Səhifə 10 / 11 · 82%

Fridun əli ilə qapını döydü. Əmniyyə cavab vermədi. Lakin ayaq saxlayıb, qulaq asdı. Fridun bir də qapını döydü. Çöldən yoğun və kobud bir səs gəldi.

– Bura bax, əzizim, de görüm, saat neçədir?

– Bundan sonra sən saatsız da keçinə bilərsən.

– Yenə olsun da...

– Məni danışdırma!.. Məhbusla danışmaq olmaz.

– Hər kəlməsinə bir tümən verərəm. Saat neçədir?

– Pulu ver görüm, çatdaqdan bu yana uzat, deyim...

– Nəqd yoxumdur, nisyə olsun...

– Nisyəni özünə saxla! Kara gələr.

– Nəqdə yaman öyrənmişsiniz, qoy bir dəfə də nisyə olsun...

– Kəs səsini! Oğlan, diluzunluq eləmə. Dilsiz qalarsan.

– De görüm, gün batıb, ya yox?

– Sənin günün çoxdan batıb...

– Mənim günüm hələ çıxmayıb, oğul. Bəlkə batan səninkidir.

Qapı tüfəng qundağının zərbəsilə titrədi. Dalınca əmniyyə bərk bir söyüş söydü. Fridun söhbəti kəsib, yenə axurun üstündə oturdu. “Görəsən, kəndlilər beşdə birə razı oldularmı?” deyə düşündü. Musa kişi, çılpaq uşaqlar və ala gözlü Gülnaz gəlib xəyalından keçdi. Bütün bu hadisələr içərisində Musa dayının nə üçün and içmədiyi fikrində anlaşılmaz bir sirr olub qalmışdı. Fridun heç bir vəchlə onun izahını tapa bilmirdi.

İnəklərin qərib-qərib mələməsi naxırın kəndə dolduğunu, günün batdığını xəbər verirdi. Bir az sonra itlər hürüşməyə başladı. Gecə düşmüşdü. Ay çıxmış, göy üzü işıqlanmışdı. Beləcə tövlənin köhnə qapısından içəri dolan ayrı-ayrı və kəsik səslərlə o, bayırda nələr olduğunu təsəvvür etməyə çalışırdı. Eyni zamanda bütün vücudunda bir yorğunluq hiss edirdi. Ancaq hava, ayaz gecə yadına düşdü. “Küləşin üstündə nə şirin yatardım” deyə bir fikir başından keçdi. Axur daşına söykənib mürgüləmək istədi. Lakin bacarmadı. Qalxıb, yenə qapını döydü, əmniyyəni çağırdı. Onunla söhbətindən pulagir olduğunu anlamışdı... Ayaq səsləri yaxınlaşdıqda dodaqlarını qapının çatdığına söykədi.

– Məni burax, qulluğunda borclu qalmaram.

– Heç sən başının qiymətini bilirsən? Bahası min tüməndir.

– Olsun, verərəm.

– Nəqd nəyin var?

Fridun fikirləşdi, gümanı bir şeyə getmədi.

– Qapını aç, çıxan kimi istədiyini verərəm.

– Nisyə şeyə mən özümü belə oda ata bilmərəm.

– Nisyə deyil, sözüm həqiqətdir. – Əmniyyədən səs gəlmədi. O, nə isə fikirləşirdi.

– Hə, niyə dinmirsən?

– On min də versən qapıdan buraxa bilmərəm.

Fridun onun nə demək istədiyin anladı:

– Yaxşı, bir külüng tap, çıxmağa yer açaram. Həm mən qurtararam, həm sənin cibin dolar, özün də günahsız qalarsan...

Bu zaman bir hənirti duyuldu. Əmniyyə kənara çəkilib, “Gələn kimsən!” deyə qışqırdı.

– Mənəm, əmi, sənə də, Friduna da şam gətirmişəm.

Fridun Ayazın səsini tanıdı. Ürəyi sevinclə doldu. Əmniyyə uşağı yaxına buraxdı. Bağlamanı aldı. Açıb kasanı və çörəyi kənara daşın üstünə qoydu. Oturub yeməyə başladı.

