Birinci fəsil
Səhifə 4 / 11 · 27%
– Bəlkə, bu il bəxtimiz açıldı... Ərbabın su pulunu verdim, uşaqlara əyin-baş düzəldib, bir çərək torpaq ala bildim. Çox yox, bircə çərək!
İki yandan sovuruq atmağa başladılar. Bu zaman qonşu xırmandan yad və amiranə bir səs eşidildi:
– Gədə, buğdanın ayağını düzəlt, dəci mənə ver!
Fridun əl saxlayıb, yad səsə qulaq asdı.
Musa kişi:
– Ərbabın adamıdır, mübaşir Məmməddir, gəlib buğdaları dəcləsin, – dedi. Fridunun təəccüblə baxdığını görərək, anlatmağa başladı:
– Kəndin hekayəti uzundur, oğul, xırmanda hazırlanmış taxıla kəndlinin əl vurmağa haqqı yoxdur. O gərək dəclənsin. Bir neçə gün sonra mübaşir gəlib böləcək. Ya iki pay kəndliyə verəcək, üç pay ərbaba götürəcək, ya da bir pay kəndliyə verəcək, dörd pay ərbaba götürəcək. O da baxır şərtinə, hansı şərtlə əkin əkiblər. O şərtlə də böləcəklər. Nə qədər ki, mübaşir gəlməyib, dəci pozmaq olmaz.
Fridun heyrətlə:
– Birdən külək oldu, ya heyvan gəldi dəci pozdu. Bəs onda? – deyə soruşdu.
– Ərbab Allahdan elə bir fürsət axtarır. Dəci pozmusan, taxılı oğurlamısan deyib, bütün məhsulu çəkib aparır. Allah eləməsin adamın başına elə müsibət gəlsin. – Bu fikirdən qorxmuş kimi təkrar etdi:
– Allah heç kafirin də başına elə iş gətirməsin!
İkisi də susdu. Sürətlə sovuruq ataraq, bu pis fikri başlarından qovmağa çalışırdılar. Mübaşir onlara yaxınlaşdı. Sovuruğu yoxladı və “bir azdan sonra gəlib dəclərəm” deyib getdi.
Gecədən xeyli keçmiş, süd kimi ay işığında onlar sovuruğu qurtardılar. Samanı bir yana, buğdanı bir yana yığdılar. Mübaşir Məmməd fənərlə tövşüyə-tövşüyə gəlib, samana baxdı:
– Dən qalmayıb ki? – deyə soruşdu.
Musa kişi tez cavab verdi:
– Xeyr, ağa, samanı iki dəfə sovurmuşam.
Mübaşir Məmməd xırmanın o yan-bu yanını gəzdi. Taxtadan qayrılmış dəci əlinə aldı. Dəc malaya oxşayırdı. Balaca müstəqim şəklində idi. Altı diş-diş, üstündə isə eynən balanınkı kimi bir dəstəyi vardı. Döyülmüş, sovrulub təmizlənmiş sarı buğda böyük bir piramida şəklində xırmanın kənarına yığılmışdı. Mübaşir əlində dəc bu piramidaya yaxınlaşdı. “Bismillah” deyib, dəci piramidanın – buğdanın dik başına basdı. Dəcin dişləri orada, kağız üzərinə basılmış möhür kimi iz buraxdı. Sonra mübaşir yavaş-yavaş, qayda ilə piramidanı dövrə dolana-dolana üzüaşağı bütün buğdanı bu cür dəclədi. Dəc basıldıqca yatıb enlənmiş piramidanın – buğdanın ətəklərini yığışdırdı və oranı da dövrə dolana-dolana dəclədi. Sanki çəkilmiş bir şəkil haşiyə içinə alındı. Bundan sonra mübaşir xırmanı tərk etdi. Musa kişi üzünü Friduna tutdu:
– Oğul, keç bir az yat, yorulmusan, səhər də tezdən duracaqsan.
O, cavab gözləmədən başını dərzin üstə qoyaraq uzandı. Fridun da dərzin birinə söykənərək, arxası üstə yatıb, ayın parlaq işığı içində sayrışan ulduzlara və mavi göylərə tamaşa etməyə başladı. Yorğun olduğuna baxmayaraq, uzun müddət onu yuxu aparmadı.
