq vəzifəsi mühəvvəl olunsa idi, onu qəbul etməkdən boyun qaçırmazdı. Ruhani rəislərimizin padşahpərəstlik xəstəliyinə tək bircə Orenburq müftisi yox, sair müfti və şeyxül-islamlarımız və qazi və şəriətmədarlarımız da mübtəla idi; necə ki, birinci nömrəmizin axırıncı səhifəsində karikatur ilə bunu qeyd eləmişik. Burada müsəlman camaatı bir yerə cəm olub əl qalxızıb imperator həzrətlərinə dua edirlər və imperator qaradovoyu camaatın qabağında duran bir nəfər axundun döşünə nişan taxır. Şəklin altında yazılıbdır:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri