(Proloq əvəzinə)

Dəyişir iqlimi insanın əli,Həyat ildırım tək qaçır irəli,Bizdə min xariqə yaranır hər an –Həqiqət tez doğur bəzən xəyaldan.

Artıq, soruşmayın – mənim nəyim var –Qəlbim var, könlüm var, min istəyim var!Bütün qüvvələrdən güclüdür insan;Mən də bir dev kimi, azıman kimiİstədim Xəzərin dodaqlarından,Yapışıb qaldırım bir qazan kimi.Bu geniş düzlərə əndərəm onu,Çöllər çiçəklənə, mən dərəm onu...Belədir, belədir bu günün hökmü,Budur məftun edən şair könlümü.

Zaman atlı kimi qaçır çaparaq,Gərək ayaqlaşaq zamanla biz də...Bir böyük şərəfdir alıb daşımaq,Bu qızıl günləri öz çiynimizdə.

Uçarmı olmasa quşun qanadı?Qoy batsın xəyalsız şairin adı!Əgər çırpınmasa, yaşayar çətin,Xəyaldır qanadı şerin, sənətin...

Məni danlamasın yenə hər yetən...Varsın, bəyənməsin sətirlərimi.Burnundan uzağı görə bilməyən,Sənət meydanına girə bilərmi?

Hissini, könlünü, düşüncəsiniKim verə bilmirsə bizim vətənə –Atsın qələmini, kəssin səsini,Kimin ağır gəlsə başı qəlbinə!

Görünür gözümə – qızardıqca dan –Böyük gələcəyi əziz ölkəmin.Sənətkar, el deyə, yazdığı zaman,Topdan artıq olur gücü qələmin!..

Yaxamız qurtardı ahdan, haraydan,Lakin, unutmayaq bu hökmü yalnız:Əlimiz tutsa da Günəşdən, AydanYerdən üzülməsin ayaqlarımız!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri