Məzmun
  1. 1
  2. 2
  3. 3
  4. 4

Səhifə 3 / 3 · 67%

4

– Yoldaşlar, ayıq olun! Düşmənin hiyləsinə uymayın. Şura hökuməti torpağı kəndliyə verir. Bu, dünyada ən ədalətli bir işdir. Çünki torpaq gərək əkənin, becərənin əlində olsun, nəinki mülkədarın, qolçomağm! Qolçomaqlar indi də şəriətin çürük ehkamından yapışır, avam kəndliləri aldatmaq istəyirlər. Haram-halal məsələsinə qalanda yüz illərdir onlar mənimsədikləri torpaqdan, muzdur əməyindən dolanıblar. Özləri əllərini ağdan-qaraya vurmayıblar.

Mirzə Məhəmməd məscid qabağında, pilləkən üstündə camaata belə müraciət edəndən sonra üzünü Salman kişiyə tutub uşağı başa salan bir əda ilə dedi:

– Salman əmi, torpağı heç kəs heç yerdən gətirməyib, o da su, hava kimi bizə təbiətin verdiyi nemətdir. Kim ki, indiyəcən ona sahiblənib, sizin kimi kəndliləri yoxsulluğa salıb, əsl günahkar odur. Elə adamın nə namazına, nə orucuna inanmayın!

Torpağı biz ümumi mal sayanda, ailələrə başa görə paylayanda əsl ədaləti bərpa edirik. Allaha da, bəndəyə də xoş gedən budur. Torpaq əkənindir. Bunu bizə Lenin yoldaş deyib. Bunu bizə Nəriman yoldaş deyib, bunu bizə Mirzə Ələkbər Sabir deyib.

Mirzə Məhəmməd əlini göyə qaldırıb şüar kimi dedi:

Torpaq əkənin, yer özünün, güc öküzünkü,
Bəyzadələri, xanları neylərdin, ilahi!..

Kəndlilərin çoxu ona səs verdi:

– İlahi!

– Neylərdin, ilahi!

Kabla Göyüş də məscid həyətində yekə bir daşın üstündə oturub gümüş qəlyanını tüstülədir, "dünənki uşağın" nitqinə qulaq asırdı. Söz bura çatanda təəccübdənmi, hirsindənmi dik qalxdı: "Gecəki söhbəti kim bunlara çatdırıb? Yəqin Salman kişinin... yox, kaftar arvadın işidir..."

Nagəhani bir zərbə yemiş kimi, Kabla Göyüş qəlyanını boşaldıb qurşağına sancdı, uzun, ağır gövdəsiylə irəli yeriyib cavab vermək istədi:

– Bura bax, bacıoğlu, sən nə sənətin sahibisən?

Mirzə Məhəmməddən qabaq kəndlilər cavab verdilər:

– Kəndin mirzəsidir! Təzə gəlib, müəllim!

Kabla Göyüş Mirzə Məhəmmədin üzünə dik-dik baxıb hədə ilə dedi:

– Biz belə mirzə görməmişik. Sən burda mirzəlik eləmirsən, aşkar vəzir-vəkillik eləyirsən!

– Mən kəndliyə öz hüququnu başa salıram.

– Sən, yaxşısı budur, dilini qoy qarnına, camaat içinə ikitirəlik salmaginən!

Mirzə Məhəmməd səsini daha da ucaltdı:

– Bağışlayasan, Kablayı. Daha keçmiş ola! Bizdən susmaq gözləmə. İndi daha söz əli qabarlınındır!

Kabla Göyüş Mirzə Məhəmmədi öz sözündən tutmaq istədi:

– Ə, sənin ki pambıq kimi xanım əllərin var!

Kəndlilər sözə qarışdılar:

– Onun ürəyi közərib xalqın dərdinə yanmaqdan! Sən öz fikrini çək, ay bəy! A müftəxor!

– Onları belə məclisə niyə buraxırlar ki!..

– Salman kişi, görürsənmi? Sənin qanını içər, haram deməz!

Camaat içində daha artıq istehzaya tutulub, acı söz eşitməmək üçün Kabla Göyüş cəld addımla aradan çıxdı.

Səhərisi Daşlıca kəndinin köyşənlərində dəstə-dəstə adamlar görmək olardı. Muzdurlar komitəsinin, torpaq şöbəsinin, kənd ispalkomunun nümayəndələri uzun bir lent ilə zəmiləri ölçüb kəndlilərə paylayır, ötüb-keçənin xeyir-duasını eşidirdilər. Adama elə gəlirdi ki, insan heç vaxt torpağa bu qədər yaxın olmamışdır. Sular heç vaxt belə sərbəst axmamışdır, üfüqlər heç vaxt belə açıq, təmiz olmamışdır.

Köç yolundan, uca qovaq ağaclarının sıxlaşıb evləri, çəpərləri örtdüyü yerdən bir adam çıxıb yeyin gəlirdi. O, yer bölənlərə tərəf gəlirdi. Elə sürətlə gəlməyindən məlum idi ki, nəsə bir xəbər gətirir. Yaxınlaşanda gördülər ki, Salman kişi qan-tər içində, töyşüyə-töyşüyə danışır:

– Y o ld aş zemlemer, ispalkom çağırır, Mirzə Məhəmmədi öldürüblər!..

Salman kişi ancaq bunu deyə bildi:

"Haçan, harada, kim, necə, nə sayaq?.."

Bu sualların heç birinə Salman kişi cavab verə bilmədi. Dəsmalı gözünə basıb hönkürə-hönkürə kənd üstünə qayıtdı.

O gün səhər, köç yolunun altında, kəhriz quyularının ayağında Mirzə Məhəmmədin meyitini tapmışdılar. Sinəsində, başında yeddi yara var idi. Xəncər yarası! Vacib iş üçün axşam vaxtı tək şəhərə getdiyi yerdə yaxalayıb öldürmüşdülər...

O, məsum bir uşaq kimi üzüüstə düşüb sanki həqiqət deyən nazik dodaqları ilə torpağı öpürdü. Sanki uğrunda həlak olduğu torpağa səcdə etmək onun son andı idi!..

Salman kişi cavan bir oğlanı, kəndin, camaatın əzizini belə görəndə qoca canından sərt bir gizilti keçdi. Mərhumun sinəsindən, ürəyindən axan qan xeyli yeri islatmış, sanki sirli bir yazı yazmışdı. Salman kişi savadsız idi. Kitabların yazısını oxuya bilməzdi. Amma Mirzə Məhəmmədin qanı ilə yazılanı oxuya bildi:

– Torpaq yolunda, ədalət yolunda hələ çox qurbanlar gedəcək!.. Bilin, ay camaat!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Zavodun tərcümeyi-halı

Uzun illər bundan qabaq qırmızı və xam misin qazandı qoxusu Berlin kapitalistlərinin burnuna getmiş, mühəndislər çağırılmış, aparatlar qurulmuş, planlar düzəlmiş, yerlər zəbt olunub, kəndlilər döyülmüş, bazar açılmış, işçilər toplanılmış, qamçılar şartıldamış, yer altlarına lağımlar salınmış, kişilər qazımış, qadınlar daşımış, uşaqlar təmizləmiş. Bu ehtiras və ölüm çəkişmələri - Yasamal dağlarının başındakı meşəlikdə, dayaz bir dərədə - Gədəbəydə - misəridən zavodu doldurmuşdur...Üç tərəfini bürüyən dərin və uzun sulu mağaralar zavodun qan damarlarıdır. Zavoddan çıxaraq ətrafı dolaşan dəmiryol xətti bir sual kimi bükülmüş və mədənləri zavoda bitişdirmişdir. Bu xəttin ən zərif və səliqəli tərəfi mis "kraliçasının" malikanəsindən çıxandır.

19317 dəq
Marksın dostu

Mən oxumaqdan qayıdıram... Anam səfərdən gələnin çantasına göz dikmək xasiyyətini unutmuşdur. O bilir ki, oxumaqdan qayıdarkən kitabdan başqa nə sovqatım ola bilər? Revolyusiya rəhbərlərinin yeni rəsmlərindən gətirmişəm, anam ehtimal ki, onların nə üçün şəkilə salındığını bilmir. Lakin o, evin lüt divarlarını onlarla sevinə-sevinə örtəcəkdir. Evdə az oluram, o, ana qəlbilə məndən inciyir. "Bəsdir. Bir saat da çəkil, oturub bir az dincəl! Dünyanın ağzını sən düzəldəsi deyilsən ki!.."– deyə məni danlayır.

19316 dəq
Almas gəldi

– Pambıqda tərləyirsən, ya yox? Tərləyirsən. Ürəyin yanır, ya yox? Yanır. Yaxşı, palçıqlı su içsən yaxşıdır, ya çay? Əlbəttə ki, çay istəyəcəksən. Bir stəkan çay sənə can verər, qan verər, dincəldər. Səni açar... İndi ki belədir niyə olmasın...Almas xalanın çıxışı vəziyyəti dəyişdi. O, tarlalarda yeməkxana təşkili və əhəmiyyəti haqqında inandırıcı danışır və əl-qolunu ölçərək deyirdi:

19314 dəq
Azad qız

Qara çadralı bir qız xəyal kimi süzülərək divar dibindən ötdü. Xəlvət küçələrdən keçib özünü məktəb həyətinə saldı. Dəhlizdə çadrasını açdı, tərini sildi, saçını düzəltdi, sonra küçə qapısından boylandı, dalınca gələn yoxdu, ürəyi sakit oldu.Çimnaz məktəbə getdiyini gizlədə bilmədi. Axırda bildilər. Evdə qiyamət qopdu. Qohumlar hiddətə gəldi. Ata-ananı namussuz adlandırdılar, qıza azğın dedilər, hədələdilər.

19325 dəq

Başqa şairlərin şeirləri