Bir azdan sonra Musa kişinin xorultusu xırmana yayıldı. Fridun xəyal içində, mavi və nəhayətsiz göy mənzərəsinə tamaşa etdiyi yerdə mürgüləməyə başladı. Bu zaman uzaqdan, lap uzaqdan bir bayatı səsi qalxdı. Fridun bu səsi yuxudamı, ayıqlıqdamı eşitdiyini seçə bilmirdi. Ona şirin bir ana laylası qədər xoş gələn bu səs bir xəyal kimi mavi boşluqlara axıb gedirdi.
Təbriz üstü Marağa,
Zülfün gəlməz darağa.
Gecə-gündüz dalınca
Gəzdim soraq-sorağa.
Bu səsə qulaq asa-asa nə vaxt yuxuya getdiyini bilmədi.
Gecə öz pərdəsini yığıb gedir, dan yeri sökülürdü. Fridun Musa dayının “Allahü əkbər” səsinə yuxudan ayıldı. Hava sakit idi. Axşamdan əsən meh gecəyarısı kəsilmişdi. Buna baxmayaraq, çöllərdən, təpələrdən, hələ biçilib qurtarmamış və başını aşağı dikmiş zəmilərdən yüngül və sərin bir hava otların iyini, sünbüllərin qoxusunu xırmana gətirirdi.
Nə üfüqlərdə, nə də göy üzündə bir tikə bulud yox idi. Mavi boşluqlar göz işlədikcə uzanıb gedirdi. Gündüz çox isti olacaqdı.
Fridun qalxıb, üst-başını təmizlədi, gecənin ayazında buz kimi olmuş kuzənin suyu ilə əl-üzünü yudu. Sanki ona yeni bir həyat gəldi. Balaca ot tayasının yanında gövşəyən öküzləri gətirib, vələ qoşdu, özü də vəlin üstünə çıxdı. İlk dəfə Musa kişidən eşitdikdə ləzzətdən qəhqəhə çəkib güldüyü sözlərlə öküzləri səslədi:
– Ha, ha, dədəm sənə qurban, ha...
Öküzlər tərpəndi. Vəl gecədən xırmana döşənmiş küləşin üstündə oynamağa başladı. Hələ vəl yerini yumşaltmadığından atılıb-düşür, o yana-bu yana qaçırdı. Fridun zorla özünü onun üstündə saxlayaraq, öküzlərin ipini çəkir və haylayırdı. Xırmanı beş-altı dəfə dolandıqdan sonra vəl öz yerini yumşaltdı. Buz üstündə hərəkət edən kirşə kimi sürüşüb getməyə başladı. Fridun gah öküzləri səsləyir, gah çiyni üstündən dönərək, vəlin sünbülləri yumşaltdığına, əzib bir-birinə qatdığına baxırdı. İri buğda dənələri samanın arasında saralırdı. Ayların ağır zəhmətinin məhsulunu görən Fridun qəlbində təbii bir sevinc duyurdu. Səhərin ilk nəfəsi yenicə çırtlamağa başlayan şərq üfüqündəki qızartılar bu sevinci artırırdı. Keyfinin belə duru baxtında o dodaqaltı zümzüməyə başladı. Oxuduğu Saib Təbrizinin:
“Nə ehtiyac ki, saqi verə şərab sənə,
Ki verdi badəsini çünki afitab sənə”.
– beytilə başlayan məşhur qəzəli idi. Həmişə Gülnazın aya oxşar üzünə baxdıqda bu qəzəl yadına düşürdü. Eynilə bu qəzəli oxuduğu zaman, Gülnazın ala gözləri, ay bənizi gəlib xəyalında canlanırdı. Sanki Saib Təbrizi öz qəzəlini Gülnaza həsr etmişdi.
O, Zabul segahı üstündə Saibin bu qəzəlini oxuduqca dərin bir zövq duyurdu. Ətraf da xəbərsiz kimi, öz xəyalına, öz daxili aləminə qapılmışdı. Birdən nə isə tayanın dalından bir cüt gözün onu təqib etdiyini duydu. Dönüb baxdıqda, dərzlərin dalından Gülnazın boylandığını gördü. Qızın iri ala gözləri ilk gəncliyə məxsus bir maraq və həvəslə Friduna dikilib durmuşdu. Qeyri-ixtiyari göz-gözə gəldikdə, gənc onun baxışları altında özünü itirən kimi oldu: qəlbində xəfif bir həyəcan duydu. Görünür ki, qız da həyəcanlı idi. Çünki öküzlər xırmanı dolanıb, ikinci dəfə tayanın tuşundan keçəndə Fridun onun qızardığını gördü. Bir anda “bu qız afət olacaqdır” deyə bir fikir başından keçdi. Onun dalınca da başqa fikirlər sel kimi axıb gəldi. Ah! Nə olaydı, kənddə məktəb olaydı! Gülnaz və onun kimi başqa kəndli qızları da oxuya idi! İmkan olsa idi, Fridun, özü onu oxudar, Təbrizə göndərərdi. Nə xoş, nə gözəl bir əməldir! Gülnazı oxutmaq, onu həyatın kələ-kötür yollarında mətin addımlarla yeritmək! Bu fikir Friduna qəribə göründü. Doğrudan da, təqdirəlayiq və romantik bir hərəkət olmazmı? Bu şəraitdə hər hansı bir küncdə saralıb solacağı mühəqqəq olan kasıb, yoxsul, çıl-çılpaq bir kəndli qızını oxutmaq, insan içərisinə çıxarmaq, ona özünün necə yaxşı işlər görməyə qabil olduğunu göstərmək! Sonra da bu qızla əl-ələ verib, yazıq vətənin yaralarını sağaltmaq üçün çarpışmaq!..
O, artıq bunu qəti qərara almış kimi, Musa kişinin, Səriyyə xalanın razı olub-olmayacağını düşünməyə başladı. İki ay bundan qabaq, kəndə yenicə gəldiyi zaman o qədər də əhəmiyyət vermədiyi, lakin harada isə, daxilində gizlənib qalan bir hadisə xəyalında canlandı: gecə idi, o, axşamdan soyunub səkidə yatmışdı. Səriyyə xala da uşaqları yatırıb, Musa kişinin yasdığının yanında oturmuşdu. Fridun yarıyuxulu halda onların danışığını eşidirdi. Səriyyə xala:
– Kişi, göz dəyməsin, Fridun nə yaxşı oğlan olub, heç on beş il bundan qabaqkı dəcəl uşağa oxşamır, ağırtəbiət və ağıllı bir oğlandır!
Musa kişi onun sözlərini təsdiq etdi:
– Onda körpə uşaq idi, arvad, doqquz yaşı ola-olmaya idi. O vaxtdan on beş il gəlib keçib. Böyüyüb, yekə kişi olub!..
– Onda rəhmətlik anası ilə gəlmişdi. Çox yaxşı arvad idi.
– Eh... Bibiqızının sən nəyini gördün. Ömründə bircə həftə qonağın oldu.
– Adamın pisini-yaxşısını bir həftədə yox, lap bir saatda tanımaq olar. Oğlanın da bir suyu lap o rəhmətliyə oxşayıb.
– Sən də mənim kimi adam tanıyansan, arvad... Mən dünyada çox adamlar görmüşəm. Bu cür nəcibinə rast gəlməmişəm. Amma bu, anasından çox, rəhmətlik atasına çəkib. O da ağır və təmiz kişi idi. Öləndə bunun ancaq on yaşı olardı. Yetimçiliklə böyüsə də fərasətli çıxdı.
– Atası, gərək ki, yatalaqdan öldü, hə?..
– Tehrana gəldiklərinin üçüncü ili kişini yatalaq tutdu. Həmişə Azərşəhrdə olardılar. Sonra əlləri aşağı düşdü. Gedib Tehrana çıxdılar. O xaraba da bir qəbir kimi, atasını da, anasını da yedi. Qalan bircə bu oldu...
Kitabxana.az · https://kitabxana.az/works/mirze-ibrahimov-gelecek-gun-birinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Rza Qəhrəmani Friduna bir kömək etmək üçün çox çalışdı. Lakin bütün təşəbbüsləri nəticəsiz qaldı. Xüsusilə sərtib Səliminin və Hikmət İsfahaninin tutulması ilə iş çətinləşdi. Buna baxmayaraq o, məhbəslə əlaqə yaratmaq fikrindən əl çəkmədi. Oranın xırda qulluqçularından birini ələ almağa səy etdi. Fəridənin vasitəsilə, qızı toxucu fabrikində işləyən məhbəs süpürgəçilərindən bir qoca ilə əlaqə yaratdı. Onunla heç olmasa bəzi xəbərləri Friduna çatdırmağa cəhd etdi. Bu, Friduna ruhi qüvvə verər, iradəsini möhkəmlədərdi. Lakin qoca, qızının təklifinə qəti etiraz etdi:– İstəyirsən məni də tutub basalar ora?
İyirmi doqquzuncu fəsilMüharibə sürətlə inkişaf edirdi. Bu sürətlə müvafiq Tehranın siyasi dairələrində müxtəlif mülahizə və şayiələr gəzirdi. Rza xan müttəfiqlərin təklifini rədd etdiyi günlərdə almanların tezliklə Türkiyə və ya Qafqazdan qoşun keçirib, İranın köməyinə gələcəyinə aid şayiələr yayılmışdı. Lakin onlar sabun köpüyü kimi çox da tez dağılıb getmiş, yerini Hitlerin ünvanına yağdırılan lənətlərə, tam bir ümidsizliyi andıran danışıqlara tərk etmişdi. Artıq orada-burada Rza xandan, onun axır ayaqda nə cür hərəkət edəcəyindən, hara qaçacağından danışırdılar. Yeni dövlət quruluşu, məmləkətin gələcək taleyi hamını məşğul edirdi. Yavaş-yavaş inqilabi demokratik fikirlər, daha geniş dairələri əhatə etməyə başlayırdı. Fəhlə və kəndlilərlə dağınıq qüvvələrini birləşdirmək arzuları qüvvətlənirdi.Həyat və cəmiyyətin dərinliklərində yetişmiş və uzun müddət boğularaq, özünü göstərə bilməmiş ictimai qüvvələr baş qaldırır, böyük zəlzələ ilə torpağı çatladaraq, yuxarı püskürən vulkan kimi, hər şeyin altını üstünə çevirəcəyi ilə hakim təbəqələri təhdid edirdi. Yuxarı siniflər, istibdad və irtica qüvvələri onun bütün vüsətilə özünü göstərə biləcəyini hiss etdikdə qorxudan titrəyir, yaxınlaşmaqda olan fırtınanı yatırtmaq yollarını axtarırdı. Bu qorxu, bu vahimə Həkimülmülk və Rza xanları, mister Tomas və mister Haroldları daha artıq bir-birinə yaxınlaşdırır, təhlükə duyan canavarlar kimi bir dəstə halına salırdı. Xalqın hərəkətə gələcəyi, öz iradə və varlığını göstərə biləcəyi imkanı onları dəhşətə gətirirdi. Onlar uzaq gələcəyin mübarizəsinə hazırlaşır, yalan, böhtan, riyakarlıq kimi öz alçaq mübarizə silahlarını itiləyirdilər. Sovet xalqı, milyonlarla sovet əsgəri, qadın və kişiləri bəşər tarixinin görmədiyi bir qəhrəmanlıqla hər cür fəlakət və qurbanlara dözərək, bütün xalqların, bütün bəşəriyyətin azadlıq və gələcəyini Hitler yırtıcılarından qoruyarkən, Amerika, İngiltərə və İran mürtəceləri Tehranda oturub, gələcək mübarizənin riyakar planlarını tökürdülər. Xalq hərəkatının, demokratik inkişafın qarşısını almaq, Sovetlərə qarşı düşmənçilik siyasətini davam etdirmək yollarını axtarırdılar. Bütün millətlərin mülkiyyətçi və kapitalist sinfinə xas olan müxtəlif alçaq və vəhşi sifətlərdən əlavə, İran hakim və varlı təbəqəsinin özünəməxsus bir keyfiyyəti də vardır. Bu da onun doğulduğu gündən ictimai idealdan məhrum olmasıdır. Buna görə də o, hədsiz dərəcədə simasız və ikiüzlüdür. Bütün bu sinfin təbiəti olan bu keyfiyyət, bir dəryanın tərkibi bir zərrədə əks olunan kimi, həmin sinfin hər bir fərdinin, hər bir şəxsiyyətinin təfəkkür və əməllərində, əxlaq və adətlərində öz ifadəsini tapmışdır.
Otuzuncu fəsilAnasının ölümü Gülnaz üçün ağır taleyinin ən gözlənilməz bir zərbəsi oldu. İlk günlər o, tamam bir ümidsizlik içinə düşdü. Budur, qəlbində oyaymağa başlayan və onu mübarizəyə sövq edən hisslər sanki bir anlıq məhv olub getdi. Yenə nəhayətsiz bir tənhalıq duyğusu onun varlığına hakim oldu. Artıq onun bu böyük dünyada heç kəsi yox idi. O, kimsəsiz və pənahsız idi. Niyə özünü öldürmədiyinə, niyə anası ilə bir yerdə qəbrə girmədiyinə, yenidən bu cəhənnəmdə yaşamağa razı olduğuna da hərdən təəccüb edirdi. Bundan sonra o nə üçün yaşamalı, kimin yolunu gözləməli idi?.. Fridun dardan asılmış, atası kim bilir harada ölüb qalmışdı?Lakin bu bədbin və ezici düşüncələr, belə sağlam və gənc ürəkdəki həyat qüvvəsini, həyat eşqini, dumanlı və şirin arzuları boğub susdura bilmirdi... Yaşamaq, yaşamaq lazım idi. Onun ölümü ilə heç kəs səadətə çatmayacaqdı! Ölmək asan idi; həmişə mümkün idi! Lakin o yalnız özü üçünmü yaşayırdı? Bəs, yoxsul bir kəndli evində buraxıb gəldikləri balaca Almaz? Bəs Tehranın dolanbac küçələri, başaçılmaz hay-küyü içərisində itmiş Ayaz?.. Ah, kaş qardaşı və bacısı sağ olaydı. Gülnaz bütün zəncirləri qırar, bu zindandan qaçıb, onları tapar, qapılarda qulluqçuluq edərək, gecə-gündüz işlər və onları yaşadardı, uçuq bir daxmada sınıq bir kürsü başında olsa da, onlarla insana hər dərdi unutduran bir səadət tapardı!.. Yox, o körpələri tapmaq və böyütmək üçün yaşamağa, hər zülmə dözməyə dəyərdi... Sabahdanca küçələrə düşəcək, Ayazı axtarıb tapacaqdı və birbaş kəndə gedəcəkdi! Orada balaca Almazı da götürüb ata yurdunun bağlanmış qapılarını açacaqdı, axşam olub qaranlıq qovuşanda onların da evində işıq yanacaqdı. Cümə axşamları qapılarına gələn ata-babalarının ruhu peşman qayıtmayacaqdı. Kəndlilər “qeyrətli qızdır, ata ocağını birdəfəlik sönməyə qoymadı...” deyə ona hörmət edəcəkdilər...
Otuz birinci fəsilSovet ordusu Tehranın şimalında Kirəcdə dayanmışdı. Cənubda, Kirmanşahda ingilis qoşunları ilə İran qoşunları arasında saziş əmələ gəlmişdi.Tehranda vəziyyətin ən gərgin zamanı idi. Qoşunlar qaçmış, idarələr pozulmuş, tam bir hərc-mərclik yaranmışdı. Hakimiyyət adına hələ də zahiri bir sükut içərisində yaşayan saraydan başqa, heç bir şey qalmamışdı.
Başqa şairlərin şeirləri
Könlümün hər dəm girər ol mahsima qoynuna,Yeridür gər girsə Xurşidnin Məsiha qoynuna.
Qəm çəkmə, ey könül, yenə canan sevir səniQəm çəkmə, ey könül, yenə canan sevir səni,Dərdindən öldüyün güli-xəndan sevir səni.
Yer üzündə bir evim var...Yer üzündə bir evim varPəncərəsi günəşə.
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd