Birinci fəsil
Səhifə 7 / 11 · 55%
– Bəs əvvəlki söz nə oldu?
– Bizim balalarımız torpaq yesin?
– Ölsək də beşdən iki götürəcəyik.
Bu hay-küy içərisində kütlə hərəkətə gəldi. Onunla ağalar arasındakı dairə xeyli daraldı. Hikmət İsfahaninin əsəbiləşdiyini görən əmniyyələr tüfəngin qundağı ilə camaatı geri oturtdular. Mübaşir Məmməd camaata qışqırdı:
– Bir sakit olun, qoyun sürüsü kimi bir-birinizə dəyməyin!
Kim isə:
– Sən səsini kəssən yaxşıdır! – deyə cavab verdi.
Mübaşir Məmməd nə qədər boylandısa bu sözü deyənin kim olduğunu ayırd edə bilmədi. Kütlənin içindən başqa bir səs eşidildi:
– Ay camaat, ay camaat, bir yol verin!
Bu səsdə bir həyəcan, bir inilti və qəzəb vardı. Kəndlilər bir-birini sıxışdıraraq, aralığı açıb onu qabağa buraxdılar. Fridun, Musa kişinin üsyankar bir sifətlə Hikmət İsfahaninin qabağında durduğunu gördü. O öz üç uşağını sağ tərəfinə, Həsənalının altı yetimini də sol tərəfinə düzmüşdü. O, Hikmət İsfahaninin qarşısında ikiqat əyilərək:
– Ağa, dədəm sənə qurban, – dedi, – bu tifillərə bax, bizə yazığın gəlsin. Bax, görürsən ki, boğazları çöpdən nazik, qarınları tuluq kimi şişib. Niyə? Ac qalmaqdan, çirkli su içməkdən! Əyinlərini də ki, Allaha şükür, görürsən, çıl-çılpaqdır. Bizə yazığın gəlsin, ağa! Hamımız bu gündəyik.
Mübaşir Məmməd yenə əyilib, Hikmət İsfahaninin qulağına nə isə pıçıldadı. Hikmət İsfahani Musa kişinin üstünə qışqırdı:
– Heç utanmırsan, kişi! Üç ildir su pulunu vermirsən, bir söz demirəm. Bu da yaxşılığın əvəzidir?
Musa kişi yalvardı:
– Ağa, dədəm sənə qurban, hər il verirəm, qurtarmaq bilmir. Mən verdikcə o artır.
– Birdəfəlik ver, müamiləsi üstünə gəlməsin!
– Neyləyək, ağa, verərəm. Sən bu il bizə rəhm elə, bu tifillərin boğazını kəsmə, biz də borcundan çıxarıq. Allah kərimdir.
Hikmət İsfahani yuxarıdan aşağı nifrətlə ona baxdı:
– Yenə var, yoxsa hamısı budur?..
Musa kişi sualın mənasını başa düşmədi:
– Qanmadım, dədəm sənə qurban, nə buyurdun?
Mübaşir Məmməd dilləndi:
– Ağa buyurdu ki, övladın yenə var, yoxsa hamısı bunlardır?
Musa kişi ciddiyyətlə cavab verdi:
– Bu üçdən başqa biri də var. Yekə qız uşağıdır. Həya elədim, gətirmədim.
Hikmət İsfahaninin dodaqlarında zəhərli bir gülüş göründü:
– Azdır, çox azdır!.. Hələ gərək bir beş-altısı da olaydı. Qurumsaq kişi!.. Qarnına yeməyə bir tikə çörək tapa bilmir. İt küçüyü kimi dördünü düzüb yan-yana...
Musa kişi vəziyyətini pozmadan:
– Allah verəndir, dədəm sənə qurban, – dedi, – Allah verəndir. Uşağı verən çörəyini də yetirər... Sən bizə rəhm eləsən, birtəhər dolanarıq...
– Bəs bu altısı kimindir?
– Ağa, başına dönüm, yetim kimi bir şeydilər. Dədələrini ikicə gün əvvəl elə buradaca ilan çaldı. Qıçını kəsməli olduq. İndi əlil-zəlil yatır evdə. Bu yetimlərin ruzisini kəsmə, ağa, rəhm elə!