Ayaz:

– Əmi, bir tikə də Friduna saxla, – deyib əyildi. Çörəkdən bir az götürüb, tövlənin qapısına tərəf yollandı.

Əmniyyə heç bir söz demədi. Ayaz qapıya söykənib pıçıldadı:

– Fridun əmi, mənəm, atam deyir, nə edək?

Fridun cavab vermədi, əmniyyə uşağa yaxınlaşdı:

– Nə edəcək, de ki, pul göndərsin... yüzcə tümən. Bir də, külüng tapsın.

Ayaz çəkildi. Qabı bağlamaya bükdü. Əmniyyəyə “sağ ol, əmi” deyib, yola düşdü.

O, yalnız gecədən xeyli keçmiş qayıdıb gəldi. Onun əlində yaylığa bükülü bir şey görən əmniyyə “bəri ver” deyib, acıqlı-acıqlı üstünə yeridikdə, hasarın dalından Musa kişinin öskürməsini eşidib, hay-küydən qorxaraq, yerində dayandı. Ayaz ürəkləndi və onun yanından ötüb, qapıya yanaşdı. Qapı taxtasının arasından yaylığı Friduna uzatdı.

– Atam deyir ki, çox qiymətli şeylərdir. Bu da külüng.

Lakin külüng heç cür taxtanın arasından içəri keçmədi. Uşaq əyilib, astananı yoxladı. Qapının altından əl keçəcək bir boşluq tapdı. Eşib genişlətdi. Külüngün sapını içəri saldı. Yalnız bu zaman Musa kişi arxayınlaşaraq, səssiz addımlarla geri qayıtdı. Fridun külüngü çəkib götürdü.

– Sağ ol, Ayaz, sən burada durma, çıx get.

Ayaz çəkilib getdi. Əmniyyə qapıya yaxınlaşdı:

– İşə başlamamış pulu ver.

Fridun satqın təbiətli bu adamlara inanmaq mümkün olmadığını düşündü. Qızılı əlində cingildətdi:

– Bax, sənin payın budur. Deşiyi açıb, o tərəfə çıxanda verərəm.

Əmniyyə:

– Gələn olsa qışqıracağam “kimsən?”, eşidən kimi dayanarsan, – dedi və həyətin dərinliyinə çəkildi. Fridun qollarını çırmalayıb, tövlənin dal divarını yoxladı. Nisbətən zəif bir yer tapıb, külünglə sökməyə başladı. Külüng dəydikcə palçıq divar uçub tökülürdü. Azca sonra açılan deşikdən içəri sərin hava və işıq doldu. Fridun divarı adam çıxacaq qədər sökdükdən sonra külüngü yerə qoyub, əmniyyəni çağırmaq məqsədilə qapını döydü. Lakin həyətdən deyil, sökülmüş divar tərəfdən səs eşitdi:

– Tez çıx, burada səni gözləyirəm.

Fridun onun ehtiyatkarlığına heyrət edib, çölə çıxdı, qızılları ovcuna basdı. Getmək istərkən əmniyyə çiynindən çəkib saxladı:

– Külüngü də özünlə apar, – deyib tələsik həyətə, keşik çəkməyə getdi.

Fridun külüngü götürüb, iyirmi-otuz addım tövlədən ayrılmamış, Ayazın səsini eşitdi.

– Fridun əmi, bu tərəfdən gəl.

Fridun onun alnından öpdü, başını oxşadı.

– Ah, Ayaz, sən buradasan. Qoltuğundakı boğça nədir?

– Köhnə paltardır, ağam verdi, dəyişsin, kənddən çıxsın, dedi.

Ayaz qabaqda tez-tez gedirdi. Bir neçə döngə keçdikdən sonra bir xarabaya girdi.

– Fridun əmi, içəri keç, burada paltarını dəyiş.

Fridun paltarını dəyişdi, əynindən çıxanları boğçaya büküb, qoltuğuna vurdu. Külüngü isə haman xarabadaca gizlədib, yerini Ayaza göstərdi.

– Ara soyuyanda götürərsiniz – dedi və azca durub, əlavə etdi: – Sən bu küçədən get, mən də başqa yoldan çıxaram.

Uşaq bir dost kimi onun əlini sıxıb, gözdən itdi.

Fridun kəndin sakit küçələrilə gedir, itləri ayıq salacağından qorxaraq, nəfəsini belə çıxarmırdı. Musa kişinin evinin yanından keçəndə qeyri-ixtiyari ayaq saxladı.

İçəri girib, onunla danışmaq, xırmandakı hərəkətinin sirrini öyrənmək istədi. Yadına düşdü ki, o xırmanda olar. Uşaqları oyatmağın da mənası yox idi. Elə beləcə çıxıb getmək, ilk həyat məktəbi olan, başında yeni, hələ yaxşı anlamadığı qəribə fikirlər oyadan kənddən birdəfəlik uzaqlaşmaq istədi. Ayaqları getmədi. Gülnaz, Səriyyə xala, Musa kişi ilə vidalaşmamış getsə, vicdan əzabı çəkəcəyini hiss etdi. Kim bilir, bir də onları görəcəkdimi? Yox, daxilində onları son dəfə görməyə, vidalaşmağa güclü bir ehtiyac duydu. Həm də Musa kişinin təəccüblü hərəkətinin səbəbini bilməyib getsəydi, həmişə bir sual başında hərlənib, ona rahatlıq verməyəcəkdi. Sola buruldu. Kəndin dar və sakit küçəsilə iki yüz addıma qədər gedib, bir xarabalığa keçdi. Qapını döyüb, səs qaldırmadan, bu xarabalığın damından Musa kişinin həyətinə düşmək olardı. O, uçuq-sökük palçıq divardan dırmaşıb dama çıxdı, əyilib həyətə baxdı. Uşaqlar səkinin üstündə yatışırdılar. Dumduru ay işığında onları bir-birindən aydınca seçmək olurdu. Körpələr gündüzkü dəhşəti unutmuş və şirin yuxu içində mışıldayırdılar. Səriyyə arvad, nə isə tərpənir və kəsik-kəsik sözlər deyirdi. Görünür, gündüzkü dəhşətlər bir kabus kimi onu yuxuda da təqib edir, yatmağa qoymurdu. Arvad diksinir və sayıqlayırdı. Gülnaz uşaqlarla onun arasında arxası üstə uzanaraq yatmışdı. Kiçik bir ağ onun qıçlarını və bədənini örtmüşdü. Ayın işığı onların üstündə oynayırdı. Friduna elə gəldi ki, o yatmamışdı. Damın qırağından əyilərək yavaşca:

– Gülnaz... – deyə çağırdı.

Qız dərhal qalxıb oturdu və yastığının altından qədək köynəyini götürüb başına keçirtdi. Fridun damdan həyətə atıldıqda artıq divarın dibinə gəlmiş Gülnaz qollarını uzadıb, onu tutdu. Fridun yıxılmamaq və qızı da özü ilə bərabər yıxmamaq üçün qeyri-ixtiyari olaraq, onun yumşaq və hərarətli çiyinlərindən yapışdı. Qız onun qolları arasına qısıldı. Fridun bundan, nə isə, xoş bir ətir və istilik duydu. Qızın ay işiğında qarışıb itən ala gözlərində bir qığılcım gördü.

Səsə oyanmış Səriyyə xala:

– Adam, kimsən? – deyə soruşdu.

Fridun Gülnazdan ayrılıb, ona tərəf gəldi, Salam verdi:

– Gedirəm, Səriyyə xala, gəldim vidalaşam. Sağ olun, Sizə də əziyyətim dəydi. Bir pisliyim, bir günahım olubsa bağışlayın.

Qara ləçəklə başını örtməyə çalışan Səriyyə xala:

– Nə pislik, oğul, – səndən yaxşılıqdan başqa bir şey görməmişəm. Sağ-salamat get. Allaha şükür ki, o əmniyyənin əlindən salamat qurtardın. Elə indicə yuxuda səni görürdüm. İraq candan, elə də ağır yuxu idi ki. Get, bala, Allah səni pis gündən saxlasın! Bizi də yadından çıxartma.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İyirmi səkkizinci fəsil

Rza Qəhrəmani Friduna bir kömək etmək üçün çox çalışdı. Lakin bütün təşəbbüsləri nəticəsiz qaldı. Xüsusilə sərtib Səliminin və Hikmət İsfahaninin tutulması ilə iş çətinləşdi. Buna baxmayaraq o, məhbəslə əlaqə yaratmaq fikrindən əl çəkmədi. Oranın xırda qulluqçularından birini ələ almağa səy etdi. Fəridənin vasitəsilə, qızı toxucu fabrikində işləyən məhbəs süpürgəçilərindən bir qoca ilə əlaqə yaratdı. Onunla heç olmasa bəzi xəbərləri Friduna çatdırmağa cəhd etdi. Bu, Friduna ruhi qüvvə verər, iradəsini möhkəmlədərdi. Lakin qoca, qızının təklifinə qəti etiraz etdi:– İstəyirsən məni də tutub basalar ora?

52 dəq
İyirmi doqquzuncu fəsil

Müharibə sürətlə inkişaf edirdi. Bu sürətlə müvafiq Tehranın siyasi dairələrində müxtəlif mülahizə və şayiələr gəzirdi. Rza xan müttəfiqlərin təklifini rədd etdiyi günlərdə almanların tezliklə Türkiyə və ya Qafqazdan qoşun keçirib, İranın köməyinə gələcəyinə aid şayiələr yayılmışdı. Lakin onlar sabun köpüyü kimi çox da tez dağılıb getmiş, yerini Hitlerin ünvanına yağdırılan lənətlərə, tam bir ümidsizliyi andıran danışıqlara tərk etmişdi. Artıq orada-burada Rza xandan, onun axır ayaqda nə cür hərəkət edəcəyindən, hara qaçacağından danışırdılar. Yeni dövlət quruluşu, məmləkətin gələcək taleyi hamını məşğul edirdi. Yavaş-yavaş inqilabi demokratik fikirlər, daha geniş dairələri əhatə etməyə başlayırdı. Fəhlə və kəndlilərlə dağınıq qüvvələrini birləşdirmək arzuları qüvvətlənirdi.Həyat və cəmiyyətin dərinliklərində yetişmiş və uzun müddət boğularaq, özünü göstərə bilməmiş ictimai qüvvələr baş qaldırır, böyük zəlzələ ilə torpağı çatladaraq, yuxarı püskürən vulkan kimi, hər şeyin altını üstünə çevirəcəyi ilə hakim təbəqələri təhdid edirdi. Yuxarı siniflər, istibdad və irtica qüvvələri onun bütün vüsətilə özünü göstərə biləcəyini hiss etdikdə qorxudan titrəyir, yaxınlaşmaqda olan fırtınanı yatırtmaq yollarını axtarırdı. Bu qorxu, bu vahimə Həkimülmülk və Rza xanları, mister Tomas və mister Haroldları daha artıq bir-birinə yaxınlaşdırır, təhlükə duyan canavarlar kimi bir dəstə halına salırdı. Xalqın hərəkətə gələcəyi, öz iradə və varlığını göstərə biləcəyi imkanı onları dəhşətə gətirirdi. Onlar uzaq gələcəyin mübarizəsinə hazırlaşır, yalan, böhtan, riyakarlıq kimi öz alçaq mübarizə silahlarını itiləyirdilər. Sovet xalqı, milyonlarla sovet əsgəri, qadın və kişiləri bəşər tarixinin görmədiyi bir qəhrəmanlıqla hər cür fəlakət və qurbanlara dözərək, bütün xalqların, bütün bəşəriyyətin azadlıq və gələcəyini Hitler yırtıcılarından qoruyarkən, Amerika, İngiltərə və İran mürtəceləri Tehranda oturub, gələcək mübarizənin riyakar planlarını tökürdülər. Xalq hərəkatının, demokratik inkişafın qarşısını almaq, Sovetlərə qarşı düşmənçilik siyasətini davam etdirmək yollarını axtarırdılar. Bütün millətlərin mülkiyyətçi və kapitalist sinfinə xas olan müxtəlif alçaq və vəhşi sifətlərdən əlavə, İran hakim və varlı təbəqəsinin özünəməxsus bir keyfiyyəti də vardır. Bu da onun doğulduğu gündən ictimai idealdan məhrum olmasıdır. Buna görə də o, hədsiz dərəcədə simasız və ikiüzlüdür. Bütün bu sinfin təbiəti olan bu keyfiyyət, bir dəryanın tərkibi bir zərrədə əks olunan kimi, həmin sinfin hər bir fərdinin, hər bir şəxsiyyətinin təfəkkür və əməllərində, əxlaq və adətlərində öz ifadəsini tapmışdır.

34 dəq
Otuzuncu fəsil

Anasının ölümü Gülnaz üçün ağır taleyinin ən gözlənilməz bir zərbəsi oldu. İlk günlər o, tamam bir ümidsizlik içinə düşdü. Budur, qəlbində oyaymağa başlayan və onu mübarizəyə sövq edən hisslər sanki bir anlıq məhv olub getdi. Yenə nəhayətsiz bir tənhalıq duyğusu onun varlığına hakim oldu. Artıq onun bu böyük dünyada heç kəsi yox idi. O, kimsəsiz və pənahsız idi. Niyə özünü öldürmədiyinə, niyə anası ilə bir yerdə qəbrə girmədiyinə, yenidən bu cəhənnəmdə yaşamağa razı olduğuna da hərdən təəccüb edirdi. Bundan sonra o nə üçün yaşamalı, kimin yolunu gözləməli idi?.. Fridun dardan asılmış, atası kim bilir harada ölüb qalmışdı?Lakin bu bədbin və ezici düşüncələr, belə sağlam və gənc ürəkdəki həyat qüvvəsini, həyat eşqini, dumanlı və şirin arzuları boğub susdura bilmirdi... Yaşamaq, yaşamaq lazım idi. Onun ölümü ilə heç kəs səadətə çatmayacaqdı! Ölmək asan idi; həmişə mümkün idi! Lakin o yalnız özü üçünmü yaşayırdı? Bəs, yoxsul bir kəndli evində buraxıb gəldikləri balaca Almaz? Bəs Tehranın dolanbac küçələri, başaçılmaz hay-küyü içərisində itmiş Ayaz?.. Ah, kaş qardaşı və bacısı sağ olaydı. Gülnaz bütün zəncirləri qırar, bu zindandan qaçıb, onları tapar, qapılarda qulluqçuluq edərək, gecə-gündüz işlər və onları yaşadardı, uçuq bir daxmada sınıq bir kürsü başında olsa da, onlarla insana hər dərdi unutduran bir səadət tapardı!.. Yox, o körpələri tapmaq və böyütmək üçün yaşamağa, hər zülmə dözməyə dəyərdi... Sabahdanca küçələrə düşəcək, Ayazı axtarıb tapacaqdı və birbaş kəndə gedəcəkdi! Orada balaca Almazı da götürüb ata yurdunun bağlanmış qapılarını açacaqdı, axşam olub qaranlıq qovuşanda onların da evində işıq yanacaqdı. Cümə axşamları qapılarına gələn ata-babalarının ruhu peşman qayıtmayacaqdı. Kəndlilər “qeyrətli qızdır, ata ocağını birdəfəlik sönməyə qoymadı...” deyə ona hörmət edəcəkdilər...

12 dəq
Otuz birinci fəsil

Sovet ordusu Tehranın şimalında Kirəcdə dayanmışdı. Cənubda, Kirmanşahda ingilis qoşunları ilə İran qoşunları arasında saziş əmələ gəlmişdi.Tehranda vəziyyətin ən gərgin zamanı idi. Qoşunlar qaçmış, idarələr pozulmuş, tam bir hərc-mərclik yaranmışdı. Hakimiyyət adına hələ də zahiri bir sükut içərisində yaşayan saraydan başqa, heç bir şey qalmamışdı.

14 dəq

Başqa şairlərin şeirləri