Çimnaz xanım yuxudadır
Səhifə 3 / 3 · 67%
Qafar
Onu ürəyin səndən daha yaxşı bilər. Gəl otur yanımda görək.
Nabat
Nə üçün axı?!
Qafar
Qiyabi də məhəbbət olar? Gəl gör sənə nə deyirəm.
Nabat
Yaxşı, dayan... xanım ayılar. Sonra, sonra... Burax məni.
Qafar
Ay qız, Çimnaz xanım dediyin kimi indi şirin yuxudadır. Qulağının dibində top da atsan ayılmaz. Qorxursansa qoy qapıları bağlayım. (Qulağını qapıya dirəyir.) Qorxma... gözümüz aydın, xoruldayır bir gəl qulaq as.
Nabat (qulaq asır)
Doğrudan da, yaman xoruldayır.
Qafar
Keçmə xoruldayan arvaddan. (Qapıları bağlayır.) Dincəldin... Al açarı, indi gəl otur yanımda...
Nabat
Mən qorxuram, bəs o biri qapılar.
Qafar
Yaxşı: qoy gedim o biri qapıları da bağlayım. (Gedir.)
Bayırdan səs gəlir. Nabat özünü itirir. Qafarın da öskürəyi eşidilir.
Çimnaz qapıdan başını çıxarır.
Çimnaz
Səlamətlikdir?.. Qafar gəlməyib ki?!
Nabat (onu geri qaytarır)
Qafar əmi gəlib. Odur gəlir... Sonra... sonra. Tez, tez.
Çimnaz geri çəkilir.
Qafar (gəlir)
Ay qız, qulağıma səs gəldi axı.
Nabat (kənara)
İndi gör qulağına nə səs gələcək. (Bərkdən) Səs gəldi, səs gəlir... Səs gələcək, Nabat güləcək. Çimnaz güləcək.
Qafar
Bu nə danışır, adə... Dəli olmamısan ki?..
Nabat
Olmuşam, oluram, olacağam. (Titrəyir.) Məhəbbət, məhəbbət... vay... vaxsey... şaxsey...
Qafar
Məhərrəm ayıdır məgər, şaxsey, vaxsey gedirsən?
Nabat
Gedirəm özümdən, vay, vay, ölürəm, vay ölürəm.
Qafar
Qışqırma, Çimnaz xanım ayılar.
Nabat
Vay başım, vay ürəyim... (Birdən yerə sərələnir.)
Qafar
Adə bu öldü ki, görəsən bunun dərmanı, əlacı nədir.
Nabat
Sirkə, abqora. Sirkə abqora.
Qafar
Görünür məhəbbətdəndir. (Mətbəxə cumur. Nabat tez ayağa qalxır, qapını açıb Çimnazı yataq otağına ötürür.)
Çimnaz
Necə?.. Bu nə sözdür? Görünür ki...
Nabat
Yox... Ona aşiq olmasaydım, eşqimi elan eləməsəydim evimiz yıxılacaqdı.
Çimnaz
Necə?.. Bu nə sözdür? Görünür ki...
Nabat
Daha uzun eləmə, tez keç otağına, yoxsa işlərimi korlarsan. (Onu otağa salır.) Soyunandan sonra qapını tıqqıldadarsan ki, arxayın olum. (Təzədən yerə sərələnir.) Vay öldüm. Vaxsey, şaxsey.
Qafar əlində neft şüşəsi gəlir.
Qafar
Al bu da sənin abqoran... (Onun başına tökür.) İndi dincəldin.
Nabat (qalxır)
Dincəldim... (Üst-başını qoxulayır.) Vay, vay...
Qafar
Yenə gətirim?
Nabat
Vay. Bu ki neftdir, neft...
Qafar
Neftdir! Qəm yemə, neft tez uçub gedər. Təki sənin məhəbbətin uçub getməsin. Gəl indi sənin o mərcan dodaqlarından zəhmət haqqımı alım. (Nabatı öpmək istəyir.)
Nabat
Çəkil... xain, şorgöz!
Qafar
Necə-necə, xain, şorgöz?
Nabat
Bəli.
Qafar
Bəs sən məni sevmirsən?
Nabat
Səni, onu, onu, səni. Mən Çimnaz xanımı sevirəm.
Qafar
Heç başım çıxmır, bu nə sirdir. Bəs bayaqkı sözlər, bayaqkı eşqlər, məhəbbətlər?..
Nabat
Qafar əmi, siz məni yaxşı tanımırsınız. Mənim tutmam var, hərdən məni cin vurur. Bayaq məni cin vuranda görmədiniz? Gördünüz ki... Bayaq az qalmışdı öləm ki.
Qafar
Ölməyin daha məsləhətdi.
Nabat
Naxoşam ey... Ürək keçməmə az qalmış qızdırmanın gücündən ağzıma gələni danışıram. Yəqin, görünür, bayaq da elə olub... Yaxşı, Qafar əmi, bayaq məni cinlər vuranda sənə nə demişdim axı?
Qafar
Yəni doğrudan da bilmirsən bayaq mənə nə demisən?
Nabat
Yox, yox, sizə acı söz, zad deməmişəm ki?
Qafar (kənara)
Baxtım ayaq üstəymiş. Yoxsa evim yıxılardı... (Bərkdən) Özüm ölüm mənim evim teatrxanaymış. Teatrxana! Aha o nə səsdir?
Nabat
Yəqin Çimnaz xanım oyanıb. Qoy bir gedim baxım.
Qafar
Çəkil... Bu da bayaqkı deyil... Olmaz, olmaz. Çimnaz, bu dəqiqə gəlirəm. Görünür mənsiz yaman darıxmısan.
Nabat
Darıxmasaydı, ayılmazdı ki...
Qafar
Gəlirəm mənim gülüm-bülbülüm... Əşi adama hər nə olsa yenə öz arvadından olar. Yaxşı deyiblər, qonşuya ümid olan şamsız qalar.
Çimnaz (gəlir)
Qafar, yenə nə var ki, kefin belə kökdür.
Qafar
Heç, Çimnaz, maşına çata bilmədim. Qayıtdım evimə. Sənə nə olmuşdu, başın ağrıyırdı?
Çimnaz
Balaca.
Qafar (Nabata)
Bəs sən deyirdin lap bərk ağrıyır. Şeytan... Arvad, amma öz aramızdır, hərdən yuxuda yaman xoruldayırsan ha.
Çimnaz
Qızdırmadandır, teatr ki var.
Qafar
Necə teatr? Nə teatr?
Çimnaz
Hə, hə, o teatr... yuxudakı teatr, Qafar, yuxuda çox qəribə bir teatr görmüşəm.
Qafar
Əcəb eləmisən. (Nabat Əlini pəncərədən otağa salır.) Çimnaz, bax, əsil teatr budur, bu.
Çimnaz
Əli yaxşı oğlandır. Nabata layiq oğlandır.
Qafar (onları süzür)
Nə deyirəm ki, yaxşı, Çimnaz, yuxuda məni görmədin ki!
Çimnaz
Yox.
Qafar (kənara)
Yaxşı ki, görməyib, yoxsa atamı yandırardı... (Çimnaza) De görüm, yuxuda nə gördün axı?
Çimnaz
Qafar, yuxudakı teatrda bilirsən necə oynayırdım...
Qafar
Olmaz ki, yuxu teatrında oynadığını bizimçin oynayasan könlümüz açılsın.
Çimnaz
Bu dəqiqə... Nabat... Sən də gəl birgə oynayaq. Bax belə.
Oynayırlar.
Qafar (dingildəyir)
A kişilər mənim evim doğrudan da teatrxanaymış, teatrxana!
Çimnaz (kənara, ucadan)
Öz xoşunla bizi teatrlara aparmayınca, bizim evimizdə hər gecə belə gülməli teatr tamaşaları olacaq. (Tamaşaçılara) Hamınız buyurub gələ bilərsiniz.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-cimnaz-xanim-yuxudadir