– İmam Rza yolçusu kimi zəhləmizi tökmə, kişi! Yana çəkil!
– Allahdan qorx, ağa!.. Fağır çörəyini yemə, Allahdan qorx!
Mübaşir Məmməd Hikmət İsfahaninin qulağına tərəf əyildi və yenə nə isə pıçıldadı. Hikmət İsfahani ayağa durdu:
– Kişi, yəni sən Allaha-zada inanmırsan? – deyə, Musa kişinin yaxasından yapışdı.
– Əstəğfürulla elə, dədəm sənə qurban... Əstəğfürulla elə. Ağzın quruyar...
– Yox, inanmırsan deyirəm! Sən Allaha inansan, gecə dəclənmiş buğdanı xırmandan oğurlayıb, evinə daşımazsan.
Musa kişi heyrətlə camaata baxdı. Camaat yerində qurumuş kimi durmuşdu.
– Buyur, dədəm sənə qurban, o buğda, o da sən. Gecə necə dəclənib, elə də durur.
Camaat Musa kişinin xırmanına tərəf hərəkət etdi. Mübaşir Məmməd qabaqda, dalınca Hikmət İsfahani və onunla gələn başqa üç nəfər gedirdi. Musa kişi balaca uşaqları da yadından çıxarıb, hamıdan qabaq xırmana tərəf qaçırdı. Basırıq və hay-küy içindən bir uşaq naləsi eşidildi. Kim isə:
– Ay Səriyyə bacı, gəl bu körpəni götür, ayaq altında qalıb əzilər, yazıqdır, – deyə səsləndi.
Səriyyə xala şikayətləndi:
– Nə edim əzilər. Allah hamısını qırsın, canımız qurtarsın!..
Xırmana çatdıqda hamını heyrət aldı. Doğrudan da, piramida buğdanın dəci pozulmuşdu. Hikmət İsfahani Musa kişinin boynundan aşağı basıb, dağılmış buğdanı göstərdi:
– Hə, bu nədir?.. Bu nədir?
Musa kişi dəli kimi bir buğdaya, bir də mübaşir Məmmədə və Əli əmniyyəbaşıya baxıb qışqırdı:
– Camaat, inanmayın! Bu, buğdaların hamısını əlimizdən almaq üçün bir bəhanədir, yalandır!..
Hikmət İsfahani qızardı:
– Deməli, sən dəci pozmamısan, hə?
– Xeyr, Allah bilir ki, mən dəci pozmamışam.
– Yaxşı, onda yoxlayacağam. Qurana əl basdıracağam.
Kəndlilər arasında yenə bir uğultu dolandı. Hikmət İsfahani, bayaqdan bəri heç bir söz deməyib duran nazik, uzunboylu, qəribə uyğunsuz bir görkəmi olan adama döndü:
– Ağayi Sofi İranpərəst, qabağa buyur. Bunlara anlat ki, yalandan and içənə Allah necə qəzəb edər. İrəli keç!
Sofi İranpərəst əlində meşin cildli bir kitab qabağa çıxdı:
– Camaat, budur Quran, Allahın əmri, Məhəmmədin vəsiyyəti budur. Buna yalandan and içən Allah-taalanın qəzəbinə düçar olur. Yerindəcə quruyub, daşa dönür. Necə ki, dünən Sərabın Duzzan kəndində Məşədi Hüseyn, Məşhəd ona qənim olsun, Qurana əl basanda dirsəkdən aşağı əli quruyub, döndü taxtaya. Kərbəlayı Məmməd yeddi addım atıb, Həzrət Abbasa and içib, torpaq qalağını dağıdan yerdə qaralıb, oldu bir tikə daş. Allah-taalanın qəzəbi belədir. İndi kimin hünəri var, buyursun meydana.
O, sözünü qurtarıb, kənara çəkildi. Hikmət İsfahani onu saxladı:
– Yeri, yeddi addım say, qoy gəlib and içsin. Sözüm yoxdur, o and içsin, mən də halal eləyim. Lap yüz xalvar da aparmış olsa, halal xoşu olsun!
Camaat kənara çəkildi. Sofi İranpərəst yeddi addım sayıb, torpaqdan küt bir qalaq qayırdı. Quran əlində onun yanında durdu. Camaat gərgin bir vəziyyətdə Musa kişiyə baxırdı. Fridunun da nəzərləri onda idi. Onun gözlərində ağır bir peşmançılığın izləri vardı...
Hikmət İsfahani:
– Hə, di buyur. And iç, sözü qurtaraq, – dedi.
Musa kişi qıçları əsə-əsə üç addım atdı. Dördüncü addımda dayandı. Dönüb, Hikmət İsfahaninin ayaqlarını qucaqladı:
– Ağa, mənə rəhmin gəlsin, çevir məni balalarımın başına, hamısını götür get, heç şey istəmirəm!
Hikmət İsfahani ayağı ilə onu itələdi:
– Yox, belə dinsizləri cəzasız qoymaq özü Allah yanında böyük bir günahdır, – dedi və üzünü Əli əmniyyəbaşıya tutdu:
– Kəndir gətirin, bu dinsizi ağaca səriyin, iki yüz çubuq.
Əli əmniyyəbaşı o biri iki əmniyyəyə baxdı, qaşını tərpətdi. Əmniyyələr tez hərəkət etdilər. Heç kəs səsini çıxarmırdı. Musa kişi ölü kimi başını sallayıb durmuşdu. Fridun ona baxır və tərəddüd içərisində düşünürdü. Onun dəci pozub taxıl oğurladığına inana bilmirdi. İndiki hərəkətlərini də anlamaqdan aciz qalmışdı.
Əmniyyələr Musa kişini soyundurdular, qalın bir kəndirlə yoğun çinar ağacına sarıdılar. Fridun bir ona, bir də Hikmət İsfahaniyə baxdı. Hikmət İsfahani özü ilə şəhərdən gəlmiş və zahiri görkəmindən əcnəbiyə oxşayan adamlardan birisinə müraciət etdi:
– Mister Harold, sizə çətin olar. Gedin, biz işimizi qurtarıb gələrik. Bunlar müsəlmandır, döyülməsələr Allaha bəndəlik eləməzlər. Mister Harold, bəlkə, siz gedəsiniz?
Mister Harold soyuqqanlılıqla gülümsədi. Bir sirk oyunu gözləyən tamaşaçı marağı ilə:
– Xeyr, xeyr – dedi, – çox maraqlıdır. Buna Amerikada radikal tədbir deyirlər... Çox maraqlıdır! Belə olmasa, məmləkətdə qanun-qayda qalmaz. Güc ədalətin yoldaşıdır, mister İsfahani, işinizdə olun.
Əmniyyələr Musa kişini ağaca bağlayıb, yaş söyüd çubuqlarını onun lüt bədəninə çırpmağa başladılar...
Musa kişi ağrılara dözməyə, inildəyib ağlamaqdan çəkinməyə çalışırdı. Fridun onun işgəncədən eybəcər hala düşmüş üzünə, qurumuş dodaqlarına baxdıqda gözləri dumanlanan kimi oldu. Səriyyə xalanın və körpələrin naləsi qulağına çatdı. Dönüb onlara baxdıqda, Gülnazın ala gözlərindən yanaqlarına doğru süzülən göz yaşlarını gördü və davam gətirə bilməyib özünü qabağa atdı:
– Dayanın, vurmayın! – dedi. – Onda günah yoxdur. O, bulağa su gətirməyə getmişdi. Mən vəli qoşmaq istəyəndə ayağım xəlbirə ilişdi, buğdanın üstə yıxıldım. Dəc pozuldu. Onda günah yoxdur...
Kəndlilər, dincəlmiş kimi dərindən nəfəs aldılar. Hikmət İsfahani üzünü Sofi İranpərəstə tutdu:
– Yeri, yeddi addım say!
Sofi İranpərəst yenə yeddi addım saydı. Yenə əlində Quran torpaq qalağının yanında durdu. Fridun qətiyyət və cəsarətlə yeddi addım yeriyib, torpağı dağıtdı, Qurana əl basdı:
– Bu Quran haqqı, düz deyirəm.
Camaatdan sevinclə dolu bir səs çıxdı. Musa kişini açıb, paltarını özünə verdilər. Fridun qayıdıb, Hikmət İsfahaninin qabağında durdu:
Kitabxana.az · https://kitabxana.az/works/mirze-ibrahimov-gelecek-gun-birinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Rza Qəhrəmani Friduna bir kömək etmək üçün çox çalışdı. Lakin bütün təşəbbüsləri nəticəsiz qaldı. Xüsusilə sərtib Səliminin və Hikmət İsfahaninin tutulması ilə iş çətinləşdi. Buna baxmayaraq o, məhbəslə əlaqə yaratmaq fikrindən əl çəkmədi. Oranın xırda qulluqçularından birini ələ almağa səy etdi. Fəridənin vasitəsilə, qızı toxucu fabrikində işləyən məhbəs süpürgəçilərindən bir qoca ilə əlaqə yaratdı. Onunla heç olmasa bəzi xəbərləri Friduna çatdırmağa cəhd etdi. Bu, Friduna ruhi qüvvə verər, iradəsini möhkəmlədərdi. Lakin qoca, qızının təklifinə qəti etiraz etdi:– İstəyirsən məni də tutub basalar ora?
İyirmi doqquzuncu fəsilMüharibə sürətlə inkişaf edirdi. Bu sürətlə müvafiq Tehranın siyasi dairələrində müxtəlif mülahizə və şayiələr gəzirdi. Rza xan müttəfiqlərin təklifini rədd etdiyi günlərdə almanların tezliklə Türkiyə və ya Qafqazdan qoşun keçirib, İranın köməyinə gələcəyinə aid şayiələr yayılmışdı. Lakin onlar sabun köpüyü kimi çox da tez dağılıb getmiş, yerini Hitlerin ünvanına yağdırılan lənətlərə, tam bir ümidsizliyi andıran danışıqlara tərk etmişdi. Artıq orada-burada Rza xandan, onun axır ayaqda nə cür hərəkət edəcəyindən, hara qaçacağından danışırdılar. Yeni dövlət quruluşu, məmləkətin gələcək taleyi hamını məşğul edirdi. Yavaş-yavaş inqilabi demokratik fikirlər, daha geniş dairələri əhatə etməyə başlayırdı. Fəhlə və kəndlilərlə dağınıq qüvvələrini birləşdirmək arzuları qüvvətlənirdi.Həyat və cəmiyyətin dərinliklərində yetişmiş və uzun müddət boğularaq, özünü göstərə bilməmiş ictimai qüvvələr baş qaldırır, böyük zəlzələ ilə torpağı çatladaraq, yuxarı püskürən vulkan kimi, hər şeyin altını üstünə çevirəcəyi ilə hakim təbəqələri təhdid edirdi. Yuxarı siniflər, istibdad və irtica qüvvələri onun bütün vüsətilə özünü göstərə biləcəyini hiss etdikdə qorxudan titrəyir, yaxınlaşmaqda olan fırtınanı yatırtmaq yollarını axtarırdı. Bu qorxu, bu vahimə Həkimülmülk və Rza xanları, mister Tomas və mister Haroldları daha artıq bir-birinə yaxınlaşdırır, təhlükə duyan canavarlar kimi bir dəstə halına salırdı. Xalqın hərəkətə gələcəyi, öz iradə və varlığını göstərə biləcəyi imkanı onları dəhşətə gətirirdi. Onlar uzaq gələcəyin mübarizəsinə hazırlaşır, yalan, böhtan, riyakarlıq kimi öz alçaq mübarizə silahlarını itiləyirdilər. Sovet xalqı, milyonlarla sovet əsgəri, qadın və kişiləri bəşər tarixinin görmədiyi bir qəhrəmanlıqla hər cür fəlakət və qurbanlara dözərək, bütün xalqların, bütün bəşəriyyətin azadlıq və gələcəyini Hitler yırtıcılarından qoruyarkən, Amerika, İngiltərə və İran mürtəceləri Tehranda oturub, gələcək mübarizənin riyakar planlarını tökürdülər. Xalq hərəkatının, demokratik inkişafın qarşısını almaq, Sovetlərə qarşı düşmənçilik siyasətini davam etdirmək yollarını axtarırdılar. Bütün millətlərin mülkiyyətçi və kapitalist sinfinə xas olan müxtəlif alçaq və vəhşi sifətlərdən əlavə, İran hakim və varlı təbəqəsinin özünəməxsus bir keyfiyyəti də vardır. Bu da onun doğulduğu gündən ictimai idealdan məhrum olmasıdır. Buna görə də o, hədsiz dərəcədə simasız və ikiüzlüdür. Bütün bu sinfin təbiəti olan bu keyfiyyət, bir dəryanın tərkibi bir zərrədə əks olunan kimi, həmin sinfin hər bir fərdinin, hər bir şəxsiyyətinin təfəkkür və əməllərində, əxlaq və adətlərində öz ifadəsini tapmışdır.
Otuzuncu fəsilAnasının ölümü Gülnaz üçün ağır taleyinin ən gözlənilməz bir zərbəsi oldu. İlk günlər o, tamam bir ümidsizlik içinə düşdü. Budur, qəlbində oyaymağa başlayan və onu mübarizəyə sövq edən hisslər sanki bir anlıq məhv olub getdi. Yenə nəhayətsiz bir tənhalıq duyğusu onun varlığına hakim oldu. Artıq onun bu böyük dünyada heç kəsi yox idi. O, kimsəsiz və pənahsız idi. Niyə özünü öldürmədiyinə, niyə anası ilə bir yerdə qəbrə girmədiyinə, yenidən bu cəhənnəmdə yaşamağa razı olduğuna da hərdən təəccüb edirdi. Bundan sonra o nə üçün yaşamalı, kimin yolunu gözləməli idi?.. Fridun dardan asılmış, atası kim bilir harada ölüb qalmışdı?Lakin bu bədbin və ezici düşüncələr, belə sağlam və gənc ürəkdəki həyat qüvvəsini, həyat eşqini, dumanlı və şirin arzuları boğub susdura bilmirdi... Yaşamaq, yaşamaq lazım idi. Onun ölümü ilə heç kəs səadətə çatmayacaqdı! Ölmək asan idi; həmişə mümkün idi! Lakin o yalnız özü üçünmü yaşayırdı? Bəs, yoxsul bir kəndli evində buraxıb gəldikləri balaca Almaz? Bəs Tehranın dolanbac küçələri, başaçılmaz hay-küyü içərisində itmiş Ayaz?.. Ah, kaş qardaşı və bacısı sağ olaydı. Gülnaz bütün zəncirləri qırar, bu zindandan qaçıb, onları tapar, qapılarda qulluqçuluq edərək, gecə-gündüz işlər və onları yaşadardı, uçuq bir daxmada sınıq bir kürsü başında olsa da, onlarla insana hər dərdi unutduran bir səadət tapardı!.. Yox, o körpələri tapmaq və böyütmək üçün yaşamağa, hər zülmə dözməyə dəyərdi... Sabahdanca küçələrə düşəcək, Ayazı axtarıb tapacaqdı və birbaş kəndə gedəcəkdi! Orada balaca Almazı da götürüb ata yurdunun bağlanmış qapılarını açacaqdı, axşam olub qaranlıq qovuşanda onların da evində işıq yanacaqdı. Cümə axşamları qapılarına gələn ata-babalarının ruhu peşman qayıtmayacaqdı. Kəndlilər “qeyrətli qızdır, ata ocağını birdəfəlik sönməyə qoymadı...” deyə ona hörmət edəcəkdilər...
Otuz birinci fəsilSovet ordusu Tehranın şimalında Kirəcdə dayanmışdı. Cənubda, Kirmanşahda ingilis qoşunları ilə İran qoşunları arasında saziş əmələ gəlmişdi.Tehranda vəziyyətin ən gərgin zamanı idi. Qoşunlar qaçmış, idarələr pozulmuş, tam bir hərc-mərclik yaranmışdı. Hakimiyyət adına hələ də zahiri bir sükut içərisində yaşayan saraydan başqa, heç bir şey qalmamışdı.
Başqa şairlərin şeirləri
Könlümün hər dəm girər ol mahsima qoynuna,Yeridür gər girsə Xurşidnin Məsiha qoynuna.
Qəm çəkmə, ey könül, yenə canan sevir səniQəm çəkmə, ey könül, yenə canan sevir səni,Dərdindən öldüyün güli-xəndan sevir səni.
Yer üzündə bir evim var...Yer üzündə bir evim varPəncərəsi günəşə.
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd