Xatiratım
Məzmun
Səhifə 5 / 26 · 15%
Xudaya, bizə yağış! Ləbbeyk!
Elə ki, mömün bəndələr, mollalar, səf-səf hacılar, dəstə-dəstə məşədi və kərbəlayılar səf-səf “xüzuxüşu”la “əstəğfürulla, rəbbi və ətubi ileyh” deyə-deyə səhraya cəm oldular. Qazı Axund Molla Tağı çıxdı uca bir daşın üstə, əvvəl bir xütbə oxudu və sonra üzünü camaata tutub əllərini ölçə-ölçə çox tənəli bir səslə başladı moizəsini:
– Hə! hə! Gələrsiz, gələrsiz, ağlarsız, ağlarsız, hə! Ya eyyühəl-insan! Bir vaxt var idi ki, barani-rəhmət yağanda, siz öz evlərinizdə qiymətli fərşlər üstündə əyləşib deyirdiniz, xub, biz yomiyyə namazını əda etdik, bir qeyri vacibi və sünnəti namazları cabəca etdik. Bizə təklif olunan namazların cümləsini əzaya qoymayıb yerinə yetirdik... Hə! Ya eyyühəl-insan, siz mütməin oturmuşdunuz evlərinizdə, ta demirdiniz bu nə bəladır ki, nazil olubdur ki, dağlar və daşlar da quraqlıqdan od tutub yanır. Hə! Bəs siz bilmirsiniz xudavəndi-aləm sizləri xəlq edəndə iki göz verib cəll-cəlalın dəsgahına tamaşa edəsiniz və sizə əql kəramət edibdir ki, o əqlin vasitəsilə bunu dərk edəsiniz ki, xudavəndi-aləmin ehkamını yerinə yetirməyincə ondan nicat gözləmək mümkün olmaz? Hə! Barani-rəhmət! İndi sizə barani-rəhmət lüzumu görsəndi. Bəs bu barani-rəhmətin müqabilində hanı sizdən sadir olan xüzu və xüşu? Hanı tövbə və istiğfarınız və nəyə arxayınsınız? Yoxsa o beş-on rükət yomiyyə namazına arxayınsınız? Yoxsa neçə yüz rükət qeyri namazlara arxayınsınız? Yoxsa bir neçə min rükət nafilə namazlarına mütməinsiniz ki, dəxi cəmi təkliflər sizdən mürtəfe oldular? Heyhat! Necə qəflət, necə qəflət! Bəs o necə olacaq ki, bir gün ki, onun adı ruzi-məhşərdir, o vədə sizin hamınızı ərseyi-mizani tərazüyə çəkəcəklər və orada sizi məşhur edəcəklər və bu dünyada qıldığınız namazlar barəsində sizdən sual-cavab edəcəklər? O vaxt qiyamət gününün şahidləri ki, ibarət olsun ənbiya və övsiyadan, cənab həqqin hüzurunda hazır olacaqlar. O vaxt hatifdən səda gələcək: “ Hazır olsun bu məclisdə lövh vəl qələm”. Və elə ki, qələm burada adəm surətində hazır oldu, həqqi-sübhani və təalidən ona xitab olunacaq: “Ya qələm, zəmani ki, mənim vəhyim sənə ilham olundu ki, cəmi məxluqatın əməllərini öz lövhünə yaz, aya sən yazmısanmı, ya yox?” Onda qələm cavab verəcək ki, “nəm (bəli), yazmışam”. Xudavəndi-aləm burada qələmdən şahid istəyəcək. Və qələm burada İsrafili şahid göstərəcək. Sonra xudavəndi-aləmdən xitab olunacaq ki, İsrafili hüzura gətirsinlər. Elə ki, İsrafil hüzura gəldi, ondan sual olunacaq ki, əya sən şahid ola bilərsənmi ki, məxluqatın nameyi-emalını qələm öz lövhünə yazmış ola? Və əgər ona şahidsən, pəs həmin nameyi-emalı sən öz yerinə yetirmisənmi, ya yox? Burada İsrafil cavab verəcək ki, “nəm (bəli), mən lövhdə yazılan nameyi-emalı yetirmişəm Cəbrayilə. Çağırın gəlsin Cəbrayili”. Elə ki, Cəbrayil də hazır olur, ona da bu sualı verəndə, o da cavab verir ki: “nəm (bəli), mən lövhdə yazılan nameyi-emalı yetirmişəm cəmi ülülözm peyğəmbərlərə ki, axırıncı ibarət olsun Məhəmməd-ibni-Əbdüllahil-ərəbiyyil-qüreyşil-hərəmindən”.
Camaat burada başına döyür və ağlayır. Va müsibəta!..
Axırda xatəmül-ənbiya ortalığa təşrif gətirib xəllaqül-aləmə ərz edir ki:
Xudaya, mənim ümmətim sənin dərgahında şərmsardır. Ol səbəbə ki, onlar cəmi vacibi namazlar əda etdilər, hətta rəməzanül-mübarək ayının nuzdəhhümdən başlamış otuzuncu gününə kimi gecələr, axşamdan ta sübhədək yatmadılar. Böyük və kiçik, – hətta bu sətirləri cızma qaralayan səkkiz yaşındakı uşaqlar da, – dayılarının qorxusundan gündüzlər on səkkiz saat yay günləri susuz qalıb, gecələri də üç yüz rükət nafilə namazı qıldılar və qeyri namazların da cəmisini yerinə yetirdilər. Ancaq bu qaranlıq məmləkətdə tək bircə bədbəxtlik üz verdi ki, o da ibarət ola ondan ki, bu bədbəxtlər “tələbi-baran” namazını unudub qılmadılar. Va müsibəta! Və məhz həmin məsiyətin nəticəsidir ki, indi sənin də bu camaata qəzəbin tutub. Yayın bu şiddətli istisində neçə aydır ki, bu fəqirlərin ziraətini susuz qoymusan və o muftə yağış anbarlarından bunlara yağış göndərmirsən ki, bu vilayətdə gələcəkdə qıtlıq əmələ gəlməsin və mömün bəndələrin acından ağlaşmasınlar.
Camaat uşaq kimi “vay-vay” deyib ağlayır.
Burada Axund Molla Tağı durdu namaza, üzünü qibləyə çöndərdi. Camaat ona iqtida elədi. Axund üç dəfə bir-birinin dalıyca ucadan və bəlağətlə dedi: “Allahümmə səlli əla Mühəmmədin və ali Mühəmməd” və sonra başladı namazı. Haman iki rükətdən ibarət adi namaz idi. Bircə təfavütü bu idi ki, qunut vaxtı bu duanı tək oxudu: “Allahümmə ibadükə”.
Namazı qurtarandan sonra axund Molla Tağı yeridi bir az da qabağa. Ridasının sağ ətəyini sol çiyninə atdı, ridasının sol ətəyini sağ çiyninə atdı və iki xütbə oxudu və üzünü qibləyə tutub başladı tövbə eləməyə və yüz dəfə bir-birinin dalıyca dedi: “əstəğfürulla rəbbi və ətubi ileyh”. Bunu yüz dəfə dedikdə camaat da onu təkrar edirdilər. Və ondan sonra yüz dəfə “sübhanallah” və yenə yüz dəfə “lailahəilləllah”. Və axırda üzünü camaata tərəf çöndərdi, fatihə surəsini oxuyub və camaat da fatihə deyib hamı gözlərini silə-silə evinə dağılmağa başladı.
Bununla tələbi-baran namazı qılındı, tamam oldu.
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-xatiratim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Necə ki, texnika elmində gündə bir Edison çıxır və gündə bir təzə ixtira eləyir və gündə bir təzə üsul tapır, habelə təbabətdə də – necə ki, məlumdur, – hərdən-bir təzə müalicə üsulu qulağımıza çatmaqdadır.Bu təzə müalicə üsullarının birini də bir neçə gün bundan qabaq Saray həkimi ixtira edibdir.
İran işləriGorun çatlasın, ay başıdaşlı, bir gözünü aç, gör, İran Azərbaycanından nə xəbərlər gəlir?.. Gör, zəmanə necə xarab olub? Gör insanlar necə qudurublar?Bu gün teleqraf xəbər verir ki, İran azərbaycanlıları Əhməd şaha məlum ediblər ki, əgər İrana qayıtmalı olsa, İran Azərbaycanı İrandan ayrılıb müstəqil cümhuriyyət əmələ gətirəcəkdir? Eşidin və agah olun, ey şahın gədaları!
AcıqnanProfessor Köprülüzadə danışdıqca mən də danışacağam.Oktyabrın 24-də professor Köprülüzadə ədiblər cəmiyyətində danışırdı. Söhbət Türkiyənin şairlərindən düşmüşdü. Axırda söz gəldi çıxdı Əbdülhəq Hamidə və Tövfiq Fikrətə. Burada əziz qonağın ağzından mən bir qəribə söz eşitdim: guya bu ədiblərin yazıları çətin yazılardır.
Dəxi nə istəyəcəklər?Doğrudan da, birisinin qabağından qaçdıqca daldan səni qovalayacaq.Sözüm İran azərbaycanlılarının barəsindədir.
Başqa şairlərin şeirləri
Ey nəzakət çəməni içrə xüraman, gözəlim!Xubilik kişvərinin təxtinə sultan, gözəlim!
Təcnisİki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,
KəklikAy Salatın, bir bəri bax,Baxım gözəl gözə, kəklik.
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,