Səhifə 2 / 3 · 33%

Nabat

Bütün dünyanın qoşunlarını üstümə töksən də çəkilməyəcəyəm.

Qafar

Yox, bunun başı xarab olub. Nabat, yoxsa döyülməyin çatıb?

Nabat

Yox, hələ çatmayıb.

Qafar

Çəkil.

Nabat

Olmaz, olmaz, olmaz!

Qafar

Yaxşı, niyə axı?!.

Nabat

Niyəsi odur ki, Çimnaz xanımın başı bərk ağrıyırdı. Getdi yatmağa... İndi o şirin yuxudadır. (Qapıya tərəf) Qafar əmi, sən allah gəl bir qulaq as. Xor-xoru eşidirsən?

Qafar

Xor-xoru?

Nabat

Hə, hə...

Qafar

Doğrudan deyəsən eşidirəm. Qoy gedim bir halını soruşum.

Nabat

Dedim ki, olmaz.

Qafar

Rəhmətliyin qızı, arvada mənimlə şəriksən məgər?

Nabat

Qafar əmi, Çimnaz xanım doğrudan da xəstə kimiydi. Gedib yuxudan oyatsanız, vallah, inanın ki, üzünüzə baxan kimi bağrı çatlar.

Qafar

Ayı-zadam ki, mənə baxanda bağrı çatlasın?!

Nabat

Qafar əmi, oturun, sizə yemək gətirim.

Qafar

Yox, Çimnazsız boğazımdan heç nə getməz.

Nabat

Qafar əmi, bayaqdan sizə baxıb fikirləşirəm. Deyirəm bu axır vaxtlarda cavanlaşmısınız.

Qafar

Qoy görək, gözə gətirərsən... Deyirsən Çimnazın başı bərk ağrıyırdı?

Nabat

Bərkdən bərk.

Qafar

Daha keçib. Bu dəfə tək oturaram. (Oturur, kənara) Qərəz bu gün mənimki ikibaşlı gətirmədi.

Nabat (kənara)

Uf... ürəyim bir az sakit oldu.

Qafar

Get mənim qəlyanımı gətir.

Nabat

Qafar əmi, elə burda oturacaqsınız?

Qafar

Yox, çıxıb dam üstə oturacağam. Bu nə axmaq sözdür.

Nabat

Qorxuram. Var-gəl elərsiniz, sonra Çimnaz xanım diksinib ayılar.

Qafar

Get, tərpənmərəm, Nabat xanım. (Nabat gedir.) Görəsən, Çimnazın dərdi nədir?! Görünür, mənim ayrılığıma dözə bilmir. Mən bir yerə gedəndə xiffət eləyir, darıxır, hirslənir, özündən çıxır. Bunlar dərd deyil, bəs nədir? Məhəbbət, ayrılıq zarafat deyil, canım.

Əli (kağız torbalarda meyvə ilə gəlir)

Can gözəl, can gözəl.
Mən sənə qurban, Gözəl.

Qafar

Adə, sən kimsən?

Əli

Bə, bə, bə, bə...

Qafar

Adə, lal deyilsən ki... Sən kimsən, hə?!

Əli

Mə, mə, mə, mə...

Qafar

Sən də mələyirsən, hə?

Əli

Mə-ə mə, mə... mən mənəm.

Qafar

Mənimlə iş düzəlmir, axı de görüm kimsən, kim?!

Əli

He, he, heh, heç kim.

Qafar

Yox bu olmadı. Heç kimlə yaxa qurtara bilməzsən. A kişilər, mənim evim dönüb olub teatrxana. Cavab ver, yoxsa bu saat öldürərəm səni.

Əli

Çi, çi, çi, Çimnaz xanım özü bilir.

Qafar

Nəyi bilir, adə?!

Əli

Eşqimizi, bayaq söz verdim ki, meyvə alım gətirim, söhbət eliyək, biz bir-birimizə söz vermişik.

Qafar

Adə nadürüstün biri, nadürüst... Necə yəni söz vermişik... Mən sağ ola-ola, sən mənim arvadımı, sənin əcəlin tamamdır.

Əli

Mə, mə, mə, mə, mən...

Qafar

Çərənləmə. Mən ölmüşəm ki, sən mənim arvadıma məhəbbət elan eləyirsən?!

Əli

Yo, yo-yox... Na-Na-Na-Nabat yaxşı bilir, soruş ondan... mə, mə, mə.

Qafar

Hamı mənim düşmənimmiş ki... Tfu, zatına lənət, ay belə arvad... Siz allah bir ona baxın. Bir görün məni kimə satırlar. Yox, bu ev deyil, teatrxanadır, teatrxana. Əvvəl bu haramzadəni, sonra da o xain arvadı öldürəcəyəm... Aha... titrəyirsən. (Əlini boğazlayır.)

Əli

Vay... öldüm... vay... bo-boğuldum.

Qafar

Öl, köpək oğlu, xalqın arvadına eşqnamə oxuyanda yaxşıdır, öləndə pis. Əvvəl səni, sonra da onu.

Əli

Bo-bo, boğuldum.

Nabat (yüyürərək gəlir. Əlini onun əlindən almağa çalışır)

Qafar əmi, Qafar əmi, burax onu, o bizim Əlidir.

Qafar

Dəlidir getsin dəlixanaya, mənim evimə niyə gəlib?!

Nabat

Dəli yox, Əlidir, Əli... Xeyir işdən ötəri gəlib ey...

Qafar

Necə, xeyir iş?.. Xalqın arvadına sataşmaq havaxtdan xeyir iş olub? (Əliyə) De kəlmeyi-şəhadətini, əclaf!

Nabat

Buraxın, deyirəm sizə... Başınıza hava gəlməyib ki?..

Qafar

Kişi olsaydın bilərdin ki, adamın arvadına sataşmaq nə deməkdir, çəkil.

Nabat

Qafar əmi, buraxın onu, yoxsa haray çəkib şəhərin bütün milisionerlərini tökərəm bura. Bu mənimdir, Çimnaz xanımın buna dəxli yoxdur. Bu Əlidir, Əlidir. Xeyir işdən ötəri gəlib... Mənim nişanlımdır.

Qafar (Əlini buraxır)

Necə, xeyir iş, nişanlı?

Əli

Bəli, Qafar əmi... xeyir iş, nişanlı... bayaq dedim məni başa düşmədiniz. Çimnaz xanım bu işin içindədir. O sizə bu barədə deyəcəkdir. Görünür, hələ deməyib... Nə eybi. Amma öz aramızdır, az qalmışdı, məni o dünyalıq eliyəsən ha...

Qafar

Bu nə işdir, bu gecə mənim başıma gəlir. Yox, doğrudan da bu gecə bizim ev olub teatrxana.

Nabat

Əli bu küçənin başındakı klubda işləyir.

Qafar

Artist?

Nabat

Xeyir a...

Qafar

Ay lotu, gündüz klubda, gecə də mənim evimdə işləyirsən. Doğrudan az qalmışdı, səni öldürəm. İkimiz də yaxşı qurtarmışıq... Yaxşı di get, bəlkə bir az hirsim soyusun.

Nabat

Əli, Qafar əmi düz deyir, get hirsi soyuyandan sonra gələrsən. (Ona göz vurur.)

Əli

Nə deyirəm ki... (Gedir.)

Nabat

Mən də mətbəxə baş çəkim. (Gedir.)

Qafar

Adə, mən nə pis adammışam... Bir dəqiqənin içində öz gül kimi arvadımdan şübhələndim. Amma yazıq Çimnazın heç nədən xəbəri yox. Bu saat şirin yuxudadır... Kim bilir bəlkə elə bu dəqiqə yuxusunda mənciyəzi görür. Özüm ölüm elədir ki, var, ürəyimə damıb...

Nabat (gəlir)

Buyurun qəlyanınızı!

Qafar

Ver görək... (Qəlyan çəkir.) Ay qız, Çimnaz xanım yatanda nə olar ki... Birinci dəfədir məgər. Onu o qədər yuxudan oyatmışam ki... Yox, mən ona baş çəkməsəm bağrım çatlar. Vallah üzümə baxan kimi başağrısı çəkilib gedəcək... Düz tapmışam, Çimnazın dərdinin əlacı mənim üzümü görməkdir. (Qapıya tərəf gedir.)

Nabat (qabağını kəsir)

Hara?

Qafar

Bu da sözdür, arvadımın yanına.

Nabat

Bayaq dedim ki, olmaz, olmaz. Xanımın başı bərk ağrıyır, özü də bu saat şirin yuxudadır.

Qafar

Çəkil qapıdan deyirəm sənə. Mənimlə mala şəriksən məgər. Arvad alanda mənimlə maya qoymusan məgər. İtil gözümdən...

Nabat

Qafar əmi... deyirəm ki, hə, deyirəm ki, olar ha, amma olmaz.

Qafar

Dilin topuq çalır. Rəngin də ağappaqdır. Aha, yəqin burda bir iş var.

Nabat (kənara)

İşlər lap alt-üst oldu... Mən nə tədbir töküm axı... Qafar əmi, düz tapmısan. Burda bir iş var. Amma dilim gəlmir.

Qafar

İşin içində iş olanda, əlbəttə, dilin gəlməz. Yaxşı tapmışam.

Nabat

Yox, tapmamısan Qafar əmi... Bilirsən nə var? (Nazla)

Qafar

Nə var, axı?!

Nabat

Qısqanclıq.

Qafar

Bu nə sözdür?

Nabat

Deyirəm də... Mən, mən, mən...

Qafar

Sonra.

Nabat

Səni, səni, səni, səni.

Qafar

Məni, məni, məni, sonra?

Nabat

Hə, səni, səni, səni.

Qafar

Uzatma, dalını de...

Nabat

Sə, sə, sə...

Qafar

Mənə əlifba dərsi vermə. Müxtəsər sözünü de.

Nabat

Mən səni sevirəm.

Qafar

Nə dedin, necə?!

Nabat (nazla)

Qafar əmi, mən səni doğrudan da sevirəm.

Qafar

Qələt eləyirsən, sevirsən... Danışdığına bax... Səni sevirəm! Bəs bayaqkı o dələduz nəçiydi?

Nabat

O mənim doğma xalaoğlumdur. Doğrudur, o məni sevir... Amma mənim ondan zəhləm gedir. Əgər mən bayaq nişanlımdır deməsəydim, indi bəlkə o çoxdan ölmüşdü. Bayaq bir yalandı dedim... İndi isə doğru deyirəm, mən səni sevirəm. (Kənara) Görəsən kələyim baş tutacaqmı?

Qafar

Doğrudan da mənim evim teatrxanadır, teatrxana. Çəkil, gedim arvadımın yanına.

Nabat

Olmaz. Mən qısqanıram. Oyan-buyan eləsən belə bağıraram ki, dünya tökülər bura. Soruşarlar nə olub, deyərəm, Qafar əmi mənə eşq elan eləyirdi.

Qafar

Pah atannan...

Nabat

Odur ki, mənim ürəyimdən gələn məhəbbəti yerə salma! Dedim ki, mən səni Çimnaz xanımla bir yerdə görəndə qısqanıram, od tutub yanıram. Cızdağım çıxır, istəyirəm xörək içində zəhər verib ikinizi də birdən öldürəm.

Qafar

Bu nə deyir, adə?! Bizim əcəlimiz qıldan asılıymış ki...

Nabat

Qafar əmi... sözdür deyirəm də... Bunlar hamısı məhəbbətdəndir, məhəbbətdən.

Qafar (düşünür, kənara)

Görünür, bu şeytan doğrudan da mənə vurulub. Mənim kimi kişiyə vurulmayıb kimə vurulacaq. Bu vaxtacan buna heç əməlli-başlı diqqət yetirməmişəm. Ölməmiş sifətdən də, bədəndən də pis deyil. (Nabata) Ay şeytan, əgər məni sevirdinsə, niyə bu vaxta qədər dinməmisən, hə?..

Nabat

Qorxmuşam... Bağışla, Qafar əmi, bir sözdür ağzımdan çıxdı... Bağışla məni... Mən özüm də bilmirəm, indi sizə nə demişəm.

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